Ahəngyol kəhkəşanı
ƏHMƏD
QƏŞƏMOĞLUNUN POEZİYASI HAQQINDA
DÜŞÜNCƏLƏR
Biz kainatdan gəlmişik,
kainata bağlıyıq. "Mənşəyim kainatdır"
deyən Nəsiminin övladlarıyıq. "Planet oğluyam, kainatdır vətənim" söyləməkdən böyük
qürur duyan Xəlil Rza Ulutürkün müasirləriyik.
İnsan nə vaxt kainatı
anlamağa başlayır? O vaxt ki, hər qəlbdə
ilahidən bənzərsiz
tellər olduğunu anlayır. Və "O tellər köklənəndə
ilahinin eşqinə, kainatın ahəngi axır insan dilinə".
Söhbət o insanın dilinə
kainatın ahənginin
axmağından gedir ki, adi insan
deyil, ali
insandır, ali kəsdir. "Ali olan o kəs
ki, Allah nura bələmiş". İsa Muğanna
deyirdi ki, beyni qapanmış insanlar kainatdan gələn Ünü eşidə bilmir. Və eşidə bilməz də!
Şair
Əhməd Qəşəmoğlu isə
deyir ki, bu dünyada ancaq və ancaq:
Qəlbi
nurdan doğulan köklənir kainata,
Haqdan alır
əmrini, olur haqqın sultanı.
Yeni ruhlu tədqiqatçı kimi irəli sürdüyü
"Ahəngyol nəzəriyyəsi"
ilə Lütfüzadə
kimi dünya şöhrətli dahi alimin nəzərini cəlb etmiş Əhməd Qəşəmoğlu
"Nəsimi" adlı
fəlsəfi şeirində
sual edir ki, nəyə görə "yer üzündə şərin
hokmü çoxdu!" Bu suala ən doğru cavabı
da özü verir. Ona görə
ki... "Ahəngdən
uzaqdadır hələ
yerin ərkanı".
Bu şeirdə həm şairin, həm də alimin fikirləri üst-üstə
düşür və
aşağıda misal
gətirdiyim misralar eyni ahənglə (Ahəngyolla) yol gedən, bəşəri
bu xilas yoluna səsləyən bir yolçunun kredosu kimi səslənir:
şair və alim əl-ələ verərək doğru olaraq xatırladırlar ki,
Ahəngə-Allah yoluna çağırır
insanları
Dinlər,
müdrik insanlar
hər vədə bu dünyanı.
Görəndə ki, insanlar nizamdan üz çevirir,
Göy üzü Nəsimiylə
qaldırdı bu üsyanı!
Şair
və alim olaraq Əhməd Qəşəmoğlu insanlara
onu da tövsiyə
edir ki:
Allahın əlaməti, Allahın
yoludu ahəng,
Sən ahəngi pozdunmu,
Allah hesab çəkəcək.
Üstəlik, onu da bilməliyik
ki, biz ahəngi pozduqca Nəsimi üsyanı da səngiməyəcək, davam
edəcək. Əhməd Qəşəmoğlu milli dəyərlərlə
islami dəyərlərin
qovuşmasında görür
bəşəri dəyərlərin
qiymətini...Əsl ahəngin bu məqamda formalaşdığını
iddia edir. "Pöhrə şeirlər"
silsiləsində gəldiyi
qənaət çox
doğru qənaətdır.
Şair (və alim) çox doğru deyir:
Allah dedim, anlamadın,
Nizam desəm,
anlarsanmı?
İslam
dedim, anlamadın,
Ahəng desəm, anlarsanmı?!
"Pöhrə şeirlər"
silsiləsindən daha
bir nümunə gətirmək kifayət edir ki, aydın
olsun: İlahinin də istəyi bəşərin
gəlib Ahəngyola çıxması ilə
bağlıymış.
Göy üzündə dalğa-dalğa
yayılır
İlahinin nidası:
Ahəngdədir, ahəngdədir
Yer üzünün xilası!
Bu xilas yoluna yiyələnmək üçünsə
sən demə əsas lazım olan nəymiş, bilirsinizmi?! Qoy bu sualı da
şairin (alimin) özü cavablandırsın:
Yoxdu buna bir sorğu...
Qan qohumluğundan
Qat-qat yaxındı
Qəlb
qohumluğu...
Qəlb
qohumluğu olanlarsa kim olurlar?
Əlbəttə ki, kainat adamları, Ahəngyol yolçuları!
Əhməd Qəşəmoğlu qəlb qohumluğunun möhkəmliyini, Ahəngyolun
sabitliyini işığın,
nurun qorunmasında, bütövlükdə insanın
saflaşmasında, bəşərin
işıqlanmasında görür.
Bizim kainata, kainat hökmünə bağlılığımızda
görür. Onu daha çox narahat edən nədir?! Nəsimilərin (Nəsimiliyin)
kainatın (Ədəbiyyət
beşiyinin) getdikcə
az başa düşülməsi.
Odur ki, sərt və amansız şəkildə
olsa da deməyə
məcbur olur:
...Yer üzü yadından çıxıb
dünyanın.
...Kainatın hökmü yox olub sanki...
Əhməd Qəşəmoğlu qanı axa-axa gedən bir oğlan uşağından
soruşur:
Səni
kim vurdu
oğlum?
qan axır
üz-gözünün işığından.
Sən demə,
o oğlanın özünü
yox, işığını
vurublarmış, al-qana
qərq ediblərmiş. Elə buna
görə "Bəlkə
də günəşin
bir yanı sönüb".
Bax, budur əsl faciə,
əslində bu oğlanı yox, İşığı vurublar,
Nuru vurublar, Günəşi vurublar, Yolu vurublar, Nizamı, Ahəngi vurublar!
Və bu faciəni görəndə:
Ahəng
adlı həkim ağladı zar-zar,
Təkcə o bilirdi nədir bu azar.
"Qəlbim köklənib ahəngə" deyən
Əhməd Qəşəmoğlu şeir
yazmır, haray çəkir, Nəsimi kimi üsyan qaldırır:
Dövran
qaçaq doğru yoldan,
Dünya bezib qeylü-qaldan.
Gen düşürük istiqbaldan
Alimlər bilə, bilməyə...
Şair
bunu da doğru
deyir ki "Peyğəmbərlər köklənib
göy üzünə,
kainatın ahəngində
dilləndikcə..."
Əhməd Qəşəmoğlu bir
həqiqəti də doğru vurğulayır ki:
Hər kəs
Dahi müğənni, şair,
rəssam,
Dahi alim olammaz ki...
Hər kəs də peyğəmbər olub,
Köklənib kainatın nizamına,
Ahəng
dilində danışa
bilməz ki!...
Əhməd Qəşəmoğlunun şeirlərindən
birində səsləndirdiyi
bir fikirlə də tam şərikəm:
Qəlbimdəki məqamlara
Yer üzündə
yüksəlmədim.
Şair
demək istəyir ki, adi adamları
ali edən,
dahi edən kainata bağlılıqlarıdır.
Kainatın qapısını açıb
gəlmişik. Geriyə kainata dönən
qapımın açarını
harda itirmişik və niyə yerdə axtarırıq, görəsən?! Niyə
demirik, deməyi borc bilmirik:
Aşiq
oldum kainata,
Nizamından qüdrət aldım.
Əhməd Qəşəmoğlunu indiyəcən
kimlər tanıyıb,
anlayıblar, sağ olsunlar. Onu o, özü istədiyi
- Ahəngyol yolçusu
kimi tanıyacaqlarmı,
anlamaq istəyəcəklərin?!
Bu sarıdan olan narahatlığını şair
belə ifadə edib:
Mən ayrı aləmdə, insanlar ayrı,
Mən nə dedimsə də duyan olmadı.
Qəlbimə qərib bir dövrandayam mən,
İşıq dediyimə kölgə deyirlər.
Bütün bu təəssüf
hissi doğuran
fikirlərə baxmayaraq
şair öz gücünə, dediyi yolun doğruluğuna, əbədiliyinə inanır,
deyir:
...İlahi yol üstəyəm mən,
O yolu ömrümün mənası bildim.
Əsas bu inamdır!
Və gərək anlayasan,
deyə biləsən:
...Kainatın gücü axır damarlarımdan!
Və həm də hər cür kədəri, qəmi yenəsən, dua edirmiş kimi səslənəsən:
Nə gözəl işıq yağır
İlahi,
kədərimə!
Bir də əsas odur ki, usanmadan,
bezmədən bütün
kainatın, bütün
bəşəriyyətin yaşam,
inkişaf qanunu kimi car çəkəsən,
əsl məramını
elan edəsən:
Biz əl-ələ kainatıq,
Hər nəhsə, əyriyə yadıq.
...Köklən kainata, ətrafı unut,
Köklənsin ahəngə qəlbin telləri...
Əhməd Qəşəmoğlu nizama, ahəngə köklənmiş şairdir. Şeiri də, elmi də, bütünlükdə eşqi də bizi Ahəngyol kəhkəşanına səsləyir.
...Bizi heç kim eşitmək istəməsə belə, sən ki, eşidirsən, İlahi! Bu günəcən Əhməd Qəşəmoğlunu da tək-tənha qoyduq Əlac özünə qalıb. Özün ki, görürsən "Qəlb işıqlarının can verən vədəsidir, tanrım! "Necə olursa olsun dünya işıqları dirildənlərə, Əhməd Qəşəmoğlu kimi "Bütün kainat qəlbimdə" deyənlərə qalmalıdır.
Əhməd Qəşəmoğlu kimi mən də həmişə yalnız eşqə inandım, nizama, ahəngə bel bağladım. İlahi, mən də Əhməd Qəşəmoğlu demişkən "Eşqinlə eşqə çatdım, eşqi keçdim o yana, eşq də bir göy üzüdü, yol aldım kəhkəşana!"
P.S. Kainatdan yer üzünə bir yol gəlir: Ahəngyol!
Kainata
qayıdışın adı da Ahəngyoldur!
Barat
VÜSAL
525-ci qəzet.- 2022.- 18 oktyabr.- S.14.