Arxamızca qayıq gəlir, əzrayıl avarı çəkir  

 

 

Payız

 

 

Neyləyir, bu dəli payız,

dörd yanına sarı çəkir;

həsrətim çiçək qoxuyur,

könlüm o gülzarı çəkir;

 

 

tutubdu bozax yolları,

süpürür sazaq yolları;

gözlərim uzaq yolları,

ürəyim qubarı çəkir;

 

 

deyim dəli küləyə,

ruhumu çəkir çilləyə;

buludlar lələk-lələyə

uca dağlar qarı çəkir;

 

 

göy üzü birdən yorular,

ulduzlar düşüb qırılar;

qış yuxusunda arılar.

qızıl gülün barın çəkir;

 

 

fələk nəyi sayıb gəlir,

dərd verməkdən doyub gəlir;

arxamızca qayıq gəlir,

əzrayıl avarı çəkir;

 

 

neynirəm, dərdin naxışın,

dünyanın qarın, yağışın;

sənin o zalım baxışın

aramıza barı çəkir.

 

 

 

Gəl, yuxumun şəklini çək

  (sürrealist şeir)

 

 

 

Gəl, yuxumun şəklini çək,

gör ruhum hardan asılıb;

üzüm payız yarpağı tək,

bir divardan asılıb;

 

 

üzüm şəkil deyil, axı,

üzümdə rənglər qarışıb;

çöldə gün tutan yerlərə,

başsız adamlar darışıb;

 

 

göy üzü sınıb tökülür,

çiliklənir, şüşə kimi;

saçlarım yenidən qalxır,

bir qaranlıq meşə kimi;

 

 

dünya bir çöpün üstündə,

donub qalıb göy üzündə;

buz tutub, donub yanağım,

əl vurma, göm-göy üzümə;

 

 

başımdan bulaq açılıb,

göy üzünə dəyir başım;

qalxıb anamı axtarır,

körpəkən ölən qardaşım;

 

 

ulduzlardan iynə yağır,

Ay qara kölgə kimidi;

odam qərib gəlir mənə, -

bir uzaq ölkə kimidi;

 

 

axı, mən şəkil deyiləm,

kim asıb məni, divardan;

gözümün ucunda qalıb,

bu yuxu, ötən bahardan.

Toxunma qanadıma

 

 

Alnımın varağında,

yazılıb adıma;

bu əsən dəli külək

kül qatıb ovqatıma;

 

 

 

hanı, yazın naxışı,

uçub yolun yoxuşu;

boz buludlar yığılıb,

göy üzünün altına;

 

 

dünya sınıq oxunda,

su içdim göycə xümda;

əlim dəydi yuxumda,

tanrının göy atına;

 

 

buludlar ləçək-ləçək,

qalxaq şəklini çəkək;

sular axıb çökəcək,

yerin yeddi qatına;

 

 

yolum payıza düşdü,

iliklərim üşüdü;

bir ayağım ilişdi,

yer üzünün çatına;

 

 

göy üzü mələklərin,

buludlar küləklərin;

tökülür lələklərim,

toxunma qanadıma.

 

 

 

Su tapılmır, bu ağaca

 

 

 

Yenə qaçır yuxularım,

gözümün yuxu yerindən;

deyirlər, bir gün çıxacaq,

dünyanın oxu, yerindən;

 

 

 

sular göy üzündən axır,

həsrət köy üzümdən baxır;

qəfil bir ildırım çaxır,

oynadır dağı yerindən;

 

 

sönmüş ocaqlar kül açır,

dağda köhnə qar gül açır;

acı ağrılar dil açır,

çiynimin yağır yerindən;

 

 

su tapılmır, bu ağaca,

buluddan yağacaq;

qazım, görüm çıxacaq,

bu kor bulağın yerindən;

 

 

qanad taxım, qalxım uçum,

gedim tapım, dərdin ucun;

söz süzülür, bu ağacın

gözünün ağı yerindən;

 

 

buludlar göydən boşalır,

kölgə quzeydən boşalır;

qollarım heydən boşalır,

dünyanın ağır yerindən.

 

 

Uzaq sular

 

 

Mən sevdiyim dənizin,

yolları uzaq-uzaq;

payız yeni qayıtdı,

yal-yamac sazaq-sazaq;

 

 

 

uzaq sular dediyim,

o sular hardan baxır;

ruhum gəzən yerlərdə

hələ göy sular axır;

 

göy sulara bənzəyir,

mənim bətim-bənizim;

hələ kimsə görməyib,

mən sevdiyim dənizi;

 

 

payızlardan o yana,

uzaq sular buz tutur;

hələ çox donmamışam,

hələ dilim söz tutur;

 

 

 

ulduzları kim sökür,

göyün o yan üzündə;

yorğun-yorğun kölgələr,

əsir, göm-göy üzümdə;

 

 

 

hardan gəlir bu səslər,

qulağım dəlik-dəlik;

mən göylərin səsini

dinləyirəm, hələlik.

 

 

Yer üzü bir ağır daşdı

 

 

 

Ötdü ömrün bir yazı da,

qarşıdan yenə qış gəlir;

buludlar çoxalıb göydə.

yuxuma qar-yağış gəlir;

 

 

hər ulduz bir buz parçası,

suya dönüb axa bilər;

bir gün cin vurar başına,

daşa dönüb yağa bilər;

 

 

yığın bütün günahları,

hamısın atın üstümə;

hardasa bir daş qaralır,

pozulub adım üstündən;

 

 

onsuz da dünya belədi,

əvvəli, sonu yoxdu;

ruhumuz bir uçan quşdu,

canı, qanı yoxdu;

 

 

yoldu hər yanı dünyanın,

mən yolların üstündə;

Yer üzü bir ağır daşdı,

qalıb qollarım üstündə.

 

 

Eşq yoxsa, könül demə

 

 

 

Ox atdım, suya düşdü,

var, oxun yerində;

tor atıb söz tuturam,

suyun axın yerində;

 

 

üzüm qovrulub, gedir,

ruhum yorulub gedir;

külü sovrulub gedir,

dərd - ocağın yerində;

 

 

örüşdə naxır qalıb,

qazanda paxır qalıb;

bir qara çuxur qalıb,

buz bulağın yerində;

 

 

ömrüm yol əziyidi,

yolum gül əziyidi;

dünya öləziyibdi,

dərdin yaxın yerində;

 

 

qönçələr düymə-düymə,

məni gizlicə öymə;

könlüm səndədi, dəymə,

gəlim baxım, yerində;

 

 

eşq yoxsa, könül demə,

dərd çəkdim min il, demə;

bir od düşüb könlümə,

canım yanğın yerində.

Məni bir şəkil elə

 

 

Həsrət bir uzun yoldu,

gözüm yol çəkir elə;

gecənin qarasını,

ulduzlar sökür elə;

 

 

kim bağladı yolları,

sızıldayır qollarım;

göy üzündən suları

buludlar tökür, elə;

 

 

sevdan ürək gətirir,

çiynim lələk gətirir;

bahar çiçək gətirir,

payız dərd əkir elə;

 

 

könlün məndən qırıqsa,

həsrət ona sarıqsa;

dünən, bu gün varıqsa,

yenə şükür elə;

 

 

bir sevdiyin sözdən as,

yanıb-sönən közdən as;

ürəyinin üstən as,

məni bir şəkil elə.

 

 

Payız qayıdan kimi

 

 

 

Payız qayıdan kimi,

yarpağa qara düşər;

göy üzü yırğalansa,

ulduzlar hara düşər;

 

 

 

ocaqdan od istəsəm,

Tanrıdan ad istəsəm;

bir köhlən at istəsəm,

bəxtimə Qır at düşər;

 

 

bu yol çıxır axıra,

naxır dönür avxura;

qışda ova çıxmıram,

gözlərim qara düşər;

 

 

ömür çatır yarıya,

kim gedə, kim qarıya;

payız çəkər sarıya,

yaşıl bahara düşər;

 

 

gözlərin bir cüt xurma,

ürəyimi qovurma;

məndən uzaqda durma,

könlümə yara düşər.

 

 

Mən yenidən doğulsam

 

 

Mən yenidən doğulsam,

bir gün, yenə bir sabah;

anamın ağrıları

məzara dönər, Allah

 

 

inandığım bir özüm,

bir ki, göy üzüdü;

çoxdan cırıb atmışam,

köhnə, ögey üzümü;

 

 

üzünü mənə tutma,

nəfəsim ütər səni;

günahların içindən

çıxart, birtəhər məni;

 

gözlərimin ucundan,

düşüb itir yuxular;

hərdən, elə bilirəm

göy üzü yıxılar;

 

 

baxdığım güzgülərdə,

haqqın üzü yoxuymuş;

bizi hey aldadırlar,

bu dünya bir yuxuymuş;

 

 

min illərdi uymuşam,

bir yalançı nağıla;

daha bu gündən belə,

mən çətin ağıllanam.

 

 

 

görürsən, üzümdə

 

 

 

Qara bulud hay salıb,

Bir yağışdan ötəri.

başımın üstündədi

göy üzünün çətiri;

 

 

çatır günün axırı,

axtarıram naxırı;

arıları çağırır,

çiçəklərin ətiri;

 

 

qəmli şeir oxuma,

qəm toxunur ruhuma;

gecə girib yuxuma,

Ayın solğun bədiri;

 

 

gör ağrılar yaşda,

ömür ötür savaşda;

ağıl çıxanda başdan,

dərd adamı güldürür;

 

 

kim bilir, dərdin yaşın,

yol yürüdüm, yal aşdım;

qara bulud göz yaşın,

küləklərə sildirir;

 

 

görürsən, üzümdə,

od oynayır gözümdə;

itdi, çölün düzündə,

şeirimin sətiri.

 

 

Ölür, qorxum içimdə

 

 

 

Küləklər at oynadır,

payız, bağın içində;

yarpaqlara xal düşüb,

qara ağın içində;

 

 

könlümü bir söz tutub,

ürəyimi köz tutub;

əllərimi buz tutub,

buz bulağın içində;

 

 

qanadım lələk-lələk,

hər çiynimdə bir mələk;

bizə tor qurur fələk,

özü çarxın içində;

 

 

bu yol haqqın yoludu,

hamı tanrı quludu;

varın içi doludu,

var, yoxun içində;

 

 

kimlər durub qəsdimə.

daş atırlar büstümə;

kölgə düşür üstümə,

əksim arxın içində;

 

çən tutub çənləyirəm,

dən tapıb dənləyirəm;

ruhumu dinləyirəm,

ölür, qorxum içimdə.

 

Nazim ƏHMƏDLİ

 

525-ci qəzet.- 2022.- 21 oktyabr.- S.15.