Professor Şirindil
Alışanlıya dost məktubu
Əziz
Şirindil müəllim,
Gün kimi aydın həqiqətdir ki, Siz çağdaş
ədəbiyyatşünaslıq elmimizin cövhəri nəzəriyyə və tənqid üzrə görkəmli alimsiniz. Mən bu
sahədə mütəxəssis
olmadığımdan 70 illik
yubileyinizdə Sizə
məktub ünvanlamaqla
kifayətləndim.
Qardaşım, Sizin nəzəriyyə və tənqid sahəsində üstünlüyünüz
ondadır ki, Azərbaycan Dövlət Universitetində görkəmli
alimlərdən dərs
alıb mükəmməl
məktəb keçmisiniz. Sonda da bəxtiniz gətirib.
Moskvada Maksim Qorki adına
Dünya Ədəbiyyatı
İnstitutunun nəzəriyyə
şöbəsinin aspirantı
olarkən elmi biliklərinizi daha da dərinləşdirmiş
və gələcək
uğurlarınızın əsasını
qoymuşsunuz. Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
Elmi və Müdafiə Şuralarında
hər çıxışınız
ustad dərsi təsiri bağışlayır.
İnstitutumuzun Respublikada
ədəbiyyatşünaslıq elminin taleyinə cavabdehlik missiyasını
ləyaqətlə yerinə
yetirməsində Sizin də payınız vardır. Neçə
illərdir İnstitutun
aparıcı bir şöbəsinin müdirisiniz.
Elmi cameədə yaxşı tanınan, fəxr etməyə layiq alimlərimiz - Akademiyanın müxbir üzvü Tehran Əlişanoğlu,
professorlar Bədirxan Əhmədov, Əlizadə
Əsgərli, filologiya
üzrə fəlsəfə
doktorları Safura Quliyeva, Aygün Bağırova, Aslan Salmansoy, İlham Məmmədli, Günay Qarayeva, Ələmdar Cabbarlı və başqaları Sizin şöbənizin yetişdirmələridir.
Şöbənizdəki elmi mühit ürəkaçandır. Maraqlıdır ki, başqa şöbələrin alimləri
tez-tez şöbənizə
gəlir, elmi müzakirə və mübahisələrdə iştirak
edirlər.
Şirindil müəllim, mən yaşca Sizdən xeyli böyüyəm. Çox görkəmli,
hörmətli və nüfuzlu alimlərin yubileylərini görmüşəm.
Onlar haqqında mətbuatda çıxan yazıları
izləmişəm. Sizin
yubileyinizə həsr
olunan, keyfiyyətinə
və kəmiyyətinə
görə seçilən
elmi məqalələrə
çox az
rast gəlmişəm.
Haqqınızda səxavət
və ehtiramla yazılan məqalələr
"Azərbaycan" jurnalı,
"Azərbaycan" qəzeti,
"Ədəbiyyat qəzeti"
və "525-ci qəzet"
kimi mötəbər
mətbu orqanlarda çap olunmuşdur. Məqalələrin adlarını
burada verməyi münasib bildim: "Nəzəriyyə ilə
tənqidin qovşağında",
"Azərbaycan tənqidşünaslığının
Şirindil Alışanlı
formulu", "Məktəb
keçərək məktəb
yaradan alim", "Həqiqi alimlik səlahiyyətilə...", "Elmdə həqiqət meyarı ilə",
"Bu, Şirindil Alışanlıdır",
"Şirindil Alışanlı
fenomeni: tənqidçi,
nəzəriyyəçi, tədqiqatçı" və
s.
Adını çəkdiyim bu məqalələr bir yandan yaradıcılığınıza
güzgü tutur, digər tərəfdən
keçən əsrin
70-ci illərindən ədəbiyyatımıza
vicdanla xidmət etməyinizdən, Ədəbiyyat
İnstitutunun əməkdaşları
arasında nüfuzunuzdan
xəbər verir.
Şirindil müəllim, vaxtilə
Xalq yazıçısı,
filologiya elmləri doktoru, professor Elçin Əfəndiyev tənqidçilərdən
söz açan məqaləsində Sizin yaradıcılığınızı
yüksək qiymətləndirmişdir.
İndi Elçinin yubileyiniz münasibəti ilə məqalə yazması hamımızı sevindirir.
Təqdirəlayiq haldır ki,
görkəmli yazıçı
və tənqidçi
vaxtilə aspirantı
olduğu Ədəbiyyat
İnstitutu ilə əlaqəni kəsmir.
Diqqətimi çəkən bir məqamı da qeyd etmək istərdim.
Yataq xəstəsi
olsa da, görkəmli ədəbiyyatşünas
alimimiz, Əməkdar
elm xadimi, professor Nizaməddin
Şəmsizadənin haqqınızda
"Nəzəriyyəçi ədəbiyyatşünas - bütöv
şəxsiyyət" adlı
məqalə yazması
da ürəyimcə oldu.
Siz keçmiş
SSRİ məkanında da
tanınan alimsiniz. 2018-ci ildə Rusiya Federasiyasının alimləri
İnstitutumuza gələndə
adlı-sanlı rusiyalı
alimlərin Sizə necə ehtiram göstərdiklərinin şahidi
oldum.
Burada xüsusi qeyd etmək istəyirəm ki, Sovet quruluşu
çökəndən sonra
zəifləmiş Rusiya
Federasiyası ilə ədəbi-elmi əlaqələrin
güclənməsində akademik
İsa Həbibbəyli
və Azərbaycan Yazıçılar Birliyinin
Moskva bölümünün
rəhbəri, dostunuz,
filologiya elmləri doktoru Abuzər Bağırovun xidmətləri
böyükdür.
Özbəkistan Elmlər Akademiyasının
əməkdaşı, professor
Həmdulla Baltabayevin İnstitutumuzla əlaqəsi
öz bəhrəsini
verir. Yubileyinizlə bağlı professor Baltabayevin haqqınızda
məqalə yazması
ədəbi əlaqələrin
sayəsində mümkün
olmuşdur.
Şirindil müəllim, Sizdə qəribə bir keyfiyyət müşahidə etmişəm. Bəzən coşaraq hansı bir əsərə görəsə müəllifi "asıb-kəsdiyinizi" görmüşəm. Lakin məqam çatanda, əsərin taleyi həll olunanda müəllifin xeyrinə çıxış edibsiniz.
Bir yerdə çalışdığımız illər ərzində hansısa dissertasiya işinə mənfi rəy yazdığınız, müdafiədə kiminsə əleyhinə səs verdiyiniz yadıma gəlmir. Təmənnasız olaraq neçə-neçə avtoreferatı, yazılacaq dissertasiya işlərinin planını ciddi redaktə etdiyinizin, dissertasiyaların əlyazmalarını oxuyub lazımi düzəlişlər aparmağınızın şahidi olmuşam.
Onun da şahidi olmuşam ki, şöbənizin əməkdaşları xatirinizi göylər qədər çox istəyirlər. İnstitutun əməkdaşları görkəmli alim və bütöv şəxsiyyət kimi Sizə böyük ehtiram göstərirlər. Bu, hər adama nəsib olmayan böyük xoşbəxtlikdir.
Bilirəm, hamı kimi Siz də yaşın nə tez keçdiyi barədə düşünür, fikrə qərq olursunuz. Qoy Xalq şairi Nəriman Həsənzadənin misraları təsəlliniz olsun:
Şöhrətin sevinci, yaşın kədəri,
Tərs kimi ikisi bir
vaxta düşür.
Sizə elmi fəaliyyətinizdə
yeni-yeni uğurlar, uzun ömür, möhkəm
cansağlığı arzulayıram.
Qəzənfər
PAŞAYEV
Respublika
Ağsaqqallar Şurası İdarə Heyətinin
üzvü,
Əməkdar
elm xadimi, professor
525-ci qəzet.- 2022.- 19 oktyabr.- S.13.