Məmo bəy Məmai
Məmo bəy Hacı Əhməd oğlu Məmai təqribən 1842-ci ildə Şuşa şəhərində anadan olmuş, ilk təhsilini də orada almışdı. Güzəranını ticarətlə keçirən Məmai müasirləri arasında istedadlı şair kimi də şöhrət tapmışdı. O, hələ erkən yaşlarında şeirə, sənətə maraq göstərmiş, yaxın qolunun Hacı Abbas Agəhin mənzillərində təşkil edilmiş şeir məclislərində yaxından iştirak etmişdi. Bu mənada Məmo bəy "Məclisi-üns"ün ilk yaradıcılarından biri hesab oluna bilər.
O, Qarabağın fəaliyyət göstərən hər iki məclisin fəal üzvü olub. "Təzkireyi-Nəvvab" avtoqraf nüsxədə şeir verən çox az sənətkarlardan biri də Məmo Bəy Məmaidir. Əsərlərini əsasən klassik üslubda yazan şair peşəsilə əlaqədar olaraq Aşqabad, Səmərqənd, Peterburq, Şimali Qafqaz həmçinin, Türkiyə və İranın bir sıra şəhərlərində olmuş, bu şəhərlərin mütərəqqi ruhlu ziyalıları ilə dostluq əlaqəsi yaratmışdı. Bu tanışlıq və dostluq əlaqələri şairin dünyagörüşünə ciddi təsir etmişdi. Bunun nəticəsi idi ki, əksər müasirlərindən fərqli olaraq onun şeirlərində İngiltərə və Fransa kimi müstəmləkəçi dövlətlərin Asiya və Afrikanın müxtəlif yerlərində, o cümlədən, Hindistan, Əlcəzair, Marakko kimi ölkələrdə apardıqları işğalçılıq siyasətinə qarşı nifrət hissi öz əksini tapır. Şair məktublarının birində bu səfərlərin yekunu olaraq "Səfərnamə" adlı əsər yazdığını qeyd etsə də, həmin əsər hələlik əldə edilməyib.
Şair 1918-ci ildə, təxminən
76 yaşında vəfat edib. Onun əsərləri
2016-cı ildə nəşr olunub (Məmo
bəy Məmai şeirlər. Bakı, Elm və təhsil", 2016). Burada verilən şeir
nümunələri həmin nəşrdən götürülüb.
Raqub KƏRİMOV Filologiya üzrə
elmlər doktoru,
professor
525-ci qəzet.- 2022.- 20 oktyabr.- S.15.