Gözümün önündən getməyən
foto
Çox
təəssüf!
Bakıdan xəbər acı gəldi - daha bir əbədi
ayrılıq soyuq üzünü göstərdi.
Jurnalist Şakir Yaqubovu itirdik.
Həmişə
az olan yaxşılardan hər birinin
gedişi yandırandır, ağrıdandır.
2022-ci il oktyabrın 16-da Bakıda həmkarları,
yaxınları, doğmaları Şakirlə vidalaşacaq.
Şakir Yaqubov əsl peşəkar qəzetçiliyin və
xalis jurnalistikanın son ən parlaq təmsilçilərindən
idi.
"Xalis jurnalistika" deyimini səbəbsiz işlətmirəm. Ali təhsil
diplomunda ixtisası "jurnalist" kimi yazılanlar ha
çox. Hansısa qəzetdə,
radio-televiziyada, informasiya agentliyində
çalışdığı üçün
özünü "jurnalist" deyə təqdim edənlərsə
saysız-hesabsız. Ancaq bu gün Azərbaycanda
qələminə, yazısına (təbii ki, kompüter
epoxasında bu sözlər artıq bir qədər rəmzi məna
daşıyır), biliklərinə, səriştələrinə,
universal özünüifadə və mətbuatçılıq
keyfiyyətlərinə görə inamla kamil jurnalist saya biləcəyimiz
neçə nəfəri taparıq?
Saymağa qoşa əlin barmaqları yetər, ya belələri
var, sadəcə, üzdə deyillər, biz
görmürük? Ümumən hər il ali məktəblərimizə
zəruri ehtiyacın miqyasları dəqiqliklə
araşdırılmadan, müxtəlif ixtisaslar, o sıradan
jurnalistika üzrə sonra iş tapa bilməyəcək tələbələri
bir ucdan qəbul edib bir ucdan da hey çiy məzunlar
buraxılmasına nə lüzum! Az yetişdirək,
amma keyfiyyətli yetişdirək ki, onlar sonra iş
axtarmasın, mütəxəssis (!) olduqları
üçün onları arasınlar!
Şakir məhz MÜTƏXƏSSİS idi - sənətini,
peşəsini sevən və mahircə bilən jurnalist idi.
Ömrünün
heç olmazsa son 20 ilində belə daxilən zəngin və
mükəmməl təcrübə məktəbi olan bir
Mütəxəssisdən - Şakir Yaqubovdan, - başqa
oxşar təmayüllü təhsil məkanlarını bir
kənara qoyaraq əsas mərkəzi deyirəm - Bakı
Dövlət Universitetinin Jurnalistika fakültəsi nə dərəcədə
səmərəli istifadə etdi?
Ən əlverişli imkanları
qaçıra-qaçıra qaneedici nəticələrə
ümid bəsləmək əbəsdir.
Şakir Yaqubov yaxşı məktəb keçmiş və
özü də məktəbə çevrilmiş,
ömrü boyu öz üzərində işləməkdən
usanmamış jurnalist idi.
Dili, üslubu, yazısının tərzi, qəzetçiliyin
umduğu istənilən janr və formada çevikliklə qələm
işlədə bilməsi Şakiri hətta yetkin jurnalistlərin
çox olduğu 1970-80-ci illər mətbuatımızda da
seçdirirdi.
İndi adama nağıl kimi gəlir. 100 min, 300 min, yarım milyon tirajla qəzet
çıxırdı və əl-əl gəzirdi. "Azərbaycan gəncləri" bütün idarəçilik
və bəlli siyasi konyunktur məhdudiyyətlərinə
baxmayaraq, 1980-ci illərin əvvəllərində Azərbaycanın
bir nömrəli oxunaqlı, aranan qəzetinə
çevrilmişdisə, əsas səbəblərdən
birincisi elə Şakir Yaqubov idi. Qəzetin
daşıyıcı çiyni məhz o idi! Həm
öz yazılarıyla, həm də seçib, işləyib,
ya sifariş verib hazırlatdırdığı məqalələr,
onlardan qurduğu bəyənimli qəzet kompozisiyası ilə.
Anlayıram, indi internet erasıdır, qəzetlər
küncə sıxılan təhərdir. Ancaq
dünyaya baxaq. İnternet fəzası da
öz yerində, yaxşı qəzetlər də
yaşamaqda. Bəs bizdə neçə qəzet
var?
Təbii, söhbət QƏZETdən gedir.
Bütün bu qüssəli düşüncələri
əziz Şakirin gedişi oyadır.
Böyük bir mətbuat xadiminin yasında bunlardan deyil,
nələrdən ötrü, hansı ağrılı mətləblərdən
dolayı vaysınaq?!
Şakir Yaqubovu bir jurnalist olaraq səciyyələndirən
başlıca cəhət gərək olan təqdirdə istənilən
mövzuda, istənilən həcmdə və ustaca yaza bulməsi
idi. Zatən, əsl qəzetçi elə bu deməkdir.
Lakin ictimai-siyasi palitradan tutmuş portret
oçerklərə və adi xəbərədək hər
türlü yazını məharətlə və operativ
şəkildə ortaya qoymağa daim hazır olsa da, idman
jurnalistikasına, illah da futbola meyli məxsusi idi. Futbolu indisi və bütün tarixi ilə həm
yaxşı bilirdi, həm də bu mövzuda qəşəng
yazırdı. Futboldan onun kimi şövqlə,
zövqlə, həm də bu oyuna şairanə gözlə
baxaraq yazanlar arasında Şakirdən savayı mənim
döşümə ən çox yatan Şamil Şahməmmədovun
reportajları olub.
Elə Şakirlə qiyabi tanışlığım da
hələ məktəbliykən onun "Azərbaycan gəncləri"ndə
çıxan Pele haqqındakı yazılarıyla
başlanmışdı. Yəni o
yazıların müəllifi Şakir deyildi, Pelenin xatirələrini,
yaddaşlarını bir rusca nəşrdən
çevirmişdi. Amma elə səlis, rəvan
bir dillə, həm də sevərək tərcümə
etmişdi ki, mətn elə əvvəldən azərbaycanca
yazılıbmış kimi birnəfəsə oxunurdu.
Pele
demişkən, vaxtilə unudulmaz dostumuz, üstün şair
Eldar Baxışın içərisi əngin olan belə
misraları vardı ki:
Dünya
bir futbol topu ola,
Atasan
Pelenin qabağına,
Vura həqiqətin qapısına.
Həqiqətə
sadiq, hədəfi saxtakarlıqsız-riyasız düz nişan ala bilənlərə hər yerdə
hər zaman ehtiyac var - o sıradan futbolda da, jurnalistikada da!
Qapıya topu əli ilə dürtərək kəlləylə
vurdum iddiası ilə qol qazananlara futbolda gen-bol rast gəlindiyi
kimi, jurnalistikada da həmin işə xirtdəyəcən
tuş düşülüb.
Şakir
vurğunu olduğu Pele kimi qolu həqiqətin qapısına
yönəltməyə daim bütün vicdanı və saf qəlbi
ilə hazır olan yaradıcı idi...
...Şakir Yaqubovun yaradıcı ömrünün bir
hadisəsi də mənə rəmzi görünür. O, bəlkə də yeganə
jurnalistdir ki, həm sovet dönəmində, həm də
müstəqillik dövründə "Əməkdar mədəniyyət
işçisi" fəxri adına layiq
görülüb. Tam ədalətli qiymətləndirmədir.
Çünki Şakirin həm o, həm bu
dövrdə mətbuatımızın yüksək səviyyəsini
qorumaq yolundakı əməkləri həqiqətən ən
yüksək təriflərə layiqdir.
Sovet çağlarında Azərbaycanda
"Kommunist" birinci qəzet sayılırdı. Nüfuzu
yüksək idi, respublikadakı ən çoxsaylı nəşr
idi, sözükeçər idi, əməkdaşlarının
müəyyən imtiyazları da vardı.
Və Şakir həmişə o qəzetdə işləməyi
arzulamışdı.
Hərçənd bu onun yetərincə sərbəst
ruhlu qələmi üçün zahirən sən deyən
münasib məkan sayılmaya da bilərdi. Ancaq Şakir
Yaqubov əsl professional olduğundan uyğunlaşmağı,
hansı qəzetin hansı tələbləri olduğunu həssaslıqla
tutaraq məhz o cür işləməyi bacaran idi. Onsuz da ürəyi istəyən mövzudakı
yazını örtülü imza ilə başqa qəzetlərdə
də dərc etdirə bilərdi. Və
etdirirdi də.
Nəhayət ki, bu niyyətinə də çatdı,
"Kommunist"in də əməkdaşı oldu.
Di gəl,
istər sovet əyyamları olsun, istər müstəqillik
illəri, istər Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin
orqanı olan "Azərbaycan gəncləri", ya Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı olan
"Kommunist"də, istərsə də tariximizin keşməkeşli
keçid parçası və müstəqillik dövrü
mətbuatımızın qaranquşlarından hesab etdiyimiz
"Səhər"dəki fəaliyyət illəri -
Şakir Yaqubov harada işləməsinə rəğmən
ilk növbədə sağlam milli mətbuatımızın
siması olan qələm sahiblərindən idi.
...O fotonu
mən görməmişəm.
Ümumən belə bir foto, yəqin ki, heç yoxdur.
Bu xronikanı da seyr etməmişəm.
Şübhəsiz, heç belə bir kino, ya videolent də
çəkilməyib. Fəqət həmin mənzərəni mən
dəqiqliyi ilə görürəm.
Əhvalatı mənə unudulmaz jurnalistimiz, Şakirin
də xətrini çox istəyən, onun peşəkarlığına
da böyük hörmətlə yanaşan, əlbəttə
ki, özü də jurnalistikamızın son mogikanlarından
olan Rəfail Nağıyev söyləmişdi.
1990-cı ilin qanlı 20 Yanvar hadisələrinin
ardınca "Kommunist"in əlavəsi kimi və
bütün mətbuat tariximizin ən rekord sayında - 2 milyon
tirajla buraxılmış "Səhər"i mətbəədən
götürərək tanklar, zirehli maşınlarla dolu və
qan ləkəli küçələrdən keçərək
Şəhidlər xiyabanına aparırlar.
Rəfail
Nağıyev o anları qəhərlənərək yada
salırdı: "Gözü yaşlı insanlar
axın-axın hələ torpağı nəm şəhid məzarlarına
doğru irəliləyirdilər. Biz də qəzetlərlə
dolu üstüaçıq maşındaydıq. Şakir qucağına aldığı iri
qalaqdakı "Səhər"ləri topa-topa adamlara
sarı atırdı ki, mətbuatın, radio-televiziyanın
susdurulduğu həmin müdhiş günlərdə
böyük faciənin görüntülərini və
gerçəkləri əks etdirən, yaralı ürəklərə
bir təsəlli olacaq qəzet hər kəsə
çatsın".
...Şakirin yeri həmişə görünəcək.
Şakiri gərək çox danışdıraydılar, yazaydılar, çünki o, mətbuatımızın bir neçə qaynar onilinin son dərəcə maraqlı təfərrüatlarını yaddaşı və sinəsində daşıyan, həm də bu haqda iştahla, cəlbediciliklə, doymadan danışa bilən həmsöhbət idi. Şakiri unutduq, barı həmin yaş nəslindən olan tarix və təcrübə daşıyıcısı jurnalistlərimizin, qəzetçilərimizin yaşamaqda davam edənlərinə biganə qalmayaq. Bu iş də görülsün, sonra həmin yazılardan jurnalistika tədrisində də əyani vasitə kimi yararlansın.
Güman edirəm, Mətbuat Şurası Şakir Yaqubovun xatirəsinin və qələminin əbədiləşdirilməsi səmtində nəcib bir iş görə bilər. Onun haqqında xatirələrin, fotoların, özünün müxtəlif illərə aid seçmə yazıları və tərcümələrinin qovuşduğu bir toplu hazırlamaq məsləhətdir. Sözdə rəhmət demək nə asan! Belə bir kitabsa həm Şakirə əlavə ömür verər, həm də hər dəfə oxuyanları bu istedadlı qələm sahibini sayğı ilə anmağa yönəldər, rəhmət dedirdər.
...Bakıdan uzaqdayam, Fransadayam. Heç Şakirlə vida mərasimində də iştirak edə bilməyəcəyəm. Ona görə də sadəcə rəhmət oxumayıb təskinlik üçün bəzi onlu düşüncələrimi də bölüşməklə ürək boşaltdım.
Neyləməli, ömür Allahın əmri, hər gələn bir gün gedəsidir. Amma əbədi gedişi çox könüldə göynək, xiffət oyadanlar hər halda həyatı, bütün eniş-yoxuşlarına rəğmən bihudə yaşamayanlardır.
Şakir iz qoyub gedənlərdəndir. Həm mətbuatımızın yaddaşında, həm dostların, tanıyanların hafizəsində...
15 oktyabr 2022,
Strasburq
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2022.- 18 oktyabr.-
S.11.