Fənn olimpiadaları: gələcəyə
geniş yol açan bilik yarışları
Ölkədə
istedadlı uşaqların aşkara
çıxarılması, onların elmi biliklərə həvəsləndirilməsi və rəğbətləndirilməsində
müxtəlif fənn
olimpiadalarının, bilik
yarışlarının
mühüm əhəmiyyəti var. Təhsil Nazirliyi tərəfindən istedadı və yaradıcı təfəkkürü
ilə fərqlənən şagirdləri aşkar etmək
üçün keçirilən fənn olimpiadaları
istedad və qabiliyyətləri ilə xarici ölkələrdən
olan həmyaşıdlarından geridə qalmayan gənclərimiz
üçün bilik yarışları, olimpiadalar həm də bir növ həyat məktəbidir.
Onların uğurlarının təməli məhz
bu məktəbdə qoyulur.
Sinqapur Milli Universitetinin tələbəsi
Nəriman Şirinli hazırda Sinqapurun Milli Universitetində (NUS) "Kimya mühəndisliyi" və
"Kimya elmləri" ixtisasları üzrə təhsil
alır. O, bir sıra beynəlxalq
olimpiadalarda ölkəmizi təmsil edərək uğurlar
qazanıb. Olimpiada hərəkatına ilk
marağı da hələ orta məktəbin aşağı
siniflərindən başlayıb.
Onun
dediyinə görə, VII sinifdən 11-ci sinfə qədər
kimya fənni üzrə yerli və beynəlxalq olimpiadalarda
iştirak eləmişəm.
Kimya fənni üzrə Azərbaycanın
qatıldığı 3 beynəlxalq kimya olimpiadasının
hər birindən 2 medal olmaqla, toplam 6 medal qazanaraq ölkəmizi
uğurla təmsil etmişəm.
2018-ci ildə IV Respublika Fənn müsabiqəsində gümüş, 2019-cu ildə
Respublika fənn olimpiadasında
gümüş, 2020-ci ildə
Respublika fənn olimpiadasında
qızıl, 2021-ci ildə "Sabahın alimləri"
Respublika müsabiqəsində qızıl, 2021-ci ildə Respublika fənn
olimpiadasında qızıl medallar almış, 2022-ci ildə
isə Respublika fənn olimpiadasında qızıl medalla yanaşı, "Birincilərin birincisi"
nominasiyasının qaliblərindən olmuşam.
Bundan əlavə,
2020-ci ildə Beynəlxalq Meqapolislər olimpiadasında
bürünc, 2021-ci ildə Beynəlxalq
Mendeleyev Kimya olimpiadasında bürünc, 2021-ci il Dünya
Kimya olimpiadasında bürünc, 2021-ci ildə Beynəlxalq
Meqapolislər olimpiadasında gümüş, 2022-ci ildə
Beynəlxalq Mendeleyev Kimya olimpiadasında gümüş və nəhayət, 2022-ci ildə Dünya Kimya olimpiadasında
gümüş medala layiq görülüb: "7-ci sinifdə
ilk dəfə biliyimi sağlam rəqabət mühitində
yoxlamaq qərarı verəndə bir gün beynəlxalq
olimpiadaya qatılmağı qarşıma məqsəd olaraq
qoymuşdum. 10 və 11-ci siniflərdə beynəlxalq
olimpiadalardan medal qazanaraq bu məqsədimə nail oldum.
Bu olimpiadalardan qazandığım medallar məni seçdiyim
ixtisas olan "Kimya mühəndisliyi" üzrə dünya
reytinq sıralamasında ilk 3-lükdə yer alan
NUS universitetinə qəbul prosesində çox köməkçi
oldu. Lakin mənim fənn olimpiadalarına olan
sevgim, sadəcə nüfuzlu universitetlərə qəbulu
asanlaşdırmaq ilə bağlı deyil. Qeyd etdiyim
kimi, bu yola başlayanda 7-ci sinif şagirdi idim və onda hələ
ki, universitet barədə düşünmürdüm. Fənn
olimpiadaları şagirdlərə sağlam rəqabət
mühitində öz istedadlarını kəşf etmək
imkanı yaratmaqdan əlavə, sizinlə eyni fənnə
marağı olan şagirdlərlə əlaqələr
qurmağa, onlarla çətin məsələlər və
ya mövzuları müzakirə etməyə, məktəb
proqramında olmayan ali mövzularla
bağlı çətinləşdirilmiş məsələlər
üzərində düşünməyə imkan yaradır. Bu da öz növbəsində sizin gələcəyin
tədqiqatçısı kimi formalaşmağınıza gətirib
çıxarır".
Nəriman
Şirinlinin sözlərinə əsasən, olimpiada hərəkatı
çox uzun bir prosesdir: "Tələbələr demək
olar ki, hər ay Təhsil İnstitutu tərəfindən
hazırlanmış beynəlxalq olimpiadalara seçimlər və
ya dərslərə qatılmaq üçün keçirilən
imtahanlarda iştirak edirlər. Bu imtahanların
bir neçəsində uğursuz olsanız, bu o demək deyil
ki, bu yolu davam edə bilməyəcəksiniz. Hər kəs ən azı bir imtahanda uğursuz olur.
Məni rəqiblərimdən fərqləndirən
bugünkü uğursuzluğuma sabahkı uğurumun
başlanğıcı kimi baxmağımdır. Riyaziyyat fənni üçün VI, təbiət
elmləri üçün VII və humanitar fənlər
üçün VIII-IX siniflərdən başlamaq şagird
üçün üstünlükdür. Çünki qeyd
etdiyim siniflərdən olan şagird Respublika fənn
müsabiqə və olimpiadalarında iştirak edə bilir.
Gec başlamaq rəqiblərinizin sizdən "1 il daha çox
məsələ işləməsi deməkdir". Şagirdlərə çalışmalarından əlavə
tək tövsiyəm əzmli olmalarıdır. Kimya fənnindən olimpiadalara qatılan şagirdlərə
isə tövsiyəm ingilis dili bacarıqlarını da
inkişaf etdirmələridir. Çünki
ölkəmizdə hələ ki, kimya fənnindən olimpiada
resursları məhduddur. Xarici olimpiadaların suallarının işlənilməsi
inkişafınız baxımından çox önəmlidir".
Müxtəlif
səviyyəli beynəlxalq olimpiadalarda medal qazanan, hazırda
dünyanın ən yaxşı universitetləri
siyahısında 12-ci yerdə olan Sinqapurun Nanyanq Texnologiya
İnstitutunda (NTU) təhsil alan Məshəti
Piriyevadır. Təkcə Sinqapurun deyil, həm də dünyanın ən
reytinqli ali təhsil müəssisələrindən birində
ali təhsil imkanı qazanmış M.Piriyeva Azərbaycanın olimpiada hərəkatında
uğurları ilə seçilən gənclərimizdəndir.
Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü
liseyin məzunu olan M.Piriyeva orta təhsilini xüsusi
nailiyyətlərlə başa vurduğuna görə
qızıl nişanla təltif olunub. Məktəb
illərində kimya fənni üzrə respublika və bir
neçə beynəlxalq olimpiadalarda iştirak edib. Respublika fənn olimpiadalarından 1 gümüş,
2 qızıl, beynəlxalq fənn olimpiadalarından isə 3
bürünc medal qazanıb.
Bilik yarışlarında əldə etdiyi uğurlar onu
ali təhsilini xaricdə davam etdirməyə
stimullaşdırıb. Hazırda "Gənclərin
xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022-2026-cı illər
üçün Dövlət Proqramı" çərçivəsində
2022-2023-cü tədris ilindən
Sinqapurun Nanyanq Texnologiyalar Universitetində Kimya mühəndisliyi
ixtisası üzrə təhsil alır: "Fənn
olimpiadaları mənim üçün ayrıca bir məktəb
olub. Həm oxu vərdişlərimi,
araşdırma bacarığımı, akademik
bacarıqlarımı müsbət mənada dəyişib.
Beynəlxalq olimpiadada daha dərin konseptləri
bilməyimiz tələb olunur. Elmin daha dərinliklərini
öyrənmək mənim bu yola olan həvəsimi
artırdı və xaricdə Kimya mühəndisliyi üzrə
təhsil almağı qərar verdim. Olimpiadada
qazandığım uğurlarda məktəbimizin və beynəlxalq
olimpiada mərkəzinin müəllimlərinin rolu əvəzsizdir.
Həvəsli olduğumuz sahəni tapıb ona
doğru əzmlə irəliləsək, o sahədə
uğur qazanmaq qaçılmazdır. Ölkəmizdə
6-7- ci siniflər üçün hər il
fənn müsabiqələri təşkil olunur. Bu yaşdan olimpiadalarda iştirak etmək
böyük üstünlükdür. Öz
olimpiada təcrübələrimi məktəbimizin şagirdləri
ilə bölüşürəm. Onlarla
birlikdə vaxt tapdıqca məsələlər həll etməyə
çalışırıq".
Sinqapurun
dünya şöhrətli ali təhsil müəssisələrindən
olan Nanyanq Texnologiya
Universitetində təhsil alan Vaqif Əliyev bildirib ki, orta məktəbdə
oxuyarkən öncədən riyaziyyata və fizikaya
böyük marağı olub: "VII sinifdə fənn
müsabiqələrində uğur qazandıqdan sonra beynəlxalq
olimpiadalara marağım daha da artdı. IX sinifdə Respublika fənn
olimpiadalarından qızıl medal aldıqdan sonra beynəlxalq olimpiadalara hazırlaşdım. X sinifdə
51-ci Beynəlxalq Fizika Olimpiadasında (IPhO 2021) iştirak
etdim. XI sinifdə isə
Qazaxıstanın Almatı şəhərində keçirilən
18-ci Beynəlxalq Jautikov Olimpiadası (IZhO 2022) və
Sloveniyanın paytaxtı Lyublana şəhərində
keçirilən 6-cı Avropa Fizika Olimpiadasından (EuPhO 2022)
bürünc, Gürcüstanın Kutaisi şəhərində
keçirilən 15-ci Beynəlxalq Astronomiya və Astrofizika
Olimpiadasında (IOAA 2022) həvəsləndirici mükafat
qazandım. Ümumilikdə,
orta məktəbi Respublika fənn
olimpiadalarından 2 qızıl, 1 gümüş, beynəlxalq
olimpiadalardan 3 bürünc, 1 həvəsləndirici
mükafatla bitirdim. Olimpiadalarda iştirak etməyimin
həyatımda rolu çox böyükdür. Bəlkə də məktəbdə oxuyarkən
verdiyim ən düzgün qərarlardan biri olimpiadalara
hazırlaşmaq, qatılmaq idi. Mənim fikrimcə,
olimpiadalarda iştirak etməyim fizika və əlaqəli sahələrdə
daha dərin biliklərə sahib olmağıma kömək
etdi, bir
növ, təbiətin
qanunlarını, kainatı daha yaxşı anlamağım və məsələləri
daha ətraflı düşünməyim üçün
faydalı oldu. Həmçinin,
beynəlxalq olimpiadalarda iştirak etmək dünyanın
müxtəlif yerlərindən istadadlı şagirdlərlə
görüşmək, yarışmaq, vaxt keçirmək, məsələləri
müzakirə etmək və
dünyagörüşünü inkişaf etdirmək kimi fürsətlər
yaradır. Digər tərəfdən isə
olimpiada iştirakçısı olmağım universitetlərə
qəbul prosesində faydalı oldu və hazırda universitet dərslərimdə
də faydasını görürəm".
Onun dediyinə görə, olimpiadalara 6-ci və ya 7-ci
sinifdə başlamaq lazımdır. Çünki o yaşlarda şagirdlərin
olimpiadalara hazırlaşmaq üçün kifayət qədər
riyaziyyat bilikləri olur və artıq təbiət elmlərini
öyrənməyə başlayırlar: "Olimpiadaya
hazırlaşan şagirdlərə bir neçə dəfə
uğursuz olduqda hazırlığı dayandırmaq yerinə
daha çox hazırlaşmağı tövsiyə edərdim.
Hazırlıq prosesində məncə, ilk
öncə nəzəri hissənin mükəmməl öyrənilməsi
vacibdir. Son 2
ildir, Beynəlxalq astronomiya və astrofizika olimpiadasına
hazırlaşmağa və iştirak etməyə
başlamışıq. Ölkəmizdə
bu sahə də inkişaf edir. Ancaq bu olimpiadaya
hazırlaşarkən dilimizdəki elmi mənbələrin az olması mənim bir neçə xarici
kitablardan, internetdəki mənbələrdən
hazırlaşmağıma, daha çox araşdırma etməyimə
səbəb oldu. Nəticədə, müəyyən
mövzuları öyrənməyə daha çox vaxt sərf etməli oldum. Vaxtın limitli
olduğunu nəzərə alsaq, bu, nəticəyə mənfi təsir
göstərdi. Bu il həmin olimpiadaya
hazırlaşacaq Azərbaycan komandasına hazırlıq
prosesində kömək etməyi, iştirak etdiyim və
hazırlaşdığım dövrdəki təcrübələrimi
onlarla bölüşməyi düşünürəm".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 19 oktyabr.- S.12.