Baninin taleyində və qələmində erməni vəhşiliyi  

 

 

Azərbaycan əsilli fransız yazıçısı Banin (Əsədullayeva Ümm-ül-Banu Mirzə qızı - bəzi mənbələrdə Assadoulaev Umm-el-Banine, yaxud Assadoulaeff Umm-El-Banine, ya da sadəcə Banine və ya Umm-el-Banine), 18 dekabr 1905, Şamaxı - 23 oktyabr 1922, Paris) keşməkeşli həyat yaşayıb, zəngin və ziddiyyətli yaradıcılıq yolu keçib. O, ötən əsrin 40-cı illərinin əvvəllərindən Avropada tanınmağa başlasa da, Baninin sorağı ölkəmizə xeyli sonralar gəldi. XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Azərbaycanın ən məşhur diplomatlarından, UNESCO-ya xidmətə qəbul olunan ilk azərbaycanlı Ramiz Abutalıbov, Xalq yazıçıları Elçin, Anar Baninlə əlaqə saxlayıb, yazışıb, onun həyat və yaradıcılığı barədə Azərbaycan cəmiyyətini məlumatlandırıblar.

Banin əsərlərini mükəmməl bildiyi fransız və rus dillərində qələmə alıb. Onun "Nami" (Nami"), "Qafqaz günləri" ("Jours caucasiens"), "Paris günləri" ("Jours parisiens"), "Ernst Yüngerlə görüşlər" ("Rencontres avec Ernst Jünger"), "Mən tiryəki seçdim", "Sonra", "Yad Fransa" ("La France etrangere"), "Son ümidin zövqü" ("L'appel de la derniere chance"), "Ernst Yüngerin portreti: məktublar, mətnlər, görüşlər" ("Portrait d'Ernst Jünger: lettres, textes, rencontres"), "Ernst Yünger müxtəlif sifətlərdə" ("Ernst Jünger aux faces multiples"), "Məryəmin mənə danışdığı" ("Ce que Marie m'a raconte) adlı əsərləri Baninə Fransada böyük şöhrət qazandırıb. Ölkəmizdə yazıçının 11 kitabından hələlik üçü - "Qafqaz günləri", "Paris günləri" və "Nami" adlı əsərləri dilimizə tərcümə və nəşr edilib.

İki hissədən ibarət "Qafqaz günləri" avtobioqrafik romanı müəllifin ölkəmizdə çap olunan ilk əsəridir. Kitabı dilimizə Hamlet Qoca tərcümə etmiş və 2007-ci ildə "Xan", 2019-cu ildə "Qanun" nəşriyyatı tərəfindən nəşr olunmuşdu. Yeri gəlmişkən qeyd edək ki, fransız dili mütəxəssislərinin yekdil fikrincə, Hamlet Qoca əsəri uğurla, yüksək peşəkarlıqla tərcümə edib. Memuarı Gülşən Tofiq qızı dilimizdən ruscaya çevirib və əsər "Kafkaz" nəşriyyatı tərəfindən çap olunub.

"Qafqaz günləri" avtobioqrafik romanının süjet xətti Baninin müşahidə etdiyi və iştirakçısı olduğu hadisələr üzərində qurulur, əsərdə XX əsrin əvvəllərində Bakıda və ona bitişik kəndlərdə cərəyan edən gərgin, maraqlı olaylar işıqlandırılır, milli adət-ənənələrin, bayram, toy, yas və dini mərasimlərin təsviri geniş yer tutur. Bütün bunların fonunda Baninin çətin, macəralarla dolu, ziddiyyətli həyat yolu oxucunun gözü qarşısında canlanır. Əsərin əsas ideyası "insan heç nədən və heç kimdən çəkinməməli, özü bildiyi, istədiyi kimi azad, sərbəst yaşamalıdır. Adət-ənənələr, əxlaq, qadın-kişi münasibətləri, milli-mənəvi dəyərlər insanın həyat tərzində buxova çevrilməməlidir" - fikrindən ibarətdir. Elə bu cəhətinə görə də Baninin mövqeyi bəzi tənqidçilər tərəfindən bəyənilmir, qınağa tuş gəlir, tənqid olunur.

Yuxarıda qeyd etmişdik ki, "Qafqaz günləri" Baninin ömür yolunun bir parçasından bəhs edir. Təbii ki, cəmiyyətdə cərəyan edən hadisələr Baninin həyat və düşüncə tərzinin formalaşmasında, axarında mühüm rol oynamışdı. Erməni quldurlarının 1905-ci və 1918-ci illərdə Bakıda törətdiyi qətliamlar Baninin taleyində dərin yaralar açmış, acı izlər buraxmışdı. Erməni vəhşiliyi onu hələ ana bətnində ikən yaxalamışdı...

Banin Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, iri sahibkar, neft sənayeçisi, ictimai xadim, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Fətəli xan Xoyskinin 1918-ci il dekabrın 26-da təşkil etdiyi III hökumət kabinetində ticarət və sənaye naziri olmuş Mirzə Şəmsi oğlu Əsədullayevin (1875, Bakı - 1936, Paris) qızıdır. 1905-ci ildə Bakıda ermənilərin xalqımıza qarşı törətdiyi qırığınlar ərəfəsində yerli əhali - azərbaycanlılar səksəkə və qorxu içində idi. Mirzə Əsədullayev bu təhlükəni hiss etdiyindən hamilə qadını Ümülbanunu Şamaxıya aparır. Şaxtalı-sızaqlı hava, narahat yol Ümbülbanını haldan salır, o xəstələnir və doğuş zamanı dünyasını dəyişir. Həyata yeni göz açan körpəyə anasının xatirəsinə onun adını qoyurlar: Ümülbanu. Bu, dörd bacıdan ən kiçiyinə, məsum qızcığaza - gələcək istedadlı və şöhrətli yazıçı Baninə erməni quldurlarının vurduğu ilk sarsıdıcı zərbə idi. 1918-ci il mart qırğını zamanı erməni vandallar Bakıda növbəti dəfə dəhşətli qırğın törətdilər, silahsız əhaliyə divan tutuldu, qana susamış cəlladlar uşaq, qadın, xəstə, qoca demədən qarşılarına keçən hər kəsi milli mənsubiyyətinə görə qətl etdilər, mal-mülk, evlər talandı, redaksiyalar, məktəblər, məscidlər, teatr binaları yandırıldı. Çox sayda insan, o cümlədən, xalqımızın ictima-siyasi, ədəbi-mədəni həyatında mühüm rol oynamış xadimlər ev-eşiyindən, doğma yurd-yuvasından didərgin düşdü, İrana keçdilər. Onların sırasında Mirzə Əsədullayev və ailəsi də vardı. Banin İrana qaçışlarını, yolda raslaşdıqları çətinlikləri, Ənzəli və Rəştdə keçirdikləri ağır günləri adıçəkilən memuarda təsirli və təbii işıqlandırmışdır.

Milyonlarla azərbaycanlının, o cümlədən, Baninin taleyində ağır iz qoymuş erməni vəhşiliyi yazıçını daim düşündürmüş və narahat etmişdi. Hər an azərbaycanlıları sancmaq üçün Parisi özlərinə ilan yuvasına çevirmiş ermənilər ölkəmizdə olduğu kimi, Fransada da (indiki kimi) təhlükə mənbəyi olmuşdu. Lakin sənətkar qüdrəti, məharəti, cəsarəti bu şəraitdə də öz sözünü deməyə müvəffəq olub. Banin bunun üçün çox uğurlu, özünəxas üslubdan, fərdi yaradıcılıq keyfiyyətlərindən, bədii təsvir və ifadə vasitələridən bacarıqla istifadə edib. O, 1905-ci ildə əli silahlı ermənilərin "Bakı əhalisinin əsasını təşkil edən çarəsiz azərbaycanlıları" öldürməklə məşğul olduqlarını qeyd edir və yazır: "Heç kəs inanmaz ki, mən də o vaxtkı qırğında iştirak etmişəm, əslinə varsan, elədi ki, mən dünyaya gələndə anamı öldürmüşəm". Banin er-mənilərin Bakıda törətdiyi ağlasığmaz cinayətləri, talanları, qırğınları, çaxnaşmaları "Həmin il tarixin unudulmaz, dəhşətli dövrlərindən idi" - deyərək xatırlayır və göz yaşları ilə yazır ki, ermənilərin Bakıda törətdiyi vəhşilik ucbatından "qışda, güclü tufanın tüğyan etdiyi", "bütün kömək yollarının kəsildiyi" bir zaman anası şəhəri tərk etmək məcburiyyətində qalır, "yazıq qadın ən rəzil vəziyyətdə azad olub və doğuşdan qızdırmaya tutulur", "hər cür yardımdan məhrum olan" Ümbülbanu "xəstəliklə təkbətək çarpışır", "Və beləcə, cavan, öldüyünə heyifsilənə-heyifsilənə, doğmalarının taleyindən soraq gözləyə-gözləyə canını tapşırır".

Banin "Qafqaz günləri"ndə təsvir etdiyi obrazlardan birini - "damarlarında bir-birinə düşmən olan iki millətin - türk və erməni qanı axan" Tamaranı "dünyanın ən gözəl qızı" kimi təqdim edir. Amma onun anasının erməniyə xas xislətə - lazım gələrsə, dondan-dona girmək, hətta inancını dəyişmək "bacarığına" sahib olduğunu da qeyd etməyi lazım bilir, yazır ki, onun erməni anası ərinin xoşuna gəlmək, onu daha da məmnun etmək üçün dinini dəyişib müsəlmanlığı qəbul edir. Ermənilərə xas bu cür hərəkətlər istər-istəməz Ceyhun Hacıbəylinin "Bir il xəyallarda və bütöv bir ömür" memuarında erməni kişilərin öz xanımlarını hakimlərə necə satdığını, erməni qadınlarının pozğun həyat tərzini yada salır. Müəllif memuarda ermənilərin öz məqsədərinə çatması üçün hər vasitədən istifadə etdiklərinə işarə vuraraq yazır ki, ermənilər zahirən özlərini qərbçi kimi göstərir və arvadlarının sayəsində malik olduqları mülk, malikanə və torpaq sahələrini əllərində saxlayırdılar. Əmlak münaqişələrində ermənilər münsiflər məhkəməsi hakimlərini "irqi münaqişələr"ə cəlb edəndə ha-kimlər adətən, öz dindaşlarına susmağı, ... tövsiyə edir, eyni zamanda, dostyana məzəmmət etməyi də unutmurlar. C.Hacıbəyli qeyd edir ki, hakimlər ermənilərə iki yoldan birini seçməyi məsləhət bilirdilər: "Bura baxın, ikisindən birini seçin, əgər siz tamamilə avropalaşmısınızsa, onda bir-iki avaranın arvadlarınıza baxmağına hirslənmək lazım deyil, yox, əgər siz elə bizim həmin ermənilərsinizsə (yaxın keçmişdə ermənilərin Azərbaycan bəylərinin təhkimli kəndliləri olduqları və müsəlmanlar kimi qapalı həyat tərzi sürdüklərinə eyham vurulurdu), onda arvadlarınızı çölə çıxarmayın, çarşab geyindirin".

Banin memuarda yaşıdları arasındakı bir oyundan geniş bəhs edir. Bu, Baninin əsərdə "erməni qırğını" adlandırdığı oyun idi. Oyunun təsvirindən ayıq oxucu memuaristin qayəsini dərhal duyur: uşaqların oyunu ermənilərin real həyatda qəddarlıqla törətdikləri cinayəti yada salmaq və ifşa etmək məqsədini güdür. Uşaqlar ermənilərin azərbaycanlılara qarşı həyatda həqiqətən törətdikləri cinayətləri oyunda həyata keçirirlər: erməniləri təmsil edən "iyrənc erməni" damğası vurulmuş uşaq "çoxlu sayda müsəlmanların qətlində günahlandırılır, yerindəcə "öldürülür", "nifrət qurbanının əl-ayağını bağlanır, başı, dili kəsilir, sinəsi yarılır, ürəyi qoparılıb çıxarılır, ürəyi və içalatı itlərin qabağına atılır". Uşaqlar ermənilərin ata-babalarına qarşı törətdikləri cinayətləri tamaşada göstərsələr də, bununla "içlərindəki qəzəb" hələ soyumur, onlar "taxta tüfənglərini havada yelləyə-yelləyə, əcaib səslər çıxara-çıxara meyitin ətrafına fırlanıb rəqs edirlər". Uşaqların erməni yaşıdına qarşı tamaşada göstərdiklərini qəddar düşmənlər həyatda 1905-ci ildən sonra, 1918-ci ildə yenidən təkrarlayırlar. Banin Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində cərəyan edən hadisələri belə təsvir edir: "Azərbaycanın paytaxtı Bakı şəhərində də siyasi canlanma gücləndi. ...Sosialist təmayüllü bir erməni təşkilatı ölkəni kommunist dağıntısından qurtarmaq adı altında hərbi diktatura rejimi yaratdı... Onlar hər kim olsalar da, hakimiyyətləri dövründə müdafiə imkanı olmayan müsəlmanları qırmağa başladılar". "Azərbaycanda ermənilər azərbaycanlıları qırırdı" - yazan memuarit rus hakimiyyətinin bu vəziyyətə biganəliklə baxdığını və əslində "parçala, hökm sür" siyasətini yeritdiyini diqqətə çatdırır. Banin şahidi olduğu erməni vəhşiliyini təsirli cümlələrlə təsvir edərək dəhşətli mənzərə haqqında tam təsəvvür yaradır: "İşıqlar kəsilmiş, ev və şəhər dərin qaranlığa qərq olmuşdu. Bu qaranlığı haradan atıldığı məlum olmayan, vıyıldayan güllələr dəlib keçirdi. Uzaqdan pulemyot atəşləri də eşidilirdi. Biz hər dəqiqə "daşnaq"ların (millətçi erməni partiyasının adı belə idi) evə dolacağını, mənzilimizi dağıdıb bizi də qıracaqlarını gözləyirdik. Telefon da kəsilmişdi, evimizin ətrafı təhlükə ilə dolu bir adaya bənzəyirdi". Banin səhərin açılması ilə qonşuluqda gizləndikləri evin pəncərəsindən erməni talanlarının şahidi olur, öz evlərinin də ermənilər tərəfindən qarət edildiyini, evin bütün əşyalarının - çəngəl-qaşıqların, xalça-palazların, şamdanların, pal-paltarların yük maşınına yığıldığını kədərlə seyr edir...

Baninin ömür yolunu izləyəndə məlum olur ki, "Mənim heç bir seçimim yox idi" - deyərək 1924-cü ildə Vətəni tərk edən 19 yaşlı qızın Fransadakı həyatı da hamar olmayıb. Ölkənin mədəni həyatına qaynayıb qarışan, tanınmış fransız və rus mühacir yazıçıları, siyasətçiləri ilə ünsiyyət quran, dostluq edən Baninin ədəbi varisi Rolf Stürmer müsabibələrinin birində demişdir: "Banindən qalan miras yalnız ədəbi mirasdır. O, çox kasıb idi, amma varlı və nüfuzlu dostları onun qayğısına qalırdılar. Fransa hökuməti ona sosial yardım edirdi. Banin başqasının mənzilində yaşayırdı. Bu, kiçik də olsa, rahat və doğma mənzil idi".

Biz Baninin çoxplanlı və maraqlı "Qafqaz günləri" memuarında toxunduğu bir mövzudan - yazıçının taleyində erməni vəhşiliyindən bəhs etdik. Əsər bir çox cəhətləri ilə, eləcə də mənfur qonşularımızın ötən əsrin əvvəllərindən başlayaraq xalqımıza qarşı törətdiyi cinayətləri ifşa etmək baxımından da aktualdır. Onun bu memuarının, bütünlüklə irsinin, o cümlədən, publisistikasının, məşhur məktublarının dərindən və hərtəfəfli araşdırılması ədəbiyyatşünaslığımızın qarşısında duran vəzifələrdəndir.

 

10.10.2022

 

Abid TAHİRLİ

 

525-ci qəzet.- 2022.- 14 oktyabr.- S.10;11.