Bu kino ki var...

 

"Azərbaycanfilm"in direktoru: " açıq deyirəm, kinomuzun bu günü məni qane etmir"

 

Bu haqda çoxdan yazmaq istəyirdim, yəqin ona görə ki, incəsənətin bu sahəsini çox sevirəm. Niyə sevirəm? Yəqin ona görə ki, hər tərəfi kinoteatr olan bir ərazidə böyümüşəm. Ən yaxını "Vətən", daha sonra "Araz", "Azərbaycan", bir qədər aralı "Nizami". Və bütün filmlərimizə ilk olaraq bu kinoteatrlarda baxmışam. İndinin özündə belə, mavi ekrandan seyr etməkdən yorulmuram. Gələn il yüz yaşı tamam olacaq "Azərbaycanfilm" adlı bir məbədimiz var. Bir əsr ərzində adı dəfələrlə dəyişən, on yeddi rəhbər yola salan bu ocağın hazırkı direktoru ilə söhbətləşmək nəsibim oldu. Əlaqə yaradıb məqsədimi bildirəndən bir həftə sonra onunla iş otağında görüşdük.

 

Həmsöhbətim "Azərbaycanfilm" kinostudiyasının direktoru Nazim Hüseynovla ötənlərlə bu gün arasında bir körpü sala bildik.

 

- Sıra sizdə...

- 1966-cı ilin sentyabrında Bakıda ziyalı ailəsində anadan olmuşam. Mikrorayonda 211 saylı məktəbi bitirdikdən sonra o zaman Azərbaycan Dövlət Neft və Kimya İnstitutu adlanan ali məktəbə daxil olub 1990-cı ildə oranın neft-mədən fakültəsini bitirmişəm. Təyinatla N.Nərimanov adına Neft Qazçıxarma İdarəsinə gəlmişəm. Bir ildən sonra təsadüf məni "215 KL" Müstəqil  Televiziya Şirkətinin əməkdaşları ilə qarşılaşdırıb və bu da xeyli düşünəndən sonra həyatımın tam olaraq dəyişməsi ilə nəticələnib. 1991-ci ildə gəldiyim "215 KL"də işlədiyim müddət ərzində maliyyə direktoru və rəhbəri vəzifələrində çalışmışam. O illər ərzində kollektiv olaraq "Spase" telekanalında fəaliyyət göstərmişik. 2010-cu il televiziya sahəsində çalışmağımın sonu oldu və aldığım dəvətlə "Salnamə" sənədli filmlər studiyasına direktor müavini vəzifəsinə gəldim, daha sonra direktor təyin olundum. İki il əvvəl bu vəzifədə qalaraq, eyni zamanda "Azərbaycanfilm"in direktoru vəzifəsinin icrası da mənə tapşırıldı. Bu ilin mart ayından isə təməlli olaraq kinostudiyanın direktoru təyin olundum və paralel olaraq "Salnamə"nin də rəhbər vəzifəsini icra edirəm.

 

- Televiziyaya gələn yoldan danışaq...

 

- 1991-ci ildə əldə olunan müstəqillik Azərbaycanda çox şeyi dəyişdi. Təbii ki, bu dəyişiklik o dövrün gəncləri olan bizləri laqeyd qoya bilməzdi. Biz artıq 20 Yanvar faciəsini görmüşdük, fikirlərimizdə, baxışlarımızda çox şey dəyişmişdi. Elə mənim üçün də hər şey 1991-ci ildən başladı. Yeni yaranan "215 KL" studiyasının uşaqları ilə tanışlıq və onlardan birgə çalışmaq üçün aldığım dəvət ixtisasca mühəndis olan, ailədə, ətrafında televiziya və kino ilə heç bir əlaqəsi olmayan Nazim Hüseynovun istiqamətini 360 dərəcə dəyişə bildi. Təbii ki, bu, düşünüb daşındıqdan sonra verilmiş bir qərar idi ki, buna görə heç də peşman deyiləm. Məni o zaman cəlb edən televiziyada aparılan islahatlar, dəyişiklər idi. Televiziyaya yeni simalar gəlmişdi. Onların düşüncələri, bu vaxta qədər üstü qapalı mövzular haqqında açıq şəkildə aparılan danışıqlar, söhbətlər mənə çox maraqlı idi. Bu maraq məni televiziyaya gətirdi, on bir il bu mühitdə çalışdım, təcrübə topladım, sonunda 2010-cu ildə ordan ayrıldım və kino adlı yeni bir istiqamətə üz tutdum. Bu dəfə dəvət alanda düşünüb-daşınmağa ehtiyac görmədim.

 

- Televiziya Nazim Hüseynovun nəzər bucağında...

 

- Mənim nəzərimdə televiziya güzgüdür və 20-30 il əvvəlki televiziya ilə bugünkü arasında tam fərq var. Niyə fərq var? Ona görə ki, televiziyaların bugünkü tamaşaçı auditoriyası 55 yaşdan yuxarı kateqoriyadır. Bu günün gəncliyi televiziyaya baxmır. Bu da, təbii ki, seçimdən asılıdır. Əvvəllər bir dövlət televiziyası var idisə və o, cəmiyyətin  güzgüsü idisə, indi kanalların sayı artıb, deməli, rəqabət də, tamaşaçının seçmək kimi bir imkanı də artıb. İndi televiziyalar əsas kommersiyaya, reklam xarakterli verilişlərə üstünlük verir və cəmiyyətin nəyə baxmaq istədiyi istiqamətində fəaliyyət göstərir. Nəticədə isə 30 il əvvəlin tamaşaçısı bu gün televiziyadan istədiyini ala bilmir.

 

- Gələk "Salnamə"yə və yeni bir məsul vəzifəyə...

 

- Kollektivlə ünsiyyət qurub onu saxlamağı bacarmaq, özünü onlara tanıtmaq çətin yoldu. Kinoda çalışanlar fərqli bir cəmiyyətdir, onlar bir yumruq kimi birləşib. Sirr deyil ki, kənardan gələn birini kollektiv asanlıqla qəbul etmir. Təbii ki, mən də qəbul edilmədim. Düşüncələrdə "televiziyadan gəlib, maliyyə ilə məşğul olub, kinonu bilmir" kimi fikirlər vardı və mən bunu hiss edirdim. Bütün bunlara rəğmən, çalışdım və sübut etdim ki, kinonu bilirəm. Hazırda çalışdığım bu kollektivə ilk gündən açıq, səmimi və vəziyyəti olduğu kimi söyləyəcəyimi dedim və bu prinsip üzrə də işimi qurdum. Kənardan hamıya elə gəlir ki, kinostudiyada çalışanları dövlət maliyyələşdirir, hər bir şəraitləri var. Amma əslində sistem tamam fərqlidir. Biz dövlətdən birbaşa maliyyə almırıq. Bizim əsas işimiz film istehsal edib onu cəmiyyətin ixtiyarına verməkdir. Mənim üçün kino "Salnamə" sənədli filmlər studiyasına gələn bir yoldur. Bu yol "Azərbaycanfilm"ə rəhbər təyin olunmaqla sonuclanıb və artıq on ildən yuxarı çalışdığım bu sahədə öz işlərimizi ortaya qoya bilmişik.

 

"Azərbaycanfilm"ə qayıdandan sonra kifayət qədər layihələri istehsalata buraxa bildik və onların əksəriyyəti sənədli filmlərdir. "Azərbaycanfilm"in 100 illiyi ilə bağlı Qarabağ mövzusunda müsabiqə elan etdik. İlk dəfə olaraq kinostudiyanın nəzdində Ekspert Şurası yaradıldı. Müsabiqəyə 50-dən artıq ssenari təqdim olundu və şuranın qərarı ilə ilk üç yerin qalibləri müəyyən edildi. Birinci yerin qalibi Mirsadıq Ağazadənin "Supəri" ssenarisi oldu ki, hazırda onun üzərində işlər gedir və gələn il filmin tam istehsalata buraxılması planlaşdırılıb.

 

- Azərbaycan kinosunun bu günü...

 

- Açıq deyirəm, kinomuzun bu günü məni qane etmir. Hər hansı bir sahənin rəhbəri desə ki, gördüyü iş onu qane edir, həmin gün vəzifəsini tərk etməlidir. Bu, mənim düşüncəmdir. Kino daima inkişaf edən, yeniliklər axtarışında olan, tamaşaçı marağı qazanmağa, onların istəyini nəzərə almağa çalışan bir sahədir. Sən bu yolu gedə-gedə filmlərin səviyyəsini, idarəçilik bacarığını daima pillə-pillə qaldırmalısan. Və nə qədər ki, bunlar var, qaneçilikdən söhbət gedə bilməz.

 

- "Salnamə"nin gələcək nəsil üçün salnaməsi...

 

- "Salnamə" yaranan vaxtdan bu günə qədər nələr yaşanıbsa, hansı hadisələr baş veribsə, hamısını lentə alıb, kifayət qədər arxivimiz var və işlər indi də davam edir. 2004-cü ildə "Milli qəhrəmanlar" adlı silsilə layihə təsdiq olunub. "Salnamə" və "Yaddaş" sənədli filmlər studiyalarında layihə fəaliyyət göstərib. Bir neçə ildir, "Salnaməfilm" bu layihəni davam etdirir. İndiyə qədər 100 nəfərdən çox Milli Qəhrəman haqqında sənədli film çəkilib. Bu il Polad Həşimova həsr olunan "Poladın izi ilə" və İlqar Mirzəyevdən bəhs edən "Artilleriyanın atası" sənədli filmləri ictimaiyyətə təqdim edilib. Mədəniyyət Nazirliyinin sifarişi və dəstəyilə "Azərbaycanınfilm"in İctimai Televiziya ilə birgə "Görünməyən qəhrəmanlar" adlı layihəsi var. Layihə üzrə on iki sənədli film çəkilməlidir. Bunlardan beş sənədli film ötən il, daha beşi bu il təhvil verilib və İTV kanalı vasitəsi ilə yayımlanıb. Qalan iki film istehsalatdadır. Öz adları ilə təqdim olunan hər sənədli filmlərdə Vətən müharibəsində iştirak edən, 44 günlük döyüş yolu keçən müxtəlif qoşun növlərindən, onların qəhrəmanlıqlarından bəhs olunur. Filmlər əsasən müharibə iştirakçılarının müsahibələri, şahidi olduqları hadisələr üzərində qurulub. Çəkilişlər azad olunmuş ərazilərdə aparılıb və real kadrlardan istifadə olunub. Ümumiyyətlə, salnamə qızıl arxivdir. Bu gün arxivdə qalan kadrlar uzun illər sonra əsl salnamə olacaq.

 

- 80-ci illərə qədər çəkilən filmlərə tamaşaçı dönə-dönə baxır, hər dəfə də ləzzətlə seyr edir...

 

- Səmimi deyəcəyəm, siz mənimlə indi bir tamaşaçı kimi söhbət etmiş olsaydız, bu haqda danışa bilərdim. Amma nəzərə alsaq ki, "Azərbaycanfilm"in rəhbəri olaraq müsahibə almaq məqsədilə görüşüb danışırıq, öz sahəsinə məsul olan bir şəxs kimi bu haqda danışmağı düzgün hesab etmirəm.

 

- Ay camaat, bu kino ki var...

 

- Birmənalı şəkildə qəliz məsələdir. Filmin düşünülməsi, ətrafında aparılan müzakirələr, başlanması, istehsalata buraxılması - bütün bu mərhələlər qəliz olduğu qədər də mənim üçün çox maraqlıdır. Yeni simalar görürsən, yeni insanlarla tanış olursan və bunlar hamısı bir hərəkətdir, dinamikadır və bir axardır. Axardı ona görə ki, sona çatan bir film yerini digərinə verir.

 

- Yüz yaşa yaxınlaşan "Azərbaycanfilm"...

 

- "Azərbaycanfilm"ə ən böyük hədiyyə bu əzəmətli binanın əsaslı təmiri olardı. Buna böyük ehtiyac var. Kino xadimləri, məsul şəxslərlə birlikdə müraciət hazırlamışıq. Müsbət cavab alacağımıza və 100 illiyi layiqincə qarşılayacağımıza əminliyimiz var. Bu gün tez-tez eşitdiyim bir fikir var - kinostudiyada əvvəlki canlanma yoxdur. Bəli, yoxdur. Ona görə ki, əvvəla indi canlanma filmlərin istehsalata buraxılmasının sayından asılıdır. Zamanında 1100 işçisi olan kinostudiyanın ştatında bu gün 60 nəfər var. Əvvəl filmləri ərsəyə gətirən bütün yaradıcı heyət, yəni müəllif, rejissor, operator burda ştat üzrə işçi idi. İndi isə biz onları dəvət edirik, müqavilə bağlayırıq və filmi təhvil alandan sonra rəsmi olaraq sağollaşırıq. Amma qeyri-rəsmi onlar hər gün burdadı, hamısının öz otaqları var və əvvəlki mühiti saxlamağa, abu-havanı yaşatmağa çalışırıq.

 

- Və bir az da kadr arxasındakı Nazim Hüseynov danışsın...

 

- Kadr arxasındakı Nazim zamanında heç də sakit biri olmayıb. Bütün mikrorayon uşaqları kimi. Şuluqluğuma baxmayaraq, dərslərimi yaxşı oxumuşam, o dövrdə bütün şagirdlər üçün vacib olan mərhələləri keçərək, məktəbin komsomol katibi də olmuşam və bu ali məktəbdə də belə davam edib. Əyani təhsil almağıma, institutda "Hərbi kafedra" olmasına rəğmən, ikinci kursdan sonra hərbi xidmətə çağırılmışam. Etiraf edirəm ki, bundan çox razı qaldım. İki illik hərbi xidmətdən sonra əvvəlki Nazim demək olar ki, yox idi, əvəzində düşüncələri tamam dəyişən biri vardı. Qayıdandan sonra təhsilimi yenə də yaxşı tələbə kimi başa vurdum. Kino sahəsinə rəhbər vəzifəyə dəvət olunandan sonra buna bir qədər fərqli yanaşdım. Düşündüm ki, idarəçilik biliklərimi bir qədər də mükəmməlləşdirim. Dövlət İdarəçiliyi Akademiyasında təhsil almaq istəsəm də, yaş həddi buna imkan vermədi. Bu baxımdan həmin təhsili Sankt-Peterburqda almağa müvəffəq oldum. "Kino istehsalına dövlətin dəstəyi" mövzusunda diplom işini müdafiə edərək ikinci təhsilimi başa vurdum. Təhsil illərində Mədəniyyət Nazirliyi mənə lazımi şəraiti yaratdı. Mən bu gün özünü xoşbəxt sanan bir insanam. Yanımda 90 yaşını haqlamış geologiya üzrə fəlsəfə doktoru olan atam Fikrət müəllim, həkim stomatoloq olan anam Tamilla xanım, mənim üçün hər şeydən üstün və dəyərli olan ailəm və iki övladım... Mənim zənnimcə, bu xoşbəxtliyi heç nə əvəz edə bilməz. Bu da kadr arxasındakı Nazim Hüseynov...       

 

Tamilla M-zadə

525-ci qəzet.- 2022.- 13 oktyabr. S. 8.