"Üç nöqtə" əməliyyatı: Ağbənd, Bartaz, Sığırtın azad edilməsi

 

GENERALLAR DANIŞIR

 

Vətən müharibəsinin 26-cı günü - 2020-ci il oktyabrın 22-də daha bir strateji nöqtə - Zəngilan rayonunun Ağbənd qəsəbəsi işğaldan azad edildi. Ağbənd qəsəbəsinin işğaldan azad edilməsinin mühüm siyasi və hərbi əhəmiyyəti var. Çünki ərazinin azad edilməsi ilə İranla 132 km-lik sərhəd işğalçılardan tamamilə təmizləndi və Azərbaycan 30 ildən sonra sərhədini tam bərpa edərək nəzarətə götürdü.

Prezident İlham Əliyev özünün rəsmi tviter səhifəsində bu barədə yazıb: "Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu. Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan Ordusuna!"

Bu günlərdə Dövlət Sərhəd Xidmətinin (DSX) təşkilatçılığı ilə KİV nümayəndələri "Üç nöqtə" ərazisində olub və elə döyüşlərin getdiyi yerdə hərbçilərimizlə həmsöhbət olub.

Qeyd edək ki, "Üç nöqtə" ərazisi mühüm strateji əhəmiyyətə malikdir, çünki bura üç dövlətin - Azərbaycan, İran və Ermənistanın dövlət sərhədlərinin kəsişdiyi ərazidir.

"Soydaşlarımız bu ərazilərin əsl sahiblərini gördükləri üçün çox sevinirdilər"

Ağbənd qəsəbəsinin azad olunması əməliyyatlarında iştirak edən DSX-nin general-mayoru "Zəfər" ordeni, "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilən Aqşin Məhərrəmov deyir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq, hər il DSX-nın hissə və bölmələri ölkə ərazisində irimiqyaslı təlimlərə cəlb olunurdu. Bu təlimlərdə şəxsi heyətimiz yüksək bilik və bacarıq, taktiki vərdişlər əldə edərək növbəti təlimlərdə onları tətbiq edirdi. DSX-nın arsenalında müasir silahlar, avadanlıqlar, zərbəendirici pilotsuz uçuş aparatları mövcuddur. Aydın məsələdir ki, bunun qarşısında düşmən tab gətirə bilməzdi.

General bildirir ki, bunun nəticəsi olaraq, əvvəlcə 2016-cı il aprel hadisələrındə zərbəendirici pilotsuz uçuş aparatları heyətinin yüksək peşəkarlığı nəticəsində düşmənə dəqiq və sarsıdıcı zərbələr endirildi. Vətən müharibəsində əldə olunan nailiyyətlər məhz ilk dəfə 2016-cı ildə müasir uçuş vasitələrinin tətbiqi ilə qazanılan uğurların davamıdır.

"Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində "Üç nöqtə" əməliyyatı xüsusilə bölmələrimizin uğuru ilə nəticələnib. Bir gün əvvəl ərazinin havadan kəşfiyyatı aparıldı, düşmən haqqında məlumatlar, onun yerləşmə yeri, canlı qüvvəsi, texnikası, atəş mövqeləri dəqiqləşdirilərək müvafiq qərarların qəbul olunması üçün komanda məntəqəsində təhlil olundu. Növbəti gün gecə saatlarında kiçik çevik qruplar tərəfindən sızma əməliyyatı icra olunaraq düşmənə sarsıdıcı zərbələr endirildi və onlar geri qaçmağa məcbur oldular", - general əlavə edib.

O vurğulayıb ki, yaxınlaşmaqda olan düşmənin texnikası raket-artilleriya divizionu tərəfindən çox sərrast atışlarla sıradan çıxarılıb: "Zərbəendirici pilotsuz uçuş aparatları vasitəsilə düşmən dərinliklərində yerləşən artilleriya qurğuları, yaxınlaşmaqda olan texnika məhv edilib. İkinci Qarabağ müharibəsində bölmələrimiz tərəfindən Ağbənd qəsəbəsinin işğaldan azad olunması və dövlət bayrağımızın əraziyə sancılması hər birimiz üçün qürurvericidir. O zaman Arazboyu ərazilərdə yaşayan soydaşlarımız hərəkətlərimizi kənardan müşahidə edərək bizi alqışlarla qarşılayır, şüarlar səsləndirirdilər. Onlar bu ərazilərin əsl sahiblərini gördükləri üçün çox sevinirdilər".

A.Məhərrəmov deyir ki, "Üç nöqtə" əməliyyatının aparıldığı ərazi strateji baxımdan çox əhəmiyyətlidir: "Düşmən geri çəkilərək həmin ərazilərdə mövqelənib, ordumuzun bölmələrinə müqavimət göstərməyə hazır idi. Həmin uğurlu əməliyyat nəticəsində Ağbənd qəsəbəsindən Vejnəli, Bartaz istiqamətinə şəxsi heyətin hərəkəti təmin olunub. Hazırda bu ərazi sərhədçilərimiz tərəfindən mətinliklə qorunur. Prezident, Ali Baş Komandan İlham Əliyevin qarşıya qoyduğu istənilən tapşırığı Azərbaycan sərhədçisi hər zaman icra etməyə hazır və qadirdir".

General-mayor vurğulayıb ki, Vətən müharibəsi dövründə və ondan sonrakı kiçik əməliyyatlarda belə Azərbaycan sərhədçisi Cenevrə Konvensiyası və müharibə qaydalarına uyğun olaraq döyüş əməliyyatlarını icra edib.

"Altı saat yarımlıq döyüşdə düşməni tamamilə  məhv etdik"

Zəngilan istiqamətində döyüşlərdə iştirak etmiş, DSX-nın general-mayoru, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Cəbrayılın azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medallar ilə təltif olunan Misir Əliyev deyir: "Vətən müharibəsində aldığımız əsas tapşırıq dövlət sərhədinin 132 kilometr hissəsinin bərpa olunması, həmçinin, strateji yüksəkliklərin düşməndən azad edilməsi idi. Bununla yanaşı, bölmələrimiz Zəngilan şəhərini işğaldan azad etdikdən sonra Araz çayı boyu hərəkətə başladı. Hərəkət zamanı İranda yaşayan soydaşlarımız tərəfindən çox böyük sevinclə qarşılandıq. Bu, bütün bölmələrimiz üçün qürurverici idi, ancaq bu, bizim həyatımız üçün təhlükəli idi. Belə ki, Ermənistan hərbçiləri bundan duyuq düşüb Azərbaycan qoşunlarının hərəkət trayektoriyasını müəyyən edə bilərdilər. Bizim Araz çayı boyu hərəkətimizi düşmənin izləyə bildiyini nəzərə alaraq, Baharlı sərhəd zastavası istiqamətindən relyef baxımından çətin olan dağlıq ərazi ilə hərəkət etdik. Baharlı sərhəd zastavasından dağboyu 6-7 kilometr hərəkət etdikdən sonra Bartaz istiqamətində düşmən tərəfindən qrad və minaatan atəşinə məruz qaldıq. Həmin istiqamətdə mövqelərimizi möhkəmləndirdikdən və düşmən həmləsinin qarşısını aldıqdan sonra tapşırığımızı tam icra etmək üçün Ağbənd sərhəd zastavasına doğru hərəkət etdik. Yolboyu hərəkət edəndə ön kəşfiyyat dəstələrimiz tərəfindən bu sərhəd zastavasında düşmənin çoxsaylı qüvvəsinin cəmləşdiyini və qarşımızdakı yüksəkliyə doğru hərəkət etdikləri barədə məlumat verildi. Odur ki, bölmələrimizi dərhal ön tərəfdə olan yüksəklikdə cəmləşdirdik".

Lakin yüksəklikdə ermənilərin Azərbaycan bölmələrinin hərəkətinin izlənilməsi üçün quraşdırdıqları iki kamera olub ki, bu da çətinlik yaradıb. "Tapşırığa əsasən bir kamera zərərsizləşdirildi. Digər böyük kamera isə 1071 zirvəsində ərazidəki dağda yerləşirdi. Onun zərərsizləşdirilməsinə vaxtımız qalmamışdı. Çünki biz artıq düşmənlə birbaşa təmasa girib onu tamamilə məhv edərək dövlət sərhədinin 132 kilometr hissəsini bərpa etməli idik. Beləliklə, altı saat yarım davam edən döyüşdən sonra Ağbənd sərhəd zastavasındakı düşməni tamamilə məhv edərək qəsəbəni azad etdik. Bu barədə Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə məruzə etmək şərəfi isə mənə nəsib oldu. Bununla da Azərbaycan-İran dövlət sərhədinin 132 kilometr hissəsi DSX tərəfindən bütünlükdə nəzarətə götürüldü".

"... Gördülər ki, başlarının üstündə Azərbaycan bayrağı dalğalanır"

Dövlət sərhədinin 132 kilometrlik hissəsi düşmən işğalından azad olunduqdan sonra növbəti tapşırıq Vejnəlinin və Sığırt yüksəkliyinin düşməndən təmizlənməsi, dövlət sərhəd xəttinin tam bərpa olunması idi. Demək olar ki, tapşırıqlar gecə vaxtı yerinə yetirildi.

DSX-nın polkovnik-leytenantı "Qarabağ" ordeni ilə təltif olunmuş Teyyub Bayramov deyir ki, Sığırt yüksəkliyinə doğru irəliləyib, gecə vaxtı şəxsi heyət Vejnəliyə doğru qalxdı. Əməliyyat o qədər səssiz, sürətli və uğurlu şəkildə yerinə yetirildi ki, düşmən dərin yuxuda ikən onlara bir növ sürpriz hazırladıq. Səhər oyananda gördülər ki, başlarının üstündə Azərbaycan bayrağı dalğalanır. Onlar bir neçə dəfə həmin mövqeni geri almağa cəhd etsələr də, buna nail ola bilmədilər. Həmin ərazidə ən hündür mütləq yüksəklik Sığırt idi. Yüksəkliyin ələ keçirilməsi ilə üstünlüyümüzü bir qədər də möhkəmləndirdik. Ondan sonra "Üç nöqtə"yə qədər qısa müddətdə dövlət sərhədi xətti tam bərpa olundu".

O bildirib ki, bu dağların hər qarışında sərhədçilərimizin qanı var. Həmin tapşırıqların icrasında iştirak edən heyətdən iki nəfər Prezident İlham Əliyev tərəfindən "Vətən Müharibəsi Qəhrəmanı" medalına layiq görülüb. Onlardan biri sağdır, digəri isə şəhid oldu. Ümumiyyətlə, 44 gün ərzində hər qarış uğrunda döyüşən, ərazi bütövlüyümüz naminə qorxmadan irəli atılan, ayıq-sayıq Vətən keşiyini çəkən hər bir hərbi qulluqçumuz qəhrəmandır.

Bartaz yüksəkliyinin azad edilməsi

44 günlük müharibədə təxminən 2300 metr yüksəklikdə yerləşən Bartaz yüksəkliyi də işğaldan azad olundu. Əməliyyatdan danışan DSX-nin hərbi qulluqçusu, polkovnik-leytenant "Qarabağ" ordeni, "Cəbrayılın azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif olunan Mahmud Şükürov vurğulayıb ki, Zəngilan şəhəri işğaldan azad olunduqdan sonra bölmələrimizin növbəti tapşırığı ətraf ərazilərin və strateji cəhətdən əhəmiyyətə malik yüksəkliklərin düşməndən təmizlənməsi idi: "Ərazidə olan əsas hakim strateji silsilələrdən, yüksəkliklərdən biri də Bartaz və Şükürataz zirvələridir. Həmin yüksəkliklərin düşmən işğalından azad olunması tapşırığı bizim bölmələrimizə verilmişdi.

Biz əməliyyat tapşırığını aldıqdan sonra Bartaz dayanacağı adlanan yerədək texnikalarla hərəkət etdik. Artıq düşmən tərəfindən müşahidə olunurduq. Buna görə də yolumuza qruplar şəklində davam etdik. İrəlilədikcə bir neçə dəfə düşmənin maneələrinə rast gəldik. Bütün təminat yolları ermənilər tərəfindən minalanmışdı, lakin bu, bizim döyüş əzmimizi qıra bilməzdi.  Manevr üsulları taparaq mümkün qədər silsilələrə yaxınlaşdıq. Yüksəkliyə yaxınlaşanda orada düşmənin çoxlu sayda canlı qüvvəsinin, o cümlədən, iriçaplı silahlarla təchiz edilmiş heyətinin mövqeləndiyini gördük. Bir daha qrupun döyüş taktikasına, müvafiq olaraq düşmənin sayını və hansı silahlardan istifadə etdiyini müəyyənləşdirmək üçün kontrol atəş açdıq. Daha sonra əməliyyatı bir daha planlaşdıraraq dəqiqləşdirib və hücum əməliyyatına başladıq. Ərazinin əlverişli xüsusiyyətlərindən, xüsusən də maskalanma xüsusiyyətlərindən istifadə edərək bu qayalıq yerlərdən zirvəyə doğru yaxınlaşmağa başladıq. Belə bir hiylə taktika işlətdik ki, ermənilərin əsas qüvvələrini zirvənin sağ cinahına çəkək. Sonra onların arxa hissəsindən - qayalıqdan hücum qrupumuz maksimal dərəcədə düşmənə yaxınlaşsın. Əməliyyat planımız baş tutdu. Qrupumuzu ərazidə yerləşdirməklə ermənilərə aldadıcı atışlar etdik və onların fikrini həmin istiqamətə cəmlədik. Daha sonra biz mümkün qədər düşmənə yaxınlaşdıq. Onların gözləmədiyi bir yerdən sürətli və dəqiq atışlarla Bartaz yüksəkliklərində mövqelənmiş düşməni məhv etdik və bizə verilmiş tapşırıq uğurla yerinə yetirildi".

Tapşırıq icra edildikdən dərhal sonra ərazi xüsusiyyətlərindən istifadə edilərək orada mühafizə və müdafiə təşkil olunub: "Bu barədə rabitə vasitəsi ilə qərargaha məruzə etdim. Rəhbərlik tərəfindən heyətimə təşəkkür edildi və mənə isə "mayor" hərbi rütbəsi verildi".

DSX-nin hərbçisi, polkovnik-leytenant, 3-cü dərəcəli "Rəşadət" ordeni, "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif olunan Elvin Rzayev isə deyir ki, Bartaz yüksəkliyinin azad edilməsi üçün tapşırıq aldıqdan sonra Bartaz qəsəbəsindən DSX-nin Çevik Hərəkat Dəstəsinin hərbi qulluqçuları ilə birlikdə eyniadlı yüksəklik istiqamətində hərəkət etdik.

Xüsusi təyinatlılarla birgə Bartaz yüksəkliyini azad etdikdən sonra düşmən geri çəkildi: "Onlar Bartaz yüksəkliyinə gələn yolları tam müşahidə altında saxlayırdılar. Heç bir avtomobil texnikası həmin yerə hərəkət edə bilmirdi və düşmənin atəşinə məruz qalırdı. İlk öncə havadan və yerdən vizual müşahidələr aparılmaqla düşmənin say tərkibi və qüvvəsi müəyyənləşdirildi. Səhər vaxtı planlaşdırılan əməliyyat nəticəsində həmin yüksəkliyi azad etdik. Düşmən silsiləni tərk edərkən bütün silahını, sursatını, hətta bir "UAZ" markalı avtomobil texnikasını da qoyub qaçmışdı. Uğurlu əməliyyatlar nəticəsində bölmələrimiz Bartaz yüksəkliyində möhkəmləndi və düşmən mövqelərini tam müşahidə altında saxlamağı bacardı.

Bu gün azad olunmuş digər ərazilərimiz kimi, "Üç nöqtə"ni də sərhədçilərimiz mətinliklə qoruyur”.

 

Pərvanə SULTANOVA

pervane525@mail.ru

 

525-ci qəzet.- 2022.- 22 oktyabr.- S.6;7.