Azərbaycan təhsili beynəlxalq rəqabət
arenasında: gərəkli addımlar, uğurlu nəticələr
Prezident
İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan
"2019-2023-cü illər üçün Azərbaycan
Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin
artırılması üzrə Dövlət Proqramı"nın da əsas hədəfi elm sahəsindəki
qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris
texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil
mütəxəssislərin yetişdirilməsinə nail
olmaqdır.
Ölkəmizin
gələcək inkişaf prioritetlərini özündə əks
etdirən bu proqram çərçivəsində artıq
bir qrup azərbaycanlı gənc doktorantura təhsilini
müvafiq xarici ali təhsil müəssisələrində
davam etdirmək hüququ qazanıb.
Dövlət Proqramı çərçivəsində
xaricdə doktorantura təhsili almaq imkanı qazanan gənclərdən
biri də Yusif İbrahimovdur. O, 2017-2021-ci illərdə Azərbaycan
Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət
göstərən Azərbaycan-Fransız Universitetinin
kompüter elmləri ixtisasında təhsil alıb. 2022-ci ildə "2019-2023-cü illər
üçün Azərbaycan Respublikasında ali təhsil
sisteminin beynəlxalq rəqabətliliyinin
artırılması üzrə Dövlət Proqramı"
çərçivəsində Birləşmiş
Krallığın York Universitetində süni intellekt istiqamətində
bakalavrdan birbaşa doktorantura səviyyəsi üzrə təhsil
almaq hüququ qazanıb. İndiyə qədər
Azərbaycan Beynəlxalq Bankında data analitik və
Dördüncü Sənaye İnqilabının Təhlili və
Koordinasiya Mərkəzində süni intellekt mütəxəssisi
olaraq çalışıb. Yaponiyanın
A.L.I. Technologies şirkətində süni intellekt sahəsində
təcrübə proqramı keçib.
Yusif İbrahimov deyir ki, xaricdə təhsil üzrə
bir sıra dövlət proqramları var və uğurla icra
olunur. Bunlardan biri də "2019-2023-cü illər
üçün Azərbaycan ali təhsil sisteminin beynəlxalq
rəqabətliliyinin artırılması üzrə Dövlət
Proqramı"dır. Bu proqram Prezidentin sərəncamına
əsasən Elm və Təhsil Nazirliyi tərəfindən həyata
keçirilir və maliyyələşmə Dövlət Neft
Fondu tərəfindən aparılır. Bu
proqramın icrası özlüyündə iki istiqaməti
ehtiva edir. Bunlar dünyanın nüfuzlu universitetləri
ilə Azərbaycan ali məktəbləri
arasında beynəlxalq ikili diplom proqramlarının təsis
olunması və Azərbaycan ali təhsil müəssisələri
üçün yüksək elmi-tədqiqat
bacarıqlarına malik milli kadrların hazırlanması məqsədilə
xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi
istiqamətləridir. İkinci istiqamət üzrə təhsil
almağa haqq qazanmış tələbələrin həm
xarici ali təhsil müəssisəsində
illik təhsil haqqı, beynəlxalq nəqliyyat, tibbi
sığorta və yaşama xərcləri dövlət tərəfindən
maliyyələşdirilir. Yəni bir tələbənin xaricdə
tədqiqat aparması üçün tələb olunan xərclər
ödənilir və tədqiqatçı maddi
sıxıntı yaşamadan öz tədqiqat işinə
fokuslanır: "Birləşmiş Krallıqda tədqiqat
aparmaq kifayət qədər böyük maddi vəsait tələb
edir və dövlət proqramı mənim kimi bu vəsaiti
qarşılama potensialı olmayan gənclər
üçün çox böyük imkanlar yaradır. Xaricdə nüfuzlu universitetdə tədqiqat aparmaq
isə kifayət qədər böyük üstünlüklər
və ciddi maddi-texniki resurslar ilə işləmə
imkanları verir. Tədqiqat işi və müdafiə
bitdikdən sonra ölkəmizə qayıdaraq yerli ali təhsil müəssisələrində
pedaqoji fəaliyyət göstərmək isə ən əsas
öhdəliklərdən biridir. Bunun nəticəsində də
ölkəmizdə ali təhsil müəssisələrinin
tədris kurikulumu və tədris keyfiyyəti daha da inkişaf
etmiş olacaq. Bunu da vurğulamaq istərdim ki, Fransanın,
İtaliyanın, Almaniyanın və başqa bir sıra
dövlətlərin nüfuzlu ali təhsil
müəssisələrində təhsil almaq hüququ qazansam
da, yekun qərarım Birləşmiş Krallıqda tədqiqat
aparmaq oldu. Buna əsas səbəb isə tədqiqat
istiqamətim üzrə York Universitetinin kifayət qədər
təcrübəyə və güclü texniki bazaya sahib
olmasıdır".
Onun
sözlərinə görə, indiyə qədər süni
intellektin bankçılıqda, səhiyyədə və bir
sıra başqa sahələrdə tətbiqi barədə
layihələrin üzərində çalışıb və
bir çox dünya ölkələrinin təcrübələrinə
dair araşdırma edib: "İndiyə qədər üzərində
çalışdığım ən yadda qalan layihələrdən
biri haqqında məlumat vermək istərdim. Mərkəzi
Yaponiyada yerləşən A.L.I. Technologies şirkəti
süni intellekt və əşyaların interneti sahəsində
kifayət qədər faydalı həllər təklif edən
bir şirkətdir. Təcrübə
proqramında isə mən elmi rəhbərimlə birlikdə
dronlar üçün süni intellekt alqoritmlərinin tətbiqi
üzərində çalışırdıq".
Yusif
İbrahimov bildirib ki, tədqiqat işi süni intellektin mental
problemlərinin təyin edilməsi istiqamətinə yönələcək:
"İşimizin əsas məqsədi sosial şəbəkə
paylaşımları vasitəsilə mental sağlamlıq vəziyyətinin
təyin edilməsi və lazımi vəziyyətdə
müvafiq göstərişlərin verilməsidir. Dünyada son illərdə istər iqlim dəyişikliyi,
istər siyasi, istərsə də bioloji proseslər
insanların mental vəziyyətinə ciddi şəkildə
mənfi təsir edir və təəssüf ki, insanlar ilkin mərhələdə
peşəkar yardım almaqdan qaçır və nəticədə
daha ciddi problemlər ortaya çıxanda mütəxəssisə
müraciət edirlər. Bir çox halda
gecikmiş durumlar intihar kimi dəhşətli nəticələrə
gətirib çıxarır. Tədqiqat
işimizdə də qarşıya qoyduğumuz missiya bu kimi təhlükəli
durumları əvvəlcədən müəyyən edərək
insanları məlumatlandırmaq və yönləndirməkdir.
Ölkəmiz də geosiyasi vəziyyətinə
görə bir sıra proseslərdən təsirlənir.
Dövlət siyasətinin çox güclü
və dayanıqlı olması bu təsirləri ciddi şəkildə
azaltsa da, hər gün baş verən hadisələr və
eşitdiyimiz, gördüyümüz xəbərlər bizlərin
də psixologiyasına ciddi təsir edir. Odur
ki, bu araşdırma nəticəsində hazırlanacaq layihənin
ölkəmizdə də tətbiqinin prioritet önəm
daşıdığını düşünürəm".
Onun
dediyinə görə, süni intellekt sahəsində
araşdırmalar aparmaq üçün ciddi riyazi və
proqramlaşdırma biliklərinə ehtiyac olduğunu
düşünür: "Çünki süni intellekt bir
elm kimi riyaziyyatın üzərində qurulub və bu kimi
araşdırmalardan sonra ortaya çıxan nəticələrin
bir həll kimi təqdim edilməsində və layihəyə
çevrilməsində əsas rol proqramlaşdırma
bacarıqlarının üzərinə düşür. Bir digər önəmli məqam isə, alqoritmləşdirmə
bacarıqları və proqramlaşdırmadır. Çünki süni intellekt həllərinin
tamamı müəyyən alqoritmlərə əsaslanaraq
hazırlanır və bu zaman ortaya çıxan tələblərin
yerinə yetirilməsi üçün alqoritmlərin
yazılması vacib məqamdır. Bundan əlavə,
proqramımız üçün yeni olan maşın öyrənməsi
və dərin öyrənmə mövzuları barədə
də fikir sahibi olmaq vacib xarakter daşıyır. Süni intellektin artıq demək olar ki,
bütün istiqamətlər üzrə tətbiqi
mümkündür və bunlardan birisi də təhsil sahəsidir.
Düşünürəm ki, süni intellektin
təhsildə tətbiqi insanlara müəllim və nəzarətçi
ehtiyacı olmadan öyrənmə imkanları verir. Bu isə öz-özlüyündə, daha çox
insanın bilik əldə etməsinə imkan yaradır və
nəticədə toplum daha da maariflənir. Süni intellekt texnologiyaları vasitəsilə tədris
mexanizmi artıq Çin, Yaponiya, Cənubi Koreya kimi bir
sıra ölkələrdə tətbiq edilir. Hətta süni intellekt vasitəsilə artıq
xarici dil öyrənmək də sadələşmişdir.
Süni intellekt gün keçdikcə daha
çox nailiyyət əldə edir. Buna
misal olaraq qeyd edim ki, Vətən müharibəsi
dövründə istifadə edilən pilotsuz uçuş
aparatları süni intellekt alqoritmləri ilə
çalışırdı və ciddi üstünlüklər
əldə etməyimizdə və itki sayının
azalmasında müstəsna rola sahib oldu. Hazırda
bütün dünya ölkələrinin bu kimi
texnologiyaları satın almağa can atdığının
şahidi oluruq".
Yusif İbrahimov vurğulayıb ki, süni intellekt
elminin qarşısında duran prioritet problem süni intellekt
etikası məsələsidir. Hazırda süni
intellekt hər hansısa bir etik normaya tabe deyil, bu isə gələcəkdə
öhdəsindən gəlinə bilinməyəcək ciddi fəsadlara
yol aça bilər. Hazırda süni
intellekt etikası istiqamətində ciddi araşdırmalar
aparılır və süni intellektin müəyyən
etikalara tabe edilməsi üçün işlər
görülür. Süni intellekt
icmasını maraqlandıran digər bir mövzu isə izah
edilə bilən süni intellekt anlayışıdır ki, mən
də öz tədqiqat işimdə bu istiqamət üzrə
də araşdırma aparacağam. İzah
edilə bilən süni intellekt və ya şərh edilə
bilən süni intellekt tərəfindən verilən qərarları
və ya proqnozları insanlar rahatlıqla qavraya bilir.
Gələcək
planlarından söz açan Yusif İbrahimov deyib ki,
doktorantura təhsilini və müdafiəmi bitirdikdən sonra
ölkəyə qayıdaraq pedaqoji fəaliyyətə
başlamağı planlaşdırır: "Məzunu
olduğum və mənim üçün doğma olan Azərbaycan
Dövlət Neft və Sənaye Universitetində və onun nəzdində
fəaliyyət göstərən Azərbaycan-Fransız
Universitetində çalışmağı və burada gələcək
tələbələrimlə ölkə əhəmiyyətli
süni intellekt həlləri üzrə tədqiqatlar
aparmağı hədəfləyirəm. Hamımıza
məlumdur ki, bu yaxınlarda cənab Prezident tərəfindən
"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə
sosial-iqtisadi inkişaf Strategiyası" təsdiqləndi.
Bu strategiyanın məqsədlərindən biri
də tədqiqat universitetlərinin yaradılmasıdır ki,
ilkin məqsədlərimdən biri bu prosesdə iştirak etməkdir.
Bununla birlikdə ölkəmizdə süni intellekt əsaslı
laboratoriyanın yaradılması, təbii dil emalı layihələrinin
uğurla həyata keçirilməsi üçün Azərbaycan
dilində lazımi maddi-texniki bazanın qurulması,
araşdırma və inkişaf mərkəzlərinin təsis
edilməsi, süni intellekt üçün Azərbaycan dilində
tədris-metodiki vəsaitlərin və süni intellekt əsaslı
rəqəmsal transformasiya ofisinin hazırlanması proseslərində
iştirak etmək də əsas hədəflərimdən bir
neçəsidir".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 20 oktyabr.- S.14.