Zəngilanın azadlığının
ikinci ili
ZƏNGİLAN
ŞƏHƏRİ 24 SAAT ƏRZİNDƏ NECƏ AZAD
OLUNDU?
Bu gün Zəngilan şəhərinin Ermənistan
silahlı qüvvələrinin işğalından azad edilməsinin
ikinci ildönümüdür. 2020-ci il oktyabrın 20-də Azərbaycan
Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində
Zəngilan şəhəri və rayonun daha 6 kəndinin -
Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri,
Şərifan, Muğanlının işğaldan azad
olunduğunu elan etdi.
Zəngilan
rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan
silahlı qüvvələri tərəfindən işğal
edilmişdi. Rayon işğal edilərkən 1
şəhər, 5 qəsəbə və 79 kənddən ibarət
idi.
Zəngilan şəhərinin azad olunması 44
günlük Vətən müharibəsi tarixində ən
iti sürətli əməliyyat kimi yadda qaldı. Müzəffər
Ordumuz şəhəri 24 saat ərzində
işğalçılardan təmizlədi. Ermənistan tərəfi bir gün sonra -
oktyabrın 21-də Zəngilanı yenidən ələ
keçirmək üçün əks hücuma cəhd etdi.
Lakin düşmənin planı iflasa
uğradı, hərbçilərimiz hücumun
qarşısını mərdliklə aldılar.
Zəngilan şəhərinin azad olunması
üçün iti sürətli əməliyyat planı necə
hazırlandı? Döyüşlər hansı istiqamətdə
başladı və qarşı tərəf müqavimət
göstərdimi?
Dövlət Sərhəd Xidmətinin (DSX) təşkil
etdiyi mediatur zamanı Zəngilanı işğaldan azad edən
qəhrəman sərhədçilərimiz döyüş əməliyyatının
detalları barədə danışıblar.
"Əməliyyat
planını 24 saata yerinə yetirdik"
DSX-nın
polkovniki, "Vətən Müharibəsi Qəhrəmanı",
"Cəbrayılın azad olunmasına görə",
"Zəngilanın azad olunmasına görə"
medalları ilə təltif edilən Zəngilan şəhərinin
azad olunmasını Ali Baş Komandana məruzə edən Babək
Ələkbərov deyir ki, Arazboyu istiqamətlərdə sərhəd
zastavalarının, Dəli dağ yüksəkliyinin, Xudafərin
körpüsünün düşməndən təmizlənməsindən
sonra həmin istiqamətində hərəkətimiz davam etdi.
Zəngilan şəhərinin azad edilməsinə
dair böyük bir plan hazırlandı. Bu,
44 günlük müharibəsində ən iti sürətli əməliyyat
kimi yadda qaldı və biz plana uyğun olaraq hərəkətə
başladıq.
"Vətən
Müharibəsi Qəhrəmanı" deyir ki, planı 24
saat ərzində yerinə yetirdik: "Qruplarımız tam
hazırlandıqdan sonra Zəngilan şəhərinə
doğru istiqamətləndi. Burdakı yüksəkliklərdə
qrupları yerləşdirdik. Zəngilanın
girişinə yaxınlaşaraq ən yaxın təpələrdə
atəş qrupları yerləşdirdik və şəhəri
nəzarətdə saxlamağa başladıq. Əvvəldən əldə etdiyimiz məlumata
görə, düşmənin 100-ə yaxın heyəti Zəngilan
şəhərinin kənarında pusqu quraraq bizi gözləyirdi.
Biz buna hazır vəziyyətdə şəhərin
küçələrində arama-tarama işlərinə
başladıq. Ərazini düşməndən
təmizlədikdən sonra oktyabrın 20-də cənab Ali
Baş Komandana üçrəngli bayrağımızı
sancaraq Zəngilan şəhərinin işğaldan azad edilməsi
barədə məruzə edildi".
Polkovnikin
sözlərinə görə, Zəngilan azad edildikdən
sonra bütün qruplar şəhərin ətrafında
yüksəkliklərdə yerləşdirilib: "Demək
olar ki, tam təhcizat qruplarımız var idi, ona görə
ki, ehtimal edilirdi ki, Qafan-Sünik vilayəti tərəfindən
onlara dəstək gələ bilər və belə də
oldu. Düşmənin 300 nəfərdən
çox heyətlə burda qalanlara dəstək
üçün gəlmələrini biz artıq
müşahidə altında saxlaya bildik. Bu
bizim öncül planımız idi və ona uyğun olaraq əvvəlcədən
hazırlaşdıq".
Oktyabrın 21-i səhər tezdən Zəngilan
uğrunda demək olar ki, yenidən döyüş
başlayır. Düşmən qüvvələri Zəngilan
şəhərini geri alamağa cəhd göstərirlər.
Lakin peşəkar hərbi
qulluqçularımız düşməni yerində məhv
etməyi bacardı.
"Düşmən
bu döyüşlərdə böyük itki verdi,
biz qarşı tərəfdə yüksəklikləri nəzarətdə
saxlayırdıq və onların hərəkətlərini
izləyə bilirdik. Müşahidə edirdik
ki, onlar qrup halında Oxçuçayın qarşı tərəfi
istiqamətinə qaçırlar. Beləliklə,
hazırlanmış əməliyyat planı ilə Zəngilan
şəhər bir gün ərzində düşməndən
təmizləndi və düşmənin yeni cəhdinin
qarşısı alınaraq, məhv edildi", - Vətən
Müharibəsi Qəhrəmanı bildirib.
Bir
gün sonra düşmənin əks hücum cəhdi
DSX-nın
kapitan "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad
olunmasına görə", "Zəngilanın azad
olunmasına" görə medalları ilə təltif edilən
Qurban Qurbanov: "Zəngilan şəhərinin azad edilməsi
tapşırığını aldıq. Ətraf
yüksəkliklərə bizim qruplar yerləşdirildi.
Oxçuçay üzərində yerləşən
körpü istehkam cəhətdən yoxlandı və təmiz
olduğuna əmin olduqdan sonra həmin yüksəkliklərdə
olan atəş dəstək qrupları tərəfindən Zəngilan
şəhəri nəzarətdə saxlanıldı. Sonra sızma qrupları içəriyə daxil
oldular. Düşmənin içəridə
olan canlı qüvvəsi məhv edildikdən sonra Zəngilan
şəhərinin işğaldan azad edilməsi barədə
cənab Ali Baş Komandana məruzə edildi. Növbəti gün düşmənin canlı
qüvvəsinin əks hücum cəhdi oldu, onların
içərisində xüsusi təyinatlı
adlandırdıqları heyət də var idi. Həmin qüvvə tam şəkildə məhv
edildi, sağ qalanları əsir götürüldü.
Düşmənin qalan qüvvəsi geri çəkilməyə
məcbur oldu. Zəngilan şəhəri
və ətraf ərazilər tam şəkildə təmizləndi.
Döyüşlərdə şəhidlərimiz
oldu, Allah onların hamısına rəhmət eləsin.
Vətən müharibəsində Ordumuz bir
addım da geri çəkilmədi, bütün istiqamətlərdə
ancaq irəlilədik".
"Çox
qürurluyam ki, torpaqlarımızın azad olunmasında
iştirak etmişəm"
DSX
Çevik Hərəkət Qüvvələri
komandanlığının zabiti, "Azərbaycan
Bayrağı ordeni, "Cəbrayılın azad olunmasına
görə", "Zəngilanın azad olunmasına görə"
medalları ilə təltif edilən kapitan Sənan Mirzəliyev:
"Hadrut istiqamətində döyüşlərdə
iştirak etmişəm. Hadrut işğaldan
azad edildikdən sonra Araz boyu istiqamətində Soltanlı kəndində
döyüşlərdə iştirak etdik. Xudafərin, Dəli dağ, Zəngilan istiqamətində
irəliləyərək şəhəri düşmən
işğalından azad etdik. Zəngilana
Oxçuçay istiqamətindən daxil olduq. Əvvəlcə çayın ətrafında
mövqe tutduq, şəhərin müşahidəsini təşkil
etdik. Şəhəri müşahidə
edən vaxt düşmənin canlı heyətinin buradan
qaçdığını izlədik. Bizim gəldiyimizi
hiss edib şəhərdən uzaqlaşmağa
başlamışdılar. Bundan sonra
aldığımız tapşırıq əsasında
sızma əməliyyatı icra etdik. Oktyabrın
19-da şəhərin yoxlanılması, düşməndən
təmizlənməsi həyata keçirildi. Oktyabrın 20-də isə Zəngilan şəhərinin
azad edilməsi barədə cənab Ali Baş Komandana məruzə
edildi".
Sənan
Mirzəliyev deyir ki, düşmənin Zəngilan şəhərinə
əks hücumu da dəf edildi: "Onların xüsusi təyinatlı
qüvvələri Zəngilanın kəndlərinə
sızmışdılar və orda mövqelənmişdilər.
Biz bu döyüşlərdə şəhidlər verdik, amma
düşmən istəyinə nail ola bilmədi.
Zəngilanı yenidən ələ keçirə
bilmədilər və geri çəkilməyə məcbur
oldular. Xeyli sayda da itki verdilər".
Zabitin
sözlərinə görə, döyüş zamanı
"Harop" tipli pilotsuz uçuş aparatlarından istifadə
olunub: "Bildyiniz kimi, bu istiqamətdə olan hərəkətimiz
döyüş tarixinə ildırımsürətli
hücum planı kimi düşdü. Bizi həmin
vaxt təhlükəsiz irəliləməyimiz
üçün "Harop", "Quzğun" PUA-ları
müşayət edirdilər. Həqiqətən də
bu, öz nəticəsini verdi. Təlükəsiz bir şəkildə bu əraziyə
qədər gəlib çıxa bildik. İstədiyimizə
nail olduq. Torpaqlarımızı işğaldan
azad etdik.
Mən çox qürurluyam ki, DSX Çevik Hərəkət
Qüvvələrində xidmət edirəm, həm də onun
üçün qürurluyam ki, torpaqlarımızın
düşməndən azad olunmasında iştirak etmişəm".
"Düşmənin
dərinliklərinə sızaraq tapşırıqları
yerinə yetirdik"
Müdafiə Nazirliyinin leytenantı Damət Abbasov isə
44 günlük Vətən Müharibəsində Cəbrayıl,
Zəngilan, Qubadlı, Laçın və Xocavənd
rayonlarında döyüş yolu keçib. Bölmə komandiri deyir ki,
düşmənin dərinliklərinə sızaraq
tapşırıqları yerinə yetirib: "Düşmənin
hərbi hissəsinin, texnikalarının, obyektlərinin,
canlı qüvvəsinin koordinatlarını
ötürmüşük və onlar artileriya atəşi ilə
məhv edilib".
D.Abbasov Qubadlı istiqamətində yaralansa da, hospitala
getməkdən imtina edib və döyüşə davam edib. Həm gecə,
həm də gündüz tapşırıqlarını yerinə
yetirib.
Leytenant deyir ki, qrupların tərkibində
istehkamçılar olub və onların vasitəsilə
istehkamları keçiblər.
"Bütün tapşırıqları uğurla icra
etdik. Şəhidlərimiz, yaralılarımız oldu,
amma müharibədə şanlı qələbə əldə
etdik. Müharibə varsa, döyüş
var, şəhid, yaralı var. Allah bütün şəhidlərimizə
rəhmət eləsin".
D.Abbasov
"Vətən müharibəsi
iştirakçısı", "Cəbrayılın azad
olunmasına görə", "Zəngilanın azad
olunmasına görə", "Qubadlının azad
olunmasına görə", "Laçının azad
olunmasına görə", "Xocavəndin azad olunmasına
görə", "Hərbi xidmətlərə görə"
medalları ilə təltif olunub.
Artıq ikinci ildir ki, müzəffər Ordumuz Zəngilanı azadlığına qovuşdurub. Ermənistan 30 ilə yaxın işğalda saxladığı digər ərazilərimiz kimi Zəngilanı da vandalizmə, urbisidə məruz qoyub, sərvətlərini tar-mar edib, infrastrukturu sıradan çıxarıb. Rayon ərazisində olan evləri tarixi abidələr tamamilə dağıdıb, ətraf mühütə ciddi ziyan vurub. Eyni zamanda ərazini minalarla çirkləndirib.
Bu gün azad olunmuş digər ərazilərimizdə olduğu kimi Zəngilanda da sürətli bərpa-quruculuq işləri aparılır. Elə Böyük Qayıdış da Zəngilandan - Ağalı kəndindən başlayıb. Rayonda Ağalı kəndində inşa edilən ilk ''Ağıllı kənd''ə artıq sakinlər köçürülüb.
Ərazisi 730 kvadratkilometr olan rayonun əhalisi 45 473 nəfərdir (1993-cü ildə 39 min) nəfərdir. Rayon ərazisi Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu hissədə yerləşir. Ərazinin özünəməxsus gözəllikləri, təbiəti, sıldırımlı qayaları, göz oxşayan meşələri var.
Zəngilan rayonu respublikada ərazisindən dörd daimi axarlı çay keçən - Araz, Oxçuçay, Həkəri, Bəsitçay yeganə, unikal bir ərazi vahididir.
Azad olunmuş digər ərazilərimiz kimi Zəngilana
da yeni həyatın qayıdacağı uzaqda deyil. Dövlət başçısı İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva bu ilin may
ayında Zəngilan rayonunda "Ağıllı kənd"
layihəsinin birinci mərhələsi üzrə
açılış mərasimində iştirak edərkən
Prezident deyib ki, Zəngilanı park şəhərinə
çevrilməlidir: "Zəngilan şəhərinin
Baş planı ilə tanış oldum. Hesab edirəm ki, ən
gözəl variantı seçdik. Bu sahədə təcrübəsi
olan beynəlxalq şirkət Baş planı təqdim etdi və
mən dedim ki, Zəngilan şəhəri park şəhərinə
çevrilməlidir. Yəni, Zəngilanın təbiəti
o qədər gözəldir ki, biz təbiətə bir zərrə
ziyan vurmamalıyıq, əksinə, təbiəti daha da zənginləşdirməliyik,
xüsusilə nəzərə alsaq ki, ermənilər Bəsitçay
təbii qoruğunu da məhv etmişlər. O məşhur
palıd ağaclarını da kəsiblər,
Oxçuçayı da zəhərləyiblər. Biz təbiəti
qorumalıyıq".
Pərvanə
SULTANOVA
.
525-ci qəzet.- 2022.- 20 oktyabr.- S.6;7.