"Psixoloq-alim
Əbdül Əlizadə" adlı virtual
sərgi təqdim edilib
Bu il görkəmli
psixoloq-alim, Əməkdar
elm xadimi, "Şöhrət"
ordenli professor Əbdül
Əlizadənin 90 illik
yubileyi tamam olur.
Əbdül Əlizadə pedaqoji
fəaliyyətinə 1955-ci ildə Ə.Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində
başlamışdı. Daha sonra
Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun psixologiya kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində
çalışmışdı. O,
1963-cü ildə Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun aspiranturasını
bitirib. İstedadlı psixoloq "Şagirdlərin
yaradıcı təxəyyül
fəaliyyətində analiz
və sintez proseslərinin xüsusiyyətləri"
mövzusunda namizədlik,
1976-cı ildə isə
"Cinsi dimerfizm və şəxsi qarşılıqlı münasibətlərin
psixoloji problemləri"
doktorluq dissertasiyalarını
müdafiə edib.
Bir psixoloq kimi onun
elmi yaradıcılığında
şagirdlərin yaradıcı
təxəyyül mövzusu
xüsusi yer tutur. Gənc alim bu mövzunu müxtəlif aspektlərdən tədqiq
edərək orijinal elmi-praktik nəticələrə
gəlmişdi. Təhsil psixologiyası
sahəsində apardığı
tədqiqatları təkmilləşdirməklə
yanaşı, o, etnopsixoloji
məsələlərin öyrənilməsinə
diqqəti artırmış,
təhsildə şəxsiyyətin
etnopsixoloji zəmində
formalaşdırılması ideyasını irəli sürmüşdü.
Ə.Əlizadə məktəbi fərdiyyət
psixologiyası ilə
daha yaxından bağlı olmuş, onun etnopsixoloji, cinsi, mənəvi, yaradıcılıq aspektlərindən
öyrənilməsini əsas
vəzifə kimi qarşıya qoyub.
O, elmi fəaliyyətinə görə
bir sıra orden və medallarla,
o cümlədən, "Şöhrət"
ordeni ilə təltif olunmuş, "Əməkdar elm xadimi"
fəxri adına
layiq görülmüşdü.
Görkəmli psixoloq-alim Ə.Əlizadənin
90 illik yubileyi münasibətilə M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları
tərəfindən "Psixoloq-alim
Əbdül Əlizadə"
adlı virtual sərgi
hazırlanıb. Virtual sərgidə fotolar, Ə.Əlizadənin müəllifi
olduğu kitablar və haqqında yazılan məqalələr
nümayiş olunur.
Eyni zamanda, Milli Kitabxanada Əbdül Əlizadənin
həyat və yaradıcılığını əhatə edən ənənəvi kitab sərgisi də açılıb.
525-ci qəzet.- 2022.- 21 oktyabr.- S.9.