Antik dünyanın parlaq şəxsiyyətləri  

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Öz güclərini hiss edən Periklin düşmənləri onun arvadını da məhkəməyə cəlb etmək qərarına gəldilər. Qadını allahsızlıqda ittiham etdilər. Arvadını müdafiə etmək üçün Perikl özü məhkəməyə gəldi alçalaraq hakimlərdən xahiş etdi ki, Aspasiyanı cəzalandırmasınlar.

Spartalılar da Perikli hakimiyyətdən uzaqlaşdırmağa çalışırdılar. Tezliklə Peloponnes müharibəsi başlandı. Spartalılar müttəfiqləri ilə birlikdə b.e.ə. 431-ci ildə Attikaya müdaxilə etdilər. Ölkəni viran qoydular Afina istehkamlarına çatdılar.

Perikl afinalıları spartalılarla açıq döyüşə girmək kimi təhlükəli addımdan saxlayırdı, onlar kəsilmiş ağaclarına düşmənin apardığı sürülərinə görə ağlayırdılar. Perikl onlara deyirdi ki, kəsilmiş ağaclar yenidən boy atacaqlar, sürülər bərpa olunacaq, həlak olmuş döyüşçüləri isə əvəz etmək mümkün olmayacaqdır.

Spartalılar Afinanı mühasirəyə alanda Perikl qəzəblənmiş kəndlilərə fikir vermək istəmədi. Onu hətta qorxaq adlandırırdılar. Perikl sakitcə bu təhqirlərə dözürdü. Müharibənin ilk ilində spartalılar Afina kəndlilərinin bağlarını qırdılar, onlara ağır zərər vurdular.

Peloponnes müharibəsində həlak olan afinalıların dəfn mərasimindəki Periklin nitqi isə onun ecazkar istedadından xəbər verir. Tarixçi Fukididin zəhməti hesabına biz həmin nitqin böyük təsirini bu günhiss edirik.

Spartalılar müharibəni dayandıra bilərdilər. Lakin bədbəxtlik Periklin planlarını alt-üst etdi. Müharibənin ikinci ili Afinada dəhşətli xəstəlik olan taun yayıldı, bu xəstəlik hətta döyüşlərdən də daha çox adamların həyatına son qoydu.

Epidemiya afinalıları qəzəbləndirmişdi. Xalqın qəzəbi Periklə qarşı çevrildi. Periklin düşmənləri xəstəliyin şəhərdə kənd əhalisinin yığışmasının nəticəsi hesab edirdilər. Afina, Perikl donanma təşkil edib, Peloponnesə yeni yürüş təşkil etmək istədi. Bu vaxt günəş tutuldu, xurafatçı afinalılar bunda çox pis əlamət gördülər.

Periklin yürüşü uğur qazanmadı, çünki qoşunda da taun tüğyan edirdi. Bütün uğursuzluqlarda Perikli təqsirləndirirdilər. Sonrakı ildə, b.e.ə. 430-cu ildə o, strateq seçilmədi. Öz təmənnasızlığı ilə şöhrət tapmış Perikli oğurluqda ittiham edib, ağır cəriməyə məhkum etdilər.

Taun Periklin əvvəlki arvadından olan iki oğlunu öldürdü. Bədbəxtlik onu sındırdı. Afinalılar Perikldən ədalətsiz cəriməyə görə üzr istəyib, onu yenidən dövlətə başçılıq etməyə dəvət etdilər.

Lakin bu dəfə ona uzun müddət dövləti idarə etmək müyəssər olmadı. Seçildikdən bir az sonra özü taunla xəstələndi. O, öləndə dostları onun necə dövlət başçısı olduğunu və qələbələrini xatırlayırdılar. Güman edirdilər ki, ölən onları eşitmir. Perikl başını qaldırıb dedi: "Siz məni ona görə tərifləyirsiniz ki, əslində, bunu çoxları etmişlər. Mən elədiklərimdən ən yaxşısı barədə bir sözdemirsiniz. Axı mənim idarə etdiyim bütün illər ərzində mənim əmrimlə bir nəfər də olsun Afina vətəndaşı edam edilməmişdir".

B.e.ə. 429-cu ilin sentyabrında Perikl öləndə afinalılar başa düşdülər ki, necə bir əla rəhbəri itirmişlər. Hətta onun əleyhdarları da etiraf edirdilər ki, Periklin nəhəng nüfuzu, xalqın məhəbbətinə və dəstəyinə əsaslanmaqla, dövlətin xilasedici dayağı idi. Çoxları Perikl sağ olanda bunu hiss etmirdi, lakin o öləndə, bu, hamıya aydın oldu. Afinada demokratiyanın inkişafına heyrətamiz xidmət göstərən, ən çətin anlarda belə onun prinsiplərinə sədaqətlə əməl edən Perikl b.e.ə. 429-cu ildə həyatdan getdi, bu vaxt onun 61 yaşı var idi.

 

MARK FURİ KAMİLL

 

Roma dövlət xadimi və görkəmli hərbçisi Mark Furi Kamill, tarixçi Tit Livinin yazdığına görə, məsul dövlət vəzifələrini tutmuş, b.e.ə. V əsrin sonunda senzor, sonrakı illərdə konsul hakimiyyətinə yiyələnməklə 6 dəfə hərbi tribun olmuş, 5 dəfə isə diktator təyin edilmişdi. Dörd dəfə triumfa layiq görülmüşdür, yəqin ki, çox az sayda Roma sərkərdələri bu sahədə onunla rəqabət apara bilərdi. Qalları Romadan qovduğuna görə fəxri "Romanın ikinci əsasını qoyan" titulunu almışdı. Kamill özü patritsi idi və plebeylərlə onların mübarizəsində ardıcıl olaraq öz sinfinin tərəfini saxlamışdı.

Kamillin atası da hərbi tribun olmuşdu, lakin oğlu qazandığı şöhrətə görə atasını ötüb keçmişdi. B.e.ə. 396-cı ildə o, 10 il mühasirədə olan etrusk şəhəri Veyini tutmuşdu. Bundan sonra onu qənimətin bölüşdürülməsində guya ədalətsizliyə yol verdiyinə görə ittiham etmişdilər. Bu ittihamın əsassız olduğuna əmin olan Kamill Romanı tərk edib, könüllü olaraq sürgünə yollandı. B.e.ə. 387-ci ildə Brennin başçılığı altında qallar Romanı mühasirəyə alıb, şəhərin xeyli hissəsini tutmuşdular. Roma respublikası bu vaxt məhv olma təhlükəsini yaşayırdı. Sürgündə olan Kamillə romalılar qayıtmağı və qallara qarşı mübarizəyə başçılıq etməyi təklif etdilər. Kamill diktator təyin edildi. O, qalları geri oturtmaq üçün müttəfiq şəhərlərdən qoşunlar topladı. Veyidə olan Roma ordusunun qalıqlarını mübarizəyə cəlb etdi.

Roma ilə qalların şərtləri əsasında sülh müqaviləsi bağlamaq üçün Brenn Roma tribunu ilə ödəniləcək girov pulunun məbləğini də razılaşdı. Qallara 1 min funt ağırlığında qızıl verilməli idi. Qallar saxta bir tərəzi gətirmişdilər və tribun ondan istifadə olunmasından imtina etdikdə, Tit Livinin yazdığına görə, özündən çıxan qall başçısı tərəzinin gözünün üstünə qılıncını atıb qışqırdı: "Vae viktis!" - "Məğlublara dərd olsun!"

Lakinallahlar, nə də insanlar imkan vermədilər ki, romalıların həyatı şərəfsiz qaydada pulla satın alınsın - qəflətən Kamillin ordusu gəlib çatdı və o, bir diktator kimi konsulların tribuna sülh danışığı aparmaq səlahiyyəti vermək barədə qərarını qanunsuz elan etdi. Kamill göstəriş verdi ki, silahlar döyüşə hazırlansın və dedi: "Vətəni qızılla deyil, dəmirlə azad etmək lazımdır. Bu vaxt gözlərimiz qarşısında arvadlar, uşaqlardoğma torpağımız haqqındakı düşüncələrimizlə yanaşı, allahların məbədləri dayanmalıdır".

Bundan bir qədər sonra Kamillin başçılığı altında Roma ordusu qall qoşunlarını darmadağın etdi. Qallar qovulduqdan sonra o, Romanın bərpa edilməsi işində də fəal iştirak etdi.

Plebeylər isə Romanın daim təhlükədə olduğunu nəzərə alaraq boşaldılmış paytaxtı Veyiyə köçürməyi təklif edirdilər. Patritsi olan Kamill bəzən mümkün olan qaydada plebeylərə güzəştlərə də gedirdi, lakin bu təklifi ağılsız hesab edib, rədd etdi.

Sonra Kamillin komandanlığı altında digər İtaliya xalqları ilə uğurlu müharibələr aparıldı. Qallar yenidən Roma sərhədlərinə müdaxilə edəndə b.e.ə. 367-ci ildə təkrarən diktator təyin edildi. Romalılar qalları Alba yaxınlığındakı döyüşdə darmadağın etdi. İki il sonra Kamill taun epidemiyası tüğyan edəndə öldü.

Təvazökarlığına görə Kamilli Romanın digər məşhur hərbi xadimi Tsintinnatla müqayisə etmək olar. Tsinsinnat b.e.ə. V əsrin ortalarında iki dəfə diktator olmuş və Romanı işğal təhlükəsindən xilas etmişdi. O, Vatikan təpəsindəki 100 yügerlik (4 hektarlıq) torpağını becərib, məhsul yetişdirirdi. Romanın vəziyyəti ağırlaşanda xalq dəvət edib, ona diktatorluq səlahiyyətləri verirdi. O, düşmənə qalib gəlib, təkrarən öz sevimli əkinçi əməyi ilə məşğul olmağa qayıdırdı. İkinci dəfə də Romanın üstünü təhlükə alanda o, yenidən hərbi diktator təyin edildi və düşmən üzərindəki parlaq qələbədən sonra da yenə sadə əkinçilik fəaliyyətinə qayıtdı. Bu təvazökar insan çaldığı qələbələri ilə öyünmürdü, doğma şəhəri qarşısında borcunu yerinə yetirdikdən sonra da torpaqda məhsul yetişdirməyi özünün başlıca məşğuliyyəti hesab edirdi. Qədirbilən amerikanlar öz şəhərlərindən birini onun şərəfinə Tsinsinnati adlandırmışlar.

Kamill də qələbələrinə baxmayaraq, heç vaxt ali icra vəzifəsi sayılan konsul seçilmək istəməmişdi. Ondan üç əsr sonra Roma siyasi səmasında parlayan Qay Yuli Sezar isə ömürlük diktatorluq səlahiyyətlərinə yiyələnməsinə baxmayaraq, bununla kifayətlənməyib, çar olmaqrespublika quruluşunu ləğv etmək istəyirdi. Onun əlaltıları Sezarın Parfiyaya qarşı yürüşə hazırlaşdığını nəzərə alaraq, belə bir uydurma da ortaya atmışdılar ki, guya Parfiyanı yalnız çar məğlub edə bilər. Deməli, Sezarın da çar olmasını zərurət özü diktə edir.

Kamill isə respublikaya, Roma xalqına xidmət göstərməkdən ilham alırdı, onu heç vaxt şöhrət quşunu tutmaq maraqlandırmamışdı, bu quş özü onu tapırdı.

Bu mənada Plutarxın Kamill haqqında yazdığı fikirlər olduqca maraqlıdır: "Furi Kamill barədə olan danışıqların arasında, ən yaxşısı və qeyri-adisi, mənə görə, çox dəfələrlə qoşunlara komandanlıq edib, mühüm qələbələr qazanan, beş dəfə diktator seçilən, dörd dəfə triumfator olan, kitablarda "Romanın ikinci əsasını qoyan" adlanan bu adamın bir dəfə də olsun konsul olmaması idi. Bunun səbəbi dövlətin o vaxtlar olduğu vəziyyəti ilə əlaqədar idi. Senatla düşmənçilik edən xalq konsulları seçməkdən imtina etmişdi və səsvermə ilə hərbi tribunları təyin edirdi, baxmayaraq ki, onların əlində ali hakimiyyət var idionlar bütün konsul hüquqlarına və səlahiyyətlərinə malik idi, tribunaların özünün sayı da kütlənin bu vəzifəyə münasibətini daha arzuolunan edirdi. Həqiqətən də, idarəetmənin başında iki deyil (bu, konsulların sayına işarədir - müəllif), altı nəfər dururdu. Kamillin şöhrətinin çiçəklənməsi və ən gözəl igidlikləri də məhz bu dövrə düşür. O, özünü daim elə tərəfdən göstərirdi ki, hakimiyyət ümumi sərvət olduğu halda, şöhrət ancaq təkcə Kamillə çatırdı. Birincisini öz sərkərdə təvazökarlığı ilə, paxıllıqdan yayınmağa çalışmaqla, ikincisini isə ağlının itiliyinüfuz etmə qabiliyyəti ilə əldə etmişdi. Bu məsələdə ümumi rəyə görə, o, özünə bərabər tanımırdı".

Qədim Roma tarixində həm də digər "məsuliyyətli dövrlər" olmuşdu.  Bu vaxt Tibr çayı üstündəki şəhər digər qonşu şəhər-dövlətlərdən özünə bənzəyənlər arasında daha güclü olmaq hüququnu qazanmaq uğrunda rəqabət aparırdı. Romalılar üçün belə dövr b.e.ə. V əsr idi. IV əsrin birinci rübüdaxil olmaqla, məhz bu dövrdə Roma patritsisi Furi Kamillin adı məşhurlaşmışdı. O, təkcə sərkərdə deyildi, həm də siyasi xadim idi. Roma qoşununun bu epoxadakı çox saydakı qələbələri onun adı ilə əlaqədar idi. Kamillin vəziyyətdən çıxmaq bacarığı, döyüşlərdə həll yolunu tapması və uğuru istisnasız olaraq hamı tərəfindən etiraf edilirdi.

İlk dəfə o, b.e.ə. 432-ci ildəki döyüşdə şöhrət tapmışdı, yaralandığına baxmayaraq, vuruşmaqda davam edərək, düşməni qaçmağa məcbur etmişdi. Həmin döyüşdən sonra hərbi şöhrəti bir dəfə də olsun onu tərk etmədi. Sonra o, Roma ilə rəqabət aparan etrusk şəhəri Veyini tutmuşdu. Romalılar on il ərzində bu şəhəri uğursuz olaraq mühasirədə saxlamışdılar. Sonralar yaranan bir nümunəni əsas götürərək, demək olar ki, bu mürəkkəb "Qordi düyünü" açmağa məhz Kamill müvəffəq olmuşdu.

Sonralar qallar Romanı tamamilə dağıtmışdılar. Onu xilas edən Kamill həm ondan asan olmayan şəhərin bərpa edilməsi işləri ilə yaxından məşğul olmuşdu təsadüfi deyil ki, onu Romuldan sonra gələn, şəhərini ikinci əsasını qoyan adlandırmışdılar.

Qədim Roma sərkərdəsinin ən böyük qələbəsi ilə qall tayfaları qoşunu Alba çayı üzərində darmadağın edildi. Bu, b.e.ə. 367-ci ildə baş vermişdi, həmin vaxt Kamillin 80 yaşı vardı. Buna qədər isə o, həm hərbi islahatlar keçirməklə məşhurlaşmışdı. İlk dəfə olaraq varlı plebeylərə öz atının belində orduda xidmət etmək hüququ verilmişdi. Buna qədər isə, Qədim Romada həmin hüquqdan yalnız patritsilər istifadə edirdilər.

Qalların əsas silahı romalılarınkından fərqli olan uzun qılıncları idi. Ona görə də Kamill piyadaların başına möhkəmliyi ilə seçilən dəmir dəbilqə geyindirdi və onların ağacdan olan qalxanına misdən üz qabığı çəkdirdi. Sonra o, döyüşçülərə nizədən istifadə etməyi öyrətdi, həm də nizədən qılınc zərbəsinə qarşı mübarizə silahı kimi istifadə olunmasına başlandı.

Qallara qarşı son müharibədə Kamill hiyləgərlik də işlətdi. Alba çayının kənarında düşərgə qurdu, lakin əsgərlərinin böyük hissəsini meşədə gizlətmişdi. Açıq məkanda yalnız kiçik hissə görünürdü. Qallar ətraf kəndləri qarət edirdilər, "romalıların kiçik dəstəsi" onları qorxutmurdu.

 

(Ardı var)

 

Telman ORUCOV

 

525-ci qəzet.- 2022.- 22 oktyabr.- S.14.