Florensiya şəhəri və Mediçi sülaləsi

 

 

Renessans illərində italyan dövlətləri

 

XV əsrdə beş başlıca hakimiyyət Apennin yarımadasında dominantlıq edirdi, onlar Milan, Venetsiya, Florensiya, Papalıq dövlətləri və Neapol idi.

Şimali İtaliya Milan hersoqluğu və Venetsiya respublikası arasında bölünmüşdü. Milanın axırıncı Viskonti hökmdarı Françesko Sfortsa 1447-ci ildə öləndən sonra dövrün aparıcı kondotyerlərindən biri şəhəri işğal etdi və yeni hersoqa çevrildi. Burada yeni vergi sisteminin tətbiqi xüsusilə uğurlu oldu. Bu sistem onlara nəhəng gəlir gətirdi. Viskontilər və Sfortsalar bu vaxt yüksək mərkəzləşdirilmiş ərazi dövlətini idarə edirdilər.

Venetsiya İtaliyanın şimalındakı əraziləri işğal edirdi ki, onların ərzaq ehtiyatını öz himayələrinə götürsünlər və onlara həm də xarici ticarət yolunu açsınlar. Venetsiyalılar qitədə ərazilər tutsalar da, Milandan və Florensiyadan qorxurdular.

Florensiya respublikası Toskana regionunda dominantlıq edirdi. XV əsrin başlanğıcından Florensiyada kiçik tacir oliqarxları hökmranlıq etməklə yanaşı, respublika hökuməti ilə manipulyasiya edirdilər. 1434-cü ildə Kozimo de Mediçi bu oliqarxiya üzərində nəzarəti əldə etdi. Baxmayaraq ki, varlı Mediçi ailəsi aydın məqsəd naminə hökumətin respublika formasını dəstəkləyirdi, onun əsl hökuməti isə səhnənin arxasında fəaliyyət göstərirdi. İzafi himayəçilik vasitəsi və ehtiyatla siyasi müttəfiqlərin rəğbətini qazanmaqla Kozimo (1437-1464-cü illər) və sonralar onun nəvəsi Möhtəşəm Lorentso (1469-1492-ci illər) şəhərdə dominantlıq etdikdə, uğur qazandılar. Həmin vaxtlarda Florensiya həm də Toskananın mərkəzi idi.

Papalıq dövləti Mərkəzi İtaliyada yerləşirdi. Torpaqlar nominal cəhətdən papanın siyasi nəzarəti altında olsa da, Avinyondakı iqamətgahında olan papa və Böyük Sxizm Urbino, Boloniya və Ferrara kimi şəhərləri fərdi qaydada idarə edə bilmirdi və onlar papa hakimiyyətindən müstəqil olana çevrilmişdilər. Renessans papaları XV əsrdə öz enerjilərinin çoxunu Papalıq dövlətləri üzərində nəzarəti yenidən qurmağa yönəldirdilər.

Neapol krallığı isə Cənubi İtaliyanın çox hissəsindən və Siciliya adasından ibarət idi, bu ada üstündə isə fransızlarla araqonlular, sonralar - XV əsrin ortalarında öz ağalığını qurana qədər vuruşmuşdular. Renessans dövrü ərzində Neapol krallığı geridə qalmış bir monarxiya idi, əhalisi də kasıb yaşayırdı, kəndlilərə idarə olunmayan kübarlar ağalıq edirdi. Krallıq Renessansın mədəni şərəfinə də çox az dərəcədə şərik idi.

İtalyan ərazi dövlətlərinin fraqment xarakterli dünyası siyasi təcrübənin yüksəlməsinə şərait yaradırdı, bu xüsusiyyət sonralar həm də daha geniş ölçüdə Avropa dövlətləri ilə rəqabətdə istifadə edildi. Bu, müəyyən mənada hakimiyyətlərin tarazlığı konsepsiyası idi. 1454-cü ildə italyan dövlətləri demək olar ki, yarım əsrliyə müharibəyə son qoyan Lodi sülhünü imzaladılar. Sonra yaradılan ittifaq (Milan, Florensiya və Neapol Papalığa qarşı) sistemi İtaliya daxilində hakimiyyətlərin tarazlığının işlək olmasına gətirib çıxardı. Ancaq bu ittifaq uğursuzluğa uğradı. Bu ittifaq uğursuzluğa uğradı ki, bu yolla başlıca dövlətlər arasında uzun sürən kommersiya qurulsun və ya ümumi xarici siyasət həyata keçirilsin.

İtaliya tezliklə fransız və ispan monarxlarının arasındakı mübarizə şəklində baş verən böyük dövlətlərin döyüş meydanına çevrildi. Şimal qoşunlarını həm də İtaliyanın var-dövləti özünə cəlb edirdi. Özünün izolyasiya olduğunu hiss edən Milan hersoqu Lüdoviko Sfortsa səfehlik göstərərək, fransızları İtaliya siyasətinə müdaxilə etməyə dəvət etdi.

Fransız kralı VIII Şarl (1483-1498-ci illər) onsuz da bunu etməyə can atırdı və 1494-cü ildə 30 minlik ordu ilə İtaliya ilə irəliləyib, Neapolu işğal etdi. Digər italyan dövlətləri kömək üçün İspaniyaya tərəf dönürlər və kral Ferdinand Araqonlu müdaxilə etməyə hazır olduğunu bildirdi. Sonrakı 15 il ərzində fransızlar və ispanlar İtaliyada dominantlıq etmək üçün də rəqabət apardılar. 1510-cu ildən sonra isə bu yeni hökmdarlar nəsli olan Fransa kralı I Fransisk və İspaniya kralı I Karl tərəfindən davam etdirildi. Bu müharibə bütün Avropadakı Valua və Habsburq sülalələri arasındakı hakimiyyət uğrunda uzun müddətli mübarizənin bir hissəsi idi. İtaliya iki böyük hakimiyyət üçün yalnız şahmat piyadası rolunu oynayırdı, vuruşanların döyüşləri üçün əlverişli bir səhnə idi. 1527-ci ildə Roma İspaniya kralı I Karlın orduları tərəfindən dəhşətli şəkildə qarət edilmişdi və bu, italyan müharibələrinə müvəqqəti olaraq son qoydu.

İtalyanlar öz xırda dövlətlərinin inadkarlığına loyal yanaşmaqda davam edirdilər, müdaxilə isə belə uzun müddət davam etməklə, İtaliyanın tarixində həyati bir fakta çevrilmişdi.

Buna qədər isə Florensiyada şəhərin daxili həyatına ciddi təsir göstərən hadisələr baş vermişdi. Bu hadisələr fonunda Mediçilər siyasi səhnənin ən mühüm aktyorları kimi qalxır və xarici müdaxiləçinin havadarlığı ilə uğursuzluğa düçar olmaqdan da qaça bilmirdilər. Onların fəal iştirakı ilə Florensiya XV əsrdə bank işində irəli çıxdı. Mediçilər parça istehsalını genişləndirərək, kommersiyayla, daşınmaz əmlakla məşğul olmaqla yanaşı, bank işinə keçmişdilər. XV əsrdə onlar həyatın ən xoş günlərini yaşamışdılar.

Lakin belə uğur fasiləsiz davam edə bilməzdi. Əsrin sonunda Mediçilər bankı tənəzzülə uğradı, ailə qəflətən əziyyət çəkməli oldu və bu da pis liderliyin və borc vermədəki səhvlərin seriya xarakteri ilə əlaqədar idi. Xüsusən hökmdarlara verilən borclar qaytarılmadığından, ümidsiz borclara çevrilmişdi və belə vəziyyət bankı böhranla üzləşdirməmiş qala bilməzdi.

1494-cü ildə isə ailə daha böyük fəlakəti yaşamalı oldu. Fransa Mediçiləri Florensiyadan qovdu və onların mülkiyyətini müsadirə etdi. Mediçilərin maliyyə evi bu vaxt süqut etdi. Yad Fransa bu işləri özü görsə də, onların əsas nəticələri isə şəhərdə Mediçilərin uğuruna düşmən münasibəti bəsləyən qüvvələrin fəaliyyəti ilə əlaqədar idi. Axı Florensiyada ailələr arasında həm açıq, həm də gizli rəqabət gedirdi və şərait imkan verən kimi o, özünü münaqişə tipi kimi göstərirdi.

İtalyan Renessansında, ümumiyyətlə, ailələr mühüm rol oynayırdılar. Onların cəmiyyətdəki mövqeyinin araşdırılması bu fenomen haqqında çox şeyləri deyir. Hər şeydən əvvəl nüvə ailəsi valideynləri, uşaqları və nökərləri (əgər ailə varlıdırsa) əhatə edirdi. Bu qrup genişlənmiş ev təsərrüfatı demək idi və buraya həmçinin, babalar və nənələr, dul qalmış analar və hətta ərə getməmiş bacılar daxil idi. Onlar eyni soyadı daşıyırdılar və ya bu mümkün olmadıqda qohumluğa görə biri digərinin yaxınlığında yaşayırdı və onlar bütöv şəhər mahalına dominantlıq etməli idilər. Strottsi, Mediçi kimi köhnə ailə qrupları böyük statusa və nüfuza malik olurdu.

Təhlükəli və zorakılığın baş alıb getdiyi dünyada ailə möhkəm təhlükəsizliyin mənşəyi hesab olunurdu və İtalyan Renessansında qohumların bir-birinə mühüm xarakterə malik olan kömək göstərmələri hətta vendettada (italyanca "qisas" deməkdir, qan qisasçılığının adı kimi Sardiniyada və Korsikada son dövrələrə kimi mövcudluğunu saxlayırdı) ifadə olunurdu. Ailənin bir üzvü tərəfindən qanlı cinayət törədildikdə, bu, bütöv ailənin üzərinə düşürdü. Təhqir olunmuş, hücuma məruz qalmış adamın məxsus olduğu ailə ilə münasibət çox sayda adamların cəlb olunduğu qanlı işlərdə iştirak etmək kimi başa düşülürdü.

Ailəni dəstəkləmək üçün valideynlər övladlarının nikahlarının bağlanmasına ehtiyatlı qaydada yanaşır, buna xüsusi diqqət verirdilər. Çox hallarda bu tədbir biznes və ya ailə bağlarını möhkəmləndirmək üçün istifadə olunurdu. Bəzən uşaqların hətta iki və ya üç yaşı olanda qanuni bağlanan nikah kontraktları ilə bunu möhkəmləndirirdilər. Kontraktın mühüm cəhəti cehizin ölçüsü idi, gəlin gedən qızın ailəsi nikaha görə bəy evinə pul təqdim edirdi. Cehiz, adətən, iri məbləğdən ibarət olurdu və onun yığılıb, başa gəlməsi bütün ailə üzvlərini bu işdə fəal iştirak etməsindən gözlənilirdi.

Cehizin ölçüsü gəlinin cəmiyyət içərisinə girməsi üçün indikator və ya indiki dillə desək, talon rolunu oynayırdı. İri cehizlə kiminsə qızı daha yüksək sosial statusu olan adama ərə gedə bilərdi, bu yolla qızın ailəsi həmin cəmiyyətə daxil olmaq hüququ qazanırdı. Əgər qız aşağı sosial statusu olan adama ərə getsə, bu vaxt onun cehizi kiçilirdi, çünki onun ailəsinin reputasiyası əvvəldən qızın ərinin ailəsininkindən yuxarı sayılırdı.

Ata - ər italyan ailəsində mərkəz rolunu oynayırdı. O, öz adını qanuni hüququ olanlara verirdi, ailənin bütün maliyyəsini idarə edirdi, (arvadının var-dövlətdə heç bir payı olmurdu) və uşaqların normal yaşamasını müəyyən edən həlledici qərarlar verirdi. Atanın uşaqlar üzərində nüfuzu onun özü ölənə qədər və ya uşaqlarını rəsmi olaraq sərbəst buraxdığı ana qədər mütləq xarakter daşıyırdı. Renessans İtaliyasında uşaqlar müəyyən yaşa çatdıqda yaşlı hesab olunurdu, həddi-buluğa çatmaq yalnız o vaxt baş verirdi ki, ata hakimin yanına gedir və rəsmi olaraq uşaqlarını öz himayəsindən azad edirdi. Azad olunma yaşı erkən 10 yaşdan 20 yaşa qədər olmaqla, müxtəlif idi.

Arvad ev təsərrüfatını idarə edirdi, bu mövqe ona gündəlik həyatda müəyyən muxtariyyət ölçüsündə verilirdi. Yuxarı və orta siniflərin qadınları evdə qalmalarını gözləyirdilər, bu onların atalarının və ya ərlərinin tam müşahidəsi atında gedirdi.

Yuxarı sinfin arvadları, adətən, ardıcıl olaraq hamilə olurdu. Florensiyalı Aleksandra Strottsi, misal üçün, 16 yaşında ərə getmişdi, 10 ildə 8 uşaq doğmuşdu. Kasıb qadınlar isə bu dərəcədə hamilə olmurdular, çünki onlar öz körpələrini döş südü ilə yedizdirirdilər, bu da onları uşaq doğulandan sonra tezliklə hamilə olmağa qadir etmirdi.

Uşaq doğumu həm də qorxulu bir təsadüf hesab olunurdu. Bu proses təkcə ağrılı deyildi, həm də çox hallarda ölümcül bir işə çevrilirdi. Anaların 10 faizi və ya hər onuncu ana uşaq doğuşu vaxtı ölürdü. Florensiya taciri Qreqorio Datinin dörd arvadından üçü uşaq doğanda ölmüşdü. Onun dördüncü arvadı 15 il ərzində 11-ədək uşağa hamilə olanda, çox əzab çəkdikdən sonra uşağın doğumu vaxtı ölmüşdü, bu uşaqları isə o, öz bətnində xüsusi möhkəmlik və səbirlə daşımışdı.

Florensiyada XV əsrdə tacir ailələrində doğulan uşaqların, demək olar ki, 50 faizi 20 yaşına çatmadan ölürdü. Bu ailələrin taleyinin varisi kimi yuxarı sinif ailələri istəyirdilər ki, sağ qalan uşaq hökmən kişi cinsindən olsun.

İtalyan dövlətlərindəki dövlətçilik təcrübəsi, ümumiyyətlə, bu siyasi varlığın mahiyyətini öyrənməkdə geniş imkanlar açmışdı. Heç kəs Renessansdan əvvəlki dövrün siyasi hakimiyyətini Nikkolo Makiavelli (1469-1527-ci illər) kimi yaxşı təsvir edə bilməmişdir. O, Florensiya respublikasında 1498-ci ildə xidmətə daxil olmuş, Mediçilər ailəsinin şəhərdən sürgün edilməsindən bu vaxt 4 il keçmişdi. Florensiya Onlar Şurasının katibi kimi, o, bir sıra diplomatik missiyalar yerinə yetirmişdi, buna Fransaya və Almaniyaya səfərlər də daxil idi və əyani şəkildə fəaliyyətdə olan dövlətçiliyin nümunələrini görmüşdü. 1512-ci ildə fransızların məğlubiyyəti və ispanların qələbəsi Mediçi hakimiyyətinin Florensiyada yenidən qurulmasına gətirib çıxardı.

Makiavelli daxil olmaqla, sədaqətli respublikaçılar sürgünə göndərildilər. Makiavelli bu vaxt siyasi hakimiyyətə öz münasibətini bildirmək üçün kitablar yazdı, bunlardan biri olan "Hökmdar" (1513-cü il) Qərb dünyasında siyasi hakimiyyət barədə ən məşhur traktatlardan biri hesab olunur.

 

(Ardı var)

 

Telman ORUCOV

525-ci qəzet.- 2022.- 12 oktyabr. S. 14.