Dadı damaqda qalanda...
Adəmlə Həvvanın "İdrak
meyvəsini" dadması
ilə bəşəriyyət
tarixində ilk hadisə
baş verdi. Ona qədərki əhvalatlar
bəşəri deyil,
ilahi xarakterlə səciyyələnir. İlk
insanların öz çılpaqlıqlarını hiss etmələri ilə, yəni ətraf mühitin onlara münasibətini dərk etmələriylə ilk ictimai
proses başladı.
Öz çılpaqlığını hiss etdiyinə və qadağan olunmuş meyvəni daddığına
görə Tanrının
Adəmi məzəmmətləməsiylə
yaradanla yaradılanın
arasında ilk narazılıq
(konflikt demirəm) baş verdi.
Və bundan etibarən həm insanın şəxsi tarixçəsi,
həm də bəşəriyyət tarixi
başladı. Həmin hadisə
həm də əxlaqi-mənəvi kodeksin
yaranmasına səbəb
oldu; qadağalar şkalası yarandı və günbəgün zənginləşdi. Bundan sonra
insanın hər hərəkəti artıq
nəzarət altındadır.
Qadağalar insanı rəndələyir və
"arzu olunan adam" formasına
salır.
Bibliyada
çılpaqlıqla bağlı
daha bir hadisə də diqqəti cəlb edir:
Yayın
istisində üzüm
suyundan doyunca içib sərxoş olan Nuh peyğəmbər
bürkü və şərabın təsirindən
cana yığılır,
paltarını soyunub
döşəmənin üstünə
uzanıb şirin yuxuya gedir.
Nuh peyğəmbərin
oğullarından biri
kişinin vəziyyətindən
xəbərsiz, təsadüfən
otağa girəndə,
çılpaq vəziyyətdə
yatan atasını görür. Gördüyünə məəttəl qalan oğlan təcili geri dönür və hər şeyi qardaşlarına danışır.
Nuhun digər
oğulları bir palaz götürüb mışhamış yatan
atalarına tərəf
baxmadan içəri girib palazı onun üstünə atırlar.
Ata oyananda oğulları
o yatarkən baş verənləri danışırlar. Bunu bilən
Nuh peyğəmbər
onu çılpaq vəziyyətdə görüb
bu barədə qardaşlarına xəbər
verən oğlunu lənətliyir. Güman ki,
bununla günahın üstünü açmağın
özü belə günah olduğuna işarə olunur. Bibliyada deyildiyinə görə, atanın qarğışı
oğlanı tutur.
Fikir verin, birinci hadisədə Adəm öz çılpaqlığını hiss etdiyinə görə, yəni özünü və ətrafı dərk etməyə başladığına görə
Tanrı onu cəzalandıraraq zövcəsiylə
birlikdə Cənnətdən
qovur. İkinci hadisədə isə
oğul atanı çılpaq gördüyü
üçün ata -
Nuh oğlunu lənətləyir. Bu isə
o deməkdir ki, Adəmin almanı dişlədiyi andan başlayan zaman artıq bəşəri məzmun kəsb edib, Nuh peyğəmbər
artıq cəmiyyətin
üzvüdür, o, ictimai
davranış qaydalarına
əməl və nəzarət etməyə
cəhd göstərir,
bu qaydanı pozan oğlunu pisləyir.
Çılpaqlıqla bağlı olan və bir-birinə münasibətdə tamam təzadlı məna daşıyan bu iki hadisənin arasında bir hadisə də baş verir. Həmin
hadisə indiyədək
dumduru axan zaman çayını al rənglə bulandırır:
qardaş-qardaşı - Qabil
Habili qətlə yetirir. Qətlin motivi paxıllıqdır,
qardaş-qardaşa həsəd
aparır. Tanrı maldarlıqla
məşğul olan Habilin hədiyyəsini əkinçiliklə məşğul
olan Qabilin hədiyyəsindən üstün
tutur. Bundan hiddətlənən Qabil Tanrının hüzurundan qayıdanbaş
öz doğma qardaşını tapıb
qanına qəltan edir.
Bibliyadakı başqa hədislər kimi, rəmzi məna daşıyan bu hədisə göstərir ki, xəbislik, paxıllıq
pərdəsi insanın
gözünü örtəndə
qan qardaşlığı
belə təhlükəyə
məruz qalır. Sarsılmaz münasibətlərin
əsasını məqsədlərin,
maraqların, mədəni-mənəvi
dəyərlərin və
iqtisadi durumların üst-üstə düşməsi
təşkil edir.
Elə ki bu maraq
və amillər qarşı-qarşıya gəlir,
əksər hallarda qardaşlıq belə hisslərin ən dəhşətlisi olan həsəd hissinin qarşısında aciz qalır.
Çağdaş dünyamızda iş elə gətirib ki, çılpaqlıq daha günah sayılmır, heç kəsi təəccübləndirmir, sözsüz, hiddətləndirmir də. Allahla insanın arasında ilk narazılığın hətta bütün sonrakı hadisələrin, bəşər tarixinin səbəbinə çevrilən bu məsələyə hazırda Tanrının necə baxdığı bizə bəlli deyil. İnsanlar bir-birinin çılpaqlığına çoxdan alışıblar, müxtəlif telekanallar, internet, rəngli jurnallar və nəhayət, hamını özünə cəlb edən gecə barları, gündüz çimərlikləri (hələ Avropanın bəzi ölkələrindəki "Dikiy plyajlar", Nudistlər cəmiyyətlərini və qadın və kişilər üçün nəzərdə tutulan ümumi hamamları demirəm), usanmadan bu "mühüm məsələ"nin xidmətindədir. Artıq bu səbəbdən nə ata balasını lənətləyir, nə də bala atasını.
Amma dünyanın sübh çağındakı iki çılpaqlıq arasında baş verən qanlı hadisə bu gün də arası kəsilmədən daha geniş miqyasda təkrar olunmaqdadır. Qabilin xəncərindəki qan qurumaq bilmir. Hazırda Saudiyyə Ərəbistanıyla Yəmən, Rusiya və Ukrayna arasında baş verən hadisələr də bunun bariz nümunəsidir - Qabil Habili daha geniş miqyasda "of" demədən öldürür.
..."İdrak meyvə"sinin
dadı əbədi olaraq bəşəriyyətin
damağında qalıb, onu bir an belə rahat buraxmır.
İmir
MƏMMƏDLİ
525-ci qəzet.- 2022.- 20 oktyabr.- S.16.