"Qocalan" evliliklər

 

AZƏRBAYCANDA RƏSMİ NİKAHA GİRƏN KİŞİLƏRİN ORTA YAŞ HƏDDİ İLBƏİL ARTIR

 

Statistika Komitəsinin məlumatına görə, 1991-ci ildə - Azərbaycan müstəqillik əldə etdiyi zaman rəsmi nikaha daxil olan kişilərin orta yaş həddi 26,8, qadınların orta yaş həddi isə 23,3 olub. Ancaq 2002-2003 2014-2018-ci illərdə ölkədə nikaha daxil olan kişilər arasında nikah yaşı yüksəlib. 2002, 2003-cü illərdə kişilər üçün orta nikah yaşı 28,6, 2014, 2015, 2016-cı illərdə 28,9 olub. 2017-ci ildə bu yaş göstəricisi bir qədər artıb, kişilər arasında rəsmi nikahın orta yaşı 28,8-ə, 2018-ci ildə 29-a yüksəlib. 2019-cu ildə 29,4 2020-ci ildə 30-a çatıb. 2021-ci ildə Azərbaycanda rəsmi nikaha daxil olan kişilərin orta yaş həddi 29,4, qadınların orta yaş həddi isə 24,7 olub.

Son illərdə ölkədə gec yaşda nikaha daxil olan gənclərin sayında artım müşahidə olunur. Rəqəmlər göstərir ki, Azərbaycanda həm qadınlar, həm kişilər arasında nikaha daxil olma yaşı son 30 ildə ən yüksək səviyyəyə çatıb. Statistika Komitəsinin məlumatına görə, 1991-ci ildə - Azərbaycan müstəqillik əldə etdiyi zaman rəsmi nikaha daxil olan kişilərin orta yaş həddi 26,8, qadınların orta yaş həddi isə 23,3 olub. Ancaq 2021-ci ildə Azərbaycanda rəsmi nikaha daxil olan kişilərin orta yaş həddi 29,4, qadınların orta yaş həddi isə 24,7 təşkil edib.

Azərbaycanda rəsmi nikaha daxil olan qadınlar arasında da yaş həddi 2018-ci ildən artmağa başlayıb. Ölkədə qadınlar arasında nikaha daxil olanların orta yaşı üzrə ən yüksək göstərici 1990 2018-ci illərdə qeydə alınıb. 1990-cı ildə nikaha daxil olan qadınların orta yaşı 24,3 olub ki, bu göstərici son 28 ildə ilk dəfə olaraq, 2018-ci ildə yenilənib. 2018-ci ildə qadınların orta nikah yaşı 25,3 olub. 2020-ci ildə 25,2-yə, 2021-ci ildə isə 26,8-ə qədər yüksəlib.                 

 

Evlilik çağının ötməsinə səbəb olan amillər

Oğlanlar özlərinə şərait qurmadan, sosial problemlərini həll etmədən evlənmək istəmir. Qızlar da çalışır ki, karyera qursun, özü pul qazansın. Qızlar evləndikdən sonra gələcək həyat yoldaşının onun işləyib karyera qurmasına isti baxmayacağını düşünərək təhsilini bitirməyi, yaxşı sahibi olmağı gözləyirlər. Karyera qurduqdan sonra ailə qurmağa üstünlük verir ki, bu da onun evlilik çağının ötməsinə səbəb olur ailə quranların sayı azalır.

Yaş artdıqca insanların istəkləri çoxalır, daha məntiqlə düşünür evlilik onlar üçün ikinci plana keçir. Yaşa dolduqca dünyagörüşü genişlənir insanların öz tayını tapması daha da çətin olur.

Sosial problemlər, evsizlik, işsizlik yoxsulluq                                 

Sosioloq Ruslan Məmmədov bildirib ki, son illər cəmiyyətdə mövcud olan problemlər - istər mənəvi, istər sosial, iqtisadi, psixoloji - elə bir şərait yaradıb ki, insanlar həyata tam hazırlaşa bilmir: "Əvvəllər həyat bir qədər sadə idi. Ailə  haqqında təsəvvürlər, standartlar vardı. Hamı bilirdi ki, müəyyən yaşa çatan zaman ailə qurmaq lazımdır. Cəmiyyətdə konkret standartlar hökm sürürdü hər kəs buna uyğun həyatını formalaşdırırdı. Amma indi ümumiyyətlə, ailə dəyərləri, ailə haqqında təsəvvürlər dəyişib. İnsanların mürəkkəb cəmiyyətdə şəxsiyyət kimi formalaşma prosesi uzanıb. Məsələn, kənd yerində 19-20 yaşlı gənc artıq özünü kəndin bərabərhüquqlu sakini hesab edə bilirsə, şəhərdə bu baş vermir. Şəhərdə həmin yaşda olan gənc hələ özünü uşaq hesab edir, yaxud onu uşaq yerinə qoyurlar. Ona görə də hazırda insanların özünü cəmiyyətin normal üzvü hesab etmə prosesi uzanıb".

İş tapsan belə, maaş azlığının normal yaşayış səviyyəsinə uyğun gəlməməsi gənclərin yeni həyat qurmasına maneçilik törədir: "Gənclərin universiteti bitirdikdən sonra dərhal tapıb işləməsi bir az müşkül məsələdir. İş tapmaq xeyli zaman alır. İş tapsa belə, aldığı maaşın normal yaşayış səviyyəsinə uyğun gəlməməsi gənclərin yeni həyat qurmasına əngəl yaradır. İşsizlik ucbatından bölgələrdən paytaxta axışan gənclər də əlavə olaraq yaşayış yerinin olmaması problemi ilə üzləşirlər. Qazanclarının bir qismini kirayə evlərə sərf edirlər. Aldığı maaşla heç özünü belə dolandıra bilməyən gənc bu səbəbdən ailə qurmağı fikirləşmir. İndiki zamanda bir gəncin məvacibini toplayıb ev almasına, özünə normal gün-güzəran qurmasına illər lazımdır. İnsanlar evlənmək üçün evişsizlik problemini həll edənə kimi yaş ötür. Bu da evlilik yaşını artırır. Gənc baxır ki, evi olmadan ailə quran dostuya hansısa qohumu illərlə kirayələrdə qalıb, çətinliklər, sıxıntılar çəkib. Bəzilərinin sosial problemlər, evsizlik, işsizlik, yoxsulluq ucbatından ailəsi dağılıb. Bütün bunları görüb qorxur və ailə qurmur".

"Gənclərin sosial problemləri həll olunmalıdır ki, vaxtında ailə qura bilsinlər"

Millət vəkili Fazil Mustafa hesab edir ki, Azərbaycanda nikaha daxil olma yaşının artmasına əsas səbəb sosial problemlərdir. Maddi imkansızlıq, mənzilin olmaması, işsizlık gənclərin gec yaşda ailə qurması səbəb olur: "Gənclər müəyyən yaşa çatandan sonra evlənmək istəyirlər. Ancaq maddi imkansızlıq, işsizlik buna mane olur. İş tapıb çalışmağa, özünə şərait qurmağa çalışır və bu zaman da gəlib 30-35 yaşına çatır. Gənclərin sosial problemləri həll olunmalıdır ki, vaxtında ailə qura bilsinlər. Gənclərin işlə təmin olunması məsələsi diqqətdə saxlanılmalı, onlara bu sahədə dəstək göstərilməlidir. Hazırda ən böyük problemlərdən biri evsizlikdir. Gənclərə güzəştli şərtlərlə mənzil sahibi olmaq şansı yaradılmalıdır".

Fazil Mustafanın sözlərinə görə, bu gün ölkədə gənc yaşda ailə quran gənclər də var. Bu gənclər də əsasən, maddi imkanı yaxşı olan, valideynlərindən maliyyə dəstəyi görən insanlardır: "Ata-ananın maddi imkanı yaxşıdır, övladına dəstək olur. Ev alır, toy edir, ona kömək durur. Hər şey maddi imkandan asılıdır. İmkan və şərait varsa, gənc yaşda ailə qurmaq olar. Ancaq yaşamağa evi, ailəni dolandırmaq, tələbatlarını ödəmək üçün işi, pulu olmayan, ailəsindən maddi dəstək görməyən insan necə gənc yaşda ailə qura bilər axı?"

Təhsil almaq, axtarmaq, öz ayaqları üzərində dayanmağı bacarmaq...

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, bu gün gənclərin gec yaşda qurmalarının başlıca səbəbi günlərinin çox hissəsini işdə, başında keçirmələridir: "Başı işləməyə, pul qazanmağa, karyera qurmağa qarışan insanın bütün diqqəti ancaq buraya yönəlir. Evlənmək belə insanlar üçün ikinci plana keçir. Gününün çox hissəsini işdə keçirən, başında olan insanların tanışlıq üçün də imkanı qalmır. Gənclərimiz ancaq universitetdən və işdən evə və əks istiqamətə hərəkət etməyə vaxt tapırlar. Yaxud həm oxuyub həm işlədiklərindən, ya da 2 yerdə işlədiklərindən ailə qurmaq yaddan çıxır. Ev alım, maaşım yüksək olsun, sonra ailə quraram deyir və nəticədə yaş keçir. Təhsil almaq, axtarmaq, öz ayaqları üzərində dayanmağı bacarmaq, bütün bunlar uzun illər tələb edir. Hər bir gənc istəyir ki, öz məvacibi ilə ailəsini dolandırmaq gücünə malik olsun, sonra evlənsin. Bəzi kişilər maddi baxımdan ailəsini təmin edə bilməyəcəyindən qorxduğundan evlilik fikrinə soyuq yanaşır".

Əvvəllər gənclər valideynlərin uyğun gördüyü, məsləhət bildiyi insanla ailə qururdular. İndi dövr dəyişib, çox az insan tapılar ki, valideyn seçimi ilə ailə qursun. Gənclər daha çox özləri seçim etməyə, gələcək həyat yoldaşlarını özləri seçməyə üstünlük verirlər. Özü kimi düşünən, özünə uyğun adam tapmağa çalışırlar. Bu da müəyyən qədər zaman alır. Təcrübə göstərir ki, valideynlər tərəfindən verilən təkliflər çox vaxt asılılıq yaradır.

Mehriban Zeynalovanın dediyinə görə, əvvəllər valideynlər daha çox moderator rolunda çıxış edirdilər, ailənin qurulmasına, saxlanmasına təsir göstərirdilər. İndi valideynlər də iqtisadi yükü öz üzərlərinə götürmək istəmir, eyni zamanda, moderatorluğu da pozitiv şəkildə həyata keçirmirlər. Daha çox dağıdıcı rolunda çıxış edirlər. Əgər valideynlərin iqtisadi cəhətdən gənc ailəyə təsir etmək imkanları varsa, onlar hakimiyyəti öz əllərinə almaqöz istədikləri kimi idarə etmək istəyirlər. Bununla da gənclərin çoxu razılaşmır. Bu səbəbdən də gənclər ailə qurduqdan sonra valideynlərdən ayrı yaşamaq istəyirlər.

25-30 yaş evlənmək üçün ən uyğun yaşdır. Çünki məhz bu yaşda insanda həyata baxış dəyişir, məsuliyyət hissi yaranır. Gənclər artıq iqtisadi imkanlarını yaxşılaşdırmaq üçün yollar tapa və özləri öz həyatlarını idarə edə bilirlər.                      

 

"Evlilik yaşı keçsə də, insanı evliliyə məcbur etmək olmaz"

Psixoloq Vəfa Əkbərin sözlərinə görə, gənclərin formalaşması həm bioloji, həm psixoloji baxımdan müəyyən yaşdan sonra baş verir: "30 yaşlı şəxs həm fiziki, həm də psixoloji baxımdan evliliyə hazır olur. İnsanların ayaqda durması və müstəqil həyata qədəm qoyması üçün daha çox zamana ehtiyacı var. Onlar sosial qayğılardan qurtulub ailə həyatı qurmaq istəyirlər. Əslində, müəyyən yaşdan sonra qurulan ailələr daha fundamental olur. Gec yaşda ailə quran insan onun qədrini daha çox bilir. Ailəsinə daha çox bağlı olur. Gənclər status üçün evlənirsə, ailə təməli çox zəif qurulur. Ad xətrinə, həmkar çevrələrindəki insanların görməsi üçün baş tutan evliliklər gec-tez mənfi nəticələrə gətirib çıxarır. Normal vaxtında, öz seçimləri ilə qurulan ailələrdən sağlam övladlar da dünyaya gəlir. Mənfi tərəfləri isə odur ki, yaş ötür düşüncə tərzi dəyişir. Erkən nikahların isə mənfi təzahürləri daha çoxdur. Münaqişələr, zorakılıq, ayrılıq halları erkən nikahlarda daha çox müşahidə edilir".

 

Vəfa Əkbərin fikrincə, insanlar özlərini evliliyə psixoloji baxımdan hazır hiss etdikləri zaman ailə qurmalıdırlar: "İnsan mənən, qəlbən psixoloji baxımdan özünü hansı yaşda evliliyə hazır hiss edirsə, o zaman da ailə qurmalıdır. İnsan var ki, sosial cəhətdən təminatlıdır, ancaq özünü evliliyə hazır hiss etmir. Belə insanı evlilik yaşı keçsə belə, evliliyə məcbur etmək olmaz".

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2022.- 21 oktyabr.- S.11.