İstiqlal şairinin
maarifçilik ideyaları
Əhməd Cavad - 130
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 aprel 2022-ci il tarixli Sərəncamı ilə milli ədəbiyyatımızın, həmçinin, məktəb və pedaqoji fikir tariximizin görkəmli nümayəndəsi, tanınmış maarifçi və ictimai-siyasi xadim, tərcüməçi, istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyi qeyd edilir.
Azərbaycan
məktəb və pedaqoji fikrin inkişafı tarixində
öz yaradıcılıq orijinallığı ilə fərqlənən
Əhməd Cavad "Axund oğlu", "Əlif Cim",
"Dəli şair", "Ərdahan Cavad", "Gəncə
- Cavad", "Cavad" və digər imzalarla mətbu
orqanlarda çıxış edib. Hər bir əsərində
vətənə sevgi və vətənin mədəni tərəqqisini
təbliğ və tərənnüm edən Əhməd
Cavadın ömrünün 24 ili bir pedaqoq
kimi ictimai həyata həsr olunub. Onun mövzu xətlərindən
və ya notlarından biri maarifpərvərlik olub. "Çalış qulluq elə bəşəriyyətə"
- deyən Vətən aşiqi maarifi cəmiyyətdən
zülmün qovulmasına səbəb olacaq bir amil kimi qiymətləndirir.
Əlbəttə, o zamankı şəraitdə
maarifçilik təşəbbüsünün mütərəqqi
əhəmiyyətini inkar etmək olmaz.
Ə.Cavad
maarifi təbliğ etmək məqsədilə
"Dilimiz", "İmdad", "Heyhat", "Şəhid
əsir", "Oyan", "Uf, bu yol", "Kuropatkinə"
və sair onlarla şeirlər yazıb. Böyük şair
yalnız xalqın siyasi və mənəvi düşməni
sayılan hakimi-mütləqlərin əleyhinə
çıxmaqla kifayətlənməmiş, onu gerilikdə
saxlamağa çalışan yalançı din nümayəndələrinin,
ruhanilərin də iç üzünü
açmışdı. XX əsrin əvvəllərində
Azərbaycanda mövhumat, xurafat əleyhinə mübarizələrdə
"Məsciddə meyxana", "Səllallah",
"Utan", "At bu çadranı" kimi şeirləri
ilə Əhməd Cavad ön sırada gedən ziyalılardan
sayılırdı.
Əhməd
Cavad maarifçilik ideyasını "İqbal",
"Şəlalə", "Füyuzat", "Azərbaycan",
"Maarif və mədəniyyət", "Açıq
söz", "Arı", "Maarif işçisi"
kimi qəzet və jurnallar vasitəsilə məqalələrində,
publisist əsərlərində də təbliğ edirdi. Bu baxımdan, "Azərbaycan" qəzetində
çap olunan "Denikin və Gəncə" ("Azərbaycan"
qəzeti, 1919, 4 iyun), "Abbaszadə Mirzə Abbasın
yubileyi" ("Azərbaycan" qəzeti, 1919, 2 iyun),
"Yeni nəsil. İctimai yaralarımız" və
s. adlı məqalələri diqqəti ayrıca cəlb edir.
"Denikin və Gəncə" adlı sərlövhəli
məqaləsində həyəcan dolu notlar hər bir oxucunun
diqqətini tutur. Oxuyuruq: "Denikin xəbəri Gəncədə dəhşətli
bir sui-təsir buraxmışdır. Mürtəce
general tərəfdarı və agentləri əhali
arasında cürbəcür şayiələr
buraxmaqdadırlar. Cəmaət həyəcan
içindədir. İstiqlaliyyət və
hürriyyət düşmənlərinin sərhədimizə
yaxınlaşması əhalini
qızışdırmışdır. Sadədil
əhali, avropalılara, iki üzlü siyasət
yürütdükləri üçün şübhə bəsləyir.
Ruh düşkünlüyü yoxdur. Kimdən sorsanız, heç biri fədakarlıqdan
çəkinməyəcəgin böyük bir mətanət
ilə söyləməkdədir. Hər kəs,
Denikinin talan və yağmadan başqa bir şey gətirməyəcəyini
söyləyir. Ciddi addımların
atılacağı zamanı gəldiyini əhali kəndisi
söyləyir. Rəsmi xəbərlərə
baxmayıb, hər kəs "Bizi aldatmaq istəyirlər"
- deyir".
Əhməd Cavad da digər maarifçilər kimi
(F.Köçərli, S.M.Qənizadə, Ö.F.Nemanzadə, H.Cavid, H.Zeynallı,
Y.V.Çəmənzəminli, T.Ş.Sümurğ və d.) ümumi icbari təhsil məsələsini irəli
sürmüş, hər iki cinsin oxumasını zəruri
hesab etmişdi.
Vətən fədaisi Əhməd Cavadın yaradıcılığında
qeyd etdiyimiz kimi, vətənpərvərlik mövzusunda
yazılmış şeirlər qabarıq şəkildə
mühüm yer tutur. Onun "Azərbaycan", "Azərbaycan
dastanı", "Şeirim", "Dalğa",
"Göy göl", "Dağlar", "Əsir Azərbaycan",
"Ay ellər", "Balalarıma",
"İngilis", "Gəlmə", "Çırpınırdın,
Qara dəniz!", "Ağlayırdım, gülürəm",
"Ey əsgər", "Türk ordusuna" və sair
şeirləri bu qəbildəndir. Adını
çəkdiyimiz və çəkə bilmədiyimiz bu qəbilli
şeirlərin hər birində vətənin, xalqın
azadlıq və istiqlaliyyəti, xoşbəxt gələcəyi
uğrunda mübarizə leytmotiv kimi səslənir.
Əhməd Cavad azadlığı mücərrəd
deyil, şəxsiyyət, söz, fikir, mətbuat
azadlığı kimi konkret şəkillərdə
düşünür. Şair-pedaqoq eyni zamanda, azadlığa "hümmət
eylə"nməsinin qəbul edilməsini lazım bilirdi:
Şeiri
sınıq bir türk sazı,
ağladaraq tellərini,
Adaq-adaq gəzmək
istər könlüm
Turan ellərini!
Mən
bir Turan yolçusuyam,
əlimdə bir sönük məşal,
Aman,
şeirim, hümmət eylə,
aman, təbim,
bir qanad çal!
Açın
qəlbim qubarını,
baxım
nədir baş yazısı?
Əvvəl
Allah göndərəndir,
sonra
Türkün bayatısı!..
"İqbal"
qəzetinin 24 mart 1915-ci il tarixli nömrəsində
dərc edilən "Yas türküsü" adlı
şeiri də ibrətamizdir:
Didilmiş
bədənlər, yolunmuş saçlar,
Dağılmış
yuvalar, görmək istəsən;
Qardan kəfən
geymiş yoxsullar, aclar,
O ellərdə
nə var, bilmək istəsən?
Sana bir
kamançı hər şeyi söylər,
Mən
bir kamançaçı, tellərim inlər! -
deyən
şair ictimai bərabərsizliyə etiraz edir. Siyasi
lirikanın gözəl nümunəsi olan bu şeirdə
ictimai ziddiyyətlərin real təsviri verilib.
Əhməd
Cavadın 1918-ci ilin 14 avqust ayında "Gənclər
yurdu" adlı qəzetdə "Marş" adlı
üsyankar şeiri çap etdirməsi maraqlı idi. Bu, onun görüşlərindəki sürətli
inkişafı göstərirdi. "Marş"
şeiri bilavasitə inqilabi hadisələrin Əhməd Cavad
yaradıcılığında əks-sədası idi.
Vətənpərvər şair istibdadın törətdiyi
fəlakətləri göstərməklə kifayətlənməyib,
özünü mübarizəyə daha da motivə edir. O, azadlığın,
xoşbəxtliyin mübarizə ilə əldə ediləcəyinə
inanır:
Millətimin
tarixinə
Şan-şöhrət
əkməliyəm!
Bu
qarşıda yad qalaya
Bir al
bayraq dikməliyəm!
Düşmənlərə
göstərdim ki,
Mənim kimi əsgəri yox.
Mənim
qılınc vurmadığım,
Dünyanın
heç biri yox!
Bayrağıma
xain baxan
Xain
gözə mən tikanam
Vurulursam
kölgəsində
Halal olsun
ona qanım!
"Yarandın" adlı şeiri Əhməd Cavadın
yaradıcılıq ideallarının başlıca istiqamətini
göstərən xalq azadlığı, səadəti
ideyasını əks etdirir. O, başqa bu kimi şeirlərində
də yeni həyatın, ancaq inqilab vasitəsilə əldə
edilə biləcəyi nəticəsinə gəlir. "Dalğa" adlı şeirində tutduğu
yaradıcılıq yolunun inqilabi mahiyyətdə olduğunu
söyləyir. Obrazlı təfəkkürün
məhsulu olan "Al bayrağa" (1919) adlı şeirində
vətəni gülşənə, onda fəryad edənləri
bülbülə bənzədib, istibdadı inqilabla hədələyir.
"Azərbaycan bayrağına" adlı şeirində isə:
Gedərkən
Turana, çıxdın qarşıma,
Kölgən
Dövlət quşu, qondu başıma!
İzn
ver, gözümdə coşan yaşıma,
Dinlətsin
dərdini aha, Bayrağım! -
deyə
artıq inqilab vaxtının çatdığını
söyləyir. Yeri gəlmişkən demək
lazımdır ki, Əhməd Cavadın
yaradıcılığında "inqilab" məfhumu bəzən
çox mücərrəd mənada işlədilir. O,
inqilabdan çox, milli intibah, tərəqqi, mədəniləşmək
səciyyəsi daşıyır.
Əhməd Cavad gələcəyə parlaq nəzərlə
baxırdı.
"Göy göl" adlı şeirində bu inam aydın
hiss olunur.
Sənin
gözəlliyin gəlməz ki, saya,
Qoynunda
yer vardır yıldıza, aya,
Oldun sən
onlara mehriban daya,
Fələk
büsatını quralı, Göy göl!
Əhməd
Cavad 1925-ci ildə "Göy göl" adlı şeirinə
görə "5-6 ay həbsdə" saxlanılsa da, bu
şeiri dövrü üçün də,
çağdaş dövrümüz üçün də
böyük ictimai əhəmiyyətə malik əsər
saymaq olar. Onda nikbinliyə, fəaliyyətə
doğru hərəkətverici bir ruh, insan gücünə,
parlaq gələcəyə inam vardır ki, Əhməd Cavadın
iztirablarını yüngülləşdirən amillərdən
biri də budur.
Əhməd Cavad "Bir-birimizi sevəlim" adlı məqaləsində yenə də bir maarifçi kimi çıxış edir. Göstərir ki, "bütün insanlar bir-birinə möhtacdır. Bir-biriləri üçün çalışırlar; əkinçi min zəhmət ilə əkib-biçir, yediyimiz çörək onların zəhməti ilə əmələ gəlmişdir. Dərzilər bizim üçün paltar tikir, çəkməçilər çəkmə tikir, bənnalar evimizi tikir, fəhlələr əllərinin zəhməti ilə bizə lazım olan işləri görürlər. Axır ki, hər kəs öz biliyi və bacarığı qədər öz işini yaxşı təmiz etməyə çalışır. Çünki belə edənlər özlərinə xoşbaxtlıq qazanırlar. Yaxşı şeyə yaxşı da qiymət verilir. Belə şeyin sahibini tərif edirlər. Buna görə də bunlar daha artıq çalışırlar. Demək ki, biz bir-birimizin köməyinə möhtacıq. Bir-birimizə kömək etməz isək, yaşaya bilmərik.
Öylə isə bir-birimizi qardaş kimi sevəlim".
Bir azadxah kimi çıxış edən şairin bu kimi fikir və görüşləri belə qənaətə gəlməyə əsas verir ki, şairin azadlıq ideyalarının, vətən və onun taleyi, vətən həsrəti, insanların bir-birini təmənnasız köməyi və sevgisi onun maarifçi-pedaqoq kimi oxucunun yaddaşında dərin iz salır.
Vətən sevdalısı Əhməd
Cavadın yaradıcılığındakı
görüş və baxışlara yekun vurarkən belə
nəticəyə gəlirik: Unudulmaz maarifçi Əhməd
Cavad milli mənafe uğrunda mübarizədə Azərbaycan
məktəb və pedaqoji fikir tarixinin inkişafına dəyərli
töhfələr verib; Xalq maarifinin carçısı
sayılan Əhməd Cavad vətən konsepsiyasında yeni
ideyalar irəli sürərək Azərbaycan pedaqoji fikrini zənginləşdirib;
Milli-azadlıq hərəkatından ilham alan Əhməd Cavad
nümunəvi şəxsi keyfiyyəti və parlaq
yaradıcılığı ilə hər bir oxucunu mənəvi
saflığa, yüksək amallara çağırıb; Azərbaycan xalqının milli və dini təəssübkeşi
Əhməd Cavad öz yaradıcılıq dəsti-xətti
ilə gənclərin, o cümlədən, yeniyetmələrin
mənəvi keyfiyyətlər ruhunda tərbiyə edilməsinin
əhəmiyyətini dəqiqləşdirib; Əhməd Cavad təhsilin ümumi, məcburi və
pulsuz olması, təhsilin məzmununun milliləşdirilməsi
və zənginləşdirilməsinin həlli
yollarını mətbu orqanlarda əsaslandırıb; Əhməd
Cavad pedaqoji fəaliyyəti ilə yanaşı, proqram və
uşaqlar üçün "Sərf və nəhv"
(Qrammatika) adlı dərslik yazıb; Milli oyanış,
xalq hərəkatı, türk xalqlarının birliyinə
çağırış Əhməd Cavad
yaradıcılığının leytmotivini təşkil
edib; Vətən bir fidandır, enməz bayrağı - deyən
Əhməd Cavad xalqın ağır vəziyyətinə
biganə qalmayıb; Xalq maarifçisi Əhməd
Cavad - vətənpərvərlik, milli mənlik şüuru,
milli ləyaqət, xalqın dilinə, dininə, adət-ənənələrinə,
ədəbiyyatına, tarixinə hörmətlə
yanaşmağı, onu qoruyub-saxlamaq və inkişaf etdirməyi
əxlaqi-mənəvi keyfiyyət sayıb; Əhməd Cavad parlaq boyalarla tərənnüm etdiyi əməkçi
insan obrazında insanların biri-birini qardaş kimi sevməyi
şərəf bilib; Ölkənin Himni səviyyəsində
qəbul edilən və sevilən Əhməd Cavad milli tərbiyə
problemlərini həll etməyə qabil ziyalılar dəstəsi
yetişdirib.
Kamal
CAMALOV Pedaqogika elmləri doktoru, Əməkdar müəllim
525-ci qəzet.- 2022.- 15 oktyabr.- S.15.