Türk Dünyasının Ərzincan
görüşü
Beynəlxalq Türk Dünyası Simpoziumu yeni əsrin
daha bir müjdəçisi oldu
9-12 oktyabr 2022-ci il tarixində Türkiyənin Ərzincan vilayətində Beynəlxalq Türk Dünyası Simpoziumu keçirildi. Simpozium, Ərzincan Binəli Yıldırım Universitetinin ev sahibliyində Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın rəhbərliyi və Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyinin himayədarlığı ilə təşkil edilmişdi. Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın Ulu öndər Heydər Əliyevin "Bir millət iki dövlət" konsepsiyasından qaynaqlanan açılış nitqini "Simpoziumun Manifesti" hesab etmək olar. "Deyirdik ki, biz bir millət, iki dövlətik. İndi biz bir millət, yeddi dövlətik. Bəlkə daha da artacağıq. Ərzincanda keçirdiyimiz bu milli simpozium yeni əsrin müjdəçisidir".
Daha sonra Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının Azərbaycan üzrə sədri Həsən Həsənov iştirakçılara Azərbaycan Prezidenti İlham Əliyevin salamını çatdırdı, simpoziumun işinə uğurlar dilədi. Türk dövlətlərinin müstəqilliyi və birliyinin ölkələrimizin gələcəyi baxımından ən önəmli hədəflərdən biri olduğunu vurğulayan Həsən Həsənov Azərbaycanın 44 günlük Vətən müharibəsi və şanlı Zəfərimizdən fəxrlə söz açdı, bu savaş dövründə başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla qardaş dövlətin və dost xalqın daim Azərbaycanın yanında olduğunu minnətdarlıqla yada saldı. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli AMEA-nın hədiyyəsini məclisin təşkilat komitəsinə təqdim etdi. Binəli Yıldırım Universitetinin rektoru, professor Akın Levent, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar çıxışlarında türk birliyinin əhəmiyyətini xüsusi vurğuladılar.
Bu nüfuzlu elmi toplantıda Azərbaycanı Milli Məclisin deputatları, akademiklər, elm adamlarından ibarət 35-ə yaxın nümayəndəlik heyət təmsil etdi. Türk dövlətlərinin hər birindən çox sayda elm, siyasət və sənət adamının iştirak etdiyi bu tədbirdə dinlənilən məruzələrdə türk tarixi və mədəniyyəti, eləcə də onun keçmişi, bu günü və perspektivləri ilə bağlı dəyərli məlumatlar verildi, fikirlər irəli sürüldü. Toplantıda Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli, akademik Nizami Cəfərov, akademik İsmayıl Hacıyev, akamedik Teymur Kərimli, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Əziz Ələkbərli, filologiya elmləri doktoru, professor Nadir Məmmədli, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, filologiya elmləri doktoru, professor Vaqif Sultanlı, filologiya elmləri doktoru Lütviyyə Əsgərzadə, filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova, filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Qasımova, filologiya üzrə fəlsəfə doktoru, dosent İradə Məmmədova, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov və başqalarının da məruzələri dinlənildi.
Beynəlxalq Türk Dünyası Simpoziumunun Təşkilat Komitəsinin üzvü professor Əli Kafkasyalı Ərzincanda keçirilən bu böyük miqyaslı proqramın bir çox cəhətdən əhəmiyyətini vurğuladı. "Türk dünyasından yüzlərlə dəyərli elm insanı və müdrikləri Anadolunun tarixi şəhəri olan Ərzincanda bir araya gəldi. Türk Dünyasına xitab edilən bu çox geniş miqyaslı proqramı 1926-cı il Birinci Bakı Türkoloji Qurultayının ikincisi hesab etmək olar. Bu günə qədər keçirilən proqramlardan fərqli olaraq, Türk Dünyası Simpoziumu beynəlxalq olsa da, tamamilə türkdilli bir simpozium olmuşdur. Bu xüsusiyyət bəlkə də ən əhəmiyyətlisidir. Onu da deyim ki, bizim məqsədimiz türkçülük və millətçiliyi təbliğ etmək deyil. Məqsədimiz dünyada bir çox problemlərlə mübarizə aparan məzlum insanların ümid yeri, sığınacağı olan Türkiyəni gücləndirmək, dünyanın qlobal problemlərinin həllinə töhfə vermək üçün qardaş və qohum xalqlarla ortaqlıqlar qurmaqdır".
Tədbir çərçivəsində simpoziumun birinci günündən başlayaraq keçirilən bütün panel və iclaslarda ortaq əlifba, ortaq terminalogiya, ortaq ünsiyyət dili, ortaq ədəbiyyat, ortaq tarix, ortaq musiqi, ortaq təhsil və təlim mövzuları müzakirə olunaraq, elmi araşdırmalarda ortaq platforma yaratmağın vacibliyi qeyd olundu.
Simpoziumun Təşkilat Komitəsinin sədri professor Abdulkadir Gül qeyd etdi ki, "Bu elmi toplantıda Türk Dövlətləri Təşkilatının 2040-cı il vizionu əsas götürülərək, ortaq bir ağıla əsaslanan səmərəli təklif və layihələrin həyata keçirilməsi üzərində iş aparılması planlaşdırıldı. Bu planın həyata keçirilməsi ilə Türk dünyasındakı işgüzar əməkdaşlıq çoxölçülü şəkildə möhkəmlənəcək və dərinləşəcəkdir".
İdarə heyətində AMEA Folklor İnstitutunun dosenti İlhamə Qəsəbovanın da yer aldığı bu simpoziumda ilk növbədə Türk Dünyasındakı problemlərin müəyyənləşdirilməsi, daha sonra isə onların həlli yolu ilə bağlı təkliflər diqqət mərkəzində oldu və türk xalqlarının tarixi, gələcəyi baxımından son dərəcə səmərəli təkliflərə imza atıldı.
Aynur İBRAHİMOVA
525-ci qəzet.- 2022.- 19 oktyabr.- S.9.