Vətən Müharibəsinin 22 oktyabr qəhrəmanları  

 

 

Bu gün oktyabrın 22-si çox önəmli hadisələrin ikinci ildönümü, eyni zamanda Azərbaycan Ordusunun bir sıra qəhrəman hərbçilərinin şəhid olduğu gündür.

22 oktyabr 2020-ci il Vətən müharibəmizin 26-cı günüdür. Şanlı qələbəmizə cəmi 18 gün qalıb. "Dəmir yumruq" əməliyyatının bu günündə Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili, Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini Ağbənd qəsəbəsini işğaldan azad edib. Yenə yüzlərlə ailənin vətən həsrəti dinib, 28 illik yurd ağrısı sona yetib. Sandıqlardan 28 ildir ki, gözbəbəyi kimi qorunan paslı açarlar, qıfıllar çıxarılıb, tozları alınıb, ən yaxın zamanda aid olduğu qapıları açması üçün hazırlanıb. Yenə əllər Allahın dərgahına açılıb "Ya rəbbi, şükür" duaları, bu qələbəni bizə bəxş edən Ali Baş Komandana Azərbaycan Ordusuna salamatlıq arzuları ürəklərdən qopub ünvanına tələsib.

Ancaq təəssüf ki, bütün bu möhtəşəm qələbələr bu dəfə itkisiz başa gəlməyib. Eyni gündə, eyni saatlarda başqa ailələrin ocağına şəhid xəbərləri od kimi düşüb, qəlblərə heç sönməyəcək yanğı buraxıb. Oktyabrın 22-də Azərbaycan Ordusunun polkovniki Şükür Hədimov, polkovnik-leytenant Ramiz Qasımov, kiçik gizirlər Xudayar Yusifzadə, Röyal Mədətov, əsgərlər Nahid Teymurzadə, Tacir Muradlı başqa igid döyüşçülərimiz şəhidlik mərtəbəsinə ucalıblar. Şəhadətlərinin 2-ci ilində bu yurd üçün, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş bütün qəhrəmanlarımızı sonsuz ehtiram minnətdarlıqla anırıq!

lll

Azərbaycanın Milli Qəhrəmanı, Silahlı Qüvvələrinin polkovniki, 2-ci Ordu Korpusunun Komandir müavini Şükür Həmidov 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində Cəbrayıl rayonu istiqamətində yerləşən "Lələtəpə" strateji nöqtəsinin alınması zamanı xüsusilə fərqlənib, buna görə Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, son 17 il ərzində sağlığında bu ada layiq görülən birinci şəxs olmuşdu.

2016-cı il mayın 10-da isə müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən Ş.Həmidova vaxtından əvvəl növbəti "polkovnik" hərbi rütbəsi verilib. Hərbi rütbə ona mayın 10-da Lələtəpə istiqamətində səngərdə təqdim edilib.

O, 2018-ci il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə təntənəli hərbi parad zamanı Azərbaycan Ordusunun 2016-cı ilin aprelində Füzuli, Cəbrayıl Tərtər rayonlarının 800 ha.-dan çox ərazisinin işğaldan azad edilməsində xüsusi xidmətləri olan hərbi hissələrin 2018-ci ilin mayında Naxçıvan MR ərazisində 10000 ha.-dan çox ərazinin işğaldan azad edilməsində fərqlənən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrin döyüş bayraqlarının olduğu bayraq qrupunun rəhbəri olmuşdu.

2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində 2-ci Ordu Korpusunun Komandir müavini olan Şükür Həmidov, cənub istiqamətində aparılan döyüşləri idarə edənlərdən biri idi. Əvvəlcə o, Füzuli rayonu istiqamətində döyüşlərə qatılmışdı. Cəbrayıl, Füzuli Qubadlıda gedən döyüşlərdə savaşıb, oktyabrın 22-də səhər radələrində isə doğulduğu 18 yaşında didərgin düşdüyü Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib.

Oktyabrın 22-də axşam saatlarında polkovnikin nəşi yaşadığı Sumqayıt şəhərinə gətirilib. Oktyabrın 23-də II Fəxri xiyabanda baş tutan vida mərasimində müdafiə naziri Zakir Həsənov, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev Rövşən Əkbərov, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid Ş.Həmidovun şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna şəhidin qohumu, muzeyin əməkdaşı Zümrüd İsmayılova vasitəsi ilə təhvil verilib.

 

lll

 

Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı, USTA dərəcəli pilot, Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımov Vətən müharibəsinin ilk saatlarında "SPAYK" uzun mənzilli raketlərilə silanlanan "Mi-17" hücum vertolyotu ilə cəbhənin Tərtər-Madagiz-Talış istiqamətlərində Ermənistan ordusunun strateji əhəmiyyətli hədəflərini məhv edən birinci pilotlardan idi.

Hərbi hədəflərin məhv edilməsindən sonra R.Qasımovun idarə etdiyi "Mi-17" hücum vertolyotu geri dönən zaman Tərtər rayonunun Azad Qaraqoyunlu istiqamətində olan zaman Ermənistan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının (HHM) bölmələri tərəfindən vurulur. Ramiz Qasımov dərhal bortda olan digər 2 nəfər heyət üzvünə vertolyotdan "atılma" əmrini verir. Özü isə "Mi-17" hücum vertolyotunun yaşayış evlərinə düşməməsi üçün boş sahəyə tərəf istiqamətləndirməyə başlayır. Nəticədə Ramiz Qasımov vertolyotla yaşayış məntəqəsindən uzağa, boş sahəyə istiqamətlənməyi bacarmışdı. Özü son anda paraşütlə vertolyotdan atılsa da, başından ağır zərbə almışdı. Koma vəziyyətində 25 gün qalandan sonra oktyabrın 22-də şəhid olub. II Şəhidlər xiyabanında dəfn olunub.

 

lll

 

Məlahətli səsiylə müharibənin gülən üzü, çağlayan nəğməsi olan  Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri Xudayar Yusifzadə məhz bu gün şəhadət şərbətindən dadıb.

X.Yusifzadə 2016-2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. Kursdan keçdikdən sonra "kiçik gizir" hərbi rütbəsi alıb.

2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib.

Vətən müharibəsində əvvəlcə, Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib. Daha sonra isə müharibədə döyüşərək xidmətinə davam edib. Murovdağın, Füzulinin, Cəbrayılın Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı rayonun Ağbənd qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Bərdə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

lll

Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri Röyal Mədətov 2011-ci ildən etibarən "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb yaralanıb.

O, Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Röyal Mədətov oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Hüseynbəyli kəndində dəfn edilib.

lll

Əsgər Nahid Teymurzadə Vətən müharibəsinə könüllü şəkildə qoşulan qəhrəman oğullarımızdan biri idi. O, Cəbrayıl və Kəlbəcər rayonları istiqamətində gedən döyüşlərdə şücaət göstərib, düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olub. İgid şəhidimiz oktyabrın 22-də Biləsuvar rayonu Günəşli kənd məzarlığında dəfn olunub.

lll

2-ci Ordu Korpusunun Komandir müavini Şükür Həmidovun şəxsi mühafizə heyətinin üzvü olan əsgər Tacir Muradlı da Vətən müharibəsində bir sıra ərazilərimizin alınmasında xüsusi şücaət göstərmiş cəsur igidlərimizdən biridir. O, 26 gün boyunca Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tacir Muradlı oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunda dəfn edilib.

lll

Adlarını çəkdiyimiz, çəkmədiyimiz bütün müharibə qəhrəmanlarımız təkcə bu gün deyil, hər gün, hər an xalqımızın ürəyində ən uca yerdədirlər. Onların bu vətən, bu millət üçün etdikləri fədakarlıq qarşısında bütün sözlər, bütün mükafatlar, bütün təltiflər sönük qalsa da, dövlətimiz onları diqqətdən kənarda qoymayıb, hər biri şəhadətlərindən sonra müxtəlif medal və ordenlərlə təltif ediliblər.

Şanlı qələbəmizi borclu olduğumuz, bu xalqın alnındakı 30 illik "məğlub" damğasını silən, qürurunu özünə qaytaran şücaətli oğullarımızla fəxr edir, özümüzə və gələcək nəsillərə şəhidlərimizin ruhlarına layiq insan və vətəndaş olmağı diləyirik. Allah rəhmət eləsin!

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2022.- 22 oktyabr.- S.16.