“Mədəniyyət sahəsindəki
islahatların uğurla nəticələnməsinə
çalışırıq”
Müsahibimiz Kürdəmir Regional Mədəniyyət
idarəsinin rəisi Faiq Xudanlıdir
- Faiq
müəllim, Azərbaycan Prezidenti tərəfindən bu il "Şuşa İli" elan edilib. Kürdəmir Regional Mədəniyyət İdarəsi
olaraq bununla əlaqədar hansı tədbirləri həyata
keçirirsiniz?
- Vətən
müharibəsindəki qələbəmizdən sonra cənab
Prezidentin 2022-ci ili "Şuşa
İli" elan etməsi hamımızda xoş təəssürat
yaratdı. Çalışırıq ki, üzərimizə düşən
vəzifələri layiqincə yerinə yetirək. Mədəniyyət
naziri cənab Anar Kərimovun müvafiq
tapşırıqlarına və Mədəniyyət Nazirliyi
tərəfindən Sərəncamın icrasının təmin
edilməsi ilə bağlı hazırlanmış Tədbirlər
Planına uyğun olaraq "Şuşa İli" ilə
bağlı illik iş planı tərəfimizdən
hazırlanıb icra olunmaqdadır. İlin sonuna
kimi Mədəniyyət Nazirliyinin müəyyən etdiyi
proqram əsasında işlərimizə davam edirik. Onu
qeyd edim ki, Regional İdarənin əhatə etdiyi bölgələrdəki
müəssisələrimiz il ərzində
ardıcıl müxtəlif tədbirlər həyata
keçirir. Konkret olaraq bəzi nümunələrin
adlarını çəkə bilərik. Məsələn,
bu il “Qarabağ ocağı”
ansamblının fəaliyyətini yenidən bərpa etməyə
nail olduq, ansamblın davamlı fəaliyyət göstəriməsi
üçün iş aparılır. Bəzi
çətinliklərimiz var. İnşallah öhtəsindən
gələrik. Bildirim ki, 1960-cı illərdə
yaradılmış bu ansambl 1989-cı ildə əsası
qoyulan “Xarıbülbül” festivalının ilk rəsmi
açılışını edən musiqi kollektivlərindən
biridir.
Dövlətimizin
başçısı bu il həmçinin
Xurşidbanu Natəvanın 190, Fikrət Əmirovun 100
illiyinin qeyd edilməsi ilə bağlı Sərəncamlar
imzalayıb. Regionlardakı kitabxanalarda, mədəniyyət
mərkəzlərində Natəvanın ədəbi-mədəni
irsinin tanıdılması, musiqi məktəblərimizdə
Fikrət Əmirovun musiqilərinin təbliği məqsədi
ilə bir çox tədbirlər baş tutub. Məsələn,
Beyləqanda keçirilən “Natəvanın lirik
poeziyası” adlı ədəbi-bədii gecə, Füzuli
rayon Muğam Mərkəzində Fikrət Əmirov
haqqında film nümayişini, məktəblərimizin müəllim
və şagirdlərinin ifasında bəstəkarın
repertuarından musiqilərin səsləndirilməsini
xüsusi vurğulamaq istərdim. Tədbirlər
planımız müxlətif konseptləri özündə əks
etdirir. "Şuşa zəfəri:
dünənimiz, bu günümüz" adlı tədbirdə
döyüşçü-fotoqraf Nurəhməd Vəliyevin
Qarabağ müharibəsində çəkdiyi fotoların sərgisi
ictimaiyyət tərəfindən maraqla qarşılandı. Dövrün bütün mənzərəsini
özündə əks etdirən foto-sərgidə Birinci
Qarabağ müharibəsində Füzuli uğrunda gedən
döyüşlərə aid yüzdən çox foto
nümayiş olunurdu. Şuşa ili çərçivəsində
keçirilən bu tədbirdə 1989-cu ildə keçirilən
ilk “Xarıbülbül” festivalının
iştirakçısı olan gözəl sənətkarımız
Təşkilat Nəsirov dəvət olunmasını, eyni
zamanda belə bir tədbirin məhz Horadiz şəhərində
avqust ayının sonuna Füzulinin işğalı
günün seçilməsinin önəmini vurğulamaq istərdim.
İşğala son qoyulub. Ali
Baş Komandanın dönməz iradəsi, əzmi və
dövlətçilik siyasəti, şəhidlərimizin
qanı, qazilərimizin canı, ordumuzun rəşadəti,
xalqımızın birliyi ilə bu gün
Qarabağımız azaddır. Qarabağımızın
azadlığına gedən yol, hələ 1994-cü ildə
Ulu Öndərin rəhbərliyi ilə Horadiz əməliyyatından
başladığı düşüncəsindəyəm.
Bu layihə ilə həm işğala son
qoyulmasını vurğulamaq, həm də keçmişlə
bu gün arasında mənəvi və mədəni
körpü yaratmaq istədik.
Bildiyiniz kimi 2023-cü ildə müstəqil Azərbaycanın
qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan
olmasının 100 illiyidir. Cənab Prezident 2023-cü ili “Heydər Əliyev İli” elan etdi. 1994-cü ildə umummilli liderimiz Füziliyə,
Horadizə gəlmişdir. Onun bu səfəri
mühim tarixi addım idi. İdarənin əhatə
etdiyi dörd rayonda Heydər Əliyev Mərkəzi fəaliyyət
göstərir. Bu mərkəzlər Ulu
Öndərin irsinin tədqiqi, təbliği ilə məşğul
olurlar. 2023-cü ildə Heydər
Əliyev Mərkəzlərinin daha da şövqlə işləyəcəklərini
düşünürəm. Regional İdarə olaraq ənənəvi
şəkildə Ulu Öndərin anadan olması münasibəti
ilə müxtəlif müsabiqələr, layihələr keçirilir. 2023-cü il bu mənada fərqlənəcəyi, daha
yadda qalan işlərin görüləcəyinə əminəm.
İndidən müəyyən etdiyimiz layihələrimiz
var.
- İl ərzində həyata keçirdiyiniz Xor
müsabiqəsi və nəşr etdiyiniz kitablar maraqla
qarşılandı.
- Regional
Xor Müsabiqəsi və “Şuşa İli”nə həsr
olunmuş kitabların nəşri ilin ən yadda qalan tədbirləri
oldu.
- Əvvəlcə xor müsabiqəsi haqqında fikrilərinizi
eşitmək maraqlı olardı.
- Regional
Xor Müsabiqəsi “Anadır arzulara hər zaman Qarabağ”
devizi ilə həyata keçirildi. Zəfər
qələbəmizin təntənəsinin
yaşadılması, uşaq və gənclərin vətənpərvərlik
ruhunun yüksədilməsi məqsədilə müsabiqə
Füzuli rayonunda və Xocavənd qəsəbəsində
keçirildi. Müsabiqədə Regional İdarənin
tabeliyində fəaliyyət göstərən 18 uşaq
musiqi, incəsənət məktəbindən 14 xor kollektivi
iştirak etdi, xor kollektivləri tərəfindən 53 əsər
ifa olundu. Xor müsabiqələrinin
keçirilməsi səbəbsiz deyildi. Xor
kollektivi məktəbin tədris keyfiyyətinin, şagirdlərin
məktəbə davamiyyətinin, sadəcə ixtisas fənlərinin
deyil, nəzəri və qrup dərslərinin tədrisinin əsas
göstəricisidir. Qısacası, məktəbin
xor kollektivi uşaq musiqi və incəsənət məktəbi
sisteminin mühərrikidir.
Müsabiqəninin önəmini artıran
digər məsələ isə respublikamızın
tanınmış musiqiçilərinin münsif
olmasıydı. Azərbaycan Dövlət Xor
Kapellasının bədii rəhbəri və dirijoru, Xalq
artisti Gülbacı İmanova, Dövlət Uşaq
Filarmoniyasının direktoru, əməkdar incəsənət
xadimi Dilarə Əliyeva və Üzeyir Hacıbəyli
adına Bakı Dövlət Musiqi Akademiyasının xor
dirijoru kafedrasının müəllimi Aysel Əsədova
münsiflər heyətində təmsil olunmuşdular. Həmçinin
əməkdar artist, xanəndə Qoçaq Əsgərov,
xalq artisti, tarzən Elçin Həşimov, əməkdar
artist Firuz Səxavət, tanınmış xanəndə Eldəniz
Məmmədov kimi fəxri qonaqlar da müsabiqədə
iştirak etdilər. Görkəmli sənət
adamlarının regionda olması paytaxt ilə bölgələr
arasında bağların qurulmasında önəmli faktordur.
Adlarını çəkdiyim peşəkar
münsiflər qarşısında çıxış etmək
həm şagirdlər, həm də müəllimlər
üçün bir meyar, ölçü
formalaşdırır. Onları gələcəkdə
yollarının keçəcəyi böyük səhnələrə,
ciddi sənət meydanlarına hazırlayır. Bizim
iş istiqamətimizdə bunlar əhəmiyyətli bir yerə
sahibdir. Tez-tez ölkənin nüfuzlu
yazıçı, şairlərini, musiqiçilərini
regiona dəvət etməyimiz məhz bu məqsədə xidmət
edir. Bu yaxınlarda Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin
nəzdində fəaliyyət göstərən Bakı
Humanitar Kollecinin müəllim və şagird kollektivi Beyləqanda
geniş konsert proqramı ilə çıxış etdi.
Beyləqan və Füzuli rayonlarındakı mədəniyyət
müəssisələri ilə tanış
oldular. Onların hazırladıqları musiqi
kompoziyaları, çıxışları əməkdaşlarımızda,
şagirdlərimizdə bir stimul yaratdı. Onlar peşəkarlıq
nümunəsini gördülər, artıq aşağı səviyyəli
konsert proqramları onların marağını çəkməyəcək,
çünki istinad edəcəkləri yaxşı nümunə
var. Biz çalışırıq ki, İdarənin əhatə
etdiyi beş rayonda yaxşı nümunələri
göstərək, təbliğ edək. Bütün
bunların effektiv nəticələri olduğunu iş təcrübəmizdən
müşahidə edirik.
- Bu
yaxınlarda mətbuatda gedən xəbərə görə
nəşr etdiyiniz kitablardan biri Vətən müharibəsi
şəhidi haqqında xatirə kitabıdır.
- Bəli,
doğru qeyd etdiniz. “Zəfərin Amili” kitabı 44
günlük Vətən müharibəsində qəhrəmancasına
şəhid olan Amil Hüseynovun həyatından, əslində
isə bütün şəhidlərin, müharibə
iştirakçılarının və müharibə
zamanı onları gözləyənlərin
duyğularından, yaşantılarından bəhs edir. Şəhidin həyat yoldaşı Xalisə
xanım mədəniyyət işçisidir. Hazırda Füzuli rayon Tarix-diyarşünaslıq
muzeyində işləyir. Onunla tədbirlərin birində
tanış olmuşdum. Daha
sonra ondan həyat yoldaşı haqqında bir xatirə
kitabı yazmasını xahiş etdim. O da çox
gözəl bir xatirə kitabı qələmə aldı. Sevinirəm ki, kitab ciddi ədəbiyyat adamları,
oxucular tərəfindən rəğbətlə qarşılandı.
Seyran Səxavət, Elçin Hüseynbəyli, Xəyal Rza, Fərid
Hüseyn, Ramil Əhməd kimi qələm adamları
dövri mətbuatda, sosial şəbəkədə kitab
haqqında müsbət yazılar yazdılar. Kitabın
müəllifi müxtəlif televiziya proqramlarına
müsahibəyə çağırılır. Bu, bizim işimizin uğurlu nəticəsidir.
- Kitabda
heç bir şəkil yoxdur, müəllifin də, əsərin
də adı ilk baxışda spesifik məlumat vermir. Bu xüsusi olaraq
düşünülümşdü?
- Kitab bir
şəhidin timsalında bütün şəhidlərin həyatından
bəhs edir. Əsərin qəhrəmanı
Amil bir simvoldur, bütün şəhidlərimizi təmsil
edir. Kitabın müəllifi də bir nəfər
deyil, bütün Azərbaycan qadınıdır. Kitabın müəllifi müharibədə
döyüşən oğullarımızın yolunu gözləyən
analar, bacılar, xanımlardır. Xalisə
də, Amil də burada simvoldur. Xalisə qəhrəman
qadınların simvolu, Amil isə bizi zəfərə aparan rəşadətli
oğullarımızın rəmzidir. Kitabda
insanlarımızın Vətən sevgisi hərtərəfli
ifadə olunub, məhz həmin detalları düşünəndə
bizi Zəfərə aparan amillərin nə olduğunun fərqinə
varırsan. Şəhidimiz sonuncu dəfə
ailəsi ilə danışanda Şuşadan evə
qayıdacağını söyləyib. Şuşa
onu döyüşdən döyüşə aparan bir amal,
ideal olub. Məncə, bu kitabın
“Şuşa İli”ndə nəşr olunması da önəmli
bir rəmzdir.
- Vətən
müharibəsindən söz düşmüşkən bu
istiqamətdə görülən işlər haqqında nə
demək istərdiniz?
- 2020-ci
ilin sentyabrından hamımızın ən ümdə vəzifəsi
müharibə iştirakçıları, şəhidlərimiz
və onların ailə üzvləri ilə yaxından
maraqlanmaqdır. Şəhidlərimizin
adlarının əbədiləşdirilməsi məqsədi
ilə uşaq musiqi, incəsənət məktəblərində
dərs otaqlarına, kitabxanalarda oxu zallarına, rəsm
qalereyalarında sərgi salonlarına və digər guşələrə
onların adları verilir. Əsas məqsədimiz
şəhidlərimizi fəxarətlə yad etmək,
yaşatmaq və təbliğ etməkdir. Şəhid
ailələrinin evlərinə baş çəkmək də
gündəlik fəaliyyətimizin tərkib hissəsidir. Şəhid ailəsinin
üzvü, Vətən müharibəsi
iştirakçısı, qazilərin mədəniyyət
müəssisələrində uyğun vakant vəzifələrə
təyin edilməsində də bir sıra addımlar
atmışıq. Şəhid ailələri
və qazilərimizə qayğı bundan sonra da diqqətdə
saxlanılacaq. Onu da deyim ki, bu yaxınlarda
kitabxanalarda müharibə iştirakçıları, şəhid
və qazilərin övladları üçün “Mən
dünyanı oxuyuram” adı layihəyə start vermişik.
Məqsəd uşaqların
yaşadıqları çətin mərhələlərdə
onlara psixoloji, mənəvi dəstək olmaqdır.
- Nəşr
olunan digər kitabın şeirlər toplusu olmasının
xüsusi bir mənası varmı?
- Regional
İdarə olaraq regionda yaşayan, fəaliyyət göstərən
yaradıcı gənclərin inkişafı,
tanıdılması, əsərlərinin nəşrinə dəstək
məsələlərini diqqətdə saxlayırıq.
Ötən il gənc qələm
adamlarının üzə çıxarılması, onlara dəstək
göstərilməsi məqsədi ilə Azərbaycan
Yazıçılar Birliyi ilə birlikdə “Kür” ədəbi
məclisi yaratdıq. Həmin ədəbi məclisdə
gənc yazar Aygün Bayramlının şeirləri
özünəməxsusluğu ilə diqqəti cəlb
etmişdi. Gənc müəllifə dəstək
olmaq üçün kitabını nəşr etmək qərarına
gəldik. Onun “Yeni bir səhər” kitabındakı
şeirləri “Zəfər yolu”, “Səni gözləyirəm”
və “Bu gün yeni bir səhər” başlıqları
altında toplandı. Onu da qeyd edim ki, hər iki
kitab müəlliflərin ilk kitablarıdır. Kitabların Azərbaycan Yazçılar Birliyində
təqdimatının keçirilməsini ciddi uğur hesab
edirəm. Həmçinin “Zəfərin
Amili” kitabının VIII Bakı Beynəlxalq Kitab Sərgisində
təqdimatını keçirdik. Hər bir
yaradıcı adam üçün ilk
addımların xüsusi önəmi var.
Düşünürəm ki, bu layihə gənc istedadlı
mədəniyyət adamlarının bundan sonrakı
uğurlarının əsas istinad nöqtəsi olacaq. “Zəfərin Amili” və “Yeni bir səhər” həm
ad, həm mövzu, konsept olaraq bir-birlərini çox
yaxşı tamamladı. Biz böyük
bir Zəfər qazandıq və xalqımız
üçün işıqlı bir səhər
açıldı. Bu günəşli səhərin
açılması Amillərin sayəsində oldu. Onlar qorxmadılar, çəkinmədilər, Vətən
sevgisiylə vuruşdular, şəhid oldular, qazi oldular. Tarixi qələbəmizə imza atdılar.
- Regional
İdarəyə tabe olan mədəniyyət müəssisələrinin
hazırkı vəziyyəti sizi qane edirmi?
- Ötən illə müqayisədə bir çox müsbət irəliləyişlər olub. Ancaq görülən işlərlərlə kifayətlənmirik. Kəndlərdəki mədəniyyət evləri, klub və kitabxanaların maddi-texniki bazası və kadr potensialı bizim həssaslıqla yanaşdığımız məsələlərdən biridir. Müxtəlif vaxtlarda apardığımız monitorinqlər nəticəsində yerlərdəki real vəziyyət bütün şəffaflığı ilə araşdırılıb, öyrənilib. Monitorinqlərin məqsədi mədəniyyət sahəsində sağlamlaşdırma prosesinə təkan verməkdir. Yaradılmış komissiyalar monitorinqlər həyata keçirir. Deyim ki, monitorinqlərin həyata keçirmə prosesi əslində aylar öncəsindən başlanılır. Əvvəlcə, müəssisələrin hazırkı vəziyyəti, keçmişi, bazamızda olan rəsmi sənədləri, hesabatları, kadrların şəxsi işləri öyrənilir. Bir müddət müəssisələr müşahidə edilir. Yerli sakinlərdən daxil olan şikayət və təkliflər araşdırılır. Sonra müəssisənin iş fəaliyyəti, maddi-texniki bazası və orada çalışan kadrların bacarıq və qabiliyyətləri sahənin mütəxəssisləri tərəfindən ciddi təhlil olunur. İdarədə komissiya üzvləri ilə görüşüb arayışı analiz edirik və qərar layihəsi hazırlanır. Müəyyən edilən nöqsanların aradan qaldırılması istiqamətində müvafiq addımlar atılır. Təkliflərimizi, monitorinq komissiyasının müvafiq arayışlarını Nazirliyə göndəririk. Qısaca desək, mədəniyyət sahəsindəki islahat prosesinin uğurla nəticələnməsi üçün çalışırıq.
- Mədəniyyət sahəsində ən çox narazılıq doğuran sahələrdən biri də musiqi məktəbləridir.
- Mədəniyyətinin inkişafında Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən uşaq musiqi, incəsənət məktəbləri əvəzsiz rol oynayır. Ölkəmizdə uşaq musiqi təhsilinin dövlət qayğısı ilə əhatələnməsi və pulsuz olması sahəni sosial vəziyyətindən asılı olmayaraq bütün ailələrin uşaqları üçün əlçatan edir. Uşaq musiqi təhsili zamanı milli musiqimizin tarixi köklərinə bağlılıq, klassik və müasir dünya musiqisinin, milli Azərbaycan musiqisinin tədrisi bədii təhsil müəssisələrində şagirdlərin istedad və bacarığının inkişafında müstəsna rol oynayır. Müsiqi məktəblərində bir sıra çatışmazlıqlar da mövcuddur. Kürdəmir Regional Mədəniyyət İdarəsi olaraq bu çatışmazlıqların aradan qaldırılması, şəffaflığın təmin edilməsi istiqamətində ardıcıl iş aparılır. İl ərzində İdarənin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət məktəblərində monitorinqlər aparılaraq təhlil edilmiş və əldə edilən nəticələrə uyğun olaraq müvafiq addımlar atılır. Mühüm problemlərdən sırasında kadr ehtiyatlarının səviyyəsinin kəmiyyət və keyfiyyətcə aşağı olması, ciddi kadr çatışmazlığı, əmək və icra intizamının yetərli olmaması ilə bağlıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, uşaq, incəsənət məktəblərində təhsil könüllülük prinsipinə əsaslanır. Bütün bu kimi məsələlərə kompleks yanaşılmasının tərəftarıyıq.
Qeyd edim ki, məktəblərə müəllimlərin qəbulunda ciddi nöqsanlar mövcud idi. Demək olar heç bir ixtisas təhsili, musiqi biliyi olmayan şəxslər müəllim kimi işə qəbul olunurdu. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri mövcud olmamış deyil. Mədəniyyət naziri cənab Anar Kərimovun tapşırığına uyğun olaraq sahənin şəffaflığın təmin olunması, müasir yanaşmaların tətbiq edilməsi məqsədi ilə nazirliyin müvafiq Fəaliyyət Planı hazırlanmış və icranın təmin edilməsi istiqamətində iş aparılmaqdadır. Fəaliyyət planına uyğun olaraq cənab Nazir tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu qaydaları təsdiq edilmişdir. Beləliklə Mədəniyyət Nazirliyinin bu problemi qısa zamanda, tam şəffaf və ədalətli bir şəkildə aradan qaldırdığını düşünürəm. Artıq müəllimlərin işə qəbulu prosesi test və müsahibə mərhələlərindən ibarət olmaqla müsabiqə qaydasında həyata keçirilir. Savadlı və istedadlı müəllimlər nəticələrinə uyğun olaraq pedaqoji fəaliyyətə başlayırlar. Bu da zəngin musiqimizin tədrisi, gələcək nəsillərə ötürülməsi baxımından müsbət nəticələr verəcək. Məktəblərdə ali təhsilli müəllimlərin sayı azdır, imtahandan keçib gələn müəllimlər hesabına yaxın gələcəkdə bu sahədə ciddi dönüşlər yaranacağına tam əminik. Bəlkə də, qeyd edilən məsələlər çoxlarının diqqətini cəlb etmir. Ancaq bu zamanla köklü islahatların aparıldığının nəticəsidir ki, artıq regionda sistemin sağlamlaşdırırılmasının nəticələrini görməkdəyik. Bir neçə ildən sonra hiss olunacaq nəticələrin əldə edildiyinin isə şahidi olacağıq. Kadrların işə qəbulunda yeni yanaşmarın, şəffaflıq, yeni idarəetmə və nəzarət mexanizmlərinin Nazirlik tərəfindən tətbiqi işimizin keyfiyyətinə müsbət mənada böyük təsir göstərməkdədir. Bu ilk növbədə musiqi məktəblərində özünü göstərir və zamanla effektif mexanizmlərlə yüksək nəticələr əldə edəcəyimizə əminəm.
R.ƏHMƏDOV
525-ci qəzet.- 2022.- 21 oktyabr.- S.8.