Gülüş də
bir silahdır
"Hap-gop tayms"
agentliyinin xoruz səsi eşidən xəbərlər blokundan
seçmələr"
"Molla
Nəsrəddin 66"nın müəllifi
Xalq
yazıçısı Anara
SƏN
DEMƏ, SÜLEYMAN RÜSTƏM İLK DİSİDENT
ŞAİRİMİZ İMİŞ
Oxucularımızı
belə bir xoş xəbərlə muştuluqlayırıq
ki, Azərbaycanın xalq tənqidçisi və əməkdar
ədəbiyyatşünası Sözbilməzov uzun illər
Xalq şairi Süleyman Rüstəmin
yaradıcılığındakı qaranlıq cəhətləri
işığa bələyib kişinin halal haqqını
özünə qaytarmaq, tarixi xidmətlərini xalqa
çatdırmaq istiqamətində özünün
fundamental, monumental, konseptual tədqiqatlarını başa
çardırmışdır. Bu münasibətlə
müxburimiz Ə.Haqsevər onunla görüşüb
eksklüziv müsahibə almışdır. Alim
müxbirimizə demişdir:
- Uzun illər boyu xalqa Partiya, Lenin,
Oktyabr şairi kimi təqdim olunan Süleyman Rüstəmin əslində
son dərəcə milli bir şair olduğunu, onun öz əsərlərində
tətbiq etdiyi orijinal poetik fəndlərin oxucular tərəfindən
düzgün başa düşülməməsini
uşaqlıqdan hiss etmişdim. Ona gorə də
əlim qələm tutduğu günün səhərisi həvəslə
bu işə girişdim, saysız-hesabsız lüğətlərə,
tədqiqat əsərlərinə baş vurub nəhayət
ki, həqiqəti ortaya qoya bildim.
Məsələn,
şairin
Şimaldan
Günəş doğmaz deyir təbiət elmi,
Lenin Şimaldan doğdu, Lenin Günəş deyilmi?
misralarından çıxış edən mənəqədərki ədəbiyyatşünaslar
göstərirdilər ki, guya şair bu misralarda Rusiyada
doğulan gorbagor Lenini vəsf edib. Halbuki
düzgün rakursdan baxanda vəziyyət başqa cür
görünür. Məsələ burasındadır ki, burada şair nəinki
Lenini tərifləyib, əksinə, cinsi mənsubiyyətini
faş efərək, rüsvay-cahan edib. Mənim
daşdan keçən arqumentim ondan ibarətdir ki, Azərbaycan
dilində "doğ" sözündən əmələ
gəlmiş "doğmaq" feili yalnız qadınların
icra edə bildikləri bir missiyanı əks etdirir və
dünya hələ istisna hal kimi də olsa, doğa bilən
kişi tanımır. Əgər şair
köhnə tədqiqatçıların dediyi kimi, Lenini vəsf
etmək istəsəydi, onda gərək "doğulmaq"
feilindən istifadə edəydi. Lakin o, bundan imtina
etmiş, Leninin əslində kişi yox,
kişi qiyafəsində zühr edən qadın olması ilə
bağlı müdhiş bir həqiqəti bədii
obrazların dili ilə xalqa çatdırmaq üçün
cəsarətli addım atmışdır.
Leninin nə, yaxud
kimləri doğması isə ayrı söbətin
mövzusudur (Buradakı Günəş obrazının əslində
bununla həmqafiyə olan başqa bir sözə işarə
olması barədə də ehtimallar var).
Mənə
şairin
Oxuyun, bir
qızıl kitabam mən,
İnqilab
oğlu İnqilabam mən
misraları ilə etiraz etmək istəyənləri isə
özümün belə bir arqumentimlə susdura bilərəm
ki, burada söhbət heç də Oktyabr inqilabından getmir.
Şair İnqilab adı daşıyan ulu babasına
olan sevgisini sadəcə olaraq bu misralarla ifadə etmişdir.
Keçək
şairin ən çox mübahisə doğuran
Ömrüm,
günüm, səadətim Oktyabr yaşındadır,
Partbiletim
sol cibimdə, ürəyimin başındadır
misralarırına. Təəssüf ki, mən şairin bu
misraları yazarkən əslində ürəyində nəyi
nəzərdə tutduğu, partibileti hansı səviyyədə
aşaladığı barədə həqiqəti abrıma
qısılıb burada açıqlaya bilmirəm. Hələlik
təkcə onu deyə bilərəm ki, şair "sol
cibim" deyəndə heç də pencəyinin cibini nəzərdə
tutmayıb - bu cib şalvarın da cibi ola
bilərdi. Maraqlananlara personalnı şəkildə
izahat verə bilərəm.
Nəhayət,
o ki qaldı şairin
Oxuma tar,
oxuma tar,
Səni
sevmir proletar
misralarına, şair sadəcə olaraq burada poetik vurğunu
"proletar" sözünün üzərinə keçirərək
xalqda proletariata nifrət hissi aşılmaq istəmişdir. Təəssüf ki, oxucular bu poetik kəşfi də
qiymətləndirə biməmişlər.
Və nəhayət,
ustadın Əlisəfdər adlı birisinə
bağışladığı kitabdakı avtoqrafında getmiş
orfoqrafik səhvlərə istinad edərək şairin Azərbaycan
dilində yaza bilməməsi qənaətinə gələn
tədqiqatçılara bu məntiqlə cavab verirəm ki, bu
fakt əslində şairin kirill əlifbasına olan nifrətinin
təzahürüdür.
Bütün bu deyilənlərdən
belə çıxmırmı ki, S.Rüstəm Azərbaycan
ilk sovet şairləri içərisində həm də ilk
disident şairdir?
"XÖRƏKLƏRİN
SAVAŞI" POEMASININ ƏLYAZMASI TAPILIB
(təcili
bütün qəzetlərin 1-ci səhifəsinə)
Təəccüb
və heyrətlə, eyni zamanda qürur və fəxarətlə
nəzərinizə çatdırırıq ki, görkəmli
mətnşünas alimimiz Mətn Mətnli özünün
"Əsrin kəşfi" statusuna layiq kəşfi ilə
dünyanı mat qoymuş, Azərbaycan mətnşünaslığına
yeni, parlaq bir səhifə yazmışdır. Oxucuları
çox intizarda qoymamaq üçün müxbirimizin ondan
aldığı eksklüziv müsahibənin əsas hissəsini
təqdim edirik:
- Məlumdur
ki, Azərbaycan ədəbiyyatında qalmaqallı müzakirələr,
dartışmalar mövzusuna dəfələrlə müraciət
olunmuş, meyvələrdən tutmuş heyvanlara qədər
müxtəlif canlı və cansız varlıqların bəhsindən
bəhs edən onlarla parlaq əsər
yaradılmışdır. Təbii ki, bu əsərlər
bizim 1000 illik ədəbi irsimizin qızıl fonduna daxildir.
Təəssüf ki, xalqımızın
kulinariya mədəniyyətinin nailiyyətlərini dünyaya
nümayiş etdirən milli xörəklərimizin bu
siyahıdan kənarda qalması uğurlarımızın əhəmiyyətinə
müəyyən dərəcədə kölgə
salırdı. Mən xeyli vaxt idi, bu aktual məsələ
ətrafında fikirləşib belə nəticəyə gəlmişdim
ki, milli mentalitetimizdə yeməyə bu qədər
bağlı olub, xörəklərimizin poetik obrazını
yaratmamaq mümkün olası iş deyil və çox
güman ki, dünyanın hansı kitabxanasındasa xörəklərimizin
də dava-dalaşından bəhs edən klassik bir poetik
nümunənin əlyazması toz içində mürgü
döyür, həsrətlə öz tədqiqatçısını
gözləyir. Xoşbəxtəm ki, həmin tədqiqatçı
olmaq şərəfinə məhz mən qovuşdum, uzun əsrlər
boyu Zənzibar adalarında yerləşən Dünya
Xalqlarının Kulinariya Kitabxanasında yatıb
qalmış həmin əlyazmanın tozunu silib
işığa çıxarmaq mənə nəsib oldu.
Amma təəssüflə bildirməliyəm ki,
əlyazmanın 1-ci və sonuncu vərəqələrinin itməsi
onun janrını və müəllifinin kimliyini müəyyən
etməkdə problemlər yaradır. Bu
istiqamətdə araşdırmalarımı davam etdirirəm.
Sonda əlavə edim ki, bu əsər də klassik poeziya
ənənələrimizə sadiqlik ruhunda yazılmışdır. Lakin müəllif
novatorçuluq missiyasını da unutmamış, sələflərindən
bir addım irəli getmişdir. Belə ki, əvvəlki
əsərlərdə tərəflər 1-cilik uğrunda
mübahisə edib sonda sülh ilə ayrılırlarsa, bu əsərdə
mübahisə fiziki mübarizə - qadın cinsindən olan
xörəklər arasında saçyoldu, kişi
xörəklər arasında isə şillə-təpik mərhələsinə
daxil olur.
Nəhayət,
əsərin mətnini sizin mühakimənizə verirəm:
Kəlləpaça
kəllə atdı dolmaya,
Qorxusundan dovğa girdi torbaya.
Toxmağını
qapıb qalxdı xəmraşı,
O ki var
ki, əzişdirdi bozbaşı.
Küftə
vurdu şişkababın gözündən,
Vurhavurda quymaq getdi özündən.
Qovurmanın
rəngi dərhal dəyişdi,
Piti dedi:
"Mamoçka, bu nə işdi?"
Plov qorxub
gözlərini bağladı,
Dəsmal çəkib zırhazırnan ağladı.
Aş əl
atıb yoldu xaşın saçını,
Sonra vurub sındırdı qol-qıçını.
Tikəkabab
tutub boğdu lüləni,
Sup umaca
tutuzdurdu şilləni.
Borş xəngələ
necə atdısa şişi,
Sındı ağzınakı sonuncu dişi.
Tavakabab
kotletə təpik atdı,
Sonra vurub ağzın-burnun qanatdı.
Bozartma
heç başlamamış sözünə,
Maşa ilə köz qoydular gözünə.
Nə zərbə
aldısa kələm dolması,
Sınıb şikəst oldu əyri ombası.
Hələlik bu qədər. Yeni kəşflər
ümidi ilə.
QEYRİ-ADİ,
POSMODERNİST MÜSAHİBƏ
(Yaxud
"yaxşı" nədir, "pis" nədir)
Təsəvvür
edin ki, evinizdə olduğunu çoxdan unutduğunuz televizoru
yandırırsınız və kanalların birində
aparıcı ilə onun sənətşünas tərəf-muqabili
arasında belə bir söhbətin şahidi olursunuz
A.:
Hörmətli, filankəs müəllim, qısaca deyə bilərsinizmi,
kino nədir?
S.: Necə
yəni kino nədir? Lütfəli Abdullayev
demişkən, kino elə kinodur da.
A.: (bir az çaşqın halda): Yox ey, yəni bilmək
maraqlı olar ki, kino incəsənətin,
yaradıcılığın digər sahələrindən nə
ilə fərqlənir?
S.: O ilə
fərqlənir ki, məsələn, bəstəkarın
yazdığı musiqi əsərini biz dinləyirik, rəssamın
çəkdiyi tabloya baxırıq, yazıçının
yazdığı romanı oxuyuruq, kinoya isə tamaşa
edirik.
A.
(artıq dilxor olub): Maraqlıdır, biz kinoya niyə
baxmalıyıq?
S.: Onda mən
də soruşum: "Biz romanı niyə oxumalıyıq,
musiqiyə niyə qulaq asmalıyıq?"
A.: (pərt
vəziyyətdə): Ümumiyyətlə, biz
tamaşaçılar hansı filmlərə tamaşa etməliyik?
S.:
Əlbəttə ki, yaxşı filmlərə...
A. (sevincək):
Bəs yaxşı filmlər hansı filmlərdir? Vaxtımız azdır, xahiş edirəm qısa deyəsiniz.
S.:
Qısası budur ki, bütün yaxşı filmlər -
yaxşı filmlərdir.
A. (yenə
özünü itirir): Üzr istəyirəm,
tamaşaçılar necə müəyyən etsinlər ki,
bu, yaxşı filmdir, bu, pis?
S.: Bu, nə
çətin məsələdir ki? Əgər
film onların xoşuna gəlirsə, deməli, yaxşı
filmdir, yox əgər gəlmirsə, deməli, pis filmdir.
A.: Onda
qısaca deyə bilərsinizmi sizin nəzərinizdə
hansı filmlər yaxşı fiilmlərdir?
S.: Mənim
yaxşı hesab etdiyim bütün yaxşı filmlər
yaxşı filmlərdir.
A.: Bəs
siz onları nəyə görə yaxşı film hsab
edirdiniz ki?
S.: Necə yəni nəyə görə? Yaxşı filmlər olduğuna görə.
A.: İcazə verin, sonda soruşum: "Siz nə üçün bu peşəni seçib özünüzü incəsənətə həsr etdiniz, onun fədaisi oldunuz?
S.: Xanım, burda təəccüblü nə var ki? Elə mən də soruşa bilərəm ki, siz nə üçün bu şərəfli peşəni - teleaparıcı peşəsini seçib teleulduza çevrildiniz? İnanın ki, mənim cavabım sizin cavabınızdan heç nə ilə fərqlənməyəcək
A. (üzündə süni təbəssüb
ifadəsi): Hörmətli filankəs müəllim, dəvətimizi
qəbul edib gəldiyinizə və dəyərli fikirlərinizi
bizimlə bölüşdüyünüzə görə təşəkkür
edirik...
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet.- 2022.- 14 oktyabr.-
S.15.