"Müharibə ilə bağlı
filmlərə böyük vəsait lazımdır"
Xalq artisti Məmməd
Səfa: "İllər keçir, adam sonra baxıb
düşünür ki, kaş bunu elə yox, belə edəydim"
Müsahibimiz Xalq artisti Məmməd Səfadır.
Uzaqdan qıvrım saçlarını görəndə
"Ovsunçu" filmindəki
"Qıvrımsaç" rolunu xatırlayıram. Düzdür, indi o saçlar seyrəlib, rəngi
ağarıb, amma üzündəki zəhm həminkidir. Niyəsini bilmirəm,
o rolun məndə yeri başqadır. Bəs
görəsən, onun özü üçün bir başqa
olan rol varmı? Söhbətimizə elə
bu sualla başlayırıq.
- Sizin
üçün bir başqa olan rolunuz varmı?
- Əvvəla, mən şəhidlərimizə Allahdan
rəhmət diləyirəm. Allah onların əzizlərinə səbr,
dözüm versin. Allah qazilərimizə də
cansağlığı versin. Biz çox
tarixi anlar yaşayırıq. Elə hadisələr
baş verdi ki, mən şəxsən hələ
onların qiymətini verə bilmirəm. Buna
görə ordumuza, Ali Baş Komandana borcluyuq. Allah ordumuza güc versin.
Sualınıza gəldikdə isə mənim
üçün rollarımın heç bir fərqi yoxdur. Mən fərq
qoya bilmirəm. Hər rolda edə bilmədiyim şeylər
var. İllər keçir adam sonra
baxıb düşünür ki, kaş bunu elə yox, belə
edəydim. Ancaq bu, kinoda mümkün olan şey
deyil, kino bir dəfə çəkilir. Teatrda
isə canlı sənət olduğuna görə yenidən
qayıtmaq, yenidən başqa bir ab-havada başqa yeniliklər
gətirmək mümkündür. Ona görə də
bütün diqqətini toplamalı və elə bir iş
ortaya qoymalısan ki, sonra səndə peşmanlıq
olmasın.
- Onda
dolayısı ilə teatr, yoxsa kino sualının
cavabını verdiniz.
-
Ümumiyyətlə, teatr və kino tamam başqa peşələrdir.
- Amma
ikisində də aktyor var.
- Birində
canlı aktyor, tamaşaçı ilə ünsiyyət var.
Biri isə incəsənətin tamam başqa
növüdür. İkisini də vacib hesab edirəm.
Hətta deyərdim ki, kino hardasa teatrdan da indiki
halda daha vacibdir.
- Niyə?
- Məsələn,
indi bizim qalibiyyətimizi dünyaya çatdırmaq
üçün kinonun auditoriyası daha geniş, imkanları
daha böyükdür.
-
Hazırkı kinomuz bu həqiqətləri dünyaya
çatdıra bilir ki, məgər?
- Bunun bəlkə
də, hansısa səbəbləri var, mən bilmirəm. Amma mən bir şeyi dəqiq bilirəm ki,
hansısa gözəl bir filmi ortaya qoymaq üçün
böyük maliyyə vəsaiti olmalıdır və peşəkar
insanlar ora toplanmalıdır. Müharibə
ilə bağlı filmlərə böyük vəsait
lazımdır və bütün vəsait filmə sərf
olunmalıdır.
-
Böyük vəsait tələb edən döyüş səhnələri
tutaq ki, çəkildi. Bəs döyüşənlər
necə? Onları da hardansa gətirəcəklər?
- Mən
hesab edirəm ki, bizim çox gözəl aktyorlarımız,
rejissorlarımız var. Mən hazırkı vəziyyəti qənaətbəxş
hesab edirəm, ümumiyyətlə, bizim aktyor sarıdan
heç vaxt qıtlığımız olmayıb.
- Həmişə
düşünmüşəm ki, siz silaha
yaraşırsınız, üzünüzdəki zəhm
ciddi rollarınıza xüsusi rəng verir. Məsələn,
mən sizi komik rolda heç təsəvvür edə bilmirəm.
- O sizə
elə gəlir. Mən tamaşalarda komik rol
oynamışam. Kinoda da komik rol oynaya bilərəm.
Hətta deyərdim ki, bu günə qədər
oynadığım rollardan da yaxşı oynayaram. Komediya ciddilikdən doğan bir şeydir. Məndə bunu qarşı tərəf görməli,
qarşı tərəf duymalıdır. Tamaşanın,
filmin sahibi rejissordur. Əgər
görmürlərsə, bu, onların problemidir.
- Bir
tamaşaçı kimi şəxsən mən də sizi elə
görə bilmirəm.
- Bu da
artıq sizin probleminizdir.
- Bildiyim
qədərilə sizdən imtahanı Adil İsgəndərov
götürüb. Deyəsən, o da ilk
başda sizin xarakterinizi tam görə bilməyib. Buna görə heç incimisiniz ondan?
- Əvvəl hirsim var idi Adil müəllimə. Allah ona rəhmət
eləsin. Deməli, o vaxt sənədlərimi İncəsənət
İnstitutunun Teatr və kino aktyorluğu fakültəsinə
verdim. Qabiliyyət imtahanını Adil İsgəndərov
götürürdü. Adil müəllim
mənə dörd dənə üç yazmışdı.
İmtahandan sonra heç vaxt Adil müəllimlə
qarşılaşmadım. Yadımdadır, otağa
çağırıb dedi ki, qada, gəl, qada, etüdü
göstər, qada, şeiri de. Özü də
gözləri yumulu idi, heç mənə baxmırdı.
Sonra dedi ki, çıx çöldə gözlə, sənə
deyərlər. Kəsdi məni, dörd dənə
üç yazmışdı (gülümsünür).
- Bu
üçlərə görə neçə il
itirdiniz?
- Bu qiymət
illərimi almadı, əksinə, illərimi mənə
qaytardı. Çünki mən orta məktəbi
bitirib gəlmişdim, beləcə konkursa düşdüm,
gedib Mədəni Maarif Texnikumunda oxudum, orda üç ilim
getdi. Üç ildən sonra qəbul
oldum. Ali məktəbə imtahan verdiyim
uşaqlar dördüncü kursda olanda mən birinci kursda
oxuyurdum. Onların diplom tamaşasında
oynamışdım.
- Nə
yaxşı o üç ildə həvəs ölmədi?
- Bilmirəm.
Yəqin ki, peşəyə sevgidən irəli
gəlirdi. Mənim ailəmdə, nəslində
heç vaxt kimsə bu peşə ilə bağlı
olmayıb ki, deyim ki, ona baxdım, sevgimi qoruyub saxladım.
- Siz həm
də peşə bəxtinə inanan adamlardansınız.
- İnanıram. Xüsusilə də aktyor sənətini
mən həmişə bəxtə bağlayıram. Allah-təala sənə bütün imkanları verə
bilər - boy-buxun, yaraşıq, istedad. Yaxşı
sənə bəxt verməsə neyniyəcəksən?
- Axı
çox şey həm də insanın öz əlindədir.
- Mənə
elə gəlir ki, öz əlində deyil. Təbii
ki, sən işləməlisən, öz üzərində
çalışmalısan. Amma o rol da sənə
qismət olmalıdır. O qədər aktyorlar var ki, həmin
bəxti tale onlara yetirməyib.
- Məsələn?
- Ad
çəkmək istəmirəm.
- Məmməd Səfa adı var onların içində?
- Mənim
də içimdə düşündüklərim, istədiyim
rollar var ki, hələ qarşıma çıxmayıb. Mən hesab eləmirəm ki, mənim peşə bəxtim
gətirib.
- Sizin
xarakterinizi açmaq həmişə mənə çətin
gəlib. Kənardan çox ölçülü-biçili
adam kimi görünürsünüz.
- Mən
görünmürəm, mən eləyəm. Axı məsuliyyətimi
hiss edirəm. Mən dəyərlərə
çox bağlı adamam, adət-ənənələrimizə,
yazılmayan qanunlara çox bağlıyam.
- O adətlərin
içərisində pislər də var amma.
- Pislə
mənim nə işim? Hər yerdə pis də
var, yaxşı da var. Yaxşını götürək də.
Məsələn, adətlərimizin içində
pis hansı var?
- Elə
adətlər var ki, insanı özü olmağa qoymur.
- Məsələn,
o hansı adətdir ki, məni özüm olmağa qoymur?
- Məsələn,
siz qadın olsaydınız, o adətlər sizə bəzi
baş rolları oymağa qoymayacaqdı.
- Elə
yerdən vurdunuz ki (gülümsəyir). Hər
şey ondan ibarət deyil axı. Məsələn,
menyuda çox şeylər var. Elə şey var ki, onun
olmamağı mənim üçün əhəmiyyətli
deyil, onun olmamağı böyük bir fərq yaratmır.
Vacibdirmi bu olsun? Məqamlar
var ki, onu gözə soxmaq, önə çəkmək
lazım deyil. Bəlkə daha qiymətli məqamlara
üstünlük verək?
- Bəs
sənət həyatın hər üzünə işıq
tutmaq deyil?
- Biz azərbaycanlıyıq
axı. Bizim adətlərimiz var, onları poza
bilmərik. Qadın-qız bizim
başımızın tacıdır.
-
Qızınız var?
- Bəli,
var.
-
Qızınız hansı peşə ilə məşğuldur?
- Qızım Bakı Dövlət Universitetində tarix
üzrə magistratura təhsili alır, oğlum isə Texniki
Universitetdə silah sistemləri mühəndisliyi üzrə
oxuyur.
-
Onları bu sənətə gəlməyə siz
qoymadınız, yoxsa özləri istəmədi?
- Həm
mən qoymadım,
həm də özləri istəmədi.
- Daha
çox hansı?
- Əgər mən imkan versəydim, oğlum gələrdi,
mən imkan vermədim, düşündüm ki, bundan da
önəmli peşələr var.
- Məgər
aktyor sənəti önəmsiz peşədir?
- Yox, yəni dedim ki, bu önəmli peşə ilə mən məşğul oluram, sən başqa bir önəmli peşə ilə məşğul ol. Aktyorluq çətin peşədir, çətin sənətdir. Sən ömrünü bura həsr edirsən, bir də anlayırsan ki, ömür getdi, nəticə yoxdur. Aktyor peşəsində hələ-hələ nəticə ortaya gəlmir. Bu da bir bəxtdir. Mən o uşağı bəxti ilə üz-üzə qoyummu?
- Bu suala cavab vermək çətindir... Bu gün siz həm də pedaqoji fəaliyyətlə məşğulsunuz. Pedaqoji fəaliyyət sizə yaradıcılıqda mane olmur ki?
- Pedaqoji fəaliyyət mənə heç vaxt mane olmayıb. Əksinə. Çünki mən özüm də böyük müəllimlərdən dərs almışam. Həmişə demişəm ki, müəllimi yaşadan onun tələbələridir.
- Necə ki siz Vaqif İbrahimoğlunun yolunun layiqli davamçısı kimi hələ də YUĞ Teatrındasınız.
- Mən otuz ildən çoxdur ki, o teatrla
bağlıyam. Bu da bir taledir, qismətdir. İnstitutu qurtarandan
sonra Vaqif müəllimlə görüşəsi, bir yerdə
işləyəsi olduq. Allah müəllimə
rəhmət eləsin. Sizcə, biz
bir-birimizi başa düşməsəydik, uzun illər bir
yerdə işləyə bilərdik? Otuz il
bir yerdə qalmaq, işləmək... Otuz il
az müddət deyil, ömrün yarısı deməkdir, bir
igidin ömrüdür.
- Təəssüf
ki, bu igid ömür qəriblikdə keçir. YUĞ Teatrının binası problemi öz həllini
tapmır ki, tapmır.
- Teatrın öz binası olmalıdır. Rəşad müəllim sağ olsun, Kukla Teatrında şərait yaradıb, amma biz onlara da problem yaradırıq, böyük kollektivdir, biz özümüz də o darısqal yerdə istədiyimizi edə bilmirik. Çox gözəl olardı ki, teatrın müstəqil binası olaydı.
- Sizi seriallarda görmürük. Bunun nəsə xüsusi səbəbi var yoxsa?
- Serial janrı çox çətindir, böyük güc tələb edir. Mən ssenarini bütöv şəkildə oxumasam, əvvəldən axıra edəcəyim işin sujet xəttini görməsəm, işləmək çətin olur. Hər şey ipdən asılı vəziyyətdə qalır. Bəlkə də ona görədir ki, mən bu janrdan kənar gəzirəm. Ola bilər ki, nə vaxtsa mən də hansısa bir serialda işləyərəm. Yaşayarıq, görərik.
Aytac SAHƏD
525-ci qəzet.- 2022.- 19 oktyabr.- S.8.