Ədəbi irsimizin cəfakeşi
ƏKRƏM BAĞIROVUN 70 YAŞINA
AMEA Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunda qorunan, Azərbaycan
xalqının, o cümlədən, qədim Şərq mədəniyyətinin
inikası olan əlyazmaların, əski çap
kitablarının öyrənilməsi, tərcüməsi, klassik
mətnlərin müasir əlifbaya çevrilərək elmi
dövriyyəyə buraxılması və oxuculara çatdırılması ədəbiyyatşünaslığımızın
ən mühim sahələrindən biridir. Belə
zəngin tarixi, ədəbi-mədəni irsi öyrənmək,
ortaya çıxarmaq elmi və milli təəssübkeşliyin
rəmzidir desək, yanılmarıq. Klassik
ədəbiyyat nümunələrimizin tekstoloji tədqiqi,
elmi-tənqidi mətnlərinin hazırlanması tədqiqatçıdan
böyük əmək, fədakarlıq istəyən bir
işdir. Belə ki, əlyazma üzərində
işləyən mütəxəssis klassik Şərq ədəbiyyatını
dərindən bilməli, filoloji-tekstoloji tədqiqatın incəliklərinə
bələd olmalıdır. Bu məziyyətlərə
sahib olan dəyərli şəxsiyyətlərdən biri də
tərcüməçi, şərqşünas-əlyazmaşünas
alim filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm
Bağırovdur.
AMEA Məhəmməd
Füzuli adına Əlyazmalar
İnstitutunun "Əlyazmaların və əski çap
kitablarının tərcüməsi" şöbəsinin
müdiri Əkrəm müəllimin ardıcıl tədqiqatları
qədim kitabların, dəyərli əlyazmaların öyrənilməsinə
yönəlmiş olduğundan ədəbiyyatşünaslığa
və elm tarixinə böyük töhfə sayıla bilər.
Ondan bir tədqiqatçı kimi söz
açarkən ilk növbədə Azərbaycan təzkirələrinin
araşdırılması və nəşri sahəsində fəaliyyəti
göz önünə gəlir. Təzkirəşünas
Əkrəm Bağırov Məhəmmədağa Müctəhidzadənin
"Riyazül-aşiqin", Mir Möhsün Nəvvabın
"Təzkireyi-Nəvvab", Mirzə Yusif Qarabağinin
"Məcmueyi-Vaqif və müasirini-digər", "Anonim
Osmanlı təzkirəsi", Sadiq bəy Əfşarın
"Məcməül-xəvas", Sam Mirzənin
"Töhfeyi-Sami" təzkirələrini həssaslıqla
işləyib, onları tərcümə və təhlil edərək
nəşrə hazırlayıb.
Şərq ədəbiyyatının, fəlsəfə
və mədəniyyət tarixinin keçdiyi inkişaf yolunu əks
etdirən fundamental qaynaqlardan biri sayılan təzkirələrin
qələmə alınması öz dövrü
üçün nə qədər əhəmiyyətli idisə,
müasir zəmanəmizdə bu əsərlərin öyrənilməsi
və nəşrə hazırlanması bir o qədər məsuliyyətli
və çətin bir işdir. Bu iş güclü iradə, səbr
və mətanət tələb etdiyi kimi,
araşdırıcısından həm də çoxşaxəli
bilik və təcrübə istəyir. O mənada ki, təzkirəşünas
tədqiqat obyektinə çevirdiyi əsərin əks
etdirdiyi dövrün ictimai-siyasi, tarixi-coğrafi şəraitinin
xüsusiyyətlərini, dil-üslub incəliklərini bilmədən,
mənbəni peşə həssaslığı ilə təhlil
etmədən mükəmməl nəticəyə nail ola bilməz. Əkrəm Bağırovu uzun illərdən
bəri tanıyan tələbə yoldaşı, onun elmi
yaradıcılıq yoluna bələd olan tərcüməçi,
şərqşünas Hafiz Rüstəm ona həsr etdiyi
kitabda yazır: "Əkrəm hər hansı bir mövzu ilə
maraqlandımı, onun incəliklərini öyrənmədən
əl çəkən deyil..." Düşünürəm
ki, onun məhz bu xüsusiyyəti, peşəsinə olan dərin
hörmət və məsuliyyəti günümüzdə
tariximizi, keçmişimizi, mədəniyyətimizi bizə
anladan, dünyaya göstərən əlyazma irsimizi təəssübkeşliklə
yeni nəslə ötürən Əkrəm Bağırovu
müasir Azərbaycan elminin
sayılıb-seçilən tədqiqatçısına,
Əlyazmalar İnstitutunun məharətli və etibarlı
mütəxəssisinə, elmi-mübahisəli məqamlarda
fikrinə istinad olunan dəyərli alimə çevirib.
Ömrünü elmin keşməkəşli
yollarına həsr etmiş alim üçün tədqiqat
sahəsinə aid yeniliyə, ilkə imza atmaq böyük
qürur və səadətdir. Bu hal xüsusən, ədəbiyyat,
mədəniyyət, tarixə aid araşdırmaların nəticəsi
kimi meydana gəldikdə elmi tapıntı olmaqla qalmayıb
xalqına daha bir şairi, sənətkarı, filosofu
tanıtmaq və
qazandırmaq, ədəbi-mədəni, tarixi
irsimizin zənginləşməsinə xidmət hesab olunur.
Əkrəm Bağırov bu xoşbəxtliyə nail olmuş
tədqiqatçılardandır. Onun gərgin elmi
araşdırmaları və zəhməti nəticəsində
XVI əsrin ikinci yarısı, XVII əsrin əvvəllərində
yaşamış Azərbaycan şairi Rəhməti Təbrizi
barəsində əsaslandırılıb, geniş məlumatları
özündə əks etdirən monoqrafiya ilə
yanaşı divanı da tərcümə və transfoneliterasiya
edilərək nəşr edilib. Məhz bundan
sonra Rəhməti Təbrizinin oçerki "Azərbaycan ədəbiyyatı
tarixi" kimi çoxcildlikdə ilk dəfə yer ala bilib.
Akademik
M.Nağısoylu yazır: "Əkrəm həm də
bacarıqlı və istedadlı tərcüməçidir. Onun fars dilindən tərcümə etdiyi XIV əsr
müəllifi Ziyaəddin Nəxşəbinin "Tutinamə"
əsərini oxuyan hər kəs bu işdə mütərcimin
yüksək ustalıq və məharətinin şahidi
olur". "Tutinamə" Şərq ədəbiyyatı
tarixində məşhurlaşan, saraylarda hökmdarlar tərəfindən
maraq göstərilən mövzulardan birinə həsr olunub.
Bu mövzunu orta əsrlərdən etibarən
müxtəlif dillərdə ayrı-ayrı sənətkarlar
qələmə alıb. Yazılı ədəbiyyatda
ilk "Tutinamə" müəllifi İmad bin Məhəmməd
ən-Nəiri olsa da, Ziyaəddin Nəxşəbinin əsəri
hərtərəfli mükəmməliyi ilə fərqlənmiş
və yayılıb. Əsərin AMEA Məhəmməd
Füzuli adına Əlyazmalar
İnstitutunda qorunan iki əlyazması üzərində
işləyən Ə.Bağırov onu yüksək sənətkarlıqla
fars dilindən doğma dilimizə poetik tərcümə edib,
XIV əsrdə Türk-moğol şahzadələrinin tərbiyəsi
üçün yazılmış bu qiymətli mənbəni
Azərbaycan elminə və oxucusuna tanıdıb.
Fars dilinin incəliklərinə bələd olan Əkrəm
Bağırovun tərcümə etdiyi "Kərim xan Zənd"
əsəri də elmi ictimaiyyət tərəfindən rəğbətlə
qarşılanıb. Kitabda müəllif tərəfindən hər
şeydən əvvəl Azərbaycanın tarixi
keçmişi ilə bağlı farsdilli mənbələrdən
geniş istifadə, həmçinin, dövrün ədəbi-mədəni
mühitinin ətraflı təsvirinin verilməsi təcrübəli
və məharətli tərcüməçinin diqqətini
çəkib. Əsərin müəllifi Məhbubə
Tehrani yazır: "Allaha şükür edirəm ki,
İranda dörd dəfə çap olunmuş birinci
kitabım böyük ustad, doktor Əkrəm Bağırov tərəfindən
müsbət qarşılanıb. Onun "Kərim
xan Zənd və Zəndiyyə dövründə
İranın siyasi, ictimai tarixi" mövzusunda
yazılmış silsilə elmi əsərlər içərisində
mənim kitabımı tərcümə etməsi məni
olduqca sevindirdi".
Əkrəm
müəllimin tarixi mövzuda olan digər tərcümələri
sırasına "Nadir şah Əfşarın Azərbaycanın
xristian əhalisi ilə münasibətlərinə dair
farsdilli sənədlər (erməni icmasının
timsalında)", "Nadir şah Əfşarın fərman
və məktubları" (R.Şeyxzamanlı və
M.Şahbazova ilə birlikdə), "Nasirəddin şahın
yol qeydləri", "Fransua Peti dö la Krua "Min bir
gün" kitabları daxildir.
Əkrəm Bağırovun çoxşaxəli elmi
yaradıcılıq faəliyyətinin bir qolu da lüğət
və əlyazma kataloqlarının tərtibi ilə
bağlıdır. O, 2007-ci ildə çapdan çıxmış
"Farsca-Azərbaycanca" lüğətin həmmüəllifidir.
Onun iştirakı ilə tərtib edilmiş
"Azərbaycanca-farsca" iki cildlik lüğət isə
2020-ci ildə nəşr olunub. Alim Əlyazmalar
İnstitutunun fondunda mühafizə olunan bir çox farsdilli əlyazmalardan
bir qismini geniş elmi təsvir etmiş və həmin təsvirlər
rus dilində nəşr olunan "Farsdilli əlyazmalar
kataloqu"nun III cildində yer almışdı. Onun Praqa Milli Kitabxanasına olan on günlük səfəri
"Azərbaycan nəfəsli əlyazmalar Praqa Milli Kitabxanasında"
adlı kataloqun nəşri ilə nəticələnib.
Əkrəm Bağırov həm də Azərbaycanı
dərin məhəbbətlə sevən bir vətəndaşdır. 1990-cı ilin
20 Yanvarında Azərbaycanın azadlığı uğrunda
meydanlara axışan, Vətənin taleyindən nigaran insanlar
arasında Əkrəm müəllim də var idi. Təsadüfi deyil ki, ölkənin təlatüm
içərisində çətin vaxtlardan keçdiyi bir
zamanda vətənpərvər ziyalı məhz Məmməd
Səid Ordubadinin 1911-ci ildə Murtuza Muxtarovun maddi
yardımı ilə çap olunan "Qanlı sənələr"
əsərini transfoneliterasiya edərək nəşr etdirir.
O, Azərbaycan tarixinin qanlı, faciəli sənələrindən
bəhs edən bu kitabı nəşr etdirmək qərarını
belə izah edir: "1905-ci il erməni-müsəlman
müharibəsi haqqında yazılmış "Qanlı sənələr"
əsəri də bu tarixin acı həqiqətlərindən
biridir... Əsrin əvvəllərindəki hadisələrlə
son iki ildə eyni məntəqələrdə baş
vermiş hadisələrin heyrətamiz dərəcədə
yaxınlığı əsərin təcili nəşrini ən
zəruri bir iş kimi qarşıya qoydu".
1992-ci ildə ölkəmizdə çap olunmuş
"Azərbaycan istiqlal mücadiləsi xatirələri"
kitabının ərsəyə gəlməsində əməyi
olanlardan biri də Əkrəm Bağırovdur. Onun Azərbaycanın
dövlətçilik, elm və mədəniyyət tarixində
böyük rol oynamış, Cümhuriyyətin
qurulmasında fədakarlıqla mübarizə aparmış
Nağı bəy Şeyxzamanlının mühacirətdə
ikən qələmə aldığı xatirələrinin nəşri
üzərində 90-cı illərin əvvəllərində
çalışması milli təəssübkeşliyin, vətənin
qayğılı günlərində ziyalı mövqeyini
ortaya qoyaraq xalqa xidmətin bariz nümunəsidir.
Nağı bəyin "Xatirələri"ndə
adı hörmətlə çəkilən şəxsiyyətlərdən
biri də Hacı Zeynalabdin Tağıyevdir. Azərbaycan
tarixində həlledici rol oynamış tarixi şəxsiyyətlər
haqqında əsər yaratmaq, barələrində kitab tərtib
etmək olduqca məsuliyyətlidir. Tariximizdə
dərin iz buraxan messenat, maarifçi Hacı Zeynalabdin
Tağıyevlə bağlı kitabın hazırlanması, həm
də ziyalıların Hacının ruhu qarşısında
ehtiramının nümunəsi kimi qiymətlidir. Əkrəm
Bağırovun tərtibçilərindən biri olduğu
"Hacı Zeynalabdin Tağıyev - öz dövrünün
aynasında" kitabı özündə zəngin tarixi
faktları ehtiva edən uğurlu təşəbbüsdür.
Tarixi mövzulara müraciət edən Əkrəm müəllimin
maraqlı tərcümələrindən biri Cavad xanın nəticəsi,
Azərbaycan Xalq Cümhuriyyətinin dəyərli
simalarından Adil xan Ziyadxanovun xalqımızın azadlıq
mübarizəsindən, özünün söy-kökündən
bəhs etdiyi və mühacirətdə yazdığı
"Qələmin uçuşu" əsəridir.
Əkrəm
Bağırovun Azərbaycan, rus, ingilis, boşnak və fars dillərində ölkəmizdə və
xaricdə yüzə qədər elmi və elmi-kütləvi
məqaləsi çap edilib. Böyük Nəsiminin 85 əsəri
onun təşkilatçılığı və tərtibi
ilə 2020-ci ildə Bosniya və Herseqovinanın paytaxtı
Sarayevoda üç dildə - Azərbaycan, fars
və boşnak dillərində kitab şəklində
çap edilmişdi.
Məlum olduğu kimi, Azərbaycan xalqı əsrlər boyunca digər millətlərə qarşı humanist mövqedə qərarlaşmış, fərqli sivilizasiyaların birləşdiyi məkan olub. Millətimiz istər yaxın qonşuları, istərsə də dünyanın müxtəlif ərazilərində yaşayan, dilindən və dinindən asılı olmayaraq bütün xalqların mədəniyyətinə, mental düşüncəsinə hörmət və ehtiramla yanaşıb. Multikultural irsimizi, tolerantlıq ənənələrimizi əks etdirən əsərlər toplusundan ibarət "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları"nın tərtibçilərindən biri də məhz Ə.Bağrovdur.
Əkrəm müəllimin həyata və elmə münasibətini əks etdirən, şəxsiyyəti haqqında tamamilə doğru və dəqiq qənaətini ifadə edən fikirlərlə razılaşmamaq mümkün deyil: "Klassik və orta əsrlər, XIX və XX yüzilliyin Azərbaycan ədəbiyyatında söz demiş hər hansı bir şair haqqında danışanda, yazanda Sadiq bəy Əfşarın, Mir Möhsün Nəvvabın, Müctəhidzadənin, Mirzə Yusifin çap etdirdiyim və artıq tərcüməsini bitirib çapa hazırladığım böyük Şah İsmayılın ədəbiyyatşünas oğlu Sam Mirzənin "Töhfeyi-Sami" təzkirələrinə istinad olunacaq və demək, mən də yaşayacağam. Tərtibçilərindən biri olduğum, artıq nəşr edilmiş "Farsca-azərbaycanca" və bu yaxınlarda nəşr ediləcək "Azərbaycanca-farsca" lüğətlərdən istifadə olunacaq və demək, mən də yaşayacağam. Davam edən, bitməyən, gələcəkdə də davam edəcək, bitməyəcək ÖMÜR budur, VAR olmaq budur!".
Bu gün də yorulmaq bilmədən dəyərli tədqiqatlarını davam etdirən Əkrəm Bağırovun qeyd edilən fikirlərinə dərin rəğbət və hörmətlə qoşulur, ona bu şərəfli yolda uğur, müvəffəqiyyət arzu edirik!
70 yaşın mübarək, gənclik dostum
Əkrəm Bağırov!
Teymur
KƏRİMLİ
AMEA-nın
həqiqi üzvü
525-ci qəzet.- 2022.- 20 oktyabr.- S.13.