Uşaqların xoşbəxtliyi naminə
məsuliyyətimizi bölüşdürək
Yaşadığımız dünya iqtisadi-siyasi, sosial,
milli və digər sistemləri bir-birilə əlaqələndirən
nəhəng bir proseslə əhatə olunub. Bu gün Yer
kürəsinin istənilən nöqtəsində baş verən
hadisə milli sərhədləri aşaraq, qlobal rezonans
doğura bilir, hətta ən ucqarlara belə təsir
imkanına malik olur. Kiçik bir misalla
informasiyanın yayım sürətini daha dolğun
aydınlaşdırmaq yerinə düşərdi. Kanadalı uşaq atasından ona it almasını
xahiş edir. Atası deyir ki, bu istəyini sosial mediada
paylaşaraq 10 min "bəyənmə" (like)
qazanacağın halda bu arzunu gerçəkləşdirəcəm.
Uşaq atasının dediyi kimi edir və paylaşımdan
ötən çox qısa müddət ərzində
uşaq artıq 2 min "bəyənmə" toplayır.
Göründüyü kimi, texnologiyaların sərhədsizliyi
dünyanın istənilən nöqtəsində yaşayan
birinin ən kiçik istəyinə belə çevik reaksiya
verməyə imkan yaradır. Bu halda
azyaşlının istəyi başqalarını arzuolunmaz
istiqamətə yönəltmir. Ancaq əksi olsaydı,
istək və ideyanın yayım dairəsi yenə eyni ola bilərdi.
Bu gün qloballaşma, onun gətirdiyi yeniliklər cəmiyyət
həyatının bütün sahələrində olduğu
kimi, uşaq, yeniyetmə və gənclərin həyatında
da ciddi dəyişikliklərlə müşayiət olunur. İnteqrasiya
proseslərinin sürətlənməsi, informasiya
texnologiyalarının dinamik inkişafı, yad mədəniyyətlərin
təsirinin genişlənməsi cəmiyyətimizdə dəyərlər
sisteminin məzmununa da təsir göstərir,
uşaqların, gənc nəslin təlim-tərbiyəsinə
yanaşma baxımından müəyyən məsələlərin
müzakirəsini zəruri edir.
Bir
neçə gün öncə Bakı Şəhəri
üzrə Təhsil İdarəsi və BMT-nin Uşaq Fondunun
(YUNİSEF) Azərbaycandakı nümayəndəliyinin birgə
təşkilatçılığı ilə keçirilən
"Uşaq müdafiəsi: dialoq mühiti və
qurumlararası əməkdaşlıq" mövzusunda
konfrans da bu zərurətdən meydana gəldi. Elm və Təhsil
Nazirliyi, Elm və Təhsil Nazirliyi yanında İctimai
Şura, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi,
Ombudsman Aparatı, Bakı Şəhər İcra Hakimiyyəti,
Bakı Şəhər Baş Polis İdarəsi,
TƏBİB, Narkomanlığa və narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı mübarizə
üzrə Dövlət Komissiyası, Mətbuat Şurası
və digər bu kimi önəmli qurumların iştirakı
ilə geniş müzakirə və təhlillər
apardıq. Məqsədimiz uşaqların
müdafiəsi istiqamətində əməkdaşlığı
genişləndirmək, aidiyyəti qurumlarla mövcud vəziyyəti
müzakirə etmək, qarşılıqlı əməkdaşlıq
imkanlarına bir daha nəzər salmaq və daha səmərəli
işçi platformasının yaradılmasına nail olmaq
idi. Cünki bilirik ki, hər bir
uşağın təhsili, sağlamlığı, təhlükəsizliyi,
ailədə qayğı ilə əhatə olunması, onlara
sosial və mənəvi dəstəyin göstərilməsi
və hüquqlarının müdafiəsi xoşbəxt
uşaqların formalaşması üçün bir təminatdır.
Bu mənada cəmiyyət olaraq hər bir
uşağın həyat tərzi, təhsilə münasibəti,
olduğu mühit bizim üçün aktualdır.
Bugünün nəsilləri yeni dünyanın öz bərabərində
gətirdiyi yeni çağırışların, internet və
texnologiya əsrinin yetirmələri olan "Z-nəsilləri"dir.
Onlar müstəqil və azaddırlar. Onlar smartfonlar
dövrünün yetirmələridir. Fikirlərini
tez-tez dəyişə bilirlər, fundamental elm sahələrinə
maraqları azdır, çünki hər şeyi internetdən
alırlar. Alimlərin fikrincə, tarixdə
ilk dəfədir ki, insanlar özlərindən əvvəlki
nəsillərdən bu dərəcədə köklü
şəkildə fərqlənir. Və bu gün biz bəzən
gizli, bəzən aşkar şəkildə "rəqəmsal
və smart nəslin" nümayəndələri ilə Alfa
nəslin, yəni onların valideynlərinin, böyüklərinin
mübarizəsinin şahidi oluruq.
Əslində, bunu yeni mübarizə də
adlandırmaq olmaz. Çünki "atalar
və oğullar" arasındakı mübarizə bəşər
tarixinin ən uzunömürlü mübarizəsi olub. Hazırda isə bu ziddiyyətlər bəlkə də
özünün kuliminasiya mərhələsini
yaşayır. Çünki bu mübarizə
başqaları tərəfindən idarə olunan
uşaqlıq və gənclik illəri yaşamış
yaşlı nəsil və daha mütərəqqi, daha sərbəst
və daha azad həyat keçirməyə meylli olan gənc nəsil
arasındadır. Yaşlı nəsil istəyir
ki, gənclər mütləq "böyüklərin"
sözü ilə hərəkət etsinlər, gənclər
isə, əksinə, fərqli baxışlara sahibdir, onlar bu
dünyaya fərqli pəncərələrdən baxırlar.
Təbii ki, keçmişlə bugünün
mübarizəsində haqlı, haqsız tərəflər
axtarmaq niyyətində deyilik, sadəcə olaraq əvvəlki
nəsillər özlərindən sonrakı nəsilləri
anlamağa çalışmalıdır. Onları anlamaq, anlayaraq istiqamət vermək, nəsillər
arasındakı düşüncə uzlaşmasına nail
olmaq zəruridir. Dünyada aparılan bir
sıra ciddi təhsil tədqiqatları da nəsillər
arasındakı fərqlərin uzlaşma və anlaşma
müstəvisinə gətirilməsinə xidmət edir.
Ancaq bu yolla irəliyə getmək olar.
Təhsil
elə bir sahədir ki, cəmiyyətin böyük bir qismini bilavasitə
və dolayısı ilə maraqlandırır. Çox az ailə tapılar ki, orda təhsil alan, məktəblə
əlaqəsi olan kimsə olmasın. Belə
olan halda təhsil hamımızı bu və ya başqa şəkildə
maraqlandıran, düşündürən sahə olduğu
üçün baş verənlərdən də kənarda
qala bilmərik- istər uğurlarımız olsun, istərsə
də baş verən hər hansısa xoşagəlməz
hadisə. Təəssüflər olsun ki,
məktəbdə baş verən arzuolunmaz olayların
yayılma arealı hər hansı şagirdin uğuru, məktəbin
nailiyyətlərinin yayılmasından daha genişdir. Soruşsam ki, son günlərin yadınızda qalan
təhsil uğuru, nailiyyəti hansı olub? Yəqin ki, bir çoxları bunu xatırlamaqda
çətinlik çəkər. Lakin təhsildə
baş verən hansısa arzuolunmaz hadisə barədə
soruşsaq bunu daha yaxşı xatırlayarlar. Gündəmin ümumi mənzərəsi daha
çox arzuolunmaz olaylara köklənsə də, təbii ki,
uğurlar, yeniliklər daha çoxdur. Sadəcə
olaraq "Biz nəyi görmək istəyirik?" sualı ətrafında
hər kəsin özünün düşüncəsi də
müzakirə mövzusu ola bilər.
Konfransda son zamanlar bəzi ümumi təhsil müəssisələrində
ictimai rezonans doğuran hadisələr, onları yaradan səbəblər,
problemdən çıxış yolları barədə
aidiyyəti qurumların nümayəndələri ilə ətraflı
müzakirələr aparıldı. Təhsilin və məktəbin
əsas missiyası, ilk növbədə təlim-tərbiyə
işidir. Bakı Şəhəri üzrə
Təhsil İdarəsi olaraq hazırda fəaliyyət istiqamətlərimizdə
ən çox önəm verdiyimiz məsələlərdən
biri şagird, müəllim, valideyn münasibətlərində
ortaya çıxan boşluqları aradan qaldırmaq və bu əməkdaşılığı
lazımi müstəviyə daşımaqdır. Bu gün baş verən hər hansı xoşagəlməz
hadisə sırf məktəbdən qaynaqlanır kimi qəbul
olunmamalıdır. Təbii ki, məktəblərdə
nəzarət tədbirlərinə, məktəbdaxili
nizam-intizam qaydalarının qorunmasına diqqət
artırılmalıdır. Əgər bir
ailənin övladı evdə hansısa xoşagəlməz
davranış sərgiləyirsə, valideyn bundan narahat olur və
həll yollarını axtarmağa başlayır. Biz də bu gün problemlərin həlli istiqamətində
çalışırıq. Xüsusilə
də söhbət yeniyetmələrdən gedirsə, bu
durumda bir qədər də həssas davranmaq tələb
olunur. Sərt cəza üsulları
onları tərbiyələndirmək əvəzinə daha
böyük problemlərə yol aça bilər. Bu yaşda olan şagirdlər bəzən etdikləri
hərəkətlərlə özlərini təsdiq etmək
istəyirlər. Yeniyetməlik
dövrünün yaş xüsussiyyətlərindən irəli
gələn şıltaqlıqdan və ya sosial şəbəkə
fenomeni aludəçiliyindən qaynaqlanan bəzi hadisələrə
tam nəzarət olunması, təəssüf ki, obyektiv səbəblərdən
bir sıra hallarda mümkün olmur. Hər
bir halda daha adekvat yollarla problemin həllinə
çalışmaq lazımdır.
Bir faktı da nəzərinizə çatdırım
ki, xüsusi halların müəyyən olunduğu məktəblərin
təhsil göstəriciləri digər məktəblərlə
müqayisədə daha aşağıdır. Lakin unutmamalıyıq ki,
hansısa bir uşaq təhsildə, yaradıcılıqda və
ya idmanda yüksək uğurlar qazanmasa da, o da nümunəvi
vətəndaş, yaxşı sənətkar, uğurlu
idmançı və ya qəhrəman ola
bilər. Ona görə hər bir uşağa
diqqətli və həssas yanaşmalıyıq. Heç bir uşaq diqqətdən kənarda
qalmamalıdır. Onlar hər birimiz kimi cəmiyyətin
bir üzvü, bir hissəsidir. Təbii ki, həssas qruplarla
iş, xüsusi hallarla bağlı yanaşma təklikdə
bir qurumun və ya təkcə ailənin işi deyil. Uşaqların hərtərəfli və cəmiyyət
üçün daha faydalı şəxsiyyətlər kimi
yetişməsi üçün hər kəs öz məsuliyyətini
düzgün dəyərləndirməlidir. Ailə öz övladının davranışı
və ya təhsili ilə bağlı ciddi sualla
qarşılaşdıqda bilməlidir ki, hansı halda
hansı instansiyaya müraciət etməli və peşəkar
dəstək almalıdır.
Konfransda müzakirə olunan önəmli məsələlərdən
biri də qızların təhsildən
yayındırılması məsələsidir. Təəssüflər
olsun ki, elm və texnologiyanın çox sürətlə
inkişaf etdiyi, elmi-texniki inqilabların baş verdiyi
dünyamızda hələ də qızların təhsil
almasına mane olan stereotiplər mövcuddur. Tanınmış xeyriyyəçi, mesenat Hacı
Zeynalabdin Tağıyev deyirdi ki, "Bir oğlana təhsil
versən, savadlı insan yetişdirərsən, bir qıza təhsil
versən, savadlı bir ailə". O inanırdı ki,
təhsilli qız təhsilli ana olacaq və övladlarına
daha geniş imkanlar yaradacaq, onları gələcək həyata
daha yaxşı hazırlaya biləcək. Əfsuslar olsun ki,
bu gün qızların təhsil almasına mane olan sosial, məişət
xarakterli maneələr var. Mentalitet, valideynlərin
övladlarının gələcəyinə laqeyd münasibəti,
onların övladlarını qoruya bilməmə təlaşı,
qızların könüllü istəkləri və dini
ekstremizm kimi bir sıra amillər, köhnəlmiş,
patriarxal təsəvvür və stereotiplər bu gün
qızların təhsildən yayındırılmasına səbəb
olur. Sözügedən problem ucqarlarda, bəzi
bölgələrdə daha qabarıq olsa da, təəssüf
ki, bəzi Bakı kəndlərində də belə faktlara
rast gəlinir. Ötən tədris ilinin
erkən nikah statistikasına görə, paytaxtın
ayrı-ayrı rayonları üzrə ümumilikdə 11 fakt
qeydə alınıb. Valideyn artıq dərk
etməlidir ki, zaman o zaman deyil, XXI əsrdə
yaşayırıq. Ailələr
övladlarının təhsil taleyini daha aydın
düşüncə əsasında həll etməlidirlər.
Digər bir məsələ, məktəblərin ətrafında
uyğun olmayan iaşə xidmətlərinin fəaliyyət
göstərməsi də ciddi narahatlıq doğurur. Müvafiq qaydalara zidd olaraq
tütün məhsulları, alkoqollu içkilərin
satışı həyata keçirilir ki, bu əlçatanlıq
da şagirdlərin zərərli
vərdişlərə meyil göstərməsinə zəmin
yaradır. Tütün aludəçiliyinə
qarşı paytaxtın ümumi təhsil müəssisələrində
aparılan maarifləndirmə işinin nəticəsi olaraq
ötən tədris ilində 48 şagird tütündən
istifadəyə son qoyub.
Həmçinin,
əsrin bəlası sayılan narkomaniya, narkotik vasitələrin
satışı ilə məşğul olanların təhsilalanları
alıcı kimi hədəfləməsi bizi narahat edən məsələlərdəndir.
Məlumdur ki, ailədə valideynlərlə
uşaqlar arasında qeyri-normal münasibətlər,
düzgün olmayan tərbiyə üsulları, uşaq və
yeniyetmələrin problemlərinə etinasız münasibət,
onların diqqət və qayğıdan kənarda qalması tədricən
psixoloji-mənəvi aşınmalara gətirib
çıxarır ki, bu da narkotik vasitələrdən istifadədə
risk faktorlarıdır. Digər tərəfdən,
narkotik istifadəçisi olan qohumlar və tanışlar,
narkotik istifadəçilərinin adətən, təhsil
müəssisələrinə yaxın ərazilərdə
olması yeniyetmələrin narkotik vasitələrdən
istifadəsinə zəmin yaradır. Narkomaniya
ilə mübarizədə məktəbin roluna gəlincə,
sistemli və davamlı maarifləndirmə, psixoloji dəstək,
sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərə
cəlbetmə yeniyetmələrin bu bəladan
uzaqlaşdırılması, normal təhsilə cəlb
olunmasına şərait yaradır. BŞTİ-nin
nəzdində fəaliyyət göstərən Təlimə
Dəstək Mərkəzi tərəfindən həssas
qruplardan olan uşaqlarda özünə inamı artırmaq,
özünənəzarəti və özünütərbiyəni
gücləndirmək, alkoqollu içkilərə, psixotrop
maddələrə aludəçiliyin ağır fəsadları
barədə mütəmadi təlimlər keçirilir,
tövsiyələr verilir. Valideynlərlə
keçirilən seminarlarda uşaqların erkən inkişaf
dövründə aldıqları psixoloji travmaların
onların gələcəyində müxtəlif pozuntulara səbəb
olma riskinin artması ilə bağlı maarifləndirici
söhbətlər aparılır.
Təəssüflə qeyd etməliyik ki, dini ekstremizm, sosial şəbəkələr vasitəsilə psixoloji təzyiqlər, cinsi azlıqların və digər qeyri-ənənəvi qrupların təbliği kimi xoşagəlməz hallarla da qarşılaşırıq. Şagirdlərin bu cür ideoloji təsirlərə məruz qalmaması üçün maarifləndirici tədbirlərin gücləndirilməsi olduqca vacibdir. Və bu işdə əlaqədar qurumlarla birgə əməkdaşlıq, məsuliyyətin bölüşdürülməsi, hesab edirik ki, sözügedən problemlərin həllinə öz müsbət təsirlərini göstərəcək.
Bir daha vurğulayım ki, bu gün baş verən
hansısa xoşagəlməz hadisədə daha çox məktəb
və müəllim günahlandırılır. Məsələnin
dərinliyinə gedəndə isə aydın olur ki, hadisədə
hər kəsin ayrı-ayrılıqda məsuliyyət
payı var- ailənin də, məktəbin də, müvafiq
dövlət strukturlarının da. Təhsil cəmiyyətin
ümumi işi olduğu üçün təhsildəki
arzuolunmaz hallara qarşı mübarizə də cəmiyyətin
ümumi məsələsinə çevrilməlidir. Bu mənada
xoşbəxt uşaqların formalaşmasına nail olmaq
işində qurumlararası əməkdaşlıq olduqca
önəmlidir. Konfransda tərəfimizdən
qarşılıqlı əməkdaşlıq
platformasının yaradılması, preventiv tədbirlərin
müəyyənləşdirilməsi, ictimaiyyətə
peşəkar cəhətdən əsaslandırılmış
məlumat və mesajların verilməsi, şagirdlərin
özünüidarə təşkilatlarının
yaradılmasının dəstəklənməsi,
maarifləndirici sosial çarxların hazırlanması və
digər bu kimi təkliflər irəli sürüldü.
Konfransın yekunu olaraq əlaqədar dövlət
qurumları ilə birgə əməkdaşlığa əsaslanan
Koordinasiya Şurasının yaradılması haqqında qərar
isə, hesab edirik ki, sözügedən məsələlərin
həllinə öz töhfəsini verəcək. Eyni zamanda,
konfransın davamı olaraq aidiyyəti qurumlarla "Dəyirmi
masa"ların keçirilməsinin nəzərdə
tutulması, əməkdaşlığa dair detalların
müzakirəsi daha çevik mexanizmlərin tapılması məqsədini
daşıyır. Yekdil fikir ondan ibarətdir ki, hər bir məsələ
müzakirədə daha aydın müstəviyə
çıxa bilir. Odur ki, problemlərə açıq
münasibət və yanaşmaların
uzlaşdırılması mühüm əhəmiyyət kəsb
edir. Konfransın əsas qayəsi də bunlara nail olmaqdan ibarətdir.
Mehriban
VƏLİYEVA
Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin
müdiri
525-ci qəzet.- 2022.- 19 oktyabr.- S.6;7.