Antik dünyanın parlaq
şəxsiyyətləri
(Əvvəli ötən şənbə saylarımızda)
Perikl xüsusi
qayğı göstərirdi
ki, Afina Yunanıstanda müəyyən
şöhrət qazansın,
digər şəhərlərin
sakinlərində isə
bu, paxıllıqla yanaşı, həm də vəcdə gəlmə hissi yaratsın. O, dövlətə
rəhbərlik etdiyi dövrdə Afinadakı Akropol gözəl arxitektura və heykəltaraşlıq əsərləri
ilə bəzəndi.
Gözəl Parfenon məbədi
tikildi və orada böyük heykəltaraş Fidinin yaratdığı, qızıldan
və fil sümüyündən olan
Afina - Palladanın heykəli ucaldıldı.
Axı ilahə Afina öz adını daşıyan şəhərin
hamisi idi. Bu tikinti Periklin
düşmənlərinin ona
hücumlar etməsinə
səbəb oldu.
Onlar qışqırırdılar ki,
"Afina xalqı yunanların hörmətini
itirir. Müttəfiqlərimiz bizi söyürlər
ki, ümumyunan xəzinəsi Delos adasından
Afinaya gətirilmişdir.
Biz deyirdik ki,
artıq xəzinə
daha təhlükəsizdir.
İndi Perikl bizi buna
haqq qazandırmaqdan məhrum etdi. Müharibə aparmaq üçün
yığılmış pullar
şəhəri qızıl
və qiymətli daşlarla bəzəmək
üçün israf
edilir".
Perikl onu ittiham edənlərə
cavab verirdi: "Biz ittifaq pullarının məsrəfi barədə
hesabat verməyə borclu deyilik. Müttəfiqlərə qarşı öz
borcumuzu vicdanla yerinə yetirməklə,
biz onları barbar hücumlarından qoruyuruq,
hər kəsə məlumdur ki, qarovulçuya verilən pullar, onları verənlərə deyil, kimə verilmişdirsə,
ona məxsusdur. Bu şərtlə ki, o, öz qarovulçu vəzifəsini
vicdanla yerinə yetirsin. İttifaq yaranan vaxtdan
biz bir dəfə də olsun öz
vədlərimizdən geri
çəkilməmişik. Müharibə üçün nə lazımdırsa, biz
onlarla kifayət qədər təmin olunmuşuq və müttəfiqlərdən daxil
olan pulları sakinlərə əmək
haqqı kimi, şəhərə isə
əbədi şöhrət
kimi verməklə, onları xərcləmək
hüququmuz vardır.
Hərbi
xidmətə yararlı
olan vətəndaşlar
yürüş və
ya öyrədilmə
vaxtı haqq alırlar. Sənətkarların da, həmçinin,
dövləti dəstəkləmək
hüququ vardır.
Bu pulların onlara havayı çatmaması üçün
elə işlər görmək lazımdır
ki, hər kəs orada öz biliklərini və qabiliyyətlərini
tətbiq etmək imkanı tapa bilsin".
Perikl daim xalqa uzun müddətli işlərə hesablanmış və azad sənətkarların əməyini tətbiq etməyi tələb edən proyektlər təklif edirdi. Tikinti həm də qiymətli daş növlərini, qızılı, gümüşü, digər materialları çıxaran və daşıyıb gətirənlər üçün də işləmək imkanı verirdi. Periklin dövründə ucaldılmış tikililər təkcə istifadə olunan materialların bahalı olmasına görə deyil, həm də bütöv binanın təəccüblü proporsiyası hesabına olduqca gözəl idi. Onlar arxitekturanın inkişafını bir neçə əsrliyə qabaqlamışdı. Bütün işlərin sürətlə görülməsi də təəccüb doğururdu. Elə görünürdü ki, bu tikililərin hər biri yalnız bir neçə nəslin əməyinin nəticəsi kimi meydana çıxa bilər, həqiqətdə isə Periklin hakimiyyətin başında durduğu qısa müddət ərzində, demək olar ki, başa çatmışdı.
Bütün tikintilərə böyük yunan heykəltaraşı və arxitektoru Fidi başçılıq edirdi, o, Olimpiya məbədində Zevsə nəhəng heykəl qoymaqla məşhurlaşmışdı. Afina Akropolunun bəzədilməsində digər böyük arxitektorlar və inşaatçılar da iştirak etmişdilər.
Akropoldakı sütunlarla bəzədilmiş Propiley məbədi ümumi sevincə səbəb olurdu. Bu sütunların tikintisi 5 il çəkmişdi və Akropolun digər binaları ilə harmoniya təşkil edir və elə təsəvvür yaranırdı ki, onlar burada əbədi olaraq dururlar və duracaqlar. Şəhərin hamisi ilahə Afinanın məbədi Parfanenonu (bu ifadə, yunanca "qız" mənasını verən sözdən əmələ gəlmişdir) arxitektorlar Kallikrat və İxtin tikmişdi. Məbədin içində ilahənin Fidinin yaratdığı 11 metr hündürlüyündəki heykəli ucalırdı. Periklin hakimiyyəti dövründə Akropolda bir neçə məbəd və musiqi yarışları üçün Odeon ("oda" sözündən əmələ gəlməklə, oda isə "mahnı" deməkdir) teatrı tikilmişdir. Fukidid və onun tərəfdarları Periklə, tikintiyə çox pul xərclədiyinə görə hücumlarını davam etdirirdilər. Nəhayət, onların arasında münaqişə elə səviyyəyə çatdı ki, xalq yığıncağında ostrakizm məsələsi qoyuldu. Perikl təhlükədə idi, lakin xalqın əksəriyyəti onu dəstəklədi və Fukididin özünü şəhərdən qovdu. Bununla da daxili mübarizəyə son qoyuldu. Aristokratlar öz liderlərini itirdiklərindən xalq yığıncağında onların təsirləri də yoxa çıxdı. Periklin artıq rəqibi yox idi. Xalq ona bütün mühüm işləri - qoşunu, donanmanı, dövlət gəlirlərinin idarə edilməsini tapşırdı, 15 il ərzində (b.e.ə. 445-430-cu illərdə) Perikl hər il dalbadal strateq seçildi. Xalq dövlətin idarəçiliyini bütünlüklə ona etibar etmişdi.
Perikl dövlətin rifahına qayğı göstərirdi, ayrı-ayrı vətəndaşların şıltaqlıqlarına qarşı heç bir zəiflik göstərmirdi. O, düzgün olmayan qərarlar qəbul edilməsini istəyən kütləyə qarşı çıxış etməkdən də çəkinmirdi. Perikl elə bil ki, həkimə bənzəyirdi, bu həkim xəstənin faydası üçün onu ağrıdır və ya ona acı, ancaq müalicə edən dərman verir. Öz hakimiyyətinə görə Perikl heç də öz nitqlərinin bəlağətinə və inandırıcılığına bel bağlamırdı, daha çox ona əsaslanırdı ki, onun əməlləri daim yalnız xalqın rifahına istiqamətlənsin. Hamı onun təmənnasız olduğunu bilirdi. Afinanı ən varlı şəhərə çevirən Perikl, azacıq da olsa, öz şəxsi var-dövlətini artırmamışdı.
Periklin elmlə məşğul olması onu məşhur qadın filosof Aspasiya ilə yaxınlaşdırdı. Bu qadın Miletdən idi və Afinaya gəlmişdi, çünki Perikl dövründə onun başçılıq etdiyi bu şəhər elmi və mədəni həyatın mərkəzinə çevrilmişdi. Yunanıstanın digər ölkələrindən buraya alimlər, yazıçılar, şairlər və rəssamlar axışırdı. Aspasiya natiqliyə də həvəs göstərirdi və hətta görkəmli Afina müdrikləri onun yanına gəlirdilər ki, onun çıxışına qulaq assınlar. Aspasiya fəlsəfə ilə də məşğul olurdu. Onun evində daim istedadlı yazıçıları, dramaturqları, rəssamları və digər nəcib insanları görmək olardı.
Aspasiya qapalı həyata adət etmiş digər Afina qadınlarından kəskin sürətdə fərqlənirdi, axı Afinada qadınlara, ev təsərrüfatından başqa hansısa işlə məşğul olmaq qəbahət sayılırdı. Perikl bu görkəmli qadına vuruldu və onunla evləndi. Periklə Aspasiyanın məhəbbəti o qədər güclü idi ki, o, Afina adətlərini pozaraq, arvadına icazə verdi ki, ərinin qonaqlarının qabağına çıxsın, onlarla söhbət etsin, hətta mübahisələrdə iştirak etsin.
Afinanın qüdrətinin böyüməsi Spartanın narahatlığını artırırdı, axı ona yunan-pers müharibələri dövründən yunan dünyasında rəhbər rol məxsus idi. Perikl bütün yunan dövlətləri arasında ümumi sülh müqaviləsini bağlamaq üçün Afinada onların qurultayını çağırmaq istədi. Spartada başa düşürdülər ki, əgər Periklin planı baş tutsa, Afina bütün Yunanıstanın siyasi mərkəzinə çevriləcəkdir. Sparta özündən asılı olan dövlətlərə öz nümayəndələrini Afinaya göndərməyi qadağan etdi və Periklin ümumyunan qurultayını çağırmaq cəhdi uğursuzluğa uğradı.
Perikl dəfələrlə qoşuna komandanlıq etmişdi. Bir sərkərdə kimi o, böyük hörmətə malik idi, çünki heç vaxt bəxti gətirib-gətirməməyə görə hərəkət etməmişdi, nəticəsi şübhəli olan döyüşə başlamağa da cəsarət etmirdi. Periklin başçılıq etdiyi qoşun heç vaxt məğlub olmamışdı. O, riskli işə girişən və ya təsadüfi uğur qazanan strateqləri yaxşı hərbi xadim kimi qiymətləndirmirdi.
Bir dəfə əvvəlki uğurları özündən razı qalmağa gətirib çıxaran bir sərkərdə əlverişli olmayan vaxtda Beotiyaya müdaxilə etməyi qərara aldı. O, bu işə minlərlə görkəmli adamları da cəlb etdi. Perikl onu bu hərəkətdən saxlamaq istədi, lakin o, ipə-sapa yatmırdı, bu vaxt Perikl ona dedi: "Əgər sən mənim sözlərimə inanmırsansa, onda hər halda, ən müdrik məsləhətçi olan vaxtın verdiyi öyüdü seçsən, səhv etməyəcəksən".
O vaxt hər kəs Periklin bu sözünə diqqət vermədi. Bir neçə gündən sonra Afinaya xəbər çatdı ki, müdaxilə etmək istəyənin özü və onun silahdaşları həlak olmuşdur. Afinalılar Periklin ehtiyatlılığını və ağlını qiymətləndirdilər.
Periklin başçılıq etdiyi yürüşlərdən daha uğurlusu Frakiyaya olan yürüşü idi. Xersones yarımadasında, Hellospont boğazına girişdə afinalılar yaşayırdı. Qara dəniz koloniyalarından gətirilən taxıl bu yarımadadan keçirdi. Lakin frakiyalılar tez-tez Afina kolonistlərinə hücum edib, onları məhv etməklə hədələyirdilər. Perikl frakiyalıları darmadağın etdi, boğaza hasar çəkdirdiyindən afinalıların koloniyasına hücum qeyri-mümkün oldu. Əlavə buraya yeni min nəfər məskun da göndərdi və bu həmin koloniyanı xeyli gücləndirdi.
Afina dövlətinin qüdrətini göstərmək üçün Perikl b.e.ə. 437-ci ildə uzaq dəniz yürüşü təşkil etdi. Afina eskadrası boğazlardan keçib, Qara dənizə girdi və bütün sahil boyu üzdü. Bununla Qara dəniz yunanlarına kömək göstərmişdi və barbar tayfalarının çarları Afinanın qüdrətinin nə qədər böyük olduğunu gördülər.
Lakin Perikl tez-tez afinalıların yeni işğallara meylini dayandırmağa çalışırdı. Məsələn, afinalılar Misiri tutmaq istəyəndə, Perikl onları bu riskli işdən çəkindirdi. Beotiyaya uğursuz müdaxilə cəhdindən sonra çox sayda şəhərlər Afinadan uzaqlaşmağa çalışdı. Bir adada üsyan qalxanda Perikl ora qoşun göndərdi. Spartalılar isə Afina sərhədlərinə yaxınlaşırdılar. Perikl spartalılarla döyüşə girmək istəmədi, başa düşürdü ki, onun qoşunu daha güclüdür. Perikl Sparta çarının müşavirini pulla ələ aldığından, spartalılar hücumu dayandırıb, Attika sərhədindən uzaqlaşdılar. Spartada gənc çarın davranışı narazılıq doğurdu, ona ağır cərimə qoyuldu, onu verə bilmədiyindən ölkəni tərk etməyə məcbur oldu.
İlin sonunda Perikl xərclənmiş pullar barədə xalq yığıncağına hesab verdikdə qeyd etdi ki, 10 talant pul lazım olan işə sərf edilmişdir. Xalq Periklə o qədər etibar edirdi ki, sirri açmağı tələb etmədən, onun hesabatını qəbul etdi.
Attikanı təhlükədən qoruyub, Perikl donanma və böyük qoşunla Evbey adasına getdi. Üsyan yatırıldı, dövlət yenidən Afina İttifaqına daxil edildi.
Samos Miletlə müharibə aparırdı. Az sonra Afina ilə Sparta arasında 30 illik barışıq müqaviləsi bağlandı.
Afinaya qayıtdıqdan sonra Perikl Samosun mühasirəsində həlak olanların təntənəli dəfnini təşkil etdi. Həlak olanların qəbirləri üstündəki Periklin nitqi adamlara olduqca güclü təsir göstərdi.
Samosun tabe edilməsi Periklin hakimiyyətinin və başqa yunan dövlətlərinə təsirini möhkəmləndirdi. O, Yunanıstanın ən güclü dövlətlərindən birini özünə tabe edə bilmişdi. O, təkcə Şərqi Yunanıstanda deyil, Qərbdə də də müttəfiqlərinin olmasını istəyirdi. Kerkira (ada həm də Korfu adlanır) sakinləri də bu vaxt Korinflə müharibə aparırdı. Perikl kerkiralılara köməyə 10 gəmi göndərdi.
Lakin afinalılar qorxurdular ki, belə kiçik kömək Kerkiranı xilas etməyəcəkdir. Perikl əlavə 20 gəmi göndərdi. Lakin korinflilər döyüşdə qalib gəldilər.
Korinflilər afinalıların onların düşməninə kömək etdiyinə görə öz ittifaqlarının başçısı Spartaya şikayət etdilər. Lakin Sparta müharibəyə hazır deyildi. Perikli də Afina dəniz ittifaqını genişləndirməyə cəhd göstərmədiyinə görə tənqid edirdilər. Yaşamaq çətinləşmişdi. Perikl anlayırdı ki, yalnız hərbi uğur onun laxlamış nüfuzunu bərpa edə bəlir.
Periklin düşmənləri onun əleyhinə açıq çıxış etməkdən, xalqın onu müdafiə etməsinə görə qorxurdular. Lakin onun dostlarını təqib etməyə başladılar.
Heykəltaraş Fidini ilahə Afinanın heykəlini düzəltməyə verilmiş qızılın bir hissəsini mənimsəməkdə ittiham edirdilər. Lakin bu böhtan asanlıqla təkzib edildi. Periklin məsləhətinə görə Fidi heykələ qızıl paltar düzəltmişdi, onu asanlıqla çıxarmaq və heykəlin üstünə çəkmək olardı. Yoxlama Fidinin vicdanlılığını təsdiq etdi. Lakin onu təqib etməkdə davam edirdilər. Guya Fidi, heykəlin üstündəki döyüş səhnəsinin iştirakçıları arasında Perikli və özünü təsvir etmişdir. Lakin bu dəfə Fidi özünə haqq qazandıra bilmədi, onu həbs etdilər və o, tezliklə dustaqxanada öldü. Belə şayiə gəzirdi ki, onu Periklin düşmənləri zəhərləmişlər.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2022.- 15 oktyabr.- S.14.