Tanınmış jurnalist Şakir Yaqubov vəfat
edib
Azərbaycan Mətbuat Şurası ustad jurnalist Şakir Yaqubovun vəfatı ilə bağlı nekroloq yayıb.
525.az xəbər verir ki, nekroloqda
deyilir:
“Azərbaycan jurnalistikasına,
bütövlükdə ziyalı
mühitinə ağır
itki üz verib. Tanınmış jurnalist, publisist,
naşir və tərcüməçi, respublikamızın
əməkdar mədəniyyət
işçisi, müxtəlif
nüfuzlu mükafatların
sahibi Şakir Yaqubov 71 yaşında dünyasını dəyişib.
Mərhumun doğmalarına və əzizlərinə
dərin hüznlə
başsağlığı veririk.
Şakir Hənifə oğlu Yaqubov 25 fevral 1951-ci ildə Astara rayonunun Bala Şahağac kəndində
anadan olub. Bakı Dövlət
Universitetinin kitabxanaçılıq
fakültəsini, Azərbaycan
Jurnalist Sənətkarlığı
İnstitutunu fərqlənmə
diplomu ilə bitirib. BDU-da təhsil aldığı
illərdə o dövrün
populyar mətbu nəşrləri - “Azərbaycan
gəncləri”, “Bakinski
raboçi”, “Molodyoj Azerbaydjana”, “Bakı”-“Baku”
qəzetləri ilə
sıx əməkdaşlıq
edib, universitetin qəzetində müxbir kimi çalışıb.
Keçmiş Almaniya Demokratik
Respublikasında keçdiyi
hərbi xidmət illərində də jurnalistikadan ayrılmayıb,
ordu ilə bağlı rusdilli qəzetdə müntəzəm
yazılarla çıxış
edib.
Çoxşaxəli yaradıcılıq diapazonuna
malik Ş.Yaqubovun həyat yolu jurnalistikaya sonsuz sədaqət ruhuna köklənmişdi. Peşəkar jurnalist fəaliyyətinə
1974–cü ildən başlamış
ustad qələm sahibi "Azərbaycan gəncləri", "Kommunist"
(indiki "Xalq qəzeti"), "Həyat"
(indiki "Azərbaycan"),
"Sirdaş", "Səhər"
və "AFFA news", "Panorama" qəzetlərində xüsusi
müxbirlikdən tutmuş
baş redaktoradək ən müxtəlif vəzifələrdə çalışıb.
2000-ci ildən 10 il ərzində Azərbaycan Respublikası
Auditorlar Palatasının
redaksiya-nəşriyyat şöbəsinin
müdiri, "İqtisadiyyat
və audit" elmi-praktik
jurnalının məsul
redaktoru olaraq fəaliyyət göstərib.
Ş.Yaqubov dövri mətbuatda işıq üzü görmüş onlarla sanballı yaradıcılıq
nümunəsinin, çoxsaylı
əsərlərin tərcüməçisi,
publisistik kitabların
və auditə həsr olunmuş 35-dən
çox elmi-kütləvi
nəşrin redaktoru olub. Jurnalistin müxtəlif janrlı,
o cümlədən idmanla
əlaqədar yazıları
ayrı-ayrı toplulara,
o cümlədən əxlaq
mövzusunda "Sevirsə,
qayıdacaq…" adlı
oçerki IX siniflər
üçün "Ailə
həyatının etika
və psixologiyası üzrə müntəxabat"a
(Bakı, 1989-cu il) daxil edilib. Onun “Mən şahidəm ki...”, “Qətiyyətin təntənəsi”, “Hakim mərkəzi
göstərir”, “Bizim
səfər haçandı?!”,
“Banişevski olduğu
kimi”, “Taleyimdən keçənlər” kitabları
ictimai-mədəni, sosial
həyatın ayrı-ayrı
sahələrinə dair
həm ciddi bilgi mənbəyi, həm həyat bələdçisi, həm
də tarixdir. Ş.Yaqubov istedadı publisistik fikri tarixlə çulğalaşdırmaq, ona
salnaməçilik gətirmək
bacarığındadır.
Ş.Yaqubov adı jurnalistikamızda tələbkarlıq, təşəbbüskarlıq,
prinsipiallıq simvoludur. Neçə-neçə gənc jurnalist onun dəst-xəttindən
faydalanaraq, qayğısı
ilə əhatə olunaraq peşəyə gəlib, ictimai həyatda tanınıb, populyarlıq qazanıb.
Bu mənada ustad
qələm sahibini həm də məktəb kimi xarakterizə etmək üçün kifayət
qədər əsaslar
mövcuddur.
Ş.Yaqubovun yoxluğu onu tanıyan hər kəs, doğmaları, əzizləri, həmkarları,
yüksək dəyər
verdiyi peşəsinin
ona qazandırdığı
saysız-hesabsız dostları
üçün son dərəcə
ağırdır. Azərbaycan Mətbuat
Şurası olaraq onların hər birinin kədərlərini
bölüşür, səbir
diləyirik. Bir daha mərhumun doğmalarına
və əzizlərinə
dərin hüznlə
başsağlığı veririk.
Allah rəhmət eləsin!”.
525-ci qəzet.- 2022.- 18 oktyabr.- S.16.