Gündəmin "badam gözlü ağıçıları"  

 

 

Yazıçı, jurnalist Azər Qismətin sosial şəbəkədə paylaşdığı bir statusu gördüm bir az əvvəl. Dumanlı fikirlərimə yaxşıca aydınlıq gəldi. Yazır:

"Bir zurna çalan olub. Çox kasıb imiş. Qazancın az hissəsi ona düşərmiş. Bir gün rəhmətə gedir. Yas mərasimi qurtarır. Habil Əliyev Cavanşir Məmmədovu görüb soruşub ki, hüzür necə keçdi?

- Habil müəllim, qoyun ətindən bir bozbaş bişirtdik ki, kasada bu qalınlığında yağ vardı, - deyə yoğun barmağını göstərir.

Habil Əliyev deyir:

- Rəhmətliyə sağlığında elə bozbaş bişirib versəydiz, acından ölməzdi".

Azər bəyin bu paylaşımı son olaya işarədirmi, yoxsa təsadüf, bilmirəm, amma mənim üçün iki gündür haqqında düşündüyüm o olaya ən düzgün münasibət idi.

Olay demişkən...

 

Şair Yafəs Türksəs iki gün öncə xəstəlikdən vəfat etdi. Bütün xəbərlər kimi, bunu da sosial şəbəkədə, daha dəqiqi, şairin qələm yoldaşlarının paylaşımlarında oxudum. Rəhmətliyi cəmi 3-4 dəfə tədbirlərdə, uzaqdan-uzağa görmüşdüm, şəxsi tanışlığım yox idi. Ona görə necə adam olduğunu bilmirdim, bilmirəm. Amma haqqında çox oxuyub, çox eşitmişdim. Harda? Elə həmin o qələm dostlarının sosial şəbəkə paylaşımlarında. Di gəl, yaddaşımda təptəzə, dipdiri qalan o paylaşımlar dünənki vəfat xəbərinə yazılan ağılardan, fəlsəfi reaksiyalardan necə diksindisə, özümə , yaddaşıma da şübhə etdim, yəni bu gənc yaşımda Alzaymer xəstəliyimi tapmışam?

Axı bu günə kimi eyni adamların bizə təqdim etdiyi, göstərdiyi, tanıtdığı Yafəs Türksəs tamam başqası idi. İndi onun möhtəşəm insanlığından, bənzərsiz şairliyindən, kövrək qəlbindən danışanlar dünənəcən onun ərli sevgilisiylə macəralarını, çimərlik şəkillərini, açıq-saçıq fikirlərini paylaşıb məzələnmirdilərmi? Xeyr, zarafatlaşmaq yox, məhz yaşlı-başlı adamla məzələnmək! Onların etdikləri tam da bu idi. Bəs indi oldu? Yafəs ölən kimi kor Fatmadan badam gözlüyəmi çevrildi?

Kəramət Böyükçöl yazır ki, Yafəs diqqəti sevərdi, onun halıyla maraqlananda, ondan bircə misra belə deyəndə uşaq kimi sevinər, kövrələrdi. Yaxşı, bəs indi "badam gözlü ağıları" quran bu adamların zamanında onu hoydu-hoyduya qoymaq əvəzinə, şair kimi təqdim edərək, çimərlik şəklindənsə, bir şeirini paylaşaraq onu sevindirmək, könlünü xoş etmək, ona özünü dəyərli hiss etdirmək heçmi ağıllarına gəlməyib? Gərək o yaşda həyatın hər üzünü görmüş adam (bunu da indi yazırlar dostları!) özünü dəyərli hiss etmək üçün hansısa ərli qadınların diqqətinəmi möhtac qalaydı, başqalarının gülüş obyektinə çevrilərək olsa, gündəmdə qalmağıylamı təsəlli tapaydı?

 

Əslində, mövzum Yafəs Türksəs ya başqası deyil. Mövzum cəmiyyətimizin son zamanlarda daha da irinləmiş, iyrəncləşmiş yarasıdır. Yəqin əvvəl bu cəmiyyət üçün ölülər dirilərdən daha dəyərli olub ki, rəhmətlik şair Cabir Novruz "Sağlığında qiymət verin insanlara" hayqırışına ehtiyac duyub. Bir insan ölüb gedəndən sonra onun haqqında yazılanlar da, danışılanlar da, yasında verilən yağlı bozbaş da, məzarında ucaldılan mərmər , şəninə qoyulan heykəl , xatirəsinə həsr olunan gecələr boş mənasızdır, mənə görə. Hələ-hələ o adamın sağlığında bunların yarısını demirəm, adicə "necəsən?" sualını ona çox görmüsünüzsə...

Sadəcə deyim ki, bu timsah göz yaşlarınız, "badam gözlü ağılarınız", hansınızın ölən adama daha yaxın olduğunu sübut etmək üçün girdiyiniz "bəhsəbəhs" yarışlarınız kənardan çox saxta iyrənc görünür.

P.S. Bu gün Yafəsi öz şeirləri, müsahibələri ilə ananlar arasında ötən zamanlarda, yəni onun sağlığında da onun şeirlərini paylaşanlar, poeziyasına, insanlığına məqalələr həsr edənlər vardı. Onları bu yazıdan bu situasiyadan kənar saxlayır, səmimiyyətləri üçün təşəkkür edirəm. Ancaq neyləyəsən ki, istisnalar qaydanı pozmur...

Allah Yafəs Türksəsə və onun kimi sağlığında dəyərini almayan hər kəsə rəhmət eləsin!

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2022.- 20 oktyabr.- S.12.