"Şuşa-Qarabağın dünəni, bu günü, sabahı" davam edir

 

"Şuşa İli" elan olunması ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən "Şuşa-Qarabağın dünəni, bu günü, sabahı" adlı layihə çərçivəsində növbəti təqdimat Şuşada gənclər uşaqlar arasında geniş yayılmış "Dirədöymə" xalq oyununa həsr olunub.

Qarabağın zəngin, özünəməxsus maraqlı folklor nümunələrindən biri xalq oyunlarıdır. Xalq oyunlarının tarixi çox qədimlərə getməklə yanaşı, xalqın müxtəlif dövrlərdə adət-ənənələrini, etnoqrafiyasını özündə yaşadıb.

Şuşada geniş yayılan xalq oyunlarından olan "Dirədöymə" oyununun oynanılması qaydası isə belədir: Uşaqlar iki dəstəyə ayrılıb, bir dairəvi cizgi çəkir qürrə (püşk) atırlar. Qürrə hansı dəstəyə düşsə o dəstə mərəyə (dairəyə) girir. Uşaqlar hərəsi ayağının altına bir toqqa qoyur. Dairədən kənarda qalanlar toqqanı götürməyə çalışırlar. Dairədəkilər isə ayaqla vurur, toqqaları götürməyə yol vermirlər. Dairənin içərisində olanlar kənardakılardan birini ayaqla vursa, dairədəki uşaqlar kənara çıxır, kənardakılar dairəyə girirlər. Kənardakı oyunçu içəridəkilərdən birini əli ilə tutub dairədən çıxara bilsə, onu bir nəfərə həvalə edib saxladır və yiyəsiz qalmış toqqanı götürməyə cəhd edir. Bu zaman içəridəkilər həm öz toqqalarını, həm də çöldəki yoldaşlarının toqqasını qorumalı olurlar. Yaxud əksinə, içəridəkilər çöldəkilərdən birini fəndlə tutub dairəyə salsalar, dəstələr yerlərini dəyişməli olurlar. Dairədən kənardakı uşaqlardan biri toqqanı ələ keçirsə, dairənin içərisində olan uşaqları toqqa ilə vurur, ayaqları altındakı toqqaları kənara çıxarıb götürməyə çalışırlar. Hansı dəstə toqqaları tamam ələ keçirsə qələbə qazanır.

 

525-ci qəzet.- 2022.- 18 oktyabr.- S.9.