Öncə vətəndir, dildir...
"İNSAN DA VƏTƏNSİZ İNSAN OLARMI?"
Son vaxtlar
Azərbaycanda "dini maarifləndirmənin yeni xətti"
şüur altında çox qəribə və təhlükəli
tendensiya müşahidə olunur - dini milli dəyərlərə
qarşı qoymaq, "islam ümməti" və "millət",
"Vətən", "dil" anlayışlarını
bilərəkdən bir-birinin yerinə işlətmək. Bu tendensiyanın tərəfdarlarının fikrincə,
dini dəyərlər toplum üçün milli dəyərlərdən
üstündür və onlardan əvvəl gəlir. Ona görə də insan ilk növbədə dinin təəssübünü
çəkməli, ən yüsək dəyəri ona verməlidir.
Bu fikrin
kökündən səhv olması bir yana, onun doğurduğu
açıq və gizlin təhlükələr, hansı
ideoloqlarınsa maraqlarına xidmət etməsi göz
qabağındadır. Çünki millət, Vətən,
dil kimi anlayışların necə deyərlər,
bünövrəsini laxladır, heç də xoş məram
daşımayan maraqların reallaşmasına zəmin
hazırlayır. Bunu XIX əsrin sonu - XX əsrin
əvvəllərində Yaxın və Orta Şərqdə
yayılmış panislamizm dini-siyasi cərəyanının
yeni qiyafədə təzahürü, dirçəlməsi
kimi də səciyyələndirmək olar. Panislamistlər
milliyyətindən, dilindən asılı olmayaraq İslam
dininə etiqad edən bütün xalqların vahid İslam
dövləti halında birləşməsinin zəruriliyi
ideyasını təbliğ edirdilər və bəri
başdan deyim ki, bir vaxtlar Azərbaycanda onun tərəfdarları peyda
olsalar da, bu cərəyan nəinki ölkəmizdə,
ümumiyyətlə, dünyanın heç bir yerində qələbə
çala bilmədi.
İndi, aradan bir əsrdən də çox vaxt
keçəndən sonra onun bir qədər dəyişilmiş
formada yenidən gündəmə gətirilməsi, xüsusilə
də gənclər arasında xüsusi bir canfəşanlıqla
təbliğ olunması ciddi narahatlıq doğurur.
Dini dəyərlər ilk növbədə milli ruhun,
dövlətçiliyin möhkəmləndirilməsinə
xidmət etməli olduğu halda hardan qaynaqlanır bu
şübhəli aludəlik? Nə
üçün ilk növbədə millət, vətən,
dil yox, məhz din?
Məncə, bunun bir səbəbi dini maarifləndirmə
sahəsindəki passivlik, pərakəndəlikdirsə, digər
səbəbi Azərbaycanı sevməyən xarici qüvvələrin
gizlin missionerlik fəaliyyətidir. Onlar yaranmış boşluqdan
istifadə edərək insanları milli yox, dini birlik ətrafında
səfərbərliyin vacibliyi ideyasına inandırmaq
üçün həm leqal, həm fə qeyri-leqal
üsullarla təbliğat aparır, guya insanlara həqiqət
yolunu göstərir, əslində isə din
anlayışı ilə manipulyasiya edərək kimlərinsə
strateji-siyasi maraqlarının reallaşmasına yardımçı
olurlar. Ona görə də müvafiq dövlət
orqanları, ziyalılar bu məsələyə lazımi diqqət
yetirməli, dinlə möhtəkirlik edənlərin əsl
simasını üzə çıxarmalıdırlar.
Problemə giriş xüsusunda bu qədər. İndi
keçirəm mövzu ətrafında öz fikirlərimi
bölüşməyə.
1. İnsan
valideynləri kimi milliyyətini, Vətənini seçmir,
öz Vətənində mənsub olduğu etnosun növbəti
nümayəndəsi kimi doğulur, ana dilində dil
açır və müəyyən yaşa qədər onun
din barədə heç təsəvvürü də olmur. Bu o deməkdir ki, dindar olub-olmamaq, yaxud etiqad
üçün hansı dinə üstünlük vermək
hər kəsin öz seçimidir. Amma deyək ki, azərbaycanlı,
yaxud bolqar kimi doğulan şəxs seçim hüququndan
istifadə edib heç vaxt fransız, yaxud ingilis ola bilməz, çünki əvvəla, belə
bir seçim şansı yoxdur və üstəlik, milli mənsubiyyət
hər kəsin zatını, mahiyyətini təşkil edən
əsas atributdur. Ona görə də onun şəxsiyyət
vəsiqəsində haqlı olaraq milli mənsubiyyəti
göstərilir, hansı dinə etiqad etdiyi yox.
2.
"Din - millətdən, Vətəndən
üstündür" - demək əslində, "Mənim
Vətənim dindir" deməkdir. Amma unutmayaq ki, kimsə
seçim huququndan istifadə edib dinsiz ola
bilər, amma Vətənsiz insan olmaq sadəcə
mümkün deyil. Vaxtilə Səməd Vurğun bu həqiqəti
poetik tərzdə belə ifadə etmişdi: "Vətənsiz
də insan ola, insan kimi
yaşayarmı?"
3. Tarixi təcrübə
göstərir ki, məsələnin bu cür qoyuluşu real
həyatda heç vaxt öz təsdiqini tapmayıb. Əksinə, həmişə dindən dövlətin,
millətin maraqlarını qorumaq, siyasi gedişlər etmək
üçün bir vasitə kimi istifadə olunub.
Sübut üçün çox uzağa getmək lazım deyil
- Ermənistan Azərbaycana təcavüz edib günahsız
qadınları, uşaqları vəhşicəsinə qətlə
yetirəndə, Xocalı qətliamını törədəndə,
məscidlərimizi donuzxanaya çevirəndə cənub
qonşumuz da daxil olmaqla əhalisi müsəlman olan bir
çox ölkələrin liderləri ən azından din
birliyini əsas tutub bizim haqq işimizi müdafiə etməli,
ermənilərə ciddi təzyiq göstərməli,
lazım gəlsə, onlara barmaq silkələməli
olduqları halda, bunu etmədilər və fikirləşəndə
ki, bizim bəzi "mömin" dindarlar belələrini və
onların ali liderini özlərinin ustadı, ruhani rəhbəri,
yolgöstərəni hesab edirlər, bilmirsən ağlayasan,
güləsən, yaxud başqa nə edəsən.
NAMAZI
NECƏ QILAQ?
Son vaxtlar sosial şəbəkələrdə
namazın ana dilində
qılınıb-qılınmamasının
mümkünlüyü barədə ara-sıra müzakirələr
gedir, müxtəlif fikirlər səsləndirilir. Mən
ilahiyyatçı olmasam da, bu məsələ barədə həm
doqma kimi irəli sürülən hökmlərə, həm
də ayrı-ayrı şəxslərin subyektiv mülahizələrinə
öz münasibətimi bildirmək istəyirəm.
Ondan başlayaq ki, hər bir fikrin, hökmün doğruluğu,
həqiqətə uyğunluq dərəcəsi həm təfəkkürün
qanunlarından bəhs edən məntiq, həm də
linqivistika (dil) müstəvisində yoxlanıldıqdan sonra
öz təsdiqini tapır. Gəlin biz də bu
kontekstlərdə "Namaz mütləq ərəb dilində
qılınmalıdır" hökmünə baxaq.
Məlumdur ki, söz - anlayışların, cümlə
isə anlayışlar əsasında formalaşan fikrin,
mülahizənin, əqli nəticənin ifadə
formasıdır və düşünənin hansı dildə
düşünməsindən asılı olaraq müxtəlif
dillərdə təzahür edir, yazıda və nitqdə
reallaşır. Deməli, dil düşüncənin ifadə
forması, düşüncənin dili isə düşünənin
bildiyi dildir və istənilən fikir, mülahizə onun
beynində bildiyi dildə doğulur.
İnsan heç vaxt bilmədiyi dildə
düşünə bilməz.
İdrak prosesindəki bu məqamlar fəlsəfənin
mühüm kateqoriyalarından biri olan "məzmun və
forma vəhdəti" anlayışı ilə formula edilir. Baxdığımız
nümunədə mühakimənin, düşüncənin
verdiyi informasiya - məzmun, onun ifadə vasitələri - dil,
nitq, mətn isə forma kimi çıxış edir.
Bu mənada
"Tanrı müqəddəs kitabımızı öz rəsulu
vasitəsi ilə insanlara ərəb dilində göndərib,
ona görə də qiraət hissəsi Quranın mətnindən
gələn namaz da mütləq ərəb dilində
qılınmalıdır" hökmünün quruluşu,
strukturu onun dəqiqliyini şübhə altına alır,
çünki bu hökmdə forma ilə məzmunun sərhədləri
süni şəkildə aradan qaldırılır, daha doğrusu, forma məzmunu bir
növ küncə sıxışdırıb onun yerinə
keçir, sanki həm özünün, həm də onun
funksiyalarını yerinə yetirməyə
başlayır ki, əslində bu, mümkün deyil. Məncə,
bu dolaşıqlığın, qeyri-müəyyənliyin səbəbi
"vəhy" və "mahiyyət", "məzmun"
anlayışlarının təfsirindəki qeyri-dəqiqlikdir.
Məsələn, bir çox dini ədəbiyyatda
göstərilir ki, Quran vəhy kimi çatdırılıb.
Bu, səhv fikirdir, düzgün yanaşma deyil.
Müqəddəs kitab
vəhy kimi yox, vəhy üsulu ilə
çatdırılıb və başqa cür ola da bilməz,
çünki vəhy ilahi informasiyanın məzmununun
özü deyil, onun çatdırılması üsulu, vasitəsidir.
İlahi informasiyanın çatdırılma üsulunu
(yəni vəhyi) informasiyanın öz yerinə qoymaq, onunla
eyniləşdirmək isə sonrakı mülahizələrin
də qeyri-dəqiqliyinə zəmin hazırlayır, hətta
müəyyən məqamlarda tavtalogiyaya gətirib
çıxarır. Halbuki dəqiq yanaşmanı, düzgün
şərhə yol açan şərhi biz məhz Quranın
nazil olması barədə peyğəmbərin (s.a.v.) öz
dediklərində tapırıq. Allahın rəsulu
müqəddəs kitabın bir çox ayələrinin ona
ZƏNGLİ SƏSLƏR şəklində əyan
olduğunu desə də, bu məqam, görünür,
sonralar bəzi ilahiyyatçılara sərf etmədiyinə
görə görməməzliyə vurulub, halbuki baxılan məsələdə
bu şəhadət ən mötəbər mənbə ola
bilərdi (və olmalıdır da). Çünki
zəngli səslərin, təbii ki, dili yoxdur və həmin səslər
göndərilən ilahi informasiyanın hər hansı bir dil
məkanından xaricdə kodlaşdırılmış ilahi
mətn olmasına dəlalət edir. O mətnin şrifləri
isə seçilmiş kimi yalnız peyğəmbərə
(s.a.v.) agah ola bilərdi. Mətn
deşifrə olunduqdan sonra onun məzmununun peyğəmbər
(s.a.v.) tərəfindən digər insanlara onlarla ünsiyyət
qurduğu dildə çatdırılması isə tamamilə
təbii və qanunauyğundur.
Məncə,
bu deyilənlər müqəddəs kitabın ərəb
dilində nazil olması barədə söylənilən
fikirlərin həqiqətə uyğunluğunu şübhə
altına
almağa kifayət edir. Üstəlik,
nə Quranın özündə, nə də peyğəmbərin
(s.a.v.) öz çıxışlarında kitabın dili barədə
heç bir hökm yoxdur.
Tanrı heç vaxt hökm verə bilməzdi ki,
insanlara göndərdiyi kəlamlardan ibarət Quranın dili ərəb
dilidir. Ən azından ona görə ki, bu, "Ərəb
dili - Tanrının dilidir" kimi absurd və cəfəng
bir hökmə gətirib çıxarır. Tanrı heç nə ilə, heç kimlə
müqayisə olunmayan ilahi varlıqdır və onun dili barədə
də nə isə konkret bir fikir söyləmək cəhalət
və nadanlıq göstəricisidir.
Lakin mən
"Quran ərəb dilində göndərilib" deyənlərin
fikrini tam qəribçiliyə də salmıram: tutaq ki, bu
variant doğrudur. Amma bu da "Namaz mütləq
ərəb dilində qılınmalıdır"
hökmünün doğruluğuna şəhadət verə
bilməz, çünki peyğəmbər (s.a.v.) ərəb,
doğma dili də ərəb dili idi və müqəddəs
kəlamların ona bilmədiyi başqa dillərdə
çatdırılmasının mümkünlüyü
absurddan başqa bir şey deyil.
Namaz - qiraət hissəsinin təməli "Fatihə"
surəsinə əsaslanan izhardır, insanın Tanrıya olan
təmənnasız sevgisinin,
şükranlığının və minnətdarlığının
ifadəsidir.
Fatihə surəsində isə gizlin eyhamlarla bildirilən qəliz,
mürəkkəb heç bir mətləb yoxdur - bəndə
onu yaratdığına, ona düz yol göstərdiyinə,
onun mərhəməti sayəsində var olduğuna görə
Tanrısına minnətdarlıq edir və bu xoş niyyəti
öz dilində reallaşdırarsa, duanın öz
ünvanına çatmayacağını düşünmək
"millət" və "din"
anlayışlarının məzmununu düzgün başa
düşməyənlərin, yaxud bilərəkdən
onları qarşı-qarşıya qoyanların
düşüncə xətası təsiri
bağışlayır.
Məncə,
insan mükəmməl şəkildə bildiyi və
varlığının, ruhunun əsas göstəricisi olan doğma
dilində düşünüb danışanda, dua edəndə
daha inamlı və səmimi olur, dediklərini şüurlu
şəkildə dərk edir və buna görə də onun
dualarının müstəcəb olmaq şansı daha
realdır.
Və nəhayət, hər şeyi bilən aqil, adil
Tanrı heç vaxt öz bəndələrinə milli mənsubiyyətinə
və deməli, dilinə görə ayrı-seçkilik
prizmasından yanaşmaz. Müxtəlif irq və
millətlərə mənsub cəmi bəndələr
Tanrı üçün eyni statusda dayanan varlıqlardır və
Tanrı öz bəndələrinin dualarını izharın
dilinə görə yox, səmimiliyinə və həqiqətən
sidq ürəkdən gəldiyinə görə qəbul edir.
Allah namazınızı qəbul eləsin.
Amin!
Əlisəfdər
HÜSEYNOV
525-ci qəzet.- 2022.- 21 oktyabr.- S.13.