Anadoluda Azərbaycan türklərinin izləri
Dünya ölkələrinin tarixində qonşu
xalqların və ölkələrin bir-birinə
qarşılıqlı təsiri qaçılmazdır. Həmsərhəd
ölkələr və qonşu xalqlar tarixi zaman kontekstində
həm insanların müxtəlif səbəblərdən
miqrasiyası, həm mədəniyyətlərin
qovuşması, həm dini müxtəliflik və adət-ənənələrin
fərqliliyi baxımından biri digərində öz izlərini
saxlayır. Hətta qloballaşma dövrünün
"əritmə qazanı"nın
(melting pot) ən güclü təsiri altında olan Avropa
ölkələrinin əksəriyyətində belə
"xaricdəki doğmalar" əsrlərdir izlərini
qorumaqdadır. Bu mənada ölkələrin hazırkı
siyasi xəritədəki sərhədləri ilə mədəni
irs xəritələrinin cizgiləri
üst-üstə düşmür, müxtəlif ölkələrin
hüdudları daxilində "mədəni və etnik
anklav" və ya səpələnmiş şəkildə
özünü göstərir. Dünyada çox az ölkə tapmaq olar ki, tarixi-mədəni
irs onları ayırmır, əksinə, birləşdirir. Misal üçün, Avropada Almaniya və Avstriya
arasında belə bir harmoniya mövcuddur.
Azərbaycanın yerləşdiyi coğrafiyada da həmsərhəd
ölkələr arasında mədəni müxtəliflik
özünü göstərir. Tarixi Azərbaycan
torpaqlarında yaradılmış Ermənistanda türk mədəni
irsi uzun illər məqsədyönlü şəkildə
silinməsinə, vandalizmə məruz qalmasına baxmayaraq,
toponimiyadan tutmuş kulinariyaya qədər bir çox sahədə
öz mövcudiyyətini saxlaya bilmişdir. Gürcüstan ərazisində, eləcə də
Dağıstanda da Azərbaycan türklərinin tarixi, mədəni,
dini abidələri, coğrafi adları vardır.
Bu
baxımdan iki qardaş xalq və dövlət olan Azərbaycan
və Türkiyə arasında mədəni irs
nümunələrinə, tarixi izlərə münasibətdə
yalnız harmoniya, ortaq dəyərlər və birgə sahiblik
mövcuddur. Heç şübhəsiz ki,
bütün dünyada Azərbaycan və Türkiyə qədər
tarixi, mədəniyyəti və ümumilikdə taleyi eyni
olan başqa bir nümunə tapmaq çətindir. Tarixin müxtəlif dövrlərində siyasi sərhədlər
fərqli olsa da, Qafqaz və Anadolu türkləri eyni dəyərlərin,
eyni mədəni, dini, tarixi irsin sahibi və
daşıyıcılarıdırlar. Azərbaycan
və Türkiyənin taleyinin
ayrılmazlığının,
qardaşlığının ən dəqiq ifadəsi Ulu
öndər Heydər Əliyevin "Bir millət, iki dövlət"
sözlərində əks olunmuşdur.
Qeyd olunanları nəzərə alaraq əminliklə
deyə bilərik ki, istər Qafqazda, istərsə Anadolu və
Yaxın Şərqdə türklərin izlərinin Azərbaycan
və Türkiyənin ortaq mədəni dəyəri və
irsi olması təkzibedilməzdir. Lakin bununla
yanaşı, hazırkı araşdırmamızda müxtəlif
tarixi şəraitdə və zamanda Anadoluda iz qoymuş Azərbaycan
türklərinin tarixi-mədəni irsinə nəzər
salmaq istədik. Bu araşdırmada orta əsrlərdə
siyasi, iqtisadi, dini səbəblərdən Anadoluya
köç etmiş, Şərqi Anadoluda tarixən
yaşamış, XX əsrin əvvəllərində Azərbaycan
Xalq Cümhuriyyətinin süqutundan sonra Türkiyədə məskunlaşmış
azərbaycanlıların izlərinə dair mənbələrə
və nəhayət, müasir dövrdə Türkiyənin
müxtəlif bölgələrində Azərbaycanla
bağlı küçə və parklara verilən adlara
işıq salmağa çalışacağıq.
Məlumdur ki, həm Azərbaycanda, həm də Anadoluda
türklər əsasən oğuz türklərinin varisləridir. Bu mənada,
onlar arasında əsas fərq coğrafi yerləşmə
arealı ilə bağlıdır və etnik fərqlilik
ehtiva etmir. Tarixən Böyük Səlcuq
dövlətinin süqutundan sonrakı dövrlərdə
Şərqi Anadolunun Qafqaza yaxın bölgələrində
yerləşən oğuz türkləri danışıq tərzinə,
dialektinə və oğuz boylarının üstünlük
təşkil etdiyi əraziyə görə daha çox Azərbaycanla
bağlı olmuşlar. Şərqi
Anadoluda İqdır, Qars, Ərdahan, Ərzurum, Ərzincan,
Van, Ağrı bölgələrində yaşayan türklər
Azərbaycanla bağlı, bu regiondan köçmə və
ya eyni tayfa-boyların təmsilçiləri olmuşlar.
Azərbaycan xanədanlarından olan Qaraqoyunlu və
Ağqoyunlu dövlətlərinin sərhədlərinin
Muş və Sivasa qədər uzanması, paytaxtın Diyarbəkir
olması hesabına bu bölgələrdə də Azərbaycan
türklərinin izlərini görmək mümkündür.
Hətta mənşəcə Azərbaycan
türklərinin etnogenezində iştirak edən salur
türklərindən olan Azərbaycan hökmdarı Qazi
Bürhanəddinin (1345-1398) bəyliyinin mərkəzinin
Kayseri olduğunu da qeyd etmək lazımdır. Buna görə də bu tarixi iz hələ də
özünü göstərir və indi də Türkiyənin
qeyd etdiyimiz bölgələrində "Azərbaycan
türkü" adı ilə tanınan əhali qrupu
yaşamaqdadır. Baxmayaraq ki, tarixən
Anadoluda yaşayan Azərbaycan türklərini müxtəlif
cür - azəri, tərəkəmə, qarapapaq, şahsevən,
qızılbaş, şirvanlı, qarabağlı və digər
kimliklə adlandırırlar.
Orta əsrlər boyunca siyasi, iqtisadi, dini və digər
səbəblərdən Qafqazdan Anadoluya köç edən
boy və tayfalar öz oğuz qardaşları ilə
qaynayıb-qarışmış, vahid türk etnosunun
formalaşmasında iştirak etmişlər. Ümumiyyətlə
isə Səfəvi-Osmanlı dövründə hər iki
istiqamətdə - həm Qafqazdan Anadoluya, həm də
Anadoludan Güney və Quzey Azərbaycana köç
halları müşahidə olunur. Siyasi faktor olaraq iki əsas
səbəb olmuşdur: Səfəvi-Osmanlı arasında
hakim xanədandan narazı qalan boyların köçü və
sərhədlərin genişlənməsi zamanı siyasi
hakimiyyəti dəstəkləmək məqsədilə
aparılan köç. Təsadüfi deyildir ki, bu gün belə
Ərzurumun Şənkaya, Ərzincanın Kemah,
Ağrının Daşlıçay, Vanın Ərciş,
Amasiyanın Suluova və Mərzifon, Afyonun Əmirdağ
ilçələrində yaşayanların
danışıqlarında Azərbaycan dilinin ləhcələri
dominantlıq edir. Ərzincanın Kemah ilçəsinin
Tanköy kəndinin sakinləri Şərur mahalının
Danyeri kəndindən, İqdırın Aralık ilçəsi
və Yaycı kəndləri isə Şərurun eyniadlı
kəndlərindən köçənlərin varisləridir.
Bu kimi nümunələri Türkiyənin qeyd
etdiyimiz digər vilayətlərinin hər birində görmək
mümkündür.
Türk boylarının Qafqazdan Anadoluya
miqrasiyasının digər bir dövrü XIX əsrə
düşür. Məlumdur ki, 1804-1813 və 1826-1828-ci illər
Rusiya-İran müharibələri, eləcə də
1828-1829-cu illər Rusiya-Osmanlı müharibəsi bu istiqamətdə
böyük bir hərəkətliliyə səbəb
olmuşdur. Xüsusilə də 1829-cu il
Ədirnə müqaviləsi əsasında Rusiya və
Osmanlı dövlətləri arasında xristian və müsəlmanlara
yaşayış yerini seçmək hüququnun verilməsi
ilə köçlərin sayı çoxalmışdır.
Bu müharibələrdən sonra Azərbaycanın
həm Güney, həm də Quzeyindən Anadoluya
köçüb yerləşənlərin sayı dəfələrlə
artmışdır. 1877-1878-ci illər Rusiya Osmanlı
müharibəsindən sonra Azərbaycan türklərinin
Anadoluya mühacirətini Aygün Attar "Tarihten
günümüze Türkiyede yaşayan Azerbaycan Türkləri"
kitabında "qarapapaqların köçü"
adlandırır. Ümumilikdə
"qarapapaqların köçü" zamanı
1877-1914-cü illər arasında müəyyən fasilələrlə
Gəncə-Qazax və Borçalıdan Türkiyənin Qars,
Ərdahan və Qara dəniz sahillərinə böyük
köç olmuşdur.
Türkiyədə "tərəkəmə"
adı ilə tanınan qrup da Azərbaycan mənşəlidir,
Türkmənçay müqaviləsindən sonra daha çox
Borçalı, Qərbi və Cənubi Azərbaycan torpaqlarından
Anadoluya köçənlərin varisləridir. Türkiyənin Qars,
Ağrı, Amasiya, Ərdahan, Sivas bölgələrində məskunlaşıblar.
Bu qrup içərisində Borçalıdan gələnlər
"qarapapaq", Şirvandan gələnlər
"şirvanlı" kimi tanınırlar.
XX əsrin əvvəllərində Anadoluya Güney Azərbaycandan
köç edənlər isə Türkiyədə kürəsünni
(və ya kürəsünnü) adı ilə
tanınırlar. Türkiyəli alim Yaşar Kalavat kürəsünnilərin
ana dilinin Azərbaycan türkü olmasını,
danışıq ləhcəsinin isə türkman (tərəkəmə),
Qara dəniz və Təbriz şivələri əsasında
formalaşdığını bildirir. Azərbaycanda
ilk dəfə kürəsünnilər haqqında
araşdırmaçı alim Araz Qurbanov məlumat
vermişdir. Kürəsünnilər əsasən
Van şəhərində və Van ilinin kəndlərində
yaşayırlar. Kürəsünni eli
Xoy və Salmas arasında yerləşən Kürəsünni
mahalı adı ilə tanınan bölgədə və
Urmiya ətrafında yaşayan oğuz türklərinin
çəpni qolundandır. Məlum olduğu
kimi, Türkiyə Cümhuriyyəti qurulduqdan sonra dövlətin
sərhədlərindən kənarda qalan türk əsilli əhali
Anadoluya dəvət olunmuşdur. Kürəsünnilərin
Anadoluya köçü Türkiyə Cümhuriyyətinin
qurulduğu ilk illərdə baş vermişdir. 1925-ci
ilin iyul ayının 24-də imzalanmış "Şərq
İslahat Planı"na əsasən, Van şəhəri və
Midyat arasındakı strateji əhəmiyyətə malik ərazilərə
kürəsünnilərin yerləşdirilməsi, onların
torpaq sahələri, mal-qara və s. ilə təmin
olunması qərara alınmışdır. Hazırda Van
şəhərində, Van ilinin Alaköy, Karagündüz,
Kasımoğlu, Bardakçı, Lamizgirt, Yumrutepe,
Köprüler, Mollakasım kəndlərində, Özalp,
Saray, Sırımlı Köyü, Çaldıran,
Başkale, Edremit, eləcə də Bitlisdə Ahlat, Adilcevaz
ilçələrində və Erikbağı kəndində,
Muş və Kastamonu şəhərlərində
yaşayırlar.
Bu yerdə XVI-XVII əsrlərdən başlayaraq
Qarabağdan Anadoluya köç edib, müxtəlif bölgələrdə
məskunlaşanların izlərinin qaldığı yer
adlarını da qeyd etmək istərdik. Yrd. Doç. Dr. Erdal Adayın
"Bolvadin ilçəsi Karabağ köyləri folklorunda
eski türk inançlarının izləri" adlı məqaləsində
bu köçün Qarabağdan ilkin olaraq Qarsa, ordan
Afyonkarahisara, ordan isə Türkiyənin müxtəlif bölgələrinə
yayıldığı göstərilir. Bu xüsusda
Türkiyənin müxtəlif yerlərində Qarabağla
bağlı aşağıdakı yer adlarına rast gəlinir:
-
Karabağ kəndi - Qars, Kağızman ilçəsi
-
Karabağ kəndi - Qars, Digor ilçəsi
-
Karabağ mahallesi - Afyonkarahisar, Bolvadin
-
Böyükkarabağ, Ortakarabağ, Derekarabağ kəndləri
- Afyonkarahisar, Bolvadin ilçəsi
- Yeni
Karabağ kəndi - Afyonkarahisar, Sultandağı ilçəsi
-
Karabağ mahellesi (əvvəllər kənd olmuşdur) -
Konya, Cihanbeyli ilçəsi
-
Karabağlar ilçəsi - İzmir
-
Karabağ kəndi - Siirt, Kurtalan ilçəsi
-
Karabağ mahallesi (əvvəl kənd olmuşdur) - Aydın,
İncirliova ilçəsi
-
Karabağ mahallesi - Muğla, Bodrum ilçəsi
Anadoluda Azərbaycan türklərinin mühüm izlərindən
biri də bu coğrafiyaya köç etmiş alimlər, irfan
sahibləri və sufi-təsəvvüf təriqət liderləri
ilə bağlıdır. Ümumilikdə orta əsr
müsəlman Şərqində bu kateqoriya adamların
yaşayış məkanı böyük bir coğrafi
arealı əhatə etmişdir, başqa sözlə desək
la-məkan olmuşlar. Ancaq onu da
vurğulamaq lazımdır ki, bu cür irfan sahibləri məskunlaşdıqları
yerlərə daim vətənlərindən gələn
böyük bir köçə səbəbiyyət
vermişlər. Bu mənada hazırda
Anadoluda dəfn olunan bir sıra Azərbaycan əsilli irfan
sahiblərini həmin bölgədə Azərbaycan türklərinin
izləri kimi qiymətləndirmək olar. Qeyd
etməliyik ki, bu ustadlar köç edərkən çoxlu
sayda müridləri onları müşayiət etmişlər.
Ümumiyyətlə, təsəvvüf cərəyanlarının
yaranmasında və formalaşmasında Azərbaycan əsilli
şəxsiyyətlərin mühüm yeri olmuşdir. Belə ki, təsəvvüf
cərəyanlarının yaranmasının ilkin
dövründən fərqli olaraq sonrakı dövrdə, yəni
XII əsrdən etibarən azərbaycanlıların sufilikdə
öz imzası görünür. Ərəb
mənşəli olmayan Sührəverdiyyə və onun təsiri
ilə Əbhəriyyə, Zahidiyyə, Xəlvətiyyə, Səfəviyyə,
Gülşəniyyə, Hürufilik kimi cərəyanların
ortaya çıxmasında Azərbaycan əsilli şəxsiyyətlərin
rolu məlumdur. Bu təriqətlər arasında xəlvətiyyə
və nəqşbəndilik təlimlərinin də bir
neçə usta mürşidi Azərbaycan əsilli olduğu
üçün bu yolun davamçıları Qafqazla Anadolu
arasında körpü olmuşlar. Bu ustadların
ölümlərindən sonra da ziyarətgaha çevrilən
təkkələri Anadoluda Azərbaycan izlərini simvolizə
edir. Anadoluda Azərbaycanı daha çox
təmsil etmək baxımından xəlvətiyyə təlimi
və onun davamçıları xüsusi yer tutur. XIV əsrdə Şirvanda təşəkkül
etmiş xəlvətiyyə təriqətinin banisi Ömər
Xəlvətidir. Anadoluda isə bu təlimin
ideyaları XV əsrdən etibarən Seyid Yəhya Bakuvinin
müridləri vasitəsilə daha geniş
yayılmışdır. Ümumən Azərbaycandan
kənarda - Anadolu, İran, Misir, Türküstan, Hindistan və
Balkan yarımadasında xəlvətiyyə təliminin
yayılması daha çox Seyid Yəhya Bakuvinin adı ilə
bağlı olmuşdur. Şirvan təsəvvüf
məktəbi kimi tanınan xəlvətiyyə səfəviyyə
təriqəti ilə oxşar ideyaları eyni məkanda
paylaşdığı üçün sonrakı mərhələdə
əsas mərkəzini Anadoluya köçürmüş, yüzlərlə
təkkə, minlərlə müridə sahib olmuşdur.
Xəlvətiliyin gülşəniyyə qolunun
qurucusu olan Şeyx İbrahim Gülşəni (1423-1534) də
öz təlimi daha çox Anadoluda təbliğ etmiş, bu
coğrafiyada tərəfdar toplamışdır.
Nəqşbəndilik təriqətinin öndərlərindən
sayılan Baba Nemətullah Naxçıvani (1452
Naxçıvan - 1514 Akşehir) də təsəvvüf
yolunda adını böyük hərflərlə yazdıran
mötəbər şəxsiyyətlərdəndir. Təsadüfi deyildir ki,
Ağşəhər əhli bu islam
mütəfəkkirini hələ sağlığında
Əlvanül-Ağşəhəri (Ağşəhərin
qüruru) adlandırmışdır. Dəfn
olunduğu Akşehirdə türbəsi neçə əsrlərdir
ziyarətçiləri cəlb edir. Akşehirdə adına küçə, məscid və məktəb
vardır. Dövrünün görkəmli təsəvvüf
alimlərindən olan Siracəddin Urməvinin (1198 Urmiya - 1283
Konya) Konyadakı qəbirüstü türbəsi də mədəni
irsimizi təmsil edir.
Türkiyənin Amasiya bölgəsində
"şirvanilər" nisbəsi ilə tanınan
böyük bir icma vardır. İki böyük
irfan sahibi İsmayıl Siracəddin Şirvaninin (1782 Kürdəmir
- 1848 Amasiya) və Seyid Mirhəmzə Nigarinin (1805 Qarabağ -
1885 Amasiya) Azərbaycandan Amasiyaya köçməsi burda məskunlaşmaya
səbəb olmuşdur. Seyid Mirhəmzə
Nigarinin müridləri olan Nigarilər sonrakı dövrlərdə,
o cümlədən, Azərbaycan Sovet işğalına məruz
qaldıqdan sonra da öz mürşidlərinin dəfn
olunduğu Amasiyaya köç etmişlər. Hazırda Amasiya şəhərində hər iki
irfan sahibinin türbəsi və Şirvanlı (Azərbaycanlı)
məscidi vardır. Bu mühacirlərin nəsilləri
Amasiyanın Suluova və Mərzifon ilçələrinin
altı kəndində yaşayırlar. Şirvanilər
Osmanlı dövlətində böyük nüfuz sahibi
olmuşlar. İsmayıl Şirvaninin
oğlu Şirvanzadə Mehmet Rüşdi Paşa 1873-cü
ildə Osmanlı dövlətinin sədrəzəmi vəzifəsinədək
yüksəlmişdir.
Qeyd edək ki, Nəqşbəndi şeyxlərinin və
onların davamçıları olan Nigarilərin Amasiyanı
köç yeri kimi seçməsi də təsadüfi
olmamışdır. Tarixdən məlumdur ki, Amasiyanın yerləşdiyi
Bozulus bölgəsi XV-XVI əsrlərdə Ağqoyunlu,
Qaraqoyunlu və müəyyən müddət Səfəvi
dövlətlərinin hüdudları daxilində idi. Həmin dövrdə Bozulusda yaşayanların
Qarabağa, bir müddətdən sonra isə əksinə,
Qarabağdan Diyarbəkirə, Ədirnəyə
köçü olmuşdur. Türkiyəli
tədqiqatçı İbrahim Şirinin bildirdiyinə
görə, bu köçlər daha çox hakimiyyətdə
olan xanədanlarla yaşanan problemlərlə əlaqədar
olmuş, bununla belə yeni yerləşdikləri yerlərdə
öz kompakt yaşayışlarını, adət-ənənələrini
və birliklərini qoruyub saxlamışlar. Diqqətəlayiq haldır ki, bu irsi öyrənmək
və daha geniş təbliğ etmək üçün
2012-ci ildən başlayaraq Türkiyə və Azərbaycanda
Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni
İrsi Simpoziumu keçirilir.
Azərbaycan türklərinin Anadoluda bəhs etdiyimiz izlərindən əlavə bir neçə məqamı da xatırlatmaq istərdik. İlk növbədə Birinci Dünya müharibəsi illərində qardaş yardımına səs verən qəhrəmanları yad etmək lazımdır. Məlumdur ki, 1918-ci ildə Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun tərkibində Azərbaycana gələn türk əsgərlərinin xatirəsi Azərbaycanda daim hörmətlə anılır. Dünyada Türkiyədən sonra ən çox Türk şəhidliyi Azərbaycandadır. Azərbaycanın müxtəlif bölgələrində (Bakı, Şəki, Şamaxı, Göyçay, Kürdəmir, Neftçala, Hacıqabul, Quba, Qobustan, Naxçıvan, Gəncə, Digah) Qafqaz İslam ordusu şəhidlərinin xatirəsinə tikilmiş 14 "Türk şəhidliyi" abidəsi vardır. Bu şəhidliklər Azərbaycanda türk əsgərinin xatirəsinin nişanəsi olduğu kimi, Birinci Dünya müharibəsində Osmanlı dövlətinə yardım üçün döyüşlərə qatılan və şəhid olan azərbaycanlılar da Anadoluda Azərbaycan türklərinin izləridir. Çanaqqala uğrunda döyüşlərdə şəhid olan 3 minə yaxın azərbaycanlının burdakı məzarları Azərbaycanın qardaş dəstəyinin simvoludur. Bundan başqa, Türkiyə Azərbaycan Xalq Cümhuriyyəti dövrünün bir çox görkəmli şəxslərinin də məzarlarına ev sahibliyi edir. Məhəmməd Əmin Rəsulzadə, Mustafa bəy Vəkilov Ankarada, Behbud xan Cavanşir, Xosrov bəy Sultanov, Xəlil bəy Xasməmmədov, Əbdüləli bəy Əmircanov, Nağı bəy Şeyxzamanlı, Şəfi bəy Rüstəmbəyli, Mirzəbala Məmmədzadə İstanbulda əbədi uyuyurlar. Türkiyənin siyasi və elmi həyatına damğa vurmuş üç görkəmli azərbaycanlı Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və Əhməd Cəfəroğlunun da son mənzili İstanbul olmuşdur.
Nəhayət, Anadoluda Azərbaycanla bağlı izlər dedikdə, müasir dövrdə Türkiyənin müxtəlif bölgələrində küçə və parklara Azərbaycanla bağlı adların verilməsini, görkəmli şəxslərin xatirələrinin əbədiləşdirilməsi forması olaraq heykəllərin və abidələrin qoyulmasını da misal çəkmək olar. Qısa bir araşdırma göstərdi ki, Türkiyənin 3 ən böyük şəhərinin (İstanbul, Ankara, İzmir) hər birində həm Azərbaycan, həm də Bakı adında küçə və prospektlər var. Türkiyənin bir çox şəhərlərində (İstanbul, İzmir, Aksaray, Kahraman Maraş, Kütahya, Denizli, Sakarya, Bolu, Kocaeli, Aydın, Şanlıurfa, Batman və d.) Qarabağ parkı və Xocalı abidəsi vardır.
Beləliklə, qeyd etmək olar ki, müxtəlif tarixi zamanlarda, siyasi, iqtisadi, iqlim şəraiti və ya hər hansı digər səbəblərdən Qafqaz və Anadolu arasında köç edən türk boyları getdiyi yerdə ayrıca bir etnik xüsusiyyət daşıyıcısı kimi qalmamış, daha çox qaynayıb-qarışmışlar. Çünki harada yaşamasının və ya haraya köç etməsinin fərqi olmadan, bu tayfalar eyni soy-kök və dil daşıyıcıları olmuşlar. Eyni zamanda, Anadoluda Azərbaycan türklərinin izləri bir qardaş simgəsidir. Bu isə Anadoluda və Azərbaycanda türklərin qardaş olduğunu, bir millət kimi formalaşdığını bir daha göstərir.
12.10.2022
Ərəstü
HƏBİBBƏYLİ
İqtisadiyyat
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2022.- 14 oktyabr.- S.8;9.