"Azərbaycanı Süveyş
kanalı iqtisadi zonasına investisiya qoymağa dəvət
edirik"
Misir Ərəb Respublikasının
Azərbaycandaki səfiri: "Əməkdaşlığın
inkişafı üçün yol xəritəsinin hazırlanması
vacibdir"
Misir Ərəb Respublikasının (MƏR)
Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid "525-ci qəzet"ə müsahibə verib. Məlumat üçün
bildirək ki, səfir 1991-ci ilin noyabr ayında Misir Xarici
İşlər Nazirliyində işə başlayıb. İlk
diplomatik fəaliyyəti Səudiyyə Ərəbistanının
Ciddə şəhərində Baş konsulluqda olub. Daha sonra Çexiyada, Zimbabvedə, İndoneziyada
çalışıb. Azərbaycandan əvvəl
ölkəsinin Burkina-Fasoda səfiri olub.
- Cənab
səfir, bir müddətdir Azərbaycandasınız, yəqin
ki, ilkin təəssüratlarınız var...
-
Birincisi, onu deyim ki, Azərbaycan çox təhlükəsiz,
sabit, gözəl ölkədir. İnsanlarla təmas
qurmaq da çox yaxşıdır, lakin mənə görə,
maneə yaradan bir məqam var, o da dillə bağlıdır.
Çalışırıq ki, tərcüməçinin
köməyi ilə bunu da aradan qaldıraq. Azərbaycanda çox gözəl gəzməli-görməli
yerlər var, yəni ölkəniz turizm baxımından cəzbedicidir.
Düşünürük ki, gələcəkdə
Azərbaycan daha çox inkişaf edəcək, irəli gedəcək.
-
Diplomatik fəaliyyətiniz müddətində nə kimi
prioritetləriniz olacaq? Sizcə, iki ölkənin
əlaqələrində hansı sahələrin
inkişafı üçün addımlar
atılmalıdır?
- Bir
çox sahələri qeyd etmək olar. Mən Azərbaycana gəlməzdən
az əvvəl iqtisadiyyat, texnologiya, ticarət
və s. sahələrini əhatə edən Misir-Azərbaycan
Hökumətlərarası Müştərək
Komissiyanın geniş tərkibdə iclası keçirildi. Mənə
ölkəmin xarici işlər naziri tərəfindən iki
dövlət arasındakı istər siyasi, istər iqtisadi, mədəni,
təhsil, ümumiyyətlə, bütün sahələrdə
əlaqələrin gücləndirilməsi üçün
iş aparmaq tapşırıldı. Bu ilin iyul
ayında Misirin xarici işlər nazirinin Avropa işləri
üzrə müavini İhab Talaat Nasr Azərbaycanda səfərdə
oldu və iki ölkə arasında siyasi məsləhətləşmələr
keçirildi. Nazir müavini səfər zamanı Azərbaycanda
yüksək səviyyəli məsul şəxslərlə -
Prezidentin köməkçisi Hikmət Hacıyevlə, xarici işlər naziri Ceyhun
Bayramov, müavini Fariz Rzayevlə, həmçinin, SOCAR-da, Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyində
görüşlər keçirdi. Səhiyyə
naziri, iqtisadiyyat nazirinin müavini ilə də
görüş oldu. Məqsəd müxtəlif
sahələrdə inkişafa dəstək, töhfə vermək
idi. Biz Azərbaycanın müxtəlif
qurumlarına əməkdaşlıq üçün təklifləri
təqdim etdik. Hazırda Azərbaycan tərəfindən
həmin təkliflərə cavab gözləyirik. İki ölkə arasında bütün sahələrdə
əməkdaşlığın inkişaf edirilməsi
üçün yol xəritəsinin hazırlanması
vacibdir. Çox sevindirici haldır ki, bu il 19 apreldə
etimadnaməmi cənab Prezident İlham Əliyevə təqdim
etdim, orda vurğulandı ki, iki ölkə arasında siyasi,
iqtisadi sahədə əməkdaşlıq gücləndirilsin,
inkişaf etdirilsin. Qeyd etmək istəyirəm
ki, biz iki ölkənin rəhbərliyinin birgə tövsiyə
etdiyi yol xəritəsinin əsasında hərəkət
edirik. Bütün hallarda Misir tərəfindən
təqdim edilən təkliflərə Azərbaycandan cavab
gözləyirik.
- Misir
üçün Azərbaycan iqtisadiyyatının hansı sahələri
cəlbedicidir?
- İnfrastruktur, kənd təsərrüfatı, əczaçılıq
sahəsini vurğulaya bilərəm. Misir tərəfi istəyir
ki, dərmanları Azərbaycanda qeydiyyatdan keçsin. Təklif
Azərbaycana təqdim edilib, iş gedir,
ölkə rəsmiləri ilə görüşlər əsnasında
onların bu sahələrlə bağlı əməkdaşlığa
müsbət yanaşdıqlarını gördüm. Artıq bu istiqamətdə bir hərəkətlilik
var.
- Cənab
səfir, bildiyiniz kimi, Azərbaycan 44 günlük müharibənin
nəticəsi olaraq ərazilərini işğaldan azad etdi. İndi həmin ərazilərində sürətli
bərpa-quruculuq işləri aparılır. Bildiyimə görə, Misir şirkətləri də
bu prosesə qoşulmaq istəyirlər. Hazırda
bununla bağlı əməkdaşlıq var?
- Mən Ağdamda və Kəlbəcərdə
olmuşam.
Orda qurulan infrastruktur, aparılan tikinti işləri ilə tanış olduq. Misir şirkətlərinin
marağına gəldikdə, bəli, bu maraq var. Bəzi Misir
şirkətləri həmin ərazilərdə
çalışmağa maraq göstərirlər. Düşünürəm ki, bunun üçün
Azərbaycandan da Misirə nümayəndə heyəti getməlidir,
çünki bu proseslər qarşılıqlı səfərlər
əsnasında baş tutur. Enerji sahəsinə
gəldikdə, biz SOCAR-da keçirilən görüşdə
bu məsələni də müzakirə etdik. Yəni biz hər bir sahədə əməkdaşlıq
etməyə hazırıq və təklif etdik ki, əgər
Misirdən nümayəndə heyətinin bura gəlməyinə
ehtiyac varsa, onu da təşkil edə bilərik. Yaxud burdan Misirə nümayəndə heyəti getməlidirsə,
buna şad olarıq.
- Bu il ərzində qaşılıqlı səfərlər
nəzərdə tutulub?
- Prezident
İlham Əliyev tərəfindən Misir Prezidenti
Əbdülfəttah əs-Sisi Azərbaycana rəsmi səfərə
dəvət edilmişdi. Səfər 2019-2020-ci
illər üçün nəzərdə tutulmuşdu.
Səfərin baş tutması ərəfəsində
pandemiya başladığı üçün təxirə
salındı. 2019-cu ildə Bakıda
Qoşulmama Hərəkatının Zirvə
toplantısında iştirak etmək üçün Misirin
xarici işlər naziri Bakıya gəlmişdi. Bu günlərdə BMT Baş Assambleyasının
sessiyasında Azərbaycan və Misirin xarici işlər nazirləri
arasında görüş oldu. Görüş
əsnasında Misirin XİN rəhbərinin və Prezidentinin
Azərbaycana səfəri mövzusu müzakirə olunub.
Həmçinin, bu ilin noyabrında Misirdə
BMT-nin İqlim dəyişikliyi ilə bağlı çərçivə
konvensiyasının konfransı (COP27) olacaq. Ona görə də noyabra qədər bu səfərin
baş tutacağı gözlənilən deyil. Çünki hamı məşğul olacaq. Konfransdan sonra səfərin baş tutması
üçün vaxtın təyin edilməsi prosesinə
başlanıla bilər. Misir Prezidenti 7-8
noyabr tarixlərində Şarm əl-Şeyxdə keçiriləcək
hökumət və dövlət
başçılarının dəvət aldığı
bu konfransda iştirak üçün Prezident İlham
Əliyevə rəsmi dəvət göndərib. Arzu edirik ki, Azərbaycanın dövlət
başçısı bu Zirvə toplantısında
iştirak etsin.
- Yeri gəlmişkən,
hazırda Azərbaycanla Ermənistan arasında sülh
müqaviləsinin imzalanması, kommunikasiyaların
açılması üçün danışıqlar
aparılır. Bu proseslə bağlı ölkənizin
mövqeyi nədən ibarətdir?
- Misir tərəfinin
mövqeyi çox sadədir. Misirin xarici işlər
naziri azərbaycanlı həmkarı ilə
görüşündə deyib ki, biz məsələlərin
sülh və danışıqlar yolu ilə həll
olunmasının tərəfdarıyıq. Biz istəyirik ki, məsələ sülh yolu ilə
həll edilsin ki, xalqlara zərər verməsin. Sülh yolu ilə həll bir model olacaq. Sülhün bərqərar olması isə regionun
iqtisadi cəhətdən inkişafına öz töhfəsini
verəcək. Bununla yanaşı, ətraf
dövlətlərə də faydalı olacaq. Kim olduqlarından asılı olmayarq, vasitəçilərə
fəaliyyətinin uğurlu olmasını arzu edirik. Əsas olanı sülhün bərqərar
olması, hər şeyin qaydasına düşməsi və
bunun regiona töhfə verməsidir.
-
Pandemiyanın zəifləməsi dünyada turizmi yenidən
canlandırmağa başlayıb. Azərbaycanla
turizm sahəsində əməkdaşlığın
genişləndirilməsi üçün nə kimi planlar
var?
- Misirlə Azərbaycan arasında birbaşa hava
uçuşları bərpa edilib. Pandemiyaya görə
reyslər dayandırılmışdı. Bu il 18 martda Bakı-Şarm əl-Şeyx reysləri
bərpa olundu. Çalışırıq ki,
Azərbaycandan gedən turistlərin sayı çox olsun və
reyslərin sayı artırılsın. Tərəfimizdən
bu məsləyə baxılır. Biz azərbaycanlı
qardaşlarımızı Misirə səfərə təşviq
edirik. Xüsusən də Şarm əl-Şeyx,
Hurqada qış aylarında hava isti olur. Azərbaycandan
səfər edən turistlər daha çox Şarm əl-Şeyxə
diqqət edir. Amma mən təklif edərdim
ki, Luksoru, Gizanı, Asuanı, Santi Katrini və başqa tarixi
yerləri görsünlər. Çünki
orda görmədiklərini görəcəklər.
İstəyərdik ki, ora bal ayına
getsinlər.
- Bəs Misirə gələn turistlərin sayı
qaneedicidir?
- Xeyr,
Rusiya-Ukrayna müharibəsi turistlərin sayına təsir
etdi. Amma digər ölkələrdən, məsələn,
Almaniya, Britaniyadan gələnlərin sayı artır.
- Azərbaycanın
regionlarının turizm, əməkdaşlıq
baxımından potensialını necə qiymətləndirirsiz?
-
Açıq deyim ki, Azərbaycan bu inkişafla getsə, hər
sahədə, o cümlədən, turizm baxımından
çox yüksək səviyyəli bir mərkəzə
çevriləcək.
- Cənab
səfir, iqtisadi sahədə əlaqələrin səviyyəsi
ürəkaçan deyil. Bu istiqamətdə
inkişaf üçün hansı addımlar atıla bilər?
- Hər iki tərəfdən biznes şuraları var, onun fəaliyyətini aktivləşdirmək lazımdır. Biznesmenlərin qarşılıqlı səfərləri, ticarət dövriyyəsinin artırılması zəruridir. Mövcud rəqəmlər iki ölkənin potensialına cavab vermir, qarşılıqlı investisiya məsələsini vurğulamaq istəyirəm. Biz Azərbaycan tərəfini Süveyş kanalı iqtisadi zonasına investisiya qoymağa dəvət edirik. Həmin zonaya böyük dövlətlər, məsələn, Çin investisiya qoyur. Bu onu göstərir ki, o zonada potensial var. Misirdə azərbaycanlıları görməyə şadıq, gəlin müzakirə edin, hansı potensial imkanların mövcud olduğunu öz gözlərinizlə görün.
- Rusiya-Ukrayna müharibəsi Avropanı enerji böhranı ilə üz-üzə qoyub. Misir qazı Avropa üçün alternativə çevrilə bilər?
- Bizdə qaz yataqları var, İtaliyanın ENİ şirkəti ilə bərabər kəşflər olub. Azərbaycanla Misir arasında bu sahədə əməkdaşlığın olmasına sevinərik. Avropaya gəlincə, bizdə o xətt var, bir də Misir-İsrail-Avropa arasında belə xətt mövcuddur. Misirdə qaz stansiyaları var və o, Avropaya ixrac edir. Bunun artırılması isə imkana bağlıdır.
- Misir və Türkiyə münasibətlərinin normallaşması üçün bir sıra addımlar atıldı. Bu gün iki ölkələrin münasibətləri nə yerdədir?
- Misirlə Türkiyə arasında danışıqların 4 raundu keçirilib. Mövzuya baxılır, öyrənilir. Hələ ki, əlavə yeni nəsə yoxdur.
- Cənab səfir, Misir Mədəniyyət Mərkəzinin yenidən açılması gözlənilir?
- Mədəniyyət Mərkəzi mədəniyyət
sahəsində vacib aspektlərdən biridir. Bu mərkəzlər
diplomatiyanın və siyasətin tamamlanması
üçün mühüm amil sayılır, xalqlar
arasında əlaqələrin yaranmasına öz töhfəsini
verir. Arzu edirik ki, gələcəkdə öz fəaliyyətini
bərpa etsin və bu mövzuya baxılır.
Pərvanə
SULTANOVA
pervane525@mail.ru
525-ci qəzet.- 2022.- 19 oktyabr.- S.11.