Aprel işğalı
Vintsas Krevenin “Bolşeviklər” əsərində
Vintsas KREVE-140
m.gamzajevas@gmail.com
2022-ci il oktyabrın 19-da Litva dövlətinin Azərbaycan
Xalq Cümhuriyyətindəki ilk konsulu və Bakı 1-ci
realnı məktəbinin sabiq müəllimi Vintsas Kreve-Mitskəviçyusun
(1882 - 1954) anadan olmasının 140 illik yubileyi qeyd olunur. Eyni
zamanda XX əsr Litva ədəbiyyatının ünlü
klassiki, yazıçı, dramaturq, diplomat və məşhur
ictimai-siyasi xadim kimi tanınan Vintsas Krevenin Aprel
işğalı barədə yazdığı “Bolşeviklər”
adlı əsəri ilə bağlı
apardığımız kulturoloji və politoloji
araşdırmaları, eləcə də indiyədək
geniş ictimaiyyətə naməlum olan bəzi tarixi faktlara
söykənən mülahizələri ədibin yubileyi
münasibətilə oxuculara təqdim edirik.
1920-ci il aprelin 28-də XI Qızıl ordunun hərbi
təcavüzü nəticəsində Azərbaycan Xalq
Cümhuriyyəti süqut etdi və ölkə bolşeviklər
Rusiyası tərəfindən işğal olundu. Təcavüzkarın tərəfində başda
Anastas Mikoyan (1895-1978) olmaqla erməni silahlı dəstələri
də iştirak ediblər.
Aprel işğalı barədə indiyədək həm
Azərbaycanda, həm də başqa ölkələrdə
yüzlərlə analitik məqalə, tarixi əsər və
elmi monoqrafiya yazılıb. Amma buna baxmayaraq, həmin
dramatik və faciəvi olaylar haqqında 28 aprel
çevrilişindən dərhal sonra isti-isti yazılıb dərc
edilən publikasiyaların sayı o qədər də
çox deyil. Belə nadir əsərlərdən
biri Cümhuriyyət dövrü Litva konsulu Vintsas Krevenin qələminə
məxsus “Bolşeviklər” adlı sənədli siyasi
oçerkdir.
Vintsas Kreve XI Qızıl ordunun Azərbaycana
qarşı hərbi təcavüzünün və 28 aprel
çevrilişinin bilavasitə şahidi olub. Odur ki, tarixi
faktlara və gerçək bilgilərə əsasən
yazılan “Bolşeviklər” əsərində 1920-ci ildə
Azərbaycanın işğalı ilə bağlı
ictimai-siyasi və hərbi olaylar real şəkildə öz əksini
tapıb. Əsərdə 28 aprel çevrilişindən
bir qədər öncəki Rusiya-Azərbaycan münasibətləri,
şimal sərhədlərimizdəki gərgin hərbi vəziyyət,
Yalama döyüşü, XI Qızıl ordunun Bakıya
hücumu və çevrilişin ilk aylarındakı hadisələr
analitik üslubda təsvir olunub.
V.Kreve, həmçinin, 28 aprel çevrilişinin
geosiyasi, ideoloji, iqtisadi və hərbi aspektlərini
açıqlayıb. Müəllif bolşeviklər
Rusiyasının müstəqil Azərbaycanla münasibətlərdə
tutduğu riyakar mövqeni, Azərbaycanda gerçəkləşdirdiyi
“proletariat inqilabının” məkrli üsullarını və
ölkəyə qarşı həyata keçirdiyi hərbi təcavüzün
hiyləgər yollarını ustalıqla ifşa edib.
V.Kreve
oçerkində yazır ki, “...bolşevik
diplomatlarının hiyləgər gedişlərini əyani
şəkildə sübut edən faktlardan biri də bu idi ki,
Rusiyaya neft daşınma işinin böyük ustası olan
Dosser öncədən, - hələ 1920-ci il
martın 6-da xüsusi səlahiyyətlə Qafqaza göndərilmişdi.
O, özü ilə, həmçinin, bütün neft sənayesini
milliləşdirmək üçün hazırlanmış
layihəni götürmüşdü. Dosser
Bakıya yalnız mayın 5-də gəlib çıxa
bildi“.
Müəllif
daha sonra neft emissarı Dosserin Bakıya göndərilməsi
ilə bağlı qeyd edir ki, “...bu və digər oxşar
faktlar bolşeviklərin yürütdüyü siyasətin
iç üzünü görmək üçün kifayət
qədər tutarlı material verir, onlara verdikləri sözə
görə yox, yalnız əməllərinə baxıb
inanmağın lazım olduğunu aydınca göstərir”.
Yeri gəlmişkən,
V.Kreve bu epizodda Aprel işğalından sonra Bakıda Aleksandr
Pavloviç Serebrovski (1884-1938) ilə birgə neft sənayesinin
sovetləşdirilməsinin ən fəal
iştirakçılarından olmuş Zinoviy Nikolayeviç Dosseri
(1882-1938) təsvir edib. (Sözgəlişi deyək ki,
A.P.Serebrovski Bakıya 1920-ci il aprelin 28-də
XI Qızıl Ordu ilə zirehli qatarda gəlmişdi. Bir qədər sonra V.Lenin ona geniş səlahiyyətlər
verib Azərbaycan neft komitəsinin başçısı təyin
etmişdi. - M. H.).
İxtisasca neft mühəndisi olan Z.N.Dosser Rusiyanın
Perm şəhərində doğulub. Partiya ləqəbi
“Leşiy Semyon Pyotroviç” idi. 1917-ci il
Oktyabr çevrilişindən sonra Rusiya Ali Xalq Təsərrüfat
Şurasının Baş yanacaq idarəsinə sədr,
1922-ci ildə isə Moskvada yaradılmış Neft
sindikatına rəis təyin edilib. O, həmçinin, bir
müddət bu Sindikatın xarici ölkələrdə təmsilçisi
olub, 1928-1937-ci illərdə isə RSFSR Xalq Ticarət
Komissarlığında İdarə rəhbəri vəzifəsində
çalışıb. Stalin repressiyaları nəticəsində
14 iyun 1938-ci ildə güllələnib, 8 avqust 1957-ci ildə
isə bəraətləndirilib.
1917-1922-ci
illərdə Rusiya Ali Xalq Təsərrüfat
Şurasının Baş yanacaq idarəsinin sədri Zinoviy
Dosser
V.Kreve
Rusiyadan Azərbaycana zorla ixrac edilən “proletariat
inqilabının” həyata keçirilməsinin
aldadıcı manevrlərini və hərbi
texnologiyasını da açıqlayıb, süngülər
üstündə Bakıya gətirilən “Revkom” və
“Narkomların” əsl mahiyyətini real faktlara istinadən təhlil
edib və dürüst şəkildə üzə
çıxarıb.
Oçerkdə,
həmçinin, 28 aprel çevrilişində fəal
iştirak etmiş “inqilab xadimləri” - narkomlar (xalq
komissarları) Mirzə Davud Hüseynovun (1894-1938) və
Çingiz İldırımın (1890-1937) Cümhuriyyətin
çökdürülməsi istiqamətində
apardıqları antimilli və xəyanətkar fəaliyyətin
bəzi məqamları qələmə alınıb:
“...Ağır
və mürəkkəb şəraitdə Parlamentin iclası
çağırıldı. İndi Parlament
üzvləri arasında bolşeviklər də peyda
olmuşdular, onlar hakimiyyətin qan tökülmədən
onlara təhvil verilməsini tələb edir və Sovet hakimiyyəti
quracaqlarını bildirirdilər. Bolşeviklər
müqavimət göstərməyin əbəs olduğunu,
Bakıya girməkdə olan Qızıl ordunun
qarşısını Cümhuriyyət qüvvələrinin
ala bilməyəcəyini, nahaq yerə qan töküləcəyini,
xalq sərvətlərinin yerlə-yeksan ediləcəyini və
hətta müstəqil Azərbaycan dövlətinin
varlığına son qoyula biləcəyini
vurğulayırdılar.
Hakimiyyətin təhvil verilməsinin əleyhinə
olanlar isə deyirdilər ki, axıradək mübarizə
aparmaq, bolşeviklərə təslim olmaqdansa, hətta Ermənistanla
barışmaq və Gücüstandan kömək istəyib
sona qədər vuruşmaq lazımdır.
Mübahisələr uzun çəkdi. Nəhayət,
gecə saat on ikidə top səsləri eşidildi. Bolşeviklərin
zirehli qatarı atəş
aça-aça Biləcəriyə
yaxınlaşırdı. Bu atəş səsləri
sonrakı hadisələrə başlamaq üçün bir
siqnal idi. Bundan iyirmi dəqiqə ötər-ötməz,
yerli bolşeviklər “yaçeykasının” sədri
Hüseynov (Azərbaycan SSR İnqilab Komitəsi sədrinin
müavini, sonralar Xalq xarici işlər komissarı olmuş
Mirzə Davud Hüseynov nəzərdə tutulur - M.H.)
Parlament binasına gələrək ultimatum verdi:
- Əgər Parlament iyirmi dəqiqə ərzində
hakimiyyəti bolşeviklərə təhvil verib
dağılmasa, bina hərbi gəmilərdən atəşə
tutulacaq.
Elə bu vaxt xəbər gəldi ki, Türkiyə zabiti
İldırım paşanın komandanlıq etdiyi Cümhuriyyət
hərbi dəniz donanması qırmızı bayraq
qaldıraraq bolşeviklərin tərəfinə keçib
(sonralar Azərbaycan SSR Xalq hərbi dəniz işləri
komissarı olmuş Çingiz İldırım nəzərdə
tutulur - M.H.).
Parlamentin dağılmaqdan başqa bir
çıxış yolu yox idi və Parlament belə də
etdi”.
Azərbaycan
İnqilab komitəsi sədrinin müavini, Azərbaycan SSR Xalq
xarici işlər komissarı Mirzə Davud Hüseynov
Azərbaycan SSR Xalq hərbi
dəniz işləri komissarı Çingiz
İldırım.
Bununla bərabər,
əsərdə daşnakların bolşeviklərlə gizli
sövdələşməyə girməsi və əlaqələndirici
şəkildə hərbi əməliyyatlar aparması, 28
aprel çevrilişi ərəfəsində Azərbaycan hərbi
qüvvələrinin Qarabağda və Ermənistanla sərhəddə
cəmləşdirilməsi və nəticədə ölkənin
şimal sərhədlərinin müdafiəsiz qalması kimi
geosiyasi və hərbi-taktiki məqamlara da toxunulub.
V.Kreve eləcə
də Bakı Rus Milli Şurasının antiazərbaycan fəaliyyəti
barədə, bu Şuranın sədri, həmçinin, Rusiya
Kadetlər partiyası Bakı komitəsinin rəhbəri və
Bakı şəhər dumasının deputatı Mixail
Floroviç Podşibyakinin (1883-1963) Cümhuriyyətə
qarşı tutduğu düşmən mövqe haqqında
mühüm bilgilər təqdim edib.
Yeri
düşmüşkən, Azərbaycanın dövlət
müstəqilliyinin barışmaz əleyhdarlarından biri
olan rus kadet xadimi M.F.Podşibyakin həmin şəxsdir ki,
1918-ci ilin dekabrında fəaliyyətə başlayan ilk Azərbaycan
Parlamentində Bakı Rus Milli Şurası təmsilçilərinin
Parlament üzvləri qismində iştirak etməsi barədə
Cümhuriyyət hökumətinin təklifini rədd etmiş
və bununla bağlı Nazirlər Şurasının sədri
Fətəli xan Xoyskiyə (1875-1920) Rus Milli
Şurasının adından etiraz məktubunu
imzalamışdı.
M.F.Podşibyakinin və Bakı Rus Milli
Şurasının rəhbərliyindəki digər
ağqvardiyaçı rus xadimlərinin bu cür destruktiv fəaliyyətini
göstərən bəzi araşdırmalar
çağdaş Azərbaycan
tarixşünaslığında da öz əksini tapıb. Gəlin, qısaca həmin
araşdırmalara müraciət edək:
“Özünü
şəhərin hərbi qubernatoru elan etmiş general Tomsonun
(1877-1963) başçılığı ilə hindli əsgərlərdən
ibarət İngiltərə qoşunları 1918-ci il noyabrın 17-də Bakıya daxil oldu. Polkovnik F.P.Kokkerel Bakıda müttəfiq dövlətlərin
polis komissarı təyin edildi. [...] Noyabrın
17-də axşam Rus Milli Şurasının üzvləri
M.Podşibyakin, Y.Smirnov, V.Baykov və A.Leontoviçin general
Tomson tərəfindən qəbul edilməsi Azərbaycan
hökumətinin narahatçılığını daha da
artırdı.
Görüş zamanı Rus Milli Şurasının
üzvləri özlərini Azərbaycanın sahibi kimi
aparırdılar. Onlar Tomsonun yaradılacaq koalision hökumətə
daxil olmaq haqqında təklifini həm öz adlarından, həm
də Erməni Milli Şurasının adından rədd etdilər.
Onların fikrincə, xristianların Azərbaycan
hökumətinə daxil olması onun müttəfiqlər tərəfindən
tanınmasını asanlaşdıra bilərdi. Bu adamlar Azərbaycanın Rusiya müstəmləkəçiliyindən
azad olub öz milli müqəddəratını təyin etməsi
əleyhinə idilər. Nəhayət,
görüş zamanı Tomson onlara xatırlatmağa məcbur
oldu ki, hazırkı vəziyyətdə Rusiya, sadəcə
olaraq, mövcud deyildir” (“Azərbaycan tarixi”. 5-ci cild.
Bakı, “Elm”, 2008, səh. 279-280).
Oçerkdə
ehtiva olunmuş mühüm bilgilərin bir qismi də 28 aprel
çevrilişi ərəfəsində yerli əhali
içində qızğın təbliğat aparan və
xalqı Qızıl orduya müqavimət göstərməməyə
səsləyən, əksinə - işğalçılara fəal
kömək etməyə çağıran, habelə Yalama
döyüşündə Cümhuriyyətə xəyanət
edib düşmən tərəfə keçən bir
sıra Türkiyə zabitlərinin bolşevik-daşnak
qüvvələri ilə əlbir olub müstəqil Azərbaycana
qarşı apardıqları destruktiv əməllərlə
bağlıdır.
Bu mövzu indiyədək Azərbaycan
tarixşünaslığında və politologiya elmində
yetərincə araşdırılıb ictimaiyyətə
ayrıca toplu kimi geniş təqdim olunmasa da, yaxın
keçmişdə nəşr olunan bir sıra tarix
kitablarında bu məsələyə həsr edilmiş bəzi
mühüm araşdırmalar çap edilib. Məsələn, 2008-ci ildə
“Elm” nəşriyyatında buraxılmış yeddicildlik “Azərbaycan
tarixi” nəşrinin 5-ci cildində yer almış “Azərbaycan
Xalq Cümhuriyyətinin süqutu” fəslində bu baradə
belə bir vacib tarixi ümumiləşdirmə təqdim
olunur:
“1920-ci ilin aprelində Bakıda hərbi
çevrilişin hazırlanması və keçirilməsində
burada olan Türkiyə hərbi xidmətçiləri və
kommunistləri fəal rol oynayırdılar. Məhz
onların köməyi nəticəsində şəhərdə
bir çox mühüm obyektlər, o cümlədən, dəmiryol
vağzalı tutuldu, şəhərin hərbi qubernatoru Murad
Girey Tlexas (1873-1920) həbs edildi. Məhz
Türkiyə zabitləri və əsgərləri Hökumətin
Bakını tərk etmək cəhdinin
qarşısını aldılar”.
Burada
xüsusi elmi-tarixi əhəmiyyət kəsb edən məqam
budur ki, bu ümumiləşdirmənin faktiki məzmununu əsaslandıran
bəzi tarixi faktlar və hərbi-siyasi reallıqlar hələ
1920-ci ildə V.Krevenin sözügedən “Bolşeviklər”
oçerkində tam aydınlıqla təsvir edilib:
“...Hələ
müstəqil Azərbaycan ilə Moskva arasında
danışıqlar gedərkən, bolşeviklər 1920-ci il martın 4-də Bakı Rus Milli
Şurasının sədri Podşibyakinin yanına iki səlahiyyətli
nümayəndə göndərmişdilər: onlardan biri Azərbaycan
hava qüvvələrinin rəhbərliyində xidmət edən
Türkiyə zabiti Əfşar xan idi, digərininsə
ad-familiyası yadımda qalmayıb. Onlar bilmək
istəyirdilər ki, bolşeviklər Bakıya gəldikdən
sonra rus ictimaiyyəti, həmçinin, Rus Milli Şurası
buna necə münasibət göstərəcək və
hansı mövqeni tutacaq. Gələn nümayəndələr
heç də gizlətmirdilər ki, bolşeviklər bu və
ya digər yolla may ayının 1-nə qədər
Bakını tutacaqlar.
Şuranın sədri bu suala İdarə Heyətində
müzakirələrdən sonra cavab veriləcəyini bildirdi
və martın 5-də bu məsələ ilə bağlı
iclas çağırdı.
İdarə
Heyətinin iclasında bunlar qərara alındı:
1. Azərbaycan
hakimiyyəti burada rusların təsir gücünü var
qüvvəsilə məhv etməyə
çalışdığını nəzərə alaraq;
2.
Rusiyanın bərpa olunmasında və sənayesinin
inkişafında Bakının olduqca vacib rolunu nəzərə
alaraq, bolşeviklər tərəfindən Bakının
tutulmasını məqsədəuyğun hesab edirik.
3.
Hazırda yalnız Sovet hakimiyyəti yeniliklər gətirmək
iqtidarında olduğu üçün və Rusiya hakimiyyəti
Rusiyadan ayrılmış ucqarları yenidən birləşdirmək
istədiyinə görə, Moskvanın Azərbaycandakı
planlarına dəstək verilməli, bolşeviklər
Bakıya gəldikdən sonra onlara bütün işlərdə
var qüvvə ilə əməli kömək göstərilməlidir.
4. Bolşeviklər Bakıya gələnə qədər
yerli “Qolos Rossii” qəzetində (bu qəzet 1918-1919-cu illərdə
Bakı Rus Milli Komitəsinin mətbu orqanı olaraq “Yedinaya
Rossiya” adı ilə buraxılıb. - M.H.) Azərbaycan hakimiyyətinə qarşı şiddətli
təbliğat aparılmalı və onu xalqın
gözündən salmaq üçün ciddi işlər
görülməlidir.
Bakı
Rus Milli Şurasının çıxardığı bu qərar
sonra Əfşar xana təqdim olundu...”
Oçerkdə Türkiyə zabiti ilə bağlı
göstərilən fakta bir qədər aydınlıq gətirmək
üçün qeyd edək ki, V.Kreve burada Cümhuriyyət
ordusunun Baş qərargahı yanında hərbi aviasiya dəstəsinin
rəisi, podporuçik Əfşar xan Teymurçini nəzərdə
tutur.
Ə.Teymurçin bu vəzifəyə Cümhuriyyətin Hərbi
naziri, general Səməd bəy Mehmandarovun (1855-1931) və
Cümhuriyyət ordusunun Baş qərargah rəisi, general
Matsey Sulkeviçin (1865-1920) 19 avqust 1919-cu ildə
imzaladıqları 370 saylı Əmrlə təyin
olunmuşdu.
Satqın
hərbi pilot Əfşar xan Teymurçinin 28 aprel
çevrilişindən sonrakı xidməti taleyinə Sovet hərbi
xadimi, SSRİ aviasiya marşalı, Sovet İttifaqı qəhrəmanı
Stepan Akimoviç Krasovskinin (1897-1983) SSRİ Müdafiə
nazirliyinin nəşriyyatı tərəfindən 1960-cı
ildə Moskvada nəşr edilmiş “Aviasiyadakı həyat”
adlı xatirələr kitabında yer almış bir epizodda
verilən qısa bilgilər bir qədər işıq
salır.
Qeyd etmək lazımdır ki, S.A.Krasovskinin özü 28
aprel çevrilində və 1920-1922-ci illərdə Azərbaycanda
Sovet işğalına qarşı üsyanların
yatırılmasında fəal iştirak edib. O, həmçinin, 1920-ci
ilin may ayından başlayaraq XI Qızıl ordu Hərbi hava
qüvvələrinin 1-ci Azərbaycan aviasiya dəstəsinin
komissarı olub. Azərbaycan SSR-də xidmətinin ilk
dövründə müxtəlif təşkilati və hərbi
pilot kadrlarının çatışmazlığı ilə
bağlı çətinliklərlə üzləşən
komissar S.A.Krasovski, sonralar göstərilən xatirələr
kitabındakı həmin epizodda Əfşar xan
Teymurçinin xəyanətkar xislətini açıqlayaraq
belə təqdim edib:
“...Onlarla
irili-xırdalı problemlər çiynimizə
düşmüşdü. Moskvadan Rusiya
istehsalı olan yeni uçuş maşınları - “Lebed-12”
və “Nyupor-17” markalı təyyarələr
almışdıq. Dəstəmiz üçün pilot
kadrlarını könüllülər arasından
yığırdıq. Onların çoxusu
çox vaxt yoxlanılmamış və bioqrafiyası naməlum
adamlar olurdu. Yadımdadır, dəstəmizə
İranda doğulmuş Əfşar adlı bir pilot gəlmişdi.
Söhbət zamanı məlum oldu ki, o,
Müsavat hökumətinin ordusunda pilot olub. Mən ondan
soruşanda ki, bəs Qızıl orduda xidmət etmək sənin
əqidənə zidd deyilmi, - Əfşar dedi:
- Mənim
əqidəm mənə ödəniləcək pulun məbləğindən
asılıdır...
Aydın
idi ki, Əfşar etibarlı adam deyildi və
biz onu pilot vəzifəsinə götürmədik. O, Azərbaycan
SSR Hava donanmasının qərargahında işə düzəldi.
Əfşar burada bir az işlədikdən
sonra, həkim arvadı ilə birgə İrana
qaçdı”.
Azərbaycan SSR-in 1-ci
Hərbi aviasiya dəstəsinin komissarı S.A.Krasovski.
Bakı, may-iyun 1920-ci il.
S.A.Krasovskinin “Aviasiyadakı həyat”adlı xatirələr
kitabının görüntüsü. Moskva, 1960,
1968-ci illər.
Tanınmış
araşdırmaçı-publisist Şəmistan Nəzirlinin
1999-cu ildə Bakıda “Elm” nəşriyyatında çapdan
çıxmış “Arxivlərin sirri açılır”
kitabında da Əfşar xan haqqında vacib bir fakt yer
almışdır:
“Milli ordumuzun hərbi təyyarəçisi Xan
Əfşar Teymurçin haqqında rast gəldiyim daha bir sənəd
görkəmli pianoçu və Bakıda Şərq
konservatoriyasının yaradıcısı Xədicə
xanım Qayıbovanın dindirilmə protokoludur. 1933-cü ildə “casus” kimi
həbs edilən ilk pianoçu Xədicə xanım 1938-ci
ildə ikinci dindirilmədə demişdir: “Təyyarəçi
zabit Xan Əfşar Teymurçinlə məni indi xalq
düşməni kimi ifşa olunmuş Çingiz
İldırım tanış etmişdir”.
Fikrimizcə, bu fakt da öz-özlüyündə
Əfşar xanın hansı siyasi ideya sahibi olduğunu
dübarə təsdiqləyir və daha əlavə şərhlərə
ehtiyac qalmır. Necə deyərlər, dostunu göstər, sənin kim olduğunu deyim.
Pilot
Əfşar xan Teymurçinin son taleyi necə olub, məlum
deyil.
***
Maraqlıdır
ki, V.Kreve əsərində Cümhuriyyətin süqut etməsi
səbəblərini araşdırarkən, bolşeviklər
Rusiyasının yürütdüyü təcavüzkar
imperialist siyasəti ilə bağlı geosiyasi, iqtisadi,
ideoloji və hərbi faktorlarla yanaşı, eyni zamanda bu
süqutu şərtləndirən bəzi ölkədaxili səbəbləri
də göstərməyi unutmayıb. O, bu zaman Azərbaycan
dilinin həm dövlət dili, həm də müstəqil
dövlətçiliyin başlıca əlamətlərindən
biri olaraq Cümhuriyyətin bütün qurumlarında işlədilməməsini,
milli və savadlı kadr çatızmazlığını,
idarəetmə pillələrində baş alıb gedən
rüşvətxorluğu, ölkədə qanunsuzluğa gətirib
çıxaran korrupsiya hallarını cəmiyyətdə bədbinlik,
inamsızlıq və psixoloji sarsıntılar yaradan amillər
kimi ön plana çəkərək yazır:
“Hökumət idarələrində təhsil
görmüş kadrların kəskin
çatışmazlığı əhali arasında hakimiyyətə
qarşı daha böyük narazılıq yaradırdı. Bütün
müəssisələrdə rus dili işlənirdi,
çalışanların çoxusu keçmiş çar
Rusiyasının dövlət məmurları idi. Yalnız Daxili İşlər Nazirliyində, Orduda və
Parlament təsisatlarında Azərbaycan dilnin işlənilməsi
üçün səylər göstərilirdi.
Amma azərbaycanlı məmurlar öz vəzifələrini
axıradək düzgün başa düşmədikləri
üçün və nəticədə yol verdikləri kobud
səhvlər üzündən tez-tez vəzifədən kənarlaşdıqlarına
görə bu səylər heç bir bəhrə vermirdi. Yarımçıq
təhsil görmüş bir azərbaycanlı az-çox məsuliyyətli
bir vəzifəyə keçən kimi dərhal rüşvət
almağa başlayırdı, insanlarla elə rəftar edirdi
ki, elə bil dünyanı o yaradıb, özünü elə
aparırdı ki, sanki qüdrətinin ucu-bucağı bilinməyən
bir Allahdır. Buna görə də idarəetmə
aparatı əsasən rusların əlində idi. Amma ali dövlət vəzifələrini Azərbaycan
ziyalıları tuturdular.
Bu, yerli rusları qane etmədiyinə görə
onların narazılığını daha da
artırırdı. Sözün doğrusu, ruslar heç vaxt
Azərbaycanın dostu olmayıblar. Onlar əvvəlcə
Denikinin gəlişini gözləyirdilər,
Könüllü ordu darmadağın edildikdən sonra isə
bolşeviklərin yolunu gözləməyə
başladılar. [...] Hakimiyyətdə
oturan Azərbaycan ziyalıları [...] ruslara qarşı əks
siyasət yürütməkdən çəkinir, sərt hərəkətlərlə,
milləti və müstəqil dövləti təhlükəyə
atmaqdan ehtiyat edirdilər”.
Bir qədər
heyrət doğuran haldır ki, V.Krevenin əsərində Azərbaycan
Hökumət idarələrində hökm sürən
rüşvətxorluqla bağlı göstərilən məqamlar,
o zaman Moskvada RSFSR Xalq Xarici İşlər
Komissarlığında Şərq məsələləri
üzrə Xalq komissarının müavini vəzifəsində
çalışan yazıçı və bolşevik
ictimai-siyasi xadimi Nəriman Nərimanovun (1870-1925) Cümhuriyyətdəki
vəziyyət barədə 1919-cu il sentyabrın 19-da Moskvada
etdiyi məruzəsində səslənən
aşağıdakı fikirlərilə tamamilə
üst-üstə düşür:
“...Burjuaziya
zümrəsi və Hökumət tərəddüd
içindədirlər. Özüm
eşitmişəm, - Xalq maarif nazirinin müavini bu nazirliyin
Departament direktoru müavininə deyirdi ki, nazirlər və digər
hakimiyyətdə oturanlar bolşeviklərin Bakıya gözlənilən
gəlişi ilə bağlı özləri
üçün pul yığıb tədarük edirlər.
Nazirlər arasında dələduzluq və
rüşvətxorluq halları bütün hədləri
aşıb. Hərçənd, bu
ağalar ayda 17000 rubl maaş alırlar, həmçinin,
nazirlər üçün müəyyən edilmiş qaydada
mənzillə təmin olunublar və bütün başqa tələbatları
da tam ödənilir”.
Göründüyü kimi, bu yerdə hər iki
yazıçının fikir eyniliyi göz
qabağındadır və zənnimizcə, əlavə
açıqlamaya ehtiyac yoxdur.
***
Oçerkdə diqqətçəkən məqamlardan
biri də budur ki, V.Kreve bolşevik ideologiyasını və
Rusiyanın işğalçılıq siyasətini ifşa
edərkən yalnız Aprel işğalı ilə
bağlı hadisələri təhlil edib təqdim etməklə
məhdudlaşmır. O, bu məsələyə daha geniş aspektdə
yanaşır və beynəlxalq baxış prizmasından təhlillər
edərək Rusiyanın eyni yolla Gürcüstanı, Belarusu,
Polşanı, Latviyanı və Litvanı sovetləşdirmək
üçün atdığı addımları analoji
misallar qismində göstərir, yaxın perspektivdə isə
bolşeviklərin hətta bütün Avropada öz
ideyalarını yeridib zorla Sovet idarə üsulunu qurmaq
planları barədə şərhlər verir.
V.Kreve Aprel işğalından sonra, Litvanı da belə
bir təhlükəni gözləyəcəyindən
narahatlıq keçirir. Yeri gəlmişkən, Litva dilində
yazılmış və ilk növbədə Litva ictimaiyyətinə
ünvanlanmış bu əsəri litvalılar mətbuatda
oxuduqdan sonra müəllifin keçirdiyi narahatlığı
yaşayırlar. Bunu Litvanın “Tauta” adlı qəzetinin
6 avqust 1920-ci il tarixli sayında “Siyasi xəbərlər”
başlığı altında dərc edilmiş redaksiya məqaləsində
açıqca duymaq olar:
“Vilnüsdəki Bolşevik hökuməti
özünü tamamilə V.Krevenin Azərbaycan haqqında
yazdığı oçerkdə təsvir olunan hadisələrə
uyğun şəkildə aparır. Bolşeviklər burada
litvalıların qurduğu mülki hakimiyyətin işlərinə
qarışmayacağına və Sovet Rusiyası ilə Litva
dövləti arasında 1920-ci il iyulun 12-də
bağlanmış sülh müqaviləsinə görə
tanıdıqları müstəqilliyimizə hörmətlə
yanaşacaqlarına söz verirlər. Amma özlərini bir
növ ev sahibi kimi aparırlar. Moskvada bir cür danışırlar, Vilnüsdə
isə başqa cür hərəkət edirlər. Və bu adətlərini dəyişmək barədə
heç düşünmürlər də. Açıqca deyirlər
ki, təki aparmağa bir şey olaydı, ələ
keçirdikləri hər şeyi - fortepianoları, mebeli, mətbəələri,
fabrikləri və s. aparardılar. Bununla belə,
hesab edirlər ki, Litvanın müstəqilliyinə və
Hökumətinə qarşı ən güclü formada təbliğat
aparmaq da tam məqsədəuyğundur. Onlar
Kaunas cənablarına özləri üçün qanlı
hamam qızdırmağı və bolşeviklərin elan
etdiyi Lit-Bel Respublikasına bənzər Sovet Respublikası
elan etməyi hökm edirlər.
Bolşeviklər
Vilnüsdən 1920-ci il sentyabrın 1-nə
kimi çıxıb şəhəri boşaltmağı vəd
edirlər, amma təşviqatçılarını özləri
ilə aparmağa söz vermirlər. Belə ki,
daim təbliğat-təşviqat işini aparmaq bolşeviklərin
birbaşa vəzifəsidir. Görünür,
Vilnüs bolşeviklərini onların yoxsulluqdan dilənçi
gününə düşüb cır-cındıra
bürünmüş ordusu əsla maraqlandırmır və
heç veclərinə deyil ki, ordu qarşıdan gələn
qışdan çıxmağa qətiyyən hazır deyil.
O bolşeviklər bandası bura necə giribsə, elə də
çıxmağa məcbur olacaq. Təəccüblüsü
budur ki, polyaklar niyə onları darmadağın etmirlər.
Axı, belə orduya hətta litvalılar qalib gələ
bilərdi.
Vilnüs əhalisi isə qan ağlayır. Atı, inəyi, donuzu, çörəyi qalmayan kəndlər inildəyir. Vilnüs ərzaqsız qalıb, gön-dəri, kağız, dəftərxana ləvazimatı və çox sayda digər məhsullar qurtarıb, fabriklər işləmir, kitablar və qəzetlər çıxmır. Qırmızılar deyirlər: “Əgər biz çıxmalı olsaq, ətrafda tapa biləcəyimiz hər şeyi sorub özümüzə çəkənə qədər buranı tərk edən deyilik. Siz ağlar, biz qırmızıları aclıq yolu ilə qovmağı düşünürsünüz. Biz isə sizə yalnız çılpaq daş-qayanı və ac-yalavac əhalini qoyub gedəcəyik”.
Bolşeviklər ayrı-seçkilik etmirlər, harada ki, dövlət, ictimai və ya şəxsi mülkiyyət görsələr, fərq qoymurlar - hər şeyi talayırlar. Bundan əlavə, hərbi səfərbərlik, aqrar islahatlar və filan-behman elan edirlər. Və bu zaman çox sayda günahsız insanları həbsə atırlar.
Buna baxmayaraq, biz artıq bu ay Vilnüsə qayıdacağıq və ona vurulan yaraları sağaldacağıq”.
***
İndi isə “Bolşeviklər” oçerkinin yayımlanması məsələsinə qısaca toxunaraq qeyd etmək istərdik ki, üç hissədən ibarət bu əsər ilk dəfə Kaunasda 1919-1920-ci illərdə litvaca nəşr edilən “Tauta” mədəniyyət və siyasət qəzetinin 1920-ci ilin iyul-avqust aylarında çıxmış 34, 35 və 36-cı saylarında dərc olunub. Bundan sonra əsər 90 ilə yaxın bir müddət heç vaxt təkrarən çap edilməmişdi.
V.Krevenin “Bolşeviklər“ sənədli oçerkinin dərc edildiyi “Tauta“ qəzeti. Kaunas, 30 iyul 1920-ci il, ¹ 34
Oçerk Litvanın müstəqilliyi bərpa olunandan sonra Litva Azərbaycanlıları Cəmiyyətinin təşəbbüsü ilə 2007-ci ilin noyabr və 2010-cu ilin aprel aylarında Vilnüsdə Litva, Azərbaycan və rus dillərində dövri mətbuatda yenidən işıq üzü görüb. Əsər Azərbaycanda indiyədək iki dəfə - V.Krevenin 2010-cu ildə Bakıda “Mütərcim” və 2015-ci ildə “Parlaq imzalar” nəşriyyatları tərəfindən buraxılmış “Azəristan ölkəsi” kitabında çap olunub, həmçinin, 2015-ci ildə “525-ci qəzet”də dərc edilib.
V.Krevenin “Bolşeviklər” siyasi oçerki, 28 aprel çevrilişinin şahidi olmuş Litva konsulunun - səlahiyyətli və qərəzsiz bir avropalı xadimin, bu çevrilişdən dərhal sonra yazdığı sənədli tarixi əsər olaraq Litvanın ictimai-siyasi dairələrində diqqətlə qarşılanıb və Aprel işğalı həqiqətlərini Litvada adekvat təqdim edən mötəbər mənbələrdən biri olaraq qəbul olunub.
Bakı-Kaunas-Vilnüs
Mahir
HƏMZƏYEV
Litva
Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva
Respublikası Hökuməti yanında Milli İcmalar
Şurasının üzvü
525-ci qəzet.- 2022.- 20 oktyabr.- S.10-11;16.