Gələcəyə inamı ilə
dünyanın ən varlı şairi
Gəldim baş əyməyə önündə mən də,
Qarşıma
gah boran, gah tufan çıxır,
Nədənsə,
şairim, adın gələndə
Çox şairin adı yadımdan çıxır.
O, bu
misralarla ustad Füzuliyə olan sevgisini dilə gətirib. Mənsə onun bu misraları ilə özünə
olan sevgimi dilə gətirirəm. Yoluma
işıq tutan, həyatıma şeirləri ilə rəng
qatan, ən əsası qəlbimə böyük bir ədəbiyyat
sevgisi salan, sözün əsl mənasında adı gələndə
bütün şairləri unutduran şairdi Məmməd Araz.
Və bu
gün bu dünyada bir ümmana çevrilən böyük
şair, mərd insan, əsl vətəndaş olan Məmməd
Arazın anadan olmasından 89 il
ötür. O, 1933-cü il 14 oktyabrda
bütün yaradıcılığı boyu əsərlərində
adı keçən, nur sulu bulaqlarına, uca dağlarına
bir çox şeirlər yazdığı"Kəndim
balacasan, çox balacasan" misraları ilə özü ilə
bərabər adını tarixə yazdırdığı
Şahbuz rayonunun Nursu kəndində anadan olub. Doğulduğu
kənddə yeddi illik orta məktəbi bitirib və daha sonra
Şahbuz rayonunda yerləşən Şahbuz kənd tam orta məktəbində
on illik təhsilini tamamlayıb.
İnstituta gedəndə ədəbiyyat fakültəsinə
gecikdiyi üçün sənədlərini coğrafiya
fakültəsinə verir və qəbul olur. Beləliklə,
o, Azərbaycan Pedaqoji İnstitutunda coğrafiya təhsili
alır. Müsahibələrinin birində
qeyd edir ki,"Tezliklə peşman oldum ki, nahaq yerə,
coğrafiya fakültəsinə getdim. Bura
mənim yerim deyil. Daha mən böyük şair ola bilməyəcəyəm. Gərək
ədəbiyyat fakültəsində oxuyam ki,
"böyük şair" olam". Məmməd
Araz sübut etdi ki, ədəbiyyat fakültəsində
oxumasan da, böyük, həm də çox böyük
şair olmaq olarmış.
Təhsilini
bitirən kimi doğma kəndinə qayıdan Məmməd
Araz burada bir il həm müəllimlik
etmiş, həm də bir sıra şeirlərini qələmə
almışdı. Qeyd etmək istəyirəm ki, hazırda
Nursu kəndində yaşayan Məmməd Arazın ilk
şagirdlərindən biri olan 80 yaşlı Yaşar Heydərovla
söhbət zamanı məlum oldu ki, Məmməd Araz həm
adını poeziyamıza həkk etmiş bir şair olmaqla
yanaşı, həm də şagirdlərinin qəlbinə
yol tapıb, savadlı, unudulmaz müəlim olub. Dərslərə qlobusu olmadan girməz, nəinki Azərbaycanın,
hətta dünya xəritəsinə baxmadan göstərici ilə
bütün çayları, göllərin yerini işarə
edərmiş. Dərs zaman təbiətə
tez- tez ekskursiyalar təşkil edər, təbiəti
şagirdlərə onlarla birlikdə müşahidə edərək,
göstərərək, sevdirərək öyrədərmiş.
Hətta özü də müsahibələrinin
birində qeyd edir ki, "O vaxt müəllim yoldaşlarım
gileylənirdilər ki, şagirdlər onların dərslərində
də coğrafiyanı oxuyurlar. Az
vaxtda belə qərara gəldim ki, müəllimin bir müvəffəqiyyəti
də onun sərbəstliyindən asılıdır. Burada heç bir sərhədə lüzum yoxdur.
Müəllim istədiyi kimi şagirdlərini
öyrətməlidir".
Bununla yanaşı, Xalq şairi məktəbin ictimai
işlərində də yaxından iştirak etmişdi. Şairin
bibisi qızı Cümayə nənə xatirələrini
danışarkən qeyd etdi ki, Nursu kənd orta məktəbində
müəllimlik etdiyi dövrdə Səməd Vurğunun
"Vaqif" dram əsasında hazırlanan səhnəcikdə
Məmməd Araz Vaqif rolunda çıxış edib. Çox bəyənildiyi üçün əvvəlcə
Şahbuz rayonuna, daha sonra Naxçıvan şəhərinə
bu dram səhnəciyini göstərmək üçün dəvət
alıblar.
Daha sonra
Bakıya qayıdan şair iki il Azərbaycan
Dövlət Universitetinin jurnalistika fakültəsində
oxuyub. Məmməd Araz 1959-cu ildə Moskvaya
getmiş, Ali Ədəbiyyat Kursunda təhsil
almışdı və burada aldığı təhsili
"təhsilin zirvəsi" hesab edirdi. Bakıya
qayıtdıqdan sonra yaradıcılıqla daha dərindən
məşğul olmağa başlamış,
Yazıçılar İttifaqına üzv olmuşdu. Müxtəlif dövrlərdə bir sıra vəzifələrdə
çalışdı, 1974-cü ildən ömrünün
sonunadək "Azərbaycan təbiəti"
jurnalının baş redaktoru oldu.
Çalışdığı, yaxud
yaradıcılıqla məşğul olduğu bütün
dövrlərdə, həmçinin, gənclərə də
dəstək olmuş, onlara yol göstərmiş, əlindən
gələni əsirgəməmişdi. Hətta
ictimaiyyət Məmməd Araza "əmi" deyə
müraciət edirmiş. Xalqın həm
də "Məmməd əmisi" olmağın məsuliyətini
çiyinlərinə götürmüş və bunun
öhdəsindən layiqincə gəlmişdi. Bu barədə özü deyirdi, "Cavanların həmişə
qayğısını çəkməyə
çalışmışam. İlk
addımlarını izləmişəm, yeri gələndə
əl tutmuşam, yaradıcılıqlarına "uğur
olsun" demişəm, kitablarına ön söz
yazmışam. Müxtəlif zəmanətlər
imzalamışam. Bir sözlə, əmilik
borcunu həmişə yerinə yetirmişəm".
Məmməd Araz istər şair kimi, istər müəllim
kimi, istərsə də layiqli vətəndaş kimi bu
xalqın qarşısında olan bütün borcunu yerinə
yetirib.
Şairin həyatı az çox hər kəsə
məlumdur. Məmməd Araz çox keşməkeşli,
məşəqqətli bir həyat yaşasa da, buna baxmayaraq,
ömrünün sonunadək əyilmir, sınmır, haqdan
dönmür, həmçinin, oxucunu da buna səsləyir.
Haqdan qələm
gəlsə belə,
Öz
baxtını özün yazsan,
Yüz
dalğalan, min çalxalan,
Sınma, sınsan yapışmazsan.
Taleh onu doğma kəndindən, ata ocağından uzaq
salsa da, harda olursa olsun Məmməd Araz üçün kəndi
və ata ocağı sülhün mərkəzidir. Əmin-amanlıqdır.
Heç təsadüfi deyil ki, "Məmməd
müəllim, sizə kəndli demək olarmı?"
sualına "Kənd sözünü mənim həyatımdan
çıxsan, yerdə heç nə qalmaz. Mən şəhərdə də kəndlə
yaşayıram, kəndlə nəfəs alıram. Doqquzuncu mərtəbədə gördüyüm
yuxu da kənddəndir"cavabını verir.
Onun yaradıcılığında ata ocağı, onun əzəməti,
böyüklüyü rəngli bir xətt kimi keçir. Ata
ocağından mənən heç vaxt getməyən
şair, gedəndə də onun odunu həm əlində, həm
ürəyində aparır.
Hansı
yarğanasa dağılan külüm,
Yerə yapışmağa yağış istəyər.
Qanqallar
dibinə yığılan külüm
Ata ocağından çağrış istəyər.
Xalq şairi Məmməd Araz
yaradıcılığına diqqətlə nəzər
saldıqda isə kitablara sığmayan mövzusu vətən
olsa da, toxunduğu bütün mövzularda ən uca zirvəyə
çatdığının şahidi oluruq. Yazıb
yaratdığı poeziya nümunələri ilə
özünün də dediyi kimi, zirvələrin əl
çatmaz qalası oldu.
Zirvədəki
əl çatmayan qala mən,
Ətəkdəki sinə, cığır, tala mən.
Xudafərin
harayından qalan mən,
Bu da belə bir ömürdü - yaşadım.
Məmməd Araz şeirlərini yazmaq xatirinə yox,
yaşatmaq arzusu yaşadıqlarından yazıb. Onun sirli poeziyasının
orjinallığı, ürəyə yatan olması da zənnimcə,
bununla bağlıdır. Türk şairi
Orxan Vəli deyir ki, "Asan oxuduğunuz şeir, elə
bilirsiniz, asan yazılıb?!" bu baxımdan şairin hər
misrası, hər cümləsi dövrün, zamanın bir
parçasını özündə gəzdirən insan
ürəyidir, şair qəlbidir.
...Şair
olan kəs
Odlu söz tapmayır, oda yanmasa.
Həmçinin,
dahi şairin Şoloxovun "Mən sifarişlə yox, qəlbimin
sifarişi ilə yazıram" misraları ilə səsləşən
Ürəyimsiz
kəlmə yazan deyiləm
Nə qədər ki özəlimdir yazanım.
bəndi
qələmə aldığı hər misranın, hər
sözün şairin ürəyindən qopub gəldiyini
sübut edir.
Bu baxımdan Məmməd Araz kədərini bu misralarda
ağrılı şəkildə duya bilərik.
Tale bir
xoş ömrü çox gördü mənə,
Tikan da əkilməz
qəbrimin üstə;
Ha qovdum
özümü mən öz zirvəmə,
Ha
qovdum... dərd yığdı dərdimin üstə...
Ancaq heç bir tufanın, qasırğanın əyə
bilmədiyi şair hər zaman qəm üstünə
sevincini hörməyi də bacarır.
Yox,
ürəyim daş qulazla ötəri dərdə,
Qəm üstünə sevincini hörməyi bacar.
Ön cərgədən
son cərgəyə adlayıb hərdən
Görünməyən
məqamları görməyi bacar...
Ümidlə sönən hər şeyin
qayıtdığına inanan Məmməd Araz
oxucularını zamanın qədrini bilməyə,
ömrün hər anını layiqli yaşamağa
çağırır.
Bir də
ömrümüzə qayıtmaz bu gün,
Bir də
yolumuza çıxmaz bu qatar.
Yaradıcılığı
boyu orden, medallara, fəxri adlara, "Xalq şairi" adına laiq görülən, adına "Məmməd
Araz mükafatı" təsis edilən görkəmli
şairinin poeziyası insanları işığa,
aydınlığa, əbədiliyə səsləyir. Onun poeziyası həmçinin, xalq məhəbbəti
ilə mükafatlandırılan, oxucu alqışları ilə
qiymətləndirilən bir xəzinədir. Xalq sevgisini,
vətən məhəbbətini ən ali
mükafatdan belə uca tutan şairin özünün də
dediyi kimi
Qol verdin
boynunu qucaqlamağa,
Göyünə
baxmağa göz verdin, bəsim..
Kürək
söykəyənin ana torpağa
Haqqı yox ayrı bir təltif istəsin.
Son olaraq qeyd etmək istəyirəm ki, nə
yaxşı ki, Xalq şairi Məmməd Araz bu xalqın, bu
torpağın bəxtinə düşüb. Gələcəyə
inam sarıdan, dünyanın ən varlı şairinə
sahib olmaq hər xalqın nəsibi olmur. Bu
baxımdan biz də dünyanın ən varlı
adamlarıyıq.
Demə ki,
ömrümüz keçdi yarıdan,
Biz yenə ümidli günlər yarıyıq.
Biz ki gələcəyə inam sarıdan
Dünyanın ən varlı adamlarıyıq.
Əzizə
SÜLEYMANOVA
Məmməd
Arazın Şahbuz rayonu Nursu kəndindəki Ev Muzeyinin
direktoru
525-ci qəzet.- 2022.- 14 oktyabr.- S.14.