Çağdaş nəsrimizin
magik realizm nümunəsi
Əflatun Amaşovun "Qanıq, Hasan, bir də
qaragöz" romanı haqqında düşüncələr
Qədim türk diyarı, ünlü saz-söz yurdu Borçalının Azərbaycan jurnalistikasına və ədəbiyyatına bəxş
etdiyi sayılan simalardan olan Əflatun Amaşov
"Qanıq, Hasan, bir də
Qaragöz" romanı ilə çağdaş
Azərbaycan ədəbiyyatına yeni istedadlı və orijinal nasir kimi daxil oldu. Onun mükəmməl ədəbi
yaradıcılığa ömrünün
yekinlik yaşında qədəm qoyması uzun illərin jurnalist təcrübəsinin
və yetərli filoloji düşüncənin
qanunauyğun nəticəsidir.
Əflatun Amaşovun çap olunan ilk nəsr əsərinin hekayə deyil, roman janrında olması onun ədəbi yaradıcılıq
yoluna uzun illər öncədən
hazırlaşmasının, çoxillik daxili ədəbi-estetik təkamülün,
duyğu-düşüncələrində
tədricən biçimlənən
mövzunun əhatəli
bir miqyas alması ilə izah oluna bilər.
İlkin
variantda "Ulduz"
jurnalının "Dərgidə
kitab" layihəsində
çap olunan "Qanıq, Hasan, bir də Qaragöz"
romanı az
sonra kitab kimi ictimaiyyətə təqdim edildi. Əsərin
süjet, quruluş baxımından klassik romanlardan fərqli və həcminə görə kiçik olsa da, bu
janrın nəzəri
tələblərinə tam cavab verir. Akademik Nizami Cəfərovun fikrincə:
"Qanıq, Hasan, bir də Qaragöz"ün
bədii strukturu, əslində, mürəkkəb
olduğu kimi, süjeti də çoxşaxəlidir. Ancaq
görmək çətin
deyil ki, bütün hadisələr,
sanki şüadır,
bir nöqtədən
yayılır..."
Magik realizm cərəyanının Azərbaycan
variasiyasını təmsil
edən romanın əsas qəhrəmanı
Hasan və Güllüdür. Əsərin ilk səhifələrində verilən həyat situasiyası realist bir əsərin, konkret desək, kənd nəsri nümunəsinin elementlərini özündə
ehtiva edir. Lakin hava limanındakı gözləmə səhnəsindən
etibarən romana mistik çalarlar daxil etməyə başlayan yazıçı
fərqli bir əsərin müjdəsini
verir. Hasanın hava limanındakı
kafedə qara eynəkli, "paralel dünyadan gəlmiş"
adamla rastlaşması
ilə romanda mistik auranın başlanğıcı qoyulur.
Nəslin
digər qoluna mənsub Qocanın məsləhətinə uyub
kredit borcunu ödəmək üçün
məcbur olub Qaragöz adlı dananı satdığı
gündən özünü
günahkar hiss edən
və qurduğu QQ şirkəti vasitəsilə
elan verib həmin inəyin nəslindən olan heyvanları Qoşa Qara toplamaq istəyən
Hasan bununla daxilindəki günah hissindən qurtulmaq istəmir. Sanki həmin
inəyin nəslini qorumaq Hasanın özəl missiyasıdır.
Hasanın adi insan olmadığını sübut
edən məqamlardan biri də onun
hava limanında Güllünü gözlədiyi
yerdə astral bir şəkildə Qoşa Qarda Güllü ilə qoşa gəzdiyini təsəvvür
etməsi səhnəsidir.
Fikrimizcə, bu mənzərə romanın açar səhnəsidir. Həmin epizodda Hasan Güllüyə Vəli haqqında danışanda
qız deyir: "- Vəlini biz mələklərəmi
tanıdırsan? O ki igidlikdə heç kəsdən geri qalmazdı. - Guya ki, mələksən? - Hasan maraq dolu
həyəcanla dilləndi.
Tanımazsan əlbəttə. Biçarə Qoca da mənimlə bağlı
bir şey deməyib, yəqin".
Ümumən Alıuşağı nəslinin Hasanın mənsub olduğu qoluna aid bütün nəsil nümayəndələrində
vəhy qabiliyyəti mövcuddur.
Babası İmamalı kişinin yaylaqdan - Qoşa Qardan Faxralıya enmədən öncə gördüyü yuxu buna bariz sübutdur. Qədim
zamanlarda öldürülən
canavarın balasının
yurdda böyüdülməsi
və həmin canavar balasının böyüyüb obadan ayrıldıqdan sonra da sürünü qoruması, həmin qurdun cəddinə and içilməsi, öldüyü
yerin Qurd ölən yer adlandırılması, onun
nəslindən olan bütün itlərin özəlliklə də Qanığın nəslə
sadiqliyi obada qurd mifinin formalaşmasına
səbəb olur.
Qaragözün məhz Dəli Düyə ilə vəhşi maraldan yaranan simbioz canlılar nəslinə mənsub olması inancı onun da tayfanın Hasanın mənsub olduğu qolu tərəfindən sakrallaşdırılmasına səbəb olur. Alıuşağı nəslinin digər qoluna mənsub olan Qocanın məhz Qaragözü satdırması onun bu heyvanların cindən törəmə olmasına inanması ilə bağlıdır. Qanıqla Hasanın xəyali söhbətində Qaragözlə onun ruh olaraq peyğəmbərin Xəndək və Şah İsmayılın Çaldıran döyüşlərindən bəri var olduğu anlaşılır.
Əsərdə bolşevik hakimiyyətindən qaçan nəslin faciəsi də öz əksini tapıb. İmamalı kişi ailəsini Arpa çayından keçirib sərhədi o taya aşanda Qoca və Hasan bu tayda qalırlar. Qocanın sevdiyi Güllü isə digər tərəfə keçə bilir.
Alıöyü nəslinin digər qolu isə cinlərlə yox, mələklərlə əlaqədədirlər. Bunu "mələklərin yolu"nun nəqş edildiyi palazın nəsildən-nəslə ötürülməsi də sübut edir. Qocanın dəftərindəki mələklə müsahibəsindən onun seçilmiş olduğu, mələklə əlaqəsindən yeni bir yarıminsanın, yarımmələyin doğulduğu aydın olur. Güllünün o biri taya keçərkən tapdığı və ömrünü bağladığı itkin qız məhz həmin yarıminsan mələkdir.
Hasanın Qoşa Qarın zirvəsindən enən işıqlı obyektdən çıxan Qanığın cildində naməlum varlıqla söhbətini süjetə daxil edən və ikinci Güllüdən övladının olmasına işarə edən müəllif nəsildəki ikitirəliyin sona çatdığına, cin nəsli ilə mələk nəslinin simbiozunun dünyanın qurtuluşuna səbəb olacağını müjdələyir. Əsərdə Məsimin əhvalatı, Qoca ilə Güllünün sevgisi, 30-cu illərlə bağlı məqamlar gerçək əhvalatlardır.
Əflatun Amaşov
bu realist lövhələri
magik-mistik səciyyəli məqamlarla -
çayın axirət dünyasının qapısı
olması inancı, cinlərlə mələklərin
insanı yönəltmək uğrunda
mübarizəsi, selin qurbanı Məsimin
İsa peyğəmbərin su üzərində gəzməsi
pritçası ilə assosiasiya olunaraq dalğalı Arpa
çayının üzərində dura
bilməsi kimi elementlərlə birləşdirir.
O, belə bir bədii təqdimatı ilə
müasir nəsrimizdə magik
realizmin yeni və fərqli
nümunəsini yaratmağa nail olub.
Elnarə
QARAGÖZOVA
AMEA
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2022.- 22 oktyabr.- S.13.