İşığından pay verən musiqişünas
Lalə Hüseynova - 60
Əziz müəllimim və
həmkarım, tanınmış
musiqişünas, əməkdar
incəsənət xadimi
Lalə xanım Hüseynova bu günlərdə yuvarlaq doğum tarixini qeyd edir. Bu əlamətdar hadisə münasibətlə
ona olan böyük hörmətimi
və sevgimi, yaddaşıma həkk olunmuş xatirələr və təəssüratlar
işığında kiçik
bir yazı ilə qeyd etməyi
özümə borc bildim.
Lalə
xanımı 2003-cü ilə
qədər televiziya ekranlarından qiyabi olaraq tanısam da, onunla əyani
görüşüm Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademiyasında tələbə olarkən
baş tutdu. Musiqişünasın efirdəki musiqi
verilişlərini izləyir,
daim bir ekspert kimi müxtəlif
mövzularda çıxışlarını
dinləyirdim. Azərbaycan Bəstəkarlar
İttifaqının məsul
katibi kimi Lalə Hüseynovanı Filarmoniya səhnəsində,
İttifaqda və digər musiqi məkanlarında şablondan
uzaq səmimi və məzmunlu ön sözlərlə çıxış edərkən
görmüşdüm. Sərrast elmi müşahidələri,
axtarış şövqü,
səlist nitqi ilə diqqəti cəlb edən Lalə xanımın mülayim təbiəti, dolğun şəxsiyyətinin
cazibəsi özünü
parlaq büruzə verirdi. "Xaqani, 27
- Azərbaycan Bəstəkarlar
İttifaqından", "Musiqidə qəhrəmanlıq
mövzusu", "Opera musiqisinin
şedevrləri", "Kino və musiqi", "Musiqi xəzinəsi",
son dövrlərdə isə
"Musiqili ekran" verilişlərinin müəllifi
və aparıcısı
olması onu geniş tamaşaçı
kütləsinə də
yaxşı tanıdıb
və rəğbət
qazandırıb.
Lalə xanım görkəmli ziyalı Şirməmməd
Hüseynovun ailəsində
anadan olub. Atasından və
anası Ülkər xanımdan aldığı
tərbiyə onun ilk əvvəl dürüst və vətənpərvər
insan kimi formalaşmasında müstəsna
rol oynayıb. Şirməmməd müəllim
hər iki qız övladını musiqiçi görmək arzusunda olduğundan onları Bülbül adına Orta
İxtisas Musiqi Məktəbinə verib və tədricən musiqi sənəti və elmi onların
həyatının ayrılmaz
parçasına çevrilib.
Konservatoriyanın V kursunda oxuyarkən
sevimli müəllimimiz,
böyük bəstəkar
və görkəmli musiqi-ictimai xadim Aqşin Əlizadə tələbəsinin musiqişünas
istedadını və
qabiliyyətini görüb
onu Azərbaycan Bəstəkarlar İttifaqında
işləməyə dəvət
edib və beləliklə, Lalə xanım məsləhətçi
vəzifəsindən İttifaqın
katibi vəzifəsinə
kimi təxminən 30 illik bir yol
qət edib. Həmin yol sonucda
İttifaqın 70 illik
zəngin tarixinə işıq salan böyük tədqiqat işi ilə nəticələnib.
Bu dövrdə Lalə
Hüseynovanın daha
bir dəyərli işi - tərtibçisi
və redaktoru olduğu "Aqşin Əlizadə. Publisistik irs. Məqalələr Müsahibələr" adlı
sanballı nəşri
ərsəyə gətirməsi
olub. 2012-ci ildə Bakıda "Avrasiya Press" nəşriyyatı
tərəfindən nəfis
şəkildə işıq
üzü görən
topluda bəstəkarın
həyat və yaradıcılıq yolunu
müfəssəl şəkildə
əks etdirən müxtəlif məqalələr
və foto materiallar toplanmışdır.
Tam əminliklə demək olar ki, A.Əlizadə haqqında araşdırma
aparan tədqiqatçılar
üçün bu kitab əvəzsiz mənbədir. Lalə xanım
həmin toplunu ictimaiyyətə təqdim
etməklə əziz
müəllimi qarşısında
mənəvi borcunu da yerinə yetirmək istəmişdi.
Bu niyyətlə yazılmış işlərdən
biri də görkəmli musiqişünas
və pedaqoq Zemfira Qafarovanın yaradıcılıq yoluna
həsr olunmuş kitabçadır.
Təbii ki, fəaliyyət göstərdiyi mühitdə
bəstəkar yaradıcılığı
ilə daim təmasda olması Lalə Hüseynovanın araşdırmalarında bir
çox musiqi xadimlərinə həsr olunmuş məqalə və oçerklərin yazılmasını şərtləndirib. Burada
biz Ədilə Hüseynzadə,
Tofiq Quliyev, Oqtay Zülfüqarov, Tofiq Bakıxanov, Polad Bülbüloğlu, Məmməd Quliyev, Dadaş Dadaşov, Azər Dadaşov, Ruhəngiz Qasımova və digər bəstəkarlar, ifaçılar
haqqında, habelə çoxsaylı musiqi hadisələrinə, problemlərinə
həsr olunmuş məqalə və resenziyalarla rastlaşırıq.
Lalə Hüseynovanın musiqişünas
kimi yaradıcılığı
heç vaxt bir istiqamətə köklənməyib. O, lektorluq, maarifçilik və musiqi tənqidçisi kimi fəaliyyətini hər zaman elmi-pedaqoji işi ilə uğurla uzlaşdırmağı bacarıb.
Lalə xanımla yaxından tanış
olanda o, hələ bu yolun müəyyən
dönəmində idi.
O zaman Bakı Musiqi Akademiyasının musiqişünas tələbəsi
kimi bizim maraqla dinlədiyimiz dərslərdən biri də onun apardığı
"Türk xalqlarının
musiqisi" kursu idi. İlk dəfə idi
ki, biz, geniş türk dünyasının
zəngin musiqi aləminə sanki səyahətə çıxırdıq.
Çünki nə təhsil
aldığımız musiqi
məktəbində, nə
də musiqi kollecində tələbələrə
bu haqda bilgi verən olmamışdı. Tarixdən də
məlumdur ki, ulu və böyük
türk dünyasının
ayılmaz, üzvi bir parçası olduğumuzu vaxtaşırı
bizə unutdurmaq istəyiblər. Xüsusən də, sovet dövründə bu məsələ pantürkist
damğasının görkəmli
ziyalılarımıza vurulması
ilə nəticələnib.
Belə bir mühitdə ayrıca bir fənn kimi türk xalqları musiqisinin tədris prosesinə salınmasından
söhbət gedə bilərdimi? Əlbəttə ki, yox. Biz isə, artıq
müstəqil Azərbaycanın
gəncləri kimi dərs zamanı müxtəlif türk xalqlarının qədim və keşməkəşli
tarixindən, müştərək
mədəniyyətindən, xalq musiqi janrlarından,
dastan yaradıcılığından
və makam-muğam ənənələrindən söhbət
açırdıq və
çox maraqlı qənaətlərə gəlirdik.
Lalə xanım belə çətin mövzuda kurs aparmağı vaxtilə ona müəllimi, görkəmli
musiqişünas-alim professor Ramiz Zöhrabovun həvalə etdiyini xatırlayırdı. Ramiz müəllim
BMA-da uzun illər rəhbərlik etdiyi "Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi" kafedrasında
bu fənnin tədrisi zəruriliyi yarananda da məhz
onu düşünmüşdü.
Lalə xanım isə tərəddüd edəndə,
- "sən bunu hamıdan yaxşı bacaraqsan", demişdi.
L.Hüseynova indi də həmin kursu elmi işlər üzrə prorektor kimi işlədiyi Azərbaycan Milli Konservatoriyasında məmnuniyyətlə aparır, tələbələrdə bu mövzuya maraq oyatmağa çalışır. Onun rəhbərliyi altında müxtəlif türk xalqlarının musiqisinə həsr olunmuş dissertasiyalar, diplom işləri yazılır. Beləliklə də, musiqi türkologiyası təbii surətdə L.Hüseynovanın elmi araşdırmalarının əsas xəttlərindən birinə çevrilib: üzərində işlədiyi doktorluq dissertasiyası türk xalqlarının musiqisində janr paralelləri və əlaqələrinə həsr olunub. Bu səbəbdən də, o, demək olar ki, türk xalqlarının yayıldığı bütün əsas coğrafi bölgələrə elmi-yaradıcılıq səfərləri edib. Dəfələrlə Özbəkistanda, Qazaxıstanda, Türkiyədə, habelə Türkmənistanda, Tatarıstanda, Başqırdıstanda konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış edib, festival və müsabiqələrə münsif kimi dəvət alıb və həmin ölkələrin musiqi və elm dairələri ilə yaxşı əlaqələr qurmağa müvəffəq olub. Təsadüfi deyil ki, nüfuzlu Beynəlxalq Musiqi təhsili Cəmiyyəti - İSME-nin 2018-ci ildə Bakıda baş tutan 33-cü Dünya konfransının ilk dəfə olaraq ayrıca təşkil edilən "Türk xalqlarının musiqisi" bölməsi də Azərbaycan Milli Konservatoriyasında keçirilmişdi. Bu konfransa dünyanın hər yerindən - Koreya və Yaponiya, Amerika və Kanadadan tutmuş Türkiyə və Orta Asiya respublikalarına qədər çoxsaylı musiqi türkoloqları təşrif buyurmuşdu. Belə bir mötəbər elmi toplantıya isə ondan bir il əvvəl - 2017-ci ildə Lalə xanımın təşəbbüsü ilə Milli Konservatoriyada ilk dəfə baş tutmuş "Qloballaşan dünyada musiqi ənənələri" başlığı ilə keçən böyük beynəlxalq elmi-praktik konfrans vəsilə olmuşdu.
Lalə xanım bu gün də fəal elmi-yaradıcılıq və pedaqoji fəaliyyətlə məşğul olur. O, daim elmi axtarışlar aparır, çox məhsuldar, mühüm, ciddi və əhəmiyyətli işlərlə məşğul olur, ətrafındakılara yaradıcılıq stimulu bəxş edir. Təqvimin 20 okyabr tarixini hamının səmimi, gözəl və təvazökar xanım kimi tanıdığı Lalə Hüseynovanın doğum günü olaraq xatırlayıram. Bu münasibətilə onu ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür və bizləri yeni-yeni elmi yaradıcılıq nailiyyətlərinin işığına toplamağı arzulayıram.
Fazilə NƏBİYEVA
Musiqişünas, sənətşünaslıq
üzrə fəlsəfə doktoru nebiyeva.fazile@mail.ru
525-ci qəzet.- 2022.- 22 oktyabr.- S.11.