21 oktyabr qəhrəmanları
Yəqin
ki, Azərbaycan dövləti və Azərbaycan xalqı var
olduğu müddətcə, hər il
sentyabr ayının 27-dən noyabrın 10-na qədərki
müddət şanlı Vətən müharibəmizin
ildönümü kimi tarixdə və yaddaşlarda qalacaq. 2020-ci ilin bu 44 günü hər bir azərbaycanlı
üçün önəmli, unudulmaz, həyəcan, sevinc, məyusluq,
gözlənti, ümid dolu keçdi. Bu 44
gündə tək bir gün belə olmadı ki,
gözümüzü sosial mediadan, televizordan, cəbhədən
gələcək xəbərlərdən çəkib
hansısa başqa bir mövzuyla maraqlanaq, nəyisə
gündəmə çevirək. Gündəm
mövzusu işıq sürətiylə dəyişən cəmiyyətimizdə
deyəsən, ilk və tək mövzu idi ki, 44 gün və
ondan sonra da bir müddət bütün ölkənin, hətta
dünyanın gündəmini zəbt etməyi bacardı.
Gözümüz, qulağımız, ürəyimiz,
fikrimiz cəbhədən gələn xəbərlərə
kökləndi, dualarımızdan ordumuz, əsgərlərimiz
bir an olsun düşmədi. Biz bu 44
günlük müharibəni təkcə cəbhədə
deyil, ruhumuzda, varlığımızda yaşadıq.
Buna görədir ki, iki il keçməsinə
baxmayaraq, hər il bu günləri eyni duyğularla
keçirir, bu günlərdə şəhadətə
qovuşan şəhidlərimizi hüznlə, azad olunan
torpaqlarımızı isə sevinclə, qürurla
anırıq.
lll
20 oktyabr
2020-ci il bir sıra kəndlərimizlə
yanaşı, Zəngilan rayonunun azad olduğu möhtəşəm
gündür. Bununla yanaşı, 20 oktyabrda Anar Əmirov,
Cavid Həsənov, Elton Qənbərli, Hakim Bəşirov,
Natiq Baxşəliyev, Ruslan Əsədov, Sadiq Həsənov,
Vaqif İsmayılzadə və sair kimi ordumuzun qəhrəman
zabit və əsgərləri şəhidlik zirvəsinə
yüksəliblər. Necə deyərlər, bir
gözümüz sevinərkən, o biri
gözümüzün ağlamağa məhkum olduğu
günlərdir bu günlər.
Bu gün- 21 oktyabr tarixi müharibənin 25-ci
günüdür. Vətən müharibəsinin
xronikasına nəzər salanda bu gün də qürur dolu
hisslərlə tariximizə yazılıb. Çünki
qəhrəman Azərbaycan ordusu bu gün Zəngilan rayonunun
Mincivan qəsəbəsi və 13 kəndi - Xurama, Xumarlı,
Sarıl, Babaylı, Üçüncü Ağalı,
Hacallı, Qırax Müşlan, Üdgün, Turabad,
İçəri Müşlan, Məlikli, Cahangirbəyli,
Baharlı kəndləri, Füzuli rayonunun Gecəgözlü,
Aşağı Seyidəhmədli, Zərgər kəndlərini,
Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli
kəndlərini işğaldan azad edib. Bu kəndlərin hər
birinin azadlığı yüzlərlə vətən həsrətli,
torpaq yanğılı insanın 30 illik həsrətindən
qurtuluşu, torpağına, uşaqlığına, gəncliyinə,
gözəl xatirələrinin uyuduğu doğma yurduna
qovuşması deməkdir. Bəli, o insanlar bu
günü yurdlarının düşmən
işğalından azad olunduğu gün kimi
xatırlayırlar.
Ancaq digər
tərəfdə bu günü doğmasının, əzizinin,
balasının şəhid olduğu, torpağa
qarışdığı gün kimi yad edən yüzlərlə
insan var. 21 oktyabr günündə Polkovnik-leytenant Anar Əliyev,
baş gizirlər Azər Yusifli, Camal İsmayılov, kapitan
Ruhin Xəlilov, leytenant Kamran Quluzadə, əsgərlər
Mahsun Bağırzadə, Toğrul Atakişiyev və
başqaları şəhadət zirvəsini fəth ediblər.
Düz 25 gün torpaqlarımızın
azadlığı uğrunda canıyla, qanıyla vuruşan bu
qəhrəmanlar bu gün şəhidlik şərbətindən
dadıblar.
lll
Azərbaycan
Silahlı Qüvvələrinin polkovnik-leytenantı, USTA dərəcəli
hərbi qulluqçu, Naxçıvan Əlahiddə
Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin
Komandiri, Vətən Müharibəsi Qəhrəmanı Anar
Əliyev 40 illik ömrünün böyük hissəsini vətənə
xidmətdə keçirmiş, müharibədən öncə
də bir sıra önəmli əməliyyatlarda fərqlənmişdi.
Məsələn,
2018-ci ilin may ayında Şərur rayonunun Günnüt kəndində
baş tutan Naxçıvan Əlahiddə Ümumqoşun
Ordusunun əks-hücum əməliyyatı nəticəsində
Günnüt kəndi işğaldan azad olunmuşdu. Anar Əliyev bu əməliyyatda yaxından
iştirak edərək fərqlənmişdi.
O, Vətən
müharibəsinə Naxçıvan Əlahiddə
Ümumqoşun Ordu Komandanının 11 oktyabr 2020-ci il tarixli 0120 saylı Sərəncamına əsasən
qatılmışdı. Belə ki, Vətən
müharibəsi zamanı A.Əliyev Naxçıvan
Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı
briqada komandiri idi. O, müharibənin ilk 13 günü
Naxçıvanda xidmət etsə də, Komandanlığa
müharibədə iştirak üçün müraciət
edir.
Anar Əliyev 11 oktyabrdan iştirak etdiyi 2020-ci ilin 27
sentyabrından başlanan İkinci Qarabağ müharibəsində
Zəngilanın, Cəbrayılın, Füzulinin və Xocavəndin
azadlığı uğrunda gedən döyüşlərdə
vuruşmuşdu. O, sonuncu dəfə Füzuli-Xocavənd istiqamətində
vuruşur. Komandirliyini etdiyi briqadanın da
iştirak etdiyi son əməliyyatlar nəticəsində, 21
oktyabr tarixində Füzuli rayonunun Gecəgözlü,
Aşağı Seyidəhmədli, Zərgər kəndləri
işğaldan tam azad edilmişdi.
Həmin
gün Xüsusi Təyinatlı Qüvvələrin Komandan
müavini Zaur Cavanşir və keçmiş Komandan
müavini Kənan Seyidov tərəfindən Anar Əliyevə
Xocavənd-Şuşa istiqamətində Azərbaycan Ordusunun
Şuşaya daxil olmasında böyük rol oynayacaq strateji
yüksəkliklərin, xüsusilə, "772 metr"
yüksəkliyinin, Xocavənd rayonunun Tuğ kəndinin azad
edilməsi həvalə edilmişdi.
Döyüş
yoldaşlarının dediklərinə görə, o, qəfildən
əvvəlcə, sağ qolundan, sonra isə gözündən
vurulur. Ona ilk tibbi yardım edən leytenant Adil
Əfəndiyev olur. Əsasnaməyə
görə, zabiti feldşer və ya sanitar
çıxarmalı olsa da, israrla Adil Əfəndiyev
qabağa atılır. A.Əliyevin
gözünə iynə vurur. Lakin
yaxınlıqda olan qarşı tərəfin
açdığı güllə A.Əfəndiyevin ürəyinə
dəyir, həmçinin, qarşı tərəfin
atdığı əl qumbarası onların
yaxınlığında partlayır. Açılan
intensiv atəş və atılan əl qumbarasından ağır
yaralanan polkovnik-leytenant A.Əliyev və leytenant A.Əfəndiyev
21 oktyabr tarixində şəhid olurlar.
23 oktyabr tarixində onun nəşi mühasirədən
çıxarılaraq Füzulidə yerləşən
Diaqnostika mərkəzinə gətirilir. 24 oktyabr
tarixində Diaqnostika mərkəzindən boya-başa
çatdığı Tərtər rayonunun Bəyimsarov kəndinə
son vida mərasimi üçün aparılır. 25 oktyabr 2020-ci ildə II Şəhidlər
xiyabanında torpağa tapşırılır.
A.Əliyevin rəhbərliyi altında baş verən bu
döyüş Şuşaya girişi
asanlaşdırmışdı.
lll
Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat
Dəstəsinin (ÇHD) baş giziri, Vətən Müharibəsi
Qəhrəmanı Azər Yusifli 26 illik ömrünə
şərəfli bir zabit həyatı
sığışdırıb. O, əvvəlcə Cəbrayıl
rayonu istiqamətində gedən döyüşlərdə
savaşıb. Müharibə ərzində Sərhəd
Qoşunlarının heyətində Cəbrayıl rayonunun
Araz boyu olan yaşayış məntəqələri -
Mahmudlu, Soltanlı, Əmirvarlı, Göyərçin Veysəlli,
Keyxalı, Maşanlı və Hasanlının
azadlığı uğrunda gedən döyüşlərdə
vuruşub. Ayın 18-də isə Dövlət
Sərhəd Xidmətinin apardığı hərbi əməliyyat
zamanı Xudafərin Körpüləri işğaldan azad
olunmuşdu.
Oktyabrın 19-dan 20-nə ötən gecə isə Zəngilan
şəhəri uğrunda döyüşlər
başlamışdı. Gecə saatlarında şəhər
işğaldan azad olunmuşdur. Saat 04:00
radələrinə baş gizir Azər Yusifli tərəfindən
Zəngilan şəhərinə 27 ildən sonra Azərbaycan
bayrağı sancılıb. Təəssüf
ki, igid döyüşçü oktyabrın 21-də Zəngilan
şəhəri istiqamətində şəhidlik zirvəsinə
yüksəlib.
lll
Xüsusi
Təyinatlı Qüvvələrin qrup komandiri və baş
giziri, Aprel döyüşlərinin
iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı
Camal İsmayılov müharibədə Cəbrayıl,
Füzuli və Qubadlı rayonları istiqamətlərində,
həmçinin, Ərgünəş dağı və Hadrut
qəsəbəsi istiqamətlərində gedən
döyüşlərdə savaşıb. Ümumi
olaraq 24 gün ərzində 30-dan çox yaşayış məntəqəsinin
azad edilməsi uğrunda gedən döyüşlərdə
olub. Hadrut döyüşləri zamanı
XTQ zabitləri ilə birgə Ermənistan Ordusunun rabitə
qovşağına qoşulur və erməni hərbçilərinin
başqa istiqamətə yönlənməsini təmin edir.
C.İsmayılovun
da daxil olduğu XTQ-nın 15 nəfər hərbi qulluqçudan
ibarət olan qrupu, həmçinin, digər dəstələrdən
olan 30 nəfər hərbi qulluqçuları oktyabrın
19-da Qubadlı istiqamətində ciddi önəmə və
strateji əhəmiyyətə sahib olan mövqelər
uğrunda döyüşlərə daxil olmuşdular. Qeyri-bərabər döyüşlər nəticəsində
C.İsmayılov və dəstənin bir neçə
üzvü şəhadətə ucalıb.
lll
Ədliyyə Nazirliyinin İcra Baş idarəsində məsləhətçi,
Birinci dərəcəli dövlət qulluqçusu Ruhin Xəlilov
Ədliyyə kapitanı idi. O, Vətən müharibəsi
başlayan gündən könüllü olaraq Cəbrayıl
rayon hərbi komissarlığına müraciət edib və
25 gün igidliklə vuruşub. 21 oktyabr 2020-ci
ildə Qubadlı rayonunun azadlığı uğrunda gedən
döyüşlərdə qəhrəmancasına həlak
olub. İkinci Fəxri xiyabanda dəfn
edilib.
lll
Leytenant
Kamran Quluzadə ali təhsilli hərbçi
idi. O, 2015-2019-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində
(AAHM) ali hərbi təhsil alıb. 2019-cu ildən
Azərbaycan Silahlı Qüvvələrinin sıralarında
xidmət edirdi.
K.Quluzadə Vətən müharibəsi zamanı Xocavəndin
azadlığı uğrunda gedən döyüşlərdə
savaşıb.
Oktyabrın 21-də Xocavənd döyüşləri
zamanı şəhid olub.
lll
22 yaşlı əsgər Mahsun Bağırzadə AMEA
Lənkəran Regional Elmi Mərkəzində işləyirdi. 2020-ci ilin 14
iyul tarixində Tovuz döyüşləri zamanı
general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərliyə
yazılıb, 21 sentyabr 2020-ci ildə hərbi təlim
toplantılarına çağırılmışdı.
Vətən müharibəsində könüllü
atıcı olaraq iştirak edən Mahsun Füzulinin, Cəbrayılın,
Zəngilanın və Qubadlının azadlığı
uğrunda gedən döyüşlərdə
vuruşmuşdu. O, 21 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində
döyüş tapşırığının yerinə
yetirilməsi zamanı həlak olub.
lll
20 yaşlı əsgər Toğrul Atakişiyev isə Müdafiə Nazirliyinin nəzdində Hərbi Polis İdarəsində çalışırdı. O, Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. T.Atakişiyev oktyabrın 21-də Hadrut döyüşləri zamanı şəhadətə yüksəlib. Beyləqan şəhərində dəfn olunub.
lll
Bu qəhrəmanlar müharibə zamanı
xalqımızın bir gündə qurban verdiyi, öz
şücaətləriylə, hətta şəhadətləriylə
ordumuzun Qarabağa gedən yolunu açan Vətən fədailərimizdir.
Onların hər birinin həyatı, keçdiyi
döyüş yolu xalqımızın qürur yeri, gənc
nəsillərin örnəyidir. Hər birini sayğı,
ehtiram və qürurla anırıq. Allah rəhmət eləsin!
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2022.- 21 oktyabr.- S.14.