Florensiya şəhəri və Mediçi
sülaləsi
(Əvvəli
ötən çərşənbə sayımızda)
Avropada, xüsusən
Florensiyada humanist şair Petrarka (1304-1374-cü illər)
çox vaxt italyan Renessansı humanizminin atası adlanır.
Petrarka özünün hüquqşünas
olması barədəki atasının arzusuna əks
çıxaraq, əvəzində ədəbiyyat
karyerasını seçdi. Bir müddət
o, Avinyonda yaşasa da, ömrünün axırıncı
onilliklərini İtaliyada keçirdi və müxtəlif
hökmdarların və şəhər hökumətlərinin
qonağı oldu. Petrarka bir dəfə bunu belə etiraf
etmişdi: "Bizim dövrün ən böyük
kralları məni sevirdilər və mənimlə dostluqdan
faydalanırdılar. Mən onların
qonağı olanda, bu daha çox ona bənzəyirdi ki, onlar
mənim qonaqlarımdır".
O, XIV əsrdə
Renessans humanizminin sürətli inkişafı
üçün çox iş görmüşdü. O, ilk
intellektuallardan idi ki, Orta əsrləri qaranlıq dövr kimi
qiymətləndirmişdi, çünki Orta əsrlər
inamı klassik antik incilərinə məhəl
qoymamışdı. Petrarka klassik latın
dilindən istifadə edirdi və nəsr sahəsində
Siserondan model kimi istifadə etməyin humanistlər
üçün aludəçilik obyekti olduğunu göstərirdi,
poeziyada isə Vergilini model hesab edirdi. Petrarka demişdi:
"Xrist mənim Allahımdır, Siseron isə dilin
hökmdarıdır".
Florensiyada humanizm hərəkatı XV əsrin əvvəllərində
yeni istiqamət götürdü. Bunlar humanizm
Florensiyasının vətəndaş ruhuna və məğrurluğuna
yaxından bağlı olmuşdu və dövrün müasir
alimləri meydana gəlmişdi. Florensiyanın
məşğul olan vətəndaş dünyasında ancaq
intellektuallar öz rollarına yeni nöqteyi-nəzərdən
baxmağa başladılar.
Humanist Leonardo Bruni (1370-1444-cü illər) modelə
çevrildi, həm də Florensiya vətənpərvəri
olmaqla o, şəhərin kansleri kimi Siseronun tərcümeyi-halını
yazdı və onu "Yeni Siseron" adlandırdı.
Rəssamlıq Renessansı isə təkamülün ən
qiymətli məhsulu idi. Leonardo da Vinçi İtalyan Renessansının
böyük rəssamlarından biri olmaqla, nə vaxtsa demişdi:
"O vaxtdan ki, rəssam kiçik ləyaqətə malik olan
tablolar istehsal etməyə başladı, əgər o, təbii
obyektlərdən öyrənsəydi, hökmən
yaxşı bar verəcəkdi".
Erkən Renessansda rəssamlıq elə bil ki, bir kəşf
xarakteri daşıyırdı. Leonardo və digər
italyanlar Cottonun XIV əsrdə həyata keçirdiklərini
davam etdirirdilər, çünki o, təbiəti təqlid etməyə
başlamışdı.
Yeni Renessans üslubu XV əsrdə başqa bir Florensiya
rəssamının yaradıcılığına hopdu və
şəklini dəyişdi. Biri rəsmin matematiki
tərəfini vurğulayırdı, perspektiv qanunlarından,
həndəsi fiqurların və perspektivin köməyi ilə
mənanın və işığın əldə edilməsi
əsasında işləyirdi.
XV əsrin son dekadaları ərzində Florensiyada
icadın yeni düşüncəsi, Möhtəşəm
Lorentsonun sarayının bir hissəsi kimi formalaşan rəssamlardan
və alimlərdən bir xüsusi dairə meydana gəldi.
Onun ən görkəmli üzvlərindən biri Sandro
Bottiçelli (1445-1510-cu illər) idi. Yunan və Roma
mifologiyasına marağı, onun ən məşhur əsərlərindən
biri olan "Primavera" - "Bahar" tablosunda ifadə
olunmuşdu. Mənzərə Veneranın
bağının təsviridir, bu bağda isə, əslində,
əbədi bahar hökm sürür. Baxmayaraq
ki, Bottiçellinin təsvir etdiyi fiqurlar bir-birindən
yaxşı qaydada fərqlənirlər, onlar həmçinin,
başqa dünya keyfiyyətlərinə malik idi. Bu da Erkən Renessansın tablolarını xarakterizə
edən realizmdən çox
uzaqlaşdırılmışdı.
Florensiya rəssamlarının inqilabi nailiyyətləri
XV əsrdə bərabər qaydada heykəltəraşlıqda
və arxitekturada da irəlilədi. Donato di Donatello
(1386-1466-cı illər) vaxtını Romada antik dövrün heykəllərini
öyrənməkdə və kopiyalarını
çıxarmaqda keçirdi. Onun
Florensiyada yaratdığı əsəri, daha çox seyr
etdiklərinin mahiyyətini necə ustalıqla ifadə
olunduğunu göstərirdi. Onun çox
sayda işləri içərisində "David" heykəli
xüsusilə seçilirdi, bu heykəl, ilk həyati
ölçüdə olan əsər idi. Avropa
incəsənətində antik dövrdən sonra ilk dəfə
olaraq bürüncdə əks olunan belə cılız obraz
seçilmişdi, nəhəng Qonnafın heybətli
başı Davidin ayaqları altında idi, Donatellonun heykəli
1428-ci ildə Florensiyanın milanlılar üzərində
çaldığı zəfərdəki qəhrəmanlığını
əks etdirirdi. Onun yaratdığı digər
heykəllər kimi "David" həmçinin saflıq və
bir güc işığı yayırdı. Bu
isə humanizmin ləyaqətini ifadə edirdi.
Görkəmli
arxitektor Filippo Bruneleski (1377-1446-cı illər) yaratdığı
yeni arxitektura üslubunun bir şəhadəti kimi San Lorantso
kilsəsinin nümunəsini hesab etmək olar. Mediçilər ona kilsənin layihəsini
sifariş verdikdə, Bruneleski Roman modellərindən
ilhamlanaraq, kilsənin daxilini böyük Orta əsr kilsələrindən
çox fərqli yaratmışdı. San
Lorentso kilsəsinin binasında sütunlar tağları əhatə
edirdi.
Rəssamlar və heykəltəraşlar kimi Renessans
arxitektoraları da insanın mərkəzində olduğu
dünyanı təsvir etməyi axtarırdılar. Onun tikdiyi
Duomo kilsəsinin qübbəsinin inşası 1417-ci ildə
başlamaqla, üç əl ərzində başa
çatmışdı. Qübbə Roman
yarımdairəsi şəklində olmaqla, onun mərkəzi
xeyli böyüdülmüşdü.
Yüksək Renessansda üç rəngkarlıq nəhənginin
əsərləri dominantlıq edirdi. Bunlar Leonardo da
Vinçi (1452-1519-cu illər), Rafael (1483-1520-ci illər) və
Mikelancelo (1475-1564-cü illər) idi. Leonardo
fiqurları dəyişməklə, onları Yüksək
Renessansda gedən yeni prinsiplərdə təsvir edirdi.
O, hər şeyə agah olmaqla, hətta insan bədənlərini
yarmaqla, təbiətin necə işlədiyini öyrənmək
yolu ilə XV əsrdə eksperimental ənənə
yaratmışdı. Lakin Leonardo belə realizmdən
uzağa getməklə irəliləmək ehtiyacından əziyyət
çəkirdi və təbiətin
ideallaşdırılması və ya realistik portretdən
ideal formalara keçmək sahəsində Yüksək
Renessans ənənəsinin təşəbbüsçüsünə
çevrildi. Leonardonun
"Axırıncı şam yeməyi" tablosu Milanda
yaradılmışdı, XV əsrin parlaq rəngkarlıq
nümunələrindən biri idi. Burada məkan
üç ölçülü olmaqla, onu təşkil edən
fiqurlar perspektiv nəzərə alınmaqla təsvir
edilmişdir. Filippin fiqurası
ideallaşdırılmışdı və əsər dərin
psixoloji ölçünü təcəssüm etdirir. İisusun "Sizin biriniz məni satacaqdır"
sözləri birbaşa apostolların hər birinin şəxsiyyətini
və İisusa münasibətini açıb göstərir.
Jestlər və hərəkət vasitəsilə
Leonardo həm də fərdin daxili həyatını
açıb göstərməyə ümid edirdi.
Rafael hələ erkən yaşlarında bir rəssam
kimi tam çiçəklənmişdi. Artıq 25
yaşında İtaliyanın ən yaxşı rəssamlarından
biri hesab olunurdu. Rafael özünün
çox sayda olan madonnalarına görə xüsusən təriflənirdi,
onlarda o, insan standartlarını ötüb keçən
ideal gözəlliyə çatmağa cəhd göstərirdi.
O, Vatikan sarayındakı freskalarına görə də məşhurlaşmışdı,
onun "Afina məktəbi" əsəri tarazlılıq,
harmoniya və qayda dünyasını açıb göstərir,
bunlar isə Yunanıstan və Roma klassik dünyası rəssamlarının
bünövrə prinsipləri idi.
Mikelancelo
zirvələrə nail olmuş rəssam, heykəltəraş
və arxitektor idi, Yüksək Renessansın başqa bir nəhəngi
sayılırdı. Öz arzusuna uyğun olaraq
o, daim nəsə yaratmağa çalışırdı,
böyük ehtiras və enerji ilə çox sayda gözəl
layihələr üzərində işləyirdi.
Mikelanceloya neoplatonizm də təsir göstərmişdi,
bunun şəhadətini xüsusilə Romadakı Sikst
kapellasının tavanına onun çəkdiyi fiqurlarda
görmək mümkündür. 1508-ci ildə papa II Yuli Mikelancelonu
Romaya çağırdı və ona kapellanın
tavanının bəzəməyi sifariş verdi.
Bu nəhəng layihə 1512-ci ilə qədər
başa çatmamışdı. Freska nəhəng
istedadın ifadəsi olmaqla yanaşı, Mikelancelodan
ağır zəhmət çəkməyi tələb
edirdi. Dörd ildən çox bir müddətdə
o, nərdivanların üzərində qurulmuş taxtanın
üstündə üzü tavana tərəf uzanıqlı
olmaqla sehrli fırçası ilə işləyirdi,
qaranlıq mane olduqda şlyapasının dövrəsinin
qabaq tərəfinə yanan şamları birləşdirib,
üzüyuxarı uzanıqlı şəkildə uzun
müddət əsər üzərində yorulmadan
çalışırdı. Onun
yaradıcılıq əzablarına başqalarının
dözə bilmədiyi fiziki əzablar da əlavə olunurdu.
Lakin bu cəfakeş
insan yarım minillikdən sonra da bütün bəşər
övladlarını heyran qoymaqda davam edən şedevrlər
yaratmışdı. Onun istedadının
qığılcımından və ağır zəhmətindən
yaranan əsərlər, bu gün də Vatikan muzeyinə gələnləri
ecazkar sənət nümunələri ilə heyran edir.
Elə bil ki, Adəmi əlinin toxunması ilə insanı
yaradan Allah, Mikelancelonun özünə də ilham yolu göstərmiş
və rəssam bu yolun bütün əzablarına dözməklə,
özünün də az qala qədim mifologiyalarda təsvir
olunan, mələklərin yerdə yaşayan qadınlarla
yaxınlığından yaranan yarımallahlara - qəhrəmanlara
bənzər bir məxluq kimi, həm də baş mələyin
adını daşımaqla belə sehrli tablolar yaratmağa
qadir etmişdi.
Mikelancelo Bibliyanın "Başlanğıc"
kitabındakı insanın günaha batması əhvalatını
rənglərin dili ilə, doqquz səhnəni təsvir etməklə
danışmağa cəhd etdi. Onun "Adəmin
yaranması" freskasında ilahi bir enerji timsalının
ötürülməsini gözləyən Adəmin yarım
proporsiyalaşmış fiqurası, tavanı bəzəyən
digər əzələli fiqurlara bənzəməklə, dəqiq
proporsiyaları olan insan varlığının ideal tipini
açıb göstərir. Yaxşı
neoplatonik dəbdə, bu fiqurların cazibədarlığı
ilahi gözəlliyin təsviri mənasını verir. Xüsusi gözəl bədən fiqurası isə
daha çox Allaha bənzəyən obraza məxsusdur.
Mikelancelonun ideal gözəllik axtarışının
digər müjdəçısı onun "David" heykəlidir,
iri mərmər parçasında reallaşmış bu nəhəng
əsər 1501-ci ildə Florensiya hökuməti tərəfindən
sifariş edilmiş və onun yonulması 1504-cü ildə
başa çatmışdı. Mikelancelo, qəribə
də görünsə, heykəl üçün
seçdiyi formanı yonulmamış daşda artıq yerləşdirmişdi.
"Mən yalnız izafi olanı kənara
atdım, heykəl artıq orada idi". Həmin iri mərmər
parçası, onun bir qədər çatlaşmış
yeri də var idi, 50 il ərzində istifadə
edilməyərək yararsız əşya kimi
qalmışdı. Çat olan yerin David obrazına xələl
gətirməməsi üçün, sapand tutan sol əlin
qalxdığı çiyni o biri çiyindən gödək
etməklə, həmin qüsurdan da
fiquranın təsvirinin canlı olması üçün
istifadə etmişdi. Mərmərdəki qüsur da dahi usta əlində
əsərin dəyərinin yüksəlməsinə xidmət
etmişdi.
Mikelancelo 14 fut hündürlüyündə olan bir
proporsional bədən quruluşu ilə seçilən nəhəng
fiqura yaratmışdı. Roma dövründən
bu, İtaliyada ən böyük heykəl idi. Qorxudan cəsarətə gələn, ilhamlanan bir qəhrəman
kimi təsvir edilən Mikelancelonun "David" əsərində
gənc insanın məğrurluğu, bəşər
övladının bədəninin gözəlliyi və insan
varlıqlarının şərəfi bəyan edilir. Kilsə də heykəli lazımınca qiymətləndirdi,
çünki katolik dini özünün birbaşa məqsəd
güdən siyasətini davam etdirirdi.
Renessans pontifikləri Papalıq dövlətlərində və İtalyan yarımadasında öz maraqlarını güdürdü, onların xüsusən intriqalardan və qan axıdılmasından istifadə etmələri adamlarda haqlı təəccüb hissləri doğurmaya bilməzdi. Bütün Renessans papaları, xüsusən II Yuli (1503-1513-cü illərdə pontifik olmuşdu) müharibəyə və siyasətə daha çox cəlb olunmuşdu. Qəzəbli "döyüşçü-papa" şəxsən ordunu düşmən üzərinə aparırdı, müharibəyə isə mömin xristianlar nifrət edirdilər, onların nəzərində papa ancaq ruhi lider olmalıdır. Bir ziyalı həmin vaxt yazırdı: "Necə olur ki, ey apostolun otağında oturan yepiskop, sən adamları müharibəyə məxsus olan şeyləri öyrətməyə cəsarət edirsən".
Papalar ailə maraqlarını irəli aparmaq üçün nepotizm təcrübəsindən geniş istifadə edirdilər. Papa IV Sikst (1476-1484-cü illərdə pontifik olmuşdu), misal üçün, öz cavan qohumlarından beşini kardinal etmiş və onlara bol kilsə vəzifələri vermişdi ki, özlərinin maliyyə imkanlarını qursunlar. Nepotizm ifadəsi latın dilindəki "nepos" sözündən götürülmüşdü, "cavan qohum" mənasını verirdi. Papa VI Aleksandr (1492-1503-cü illərdə pontifik olmuşdu) Borcia ailəsindən olmaqla, savaşmağı sevən və hissiyyatlı bir adam idi. O, bir oğlunu, bir gənc qohumunu və məşuqəsinin qardaşını kardinallığa yüksəltmişdi. Ümumiyyətlə, həddi-buluğa çatmamış yeniyetmə oğlanlar məşhur ailələrə məxsusluğu ilə fərqləndiklərinə görə kardinal rütbəsi ilə mükafatlandırıldılar və əslində, papa taxt-tacına iddiaçılara çevrilirdilər.
Yulinin varisi olan X Leo (1513-1521-ci illərdə
pontifik olmuşdu) isə Renessans mədəniyyətinin himayəçisi
olmaqla yanaşı, cəlb olunduğu siyasətə elə
bir əhəmiyyət vermirdi. Bunu Möhtəşəm Lorentso de
Mediçinin oğlu kimi ondan gözləmək olardı. O, 8 yaşında
arxiyepiskop, 13 yaşında isə kardinal edilmişdi. O, rəssamlıqda,
davranış qaydalarında və sonralar həyatda
yaxşı zövqə malik olması ilə seçilirdi. Bu xüsusiyyətlərinə görə Florensiya
Renessans elitası arasında da fərqlənirdi. O, 37
yaşında papa oldu, bir dəfə Venetsiya səfirinə
demişdi: "Qoy biz papalıqdan həzz alaq, nə vaxtdan ki,
Allah bunu bizə vermişdir". O, Rafaelə Müqəddəs
Pyotr kilsəsini rəsmlərlə bəzəməyi və
onun tikintisinin davam etdirilməsini həvalə etmişdi. Onun dövründə Roma Renessansı əsl ədəbiyyat
və rəssamlıq mərkəzinə çevrildi.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2022.- 19 oktyabr.- S.14.