İbrahimxəlil xan Cavanşir  

 

 

 

 

Tədqiqatçı-jurnalist, yazıçı Vasif Quliyev bu yaxınlarda Qarabağ xanlarının həyatından bəhs edən trilogiyadan ikinci əsərini - "İbrahimxəlil xan Cavanşir" adlı sənədli-tarixi romanını tamamlayıb. Romandan bir parçanı oxuculara təqdim edirik.

 

Üç qardaş

 

Pənahəli xan üç oğul atasıydı. İlki İbrahimxəlil ağa kəbirli Hacı Əli bəyin qızı Xanxanımdan, Mehrəli bəylə Talıbxan bəy isə başqa arvaddan idilər. Pənahəli xan böyük oğluna müsəlman adət-ənənəsinə uyğun olaraq öz atasının - Qarabağ əsilzadələri arasında çox sevilən İbrahimxəlil, yəni, İbrahim peyğəmbərin (Yəhudi tayfalarının əfsanəvi əcdadı, mifik peyğəmbərlərdən biridir. Qurana görə o, yəhudilərin və müsəlmanların əcdadı Məhəmmədin sələflərindən biri sayılır.) adını qoymuşdu. "Xəlil" sözü "dost", "yaxşı yoldaş" deməkdir. Ona çox gözəl yaraşan bu ad İbrahimxəlil xanın həm zahiri görünüşündə, həm də daxili aləmində öz əksini tapmışdı. İri, mavi gözlərində bu əlamət daha canlı, daha ifadəli görünürdü. Pənahəli xan özündən sonra elə bir xələf yadigar qoyub-getmişdi ki, o, bütün ömrü boyu ata nəsihətinin əhatəsində yaşamış, həm şan-şöhrətli nəslinin, həm də doğma el-obasının başını uca eləyərək xanlığın idarə sükanını qırx üç il əlində saxlamışdı.

Xaraktercə tamamilə bir-birinə zidd olan qardaşların ayrı-ayrılıqda xüsusi lələləri (Lələ - ev işlərinə baxan, yeniyetmə və uşaqlara nəzarət edən qoca nökər, xidmətçi.) vardı. Bu xidmətçilər yeniyetmə çağlarına qədər uşaqların təlim-tərbiyəsi ilə məşğul olmuş, onlara yazı-pozunu və ədəb-ərkan qaydalarını mükəmməl öyrətmiş, gələcək həyata hazırlamışdılar. Həddi-buluğa çatanda Pənahəli xan bir-birinin ardınca oğlanlarını evləndirərək ev-eşik sahibi eləmiş, hərəsinə də Şuşada öz sarayının yanında eyni forma və biçimdə topdağıtmaz, bürclü-barılı ayrıca imarət tikdirmişdi. Qardaşlar da bir-birinə can deyib, can eşidərək mehriban qonşu kimi yaşayır, bütün işlərdə atalarına arxa-dayaq olur, əl-ələ verərək şəhərin tikintisində və böyüməsində yaxından iştirak edirdilər.

Sonralar onların tale yolları haçalandı, hərə öz həyatını yaşamağa başladı. Heç bir cəhətdən bir-birinə bənzəməyən qardaşların yalnız sonrakı taleləri oxşar oldu. Üç qardaş üçü də öz əcəlləri ilə dünyaya "əlvida" demədi, üçü də yağı düşmən gülləsinə tuş gəldi...

Böyüklük-kiçiklik qaydalarını pozub, əvvəlcə sonbeşik qardaşdan söhbət açmağı lüzum gördük.

 

Talıbxan bəy

 

 

O biri qardaşlarından fərqli olaraq Talıbxan bəy lap gəncliyindən xanlığın ictimai-siyasi işlərinə o qədər də qarışmır, atasının Aşağı Qarabağda ona verdiyi Yüzbaşılı, Baharlı və bir neçə xırda-para kəndi idarə edirdi. O, el arasında sadə, xoşxasiyyət, daxilən yumşaq təbiətli, xeyirxah, mehriban və səxavətli bir insan kimi tanınmış, ömrünün sonunadək sadə, sakit, rahat bir həyat sürmüşdü. Talıbxan bəy başqa bəylərdən fərqli olaraq kəndlilərlə qaynayıb-qarışır, onlarla birlikdə əkin-biçinlə məşğul olur, rəiyyətin halına daim diqqət yetirir, ehtiyacı olanların qeydinə daha çox qalırdı. Özünü kasıb-kusubdan heç bir vaxt ayırmayan bu xan oğlu rəiyyətlə həmişə səmimi və dostcasına münasibətdə olurdu. Kənardan baxanların heç də inanmağı gəlmirdi ki, həmişə sadə bir geyimdə olan bu kişi xan oğludur, özü də Pənahəli xan kimi bir hökmdarın. Talıbxan bəyin bu cür davranışı el arasında onun nüfuzunu aşağı salmır, əksinə, camaatın gözündə daha da artırırdı.

Böyük yumor hissi olan, zarafatcıl və xoşsifət Talıbxan bəy həm də heç vaxt özünə korluq verən kişi deyildi, vaxtının müəyyən hissəsini ovda, eyş-işrətdə, kefdə-damaqda keçirirdi. Qohumu, şair Qasım bəy Zakir şerlərində bu bəyin həyat tərzindən və yaşayışından söhbət açmış, onun əsl obrazını yaratmışdır.

 Talıbxan bəyin Kəlbəli bəy, Nəsir bəy, Əlipaşa bəy, Əlimədəd bəy və Ağası bəy adında oğlanları vardı. Bunlar isə nəvə-nəticələri idi: Aslan ağa, Abdulla ağa, Nəcəfqulu ağa, Uğurlu ağa, Məhəmmədəli bəy, Rüstəm bəy, Nəcəfqulu bəy, Mustafa bəy, Kərim bəy... Xasiyyətcə atalarına və babalarına çəkən bu övladlar da maraqlıdır ki, Qarabağın ictimai, siyasi və mədəni həyatında heç bir iz qoymayıblar.

Talıbxan bəy Cavanşiri 1797-ci ildə Car-Balakəndə ləzgilər qətlə yetiriblər. Onun böyük qardaşlarının adları Qarabağ tarixinə bir siyasi rəhbər, dövlət xadimi, ya da bir sərkərdə, döyüşçü kimi yazılıbsa, Talıbxan bəy elin yaddaşında yalnız baməzə və incə yumorlu bir adam kimi qalıb və onun adıyla bağlı onlarca dürlü-dürlü, duzlu-məzəli lətifələr yaranıb.

Romanın faciələrlə dolu sonrakı səhifələrini vərəqləməmişdən qabaq oxucuların ovqatına azacıq yumor qatıb, əhval-ruhiyyələrini qaldırmaq üçün Talıbxan bəy haqqında yaddaşlarda yaşayan lətifələrdən bir neçəsini burda verməyi gərəkli saydıq.

 

lll

 

Günlərin bir günü Talıbxan bəy quş ovuna gedir. Özü ilə də bir nökər götürür. Təsadüfən həmin gün leysan yağış yağır. Bəy də, nökər də bərk islanıb, cücəyə dönürlər və soyuqdan titrəməyə başlayırlar. Talıbxan bəy əynindəki çuxasını çıxarıb, verir nökərinə və deyir ki, götür geyin, bir az qızış. Nökər də nə illah eləyir ki, nə danışırsan, ay bəy? Özün geyin, mən üşümürəm, sənə soyuq dəyər. Ancaq Talıbxan bəy çuxanı qaytarıb, verir nökərinə. Qərəz, bir azdan qayıdıb, gəlirlər evlərinə. Bəy titrəyə-titrəyə paltarlarını soyunub, evdə yanan ocağın qırağına gəlir. Arvadı bunu görəndə təəccüblənərək ərindən soruşur:

- A kişi, bəs çuxan hanı? - Elə bu dəm ərinin çuxasını nökərin əynində görüb deyir:

- Bu nədir, çuxanı gədəyə vermisən, özün də çolpa kimi islanmısan!

Talıbxan bəy bərk cinlənib, durur ayağa, nə yemisən, turşulu aş, arvadına bir-ikisini ilişdirib deyir:

- Ay tünbətünün qızı, bəs elə bilirsən nökər saxlamaq asandır?! Belə eləməsən, sözə baxmaz!

 

lll

 

Deyirlər ki, bir gün Talıbxan bəyin rəiyyətlərindən ikisinin arasında dava düşür. Hər ikisi gəlib, bəyə şikayət eləyir. Bu zaman Talıbxan bəyin arvadı da yanında imiş. Talıbxan bəy rəiyyətlərinin sözlərinə diqqətlə qulaq asıb, hər ikisinə ayrı-ayrılıqda deyir:

- Yaxşı deyirsən!

Talıbxan bəyin arvadı dözə bilmir:

- Bıy, a kişi, bu nədir, ikisinin də sözünə "yaxşı" deyirsən! Bəs günah hansındadır? Birinə yaxşı deyirsən, deginən, o birinin də günahı varsa, de ki, günah səndədir.

Talıbxan bəy bir az fikrə gedəndən sonra arvadına deyir:

- Ay arvad, elə sən də yaxşı deyirsən. Gərək elə ola. Mən bu davanın səbəbini doğru-dürüst bilmədim, bunların davasını sən kəsginən.

 

lll

 

Belə danışırlar ki, Talıbxan bəy bir gün yenə ova gedir. Beş-altı quş vurandan sonra qayıdıb gəlir evinə. Nökərlərinə deyir ki, mən dincimi alana qədər quşları kabab eləyin, durub yeyəcəyəm. Nökərlər tez ocaq çatıb, quşların ətini şişə çəkirlər. Xeyli vaxt keçir, görürlər ki, bəy hələlik yemək-zad istəmir. Elə bilirlər ki, kabab bəyin yadından çıxıb. Eləmirlər tənbəllik, götürüb, əti çəkirlər dişlərinə, üstündən də bir kasa soyuq su içirlər. Xeyli keçəndən sonra Talıbxan bəyin yadına düşür ki, bəs bayaq kabab bişirtdirmişdi. Nökərləri çağırıb, deyir ki, kababı gətirin, yeyim, Nökərlər bəyin yaddaşının zəif olduğunu bildikləri üçün deyirlər:

- Bıy, başına dönək, ay bəy, bayaq yemədinmi?

Talıbxan bəy bir az fikrə gedib deyir:

- Deyirəm axı niyə susamışam! Onda heç olmasa, bir az su verin, içim.

 

lll

 

Yaddaşı zəif olduğundan Talıbxan bəy tez-tez başmaqlarını geyməyi unudur, hərdən də çaşıb, corabla gəzməli olurdu. Bir dəfə qonaqlıqdan qayıdarkən başmaqlarını orda qoyub-gəlir. Ertəsi gün nökərini başmaqlarının dalınca göndərir. Ev sahibi Allaha and içir ki, bizdə olanda ayaqlarında başmaq olmayıb. Talıbxan bəy çox fikirləşir, ancaq başmaqlarını harda qoyduğunu yadına sala bilmir. Bu vaxt ona xəbər verirlər ki, arvadların sənin başmaqlarının üstündə bir-birini qırırlar. Bəy o dəqiqə yadına salır ki, iki gün əvvəl başmaqlarını hərəmxanada qoyub-gəlib. O, dərhal hərəmxanaya qaçır. Görür ki, arvadlar hərəsi başmağın bir tayını əlinə alıb, qışqırır. Biri cinlənmiş halda deyir:

- Bəy gecə mənim yanımda idi!

 

O biri isə deyir:

- Yox, gözünün içinə kimi yalan deyirsən, o mənim yanımdaydı!

Talıbxan bəy arvadlarının hər ikisinin könlünü alıb, barışdırır. Sonra başmaqlarını geyinib, getmək istəyəndə arvadları soruşur ki, bəy onların hansını çox istəyir. Talıbxan bəy bu sual qarşısında aciz qalır, arvadlarının ikisini də razı salmaq üçün nə deyəcəyini bilmir. Ona görə də qaşqabağını töküb, yarıciddi, yarızarafat deyir:

- Bunu başmaqlarımdan soruşsaydınız, daha yaxşı olardı. Çünki siz ona məndən çox inanırsınız.

 

lll

 

Talıbxan bəy pul qədri bilməyən, olduqca bədxərc bir adam idi. Arvadları həmişə onu məzəmmət eləyib, deyirdilər ki, özünü bir az sıxıb, qənaət eləsin, dar gün üçün bir şey saxlasın. Bir dəfə də bu barədə söhbət düşəndə o, arvadına deyir:

- Ay arvad, mənim boyat qızıldan heç xoşum gəlmir. Ona görə də qızıl saxlamağa heç həvəsim yoxdur.

Arvadı isə ona deyir:

- Bəs onda niyə həmişə boyat dolma yeyirsən?!

Talıbxan bəy deyir:

- Çünki o, dolmadır, qızıl deyil, qızılı yemək olmaz, - deyib bu məzəmmətedici söhbətdən yaxasını qurtarır.

 

lll

 

Bir gün gecə yarısı Talıbxan bəyin yiyəsi olduğu kəndlərdən birinə basqın edilir. Səs-küydən, qışqırıq-bağırtıdan, az qala, qulaq tutulur, camaat arasında vəlvələ düşür. Hamı yarıyuxulu, yarıçılpaq halda bayıra qaçır. Lakin heç kəs nə əhvalat baş verdiyini anlamır. Nəhayət, səs-küy kəsiləndən sonra məlum olur ki, basqınçılar elə Talıbxan bəyin öz adamlarıdır. Kənd əhlindən biri cürətlənib, etirazını bildirəndə ki, axı bəy başqa kəndləri qoyub, niyə öz kəndinə basqın edir? Bəyin nökəri kəndlinin sözünü yarımçıq kəsib deyir:

- Səsini çıxartma, bəy kənd çapmaq qaydasını öyrənir!

 

lll

 

Talıbxan bəyin evinə gələn qonaqlar hərdənbir nökərlərin, xidmətçilərin ev sahibinin sözlərini qulaqardına vurmalarını, göstərişlərinə yaxşı əməl etmədiklərini, bəzən də yarıtmaz yerinə yetirdiklərini hiss edirlər. Qonaqlardan biri bəydən soruşur:

- Ay Talıbxan bəy, bu, nədir belə? Nökər-naiblərin səni saya salmırlar, buyurduğunu yerinə yetirmirlər, sözünə qulaq asmırlar.

Talıbxan bəy zərrəcə halını pozmadan deyir:

- Cəhənnəmə-gora qulaq assınlar! Heç mən də onların sözünə baxmıram.

Mehrəli bəy

 

Pənahəli xanın ortancıl oğlu Mehrəli bəy xasiyyətcə nə atasına, nə qardaşlarına oxşayırdı. Bu cəhətdən, deyəsən, o, dayılarına çəkmişdi. Olduqca kəmhövsələ, özündən tez çıxan, tərs, dəli-dolu bir cavan idi. Amma bu keyfiyyətlər Mehrəli bəyin adına heç də xələl gətirmirdi, əksinə, onu cəsur və qorxmaz bir gənc kimi tanıdırdı.

Mehrəli bəyin qurub-yaratmağa meyli və həvəsi daha çox idi. Pənahabad təzəcə salınarkən sakinlər içməli sudan çox korluq çəkirdilər. Şəhərdə bir neçə quyu olsa da, qalanın sürətlə böyüməsi səbəbindən su qıtlığı daha da artırdı. Bu zəruri ehtiyacı dərindən dərk eləyən Mehrəli bəy ilk dəfə olaraq yaşadığı Çuxur məhəlləyə bulaq çəkdirmiş və əhalinin suya olan təlabatını qismən ödəmişdi. Şəhərdə yaxınlara qədər onun adını yaşadan iki yer qalmışdı: Mehrəli bəy bulağı və Mehrəli bəy bürcü.

Mehrəli bəy həm də igid bir döyüşçü, cəsur bir sərkərdə idi. Hacı Çələbi xanın Bayat qalasına, Məhəmmədhəsən xan Qacarın, Fətəli xan Əfşarın və başqa yadellilərin Pənahabada basqınlarının dəf olunmasında xüsusi şücaət göstərmiş, qəhrəman bir döyüşçü kimi tanınmışdı. Xəmsə məliklərinin itaətə gətirilməsi dövründə, xüsusilə, Xaçın məliyi Ulubab başına dəstə toplayıb, Pənahəli xana qarşı çıxarkən Mehrəli bəy öz atlı dəstəsi ilə erməni quldurlarına sarsıdıcı zərbələr endirərək onları darmadağın etmişdi. 1756-cı ildə isə Məhəmmədhəsən xan Qacar Təbriz şəhərini əfqanlardan azad etmək üçün şiə məzhəbli xanlardan hərbi yardım umarkən Qarabağdan köməyə gedən üç min nəfərlik süvari dəstənin başında Mehrəli bəy dururdu...

Pənahəli xan oğlu İbrahimxəlil ağanın dalınca İrana gedəndə Mehrəli bəyi müvəqqəti olaraq öz yerində - xanlıq kürsüsündə oturtmuş, ona xanlığın yalnız daxili işləri ilə məşğul olmağı tapşırmışdı. Mehrəli bəy isə atasının burda olmamasından istifadə edərək siyasi hakimiyyətə də yiyələnmək fikrinə düşmüşdü.  Bu xəbəri eşidən Pənahəli xan bərk qəzəblənmiş və ciddi narahatçılıq keçirməyə başlamışdı. O, yaxşı bilirdi ki, hazırkı vəziyyətdə xanlığı idarə etmək Mehrəli bəyin yemi deyil. Əgər o,  hakimiyyətdə bir az da qalsa, Qarabağ ayaqlar altında tapdalanıb, tamamilə məhv olmaq həddinə gəlib-çıxa bilər...

 

İbrahimxəlil xan Cavanşir

 

1730-cu ildə Pənahəli ağa ailəsi ilə birlikdə İrana - Nadirqulu xanın xidmətinə yollananda böyüyü İbrahimxəlil ağanın cəmi doqquz yaşı vardı. Digər qohum-əqrəbaları kimi onun da ömrünün ən gözəl və mənalı çağları, yeniyetməlik və gənclik illəri Qarabağdan çox-çox uzaqlarda keçdi. Sonralar atası ilə birgə Nadir şahın ordusunda xidmət elədi, İraqdan tutmuş uzaq Hindistana qədər neçə-neçə qanlı müharibə meydanı, uzunmüddətli hərbi səfərlər, üzücü yürüşlər, dəhşətli çarpışmalar gördü. Dəfələrlə bərkə-boşa düşdü, çətinliklərə sinə gərdi, sınaqlardan alnıaçıq, üzüağ çıxdı, mətin, dəyanətli, dözümlü, güclü bir cəsur əsgər, igid bir döyüşçü kimi yetişdi.

1745-ci ildə Pənahəli bəy Nadir şahın sarayından uzaqlaşıb, vətənə dönəndə İbrahimxəlil ağa Əfqanıstan sərhədində hərbi qulluqda idi. Bu xəbəri eşidən kimi o, yanındakı nökər-naiblərini də götürüb, atasının ardınca Qarabağa yollandı, tezliklə ona qovuşdu. Qardaşları, əmisi oğlanları, xalası, dayısı uşaqlarını Pənahəli bəyin ətrafında gördü. İbrahimxəlil ağa da öz nökərləri ilə birlikdə dərhal atasının yenicə yaratdığı süvari dəstənin tərkibinə qatıldı, bir müddət Nadir şahın Qafqazdakı qoşunları ilə döyüşdü, Qarabağın, Zəngəzurun, Şəkinin, Şirvanın dağlarında, meşələrində, çöllərində bütün qohum-əqrəbası kimi qaçaqçılıqla məşğul oldu. Atasının ən fəal və yaxın silahdaşlarından birinə çevrildi, çiyinlərini yenicə ucalmaqda olan xanlığın sütunları altına verdi, ana torpağının yadellilərdən müdafiəsində öz gücünü göstərdi. Bayatın, Şahbulağın, Pənahabadın tikintisində yaxından iştirak elədi, ömrünü kərpic-kərpic bu qeyrət qalalarının divarlarına hördü. Ümumiyyətlə, İbrahimxəlil ağa təkcə Pənahəli xana yox, həm də bütün elinə, obasına qeyrətli və layiqli övlad olduğunu bir daha təsdiqlədi, adını çox gənc ikən Qarabağın, eləcə də mənsub olduğu sülalənin qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazdı.

İbrahimxəlil ağa atası Pənahəli xanın bütün hərbi əməliyyatlarında, yürüşlərində fəal iştirak elədi, bir sərkərdə kimi Qarabağ qoşunlarının önündə getdi, bəzi qonşu xanlıqların, Vərəndə və Xaçın məliklərinin itaətə gətirilməsində böyük və mühüm rol oynadı. Lakin 1762-ci ildə Fətəli xan Əfşarın namərd hərəkətinin qurbanı kimi İrana əsir aparıldı...

Oğlunu xilas etmək naminə İrana gedib, İraq və Fars vilayətlərinin hakimi Kərim xan Zəndlə birləşərək Fətəli xanı məğlub edən Pənahəli xan İbrahimxəlil ağanı və digər əsirləri azad elədi. Çox çəkmədən Kərim xan Zənd Pənahəli xanın xahişi və təkidi ilə İbrahimxəlil ağanın Qarabağ xanı təyin olunması barədə xüsusi fərman verib, onu təntənəli surətdə Pənahabada yola saldı...

 

 

 

Bu, o Qarabağ deyildi

 

İbrahimxəlil ağa qürbətdən vətənə dönəndə Qarabağda siyasi vəziyyət çox acınacaqlı və son dərəcə gərgindi. Özbaşınalıq, hərc-mərclik baş alıb-gedirdi. Dövlətçilikdən o qədər də yaxşı baş çıxarmayan, zəif və səriştəsiz Mehrəli bəyin bir ilə yaxın sürən hakimiyyəti dövründə sarayda daxili idarəçilik, maliyyə işləri nəzarətsiz qalmış, dövlət məmurlarının məsuliyyətsizliyi və israfçılığı böyük nöqsanların yaranmasına gətirib-çıxarmışdı. Burda əhli-kef bir həyat hökm sürürdü. Qazanc qapıları sarayın bəzi acgöz və tamahkar vəzifəli əyanlarının qarşısında taybatay açılmış, rüşvətxorluq həddini aşmış, xəzinə yeri gəldi-gəlmədi, sağa-sola xərclənmişdi. Bir-birinə zidd olan müxtəlif dəstələr yaranmış, saray çəkişmələr meydanına çevrilmişdi. Mehrəli bəyin bacarıqsızlığı və səbatsızlığı ucbatından meydana çıxan aclıq, ehtiyac və xəstəliklər dövlətin əsaslarını xeyli zəiflətmiş, hakimiyyətə ağır zərbə vurmuş, xanlığın dağılması prosesinə yol açaraq dövlətçiliyin, müstəqilliyin itirilməsi təhlükəsi yaratmışdı.

Hələ bunlar bir yana! İş o yerə çatmışdı ki, başlarına özbaşınalıq sevdası düşən, Mehrəli bəyin hökmlərinə və fərmanlarına məhəl də qoymayan, müstəqillik iddiasında olan Qarabağ məlikləri də yenidən baş qaldırmışdılar və tez-tez ixtişaşlar salır, qiyam qaldırırdılar. Təməli laxlamış xanlıq göz qabağında açıq-aşkar süquta doğru gedirdi. Bütün bu proseslər isə sürətlə və coşqun şəkildə inkişaf edirdi. Qısası, Qarabağ İbrahimxəlil xanın bir il qabaq qoyub-getdiyi o Qarabağ deyildi.

 

 

 

Taxt-taca varislik iddiası

 

Gələcəkdə xanlığın daxili həyatında daha böyük fəlakətlərə səbəb ola biləcək çox mürəkkəb və ziddiyyətli problemləri aradan qaldırmaq üçün Qarabağa güclü bir hökmdar lazım idi, zəifləyib, taqətdən düşmüş səltənəti ayağa qaldırmaq, onu lazımi səviyyədə idarə etmək, az müddət içərisində Qarabağın əzəmət və gücünü özünə qaytarmaq üçünsə dəmir bir əl gərəkdi. Bu güclü hökmdar da, dəmir əllərin sahibi də elə İbrahimxəlil xanın özüydü.

İbrahimxəlil xan vətənə dönərkən Mehrəli bəy onu heç də yaxşı qarşılamamışdı. Kiçik qardaşının qırımından bilmişdi ki, o, taxt-tacı xoşhaxoşluqla əldən verməyəcək. Dövlətin gələcəyindən bərk narahatçılıq keçirən İbrahimxəlil xan isə ölkədəki vəziyyəti görüb-duyur və bununla heç cür barışa bilmirdi. Bir an da olsa, yubanmaq olmazdı. Ona görə də bütün fikri-zikri, dərd-səri, ilk növbədə, qardaşından qalma həlli vacib olan problemləri aradan tezliklə qaldırmaq üçün siyasi hakimiyyətin ona verilməsini təkidlə Mehrəli bəydən tələb eləməyə başladı. Bəs xan o, olmayıb, kim olmalıydı ki? Əvvəla, İbrahimxəlil xanın idarəetmə keyfiyyətləri qardaşı ilə müqayisədə qat-qat üstün, təcrübəsi daha zəngin idi. O, Nadir şah ordusunda əsl döyüş yolu keçmişdi. Hərbi sahədə kifayət qədər biliyi, bacarığı, çox böyük təşkilatçılıq və sərkərdəlik qabiliyyəti vardı. İbrahimxəlil xan dövlət xadimi kimi də yetişmişdi. Pənahəli xan hələ sağlığında xanlığın inzibati işlərinin idarəsini ən yaxşı məsləkdaşı kimi böyük oğluna etibar eləmişdi və bununla da onu bir növ öz yerinə hazırlamışdı. Bir də hamıya məlum idi ki, atanın yerinə, adətən, vəliəhd (Vəliəhd - böyük oğul deməkdir. Atanın yerinə məlumdur ki, böyük oğul keçirdi. Böyük və ya kiçik oğul xəstə, ya da bacarıqsız idisə, onu hökmdarın qardaşı əvəz edirdi.) keçir. İkincisi də, ölkənin başında durmağı, xanlığın taxt-tacına sahib olmağı qanunauyğun idi, İbrahimxəlil xanın halalca haqqıydı. O, ilkinlik və varislik hüququ əsasında, qayda-qanunla atasının vəsiyyətnaməsi ilə rəsmi surətdə xan təyin olunmuşdu. Həm də Qarabağ xanlığını idarə etmək barədə əlində Kərim xan Zəndin möhürü və imzası olan fərman vardı.

Atası ilə ümumi xarakter cizgilərinə malik olan ağıllı və tədbirli İbrahimxəlil xan hər hansı bir məsələni siyasətlə, dinc yolla həll etməyin mümkün olduğu təqdirdə heç vaxt silaha əl atmaz, lüzumsuz yerə qan tökmək istəməzdi. Ona görə də o, təmkinli siyasət yürüdərək qardaşını taxt-taca varislik qaydalarına əməl eləməyə çağırdı. Araqarışdıranlar, subulandıranlar ortaya girməsəydilər, bilmək olmazdı, bəlkə də, Mehrəli bəy böyük qardaşına güzəştə gedər, hakimiyyəti sözsüz-söhbətsiz ona təhvil verərdi. Lakin dəlisov Mehrəli bəyin tərsliyi tutmuşdu. O, ipə-sapa yatmır, dediyindən dönmürdü. Sanki daş qayaya rast gəlmişdi. Hakimiyyət uğrunda get-gedə şiddətlənən mübarizə iki qardaş arasındakı münasibətləri daha da kəskinləşdirmişdi. Bu ziddiyyətlər və çəkişmələr o dərəcəyə çatmışdı ki, başqaları ilə düşmənçiliyə daha yer qalmamışdı.

Mehrəli bəyin idarəetmə zəifliyindən sui-istifadə edərək yüksək mənsəbə çatanlar, əsasən də, İbrahimxəlil xana düşmən münasibət bəsləyən bəzi saray əyanları, bəzi Cavanşir, Kəbirli və Otuziki bəyləri "taxt-tac qanunla sənin olmalıdır" fikrini Mehrəli bəyin beyninə yeridərək onu hakimiyyət uğrunda mübarizə aparmağa qızışdırır, bu işdə ona yardımçı olacaqlarını da vəd edirdilər. İbrahimxəlil xanın arxasında isə daha böyük qüvvə - Cavanşir, Dizaq, Dəmirçihəsənli, Cəbrayıllı, Kəngərli, Cinli elləri dururdu.

Atalarının ölümünə qədər vəziyyət beləcə davam elədi. Qardaşlar hərc-mərclik burulğanına yuvarlanan və böyük təhlükə ilə üzləşən xanlığı məcburiyyət qarşısında qalaraq birgə idarə etməyə başladılar. Lakin "şərikli malın olunca şərikli arvadın olsun" deyimi burda da özünü doğrultdu. Amma ikisi də dərk eləyirdi ki, xanlığı bu cür idarəetmə üsulu qətiyyən mümkün deyil.

Qardaşların münasibətləri gah açıq, gah da gizli düşmənçilik zəminində cərəyan edirdi. Diplomatik danışıqlar isə heç bir nəticə vermirdi. Artıq kiçik qardaşının əlindən təngə gəlmiş İbrahimxəlil xan məsələni sülh yolu ilə həll eləmək üçün saray əyanlarının və qoşun başçılarının məşvərətini çağırdı. Yalnız bir məsələ - "Taxt-tac varislik qaydası ilə kimə məxsus olmalıdır?! - sualı müzakirəyə çıxarıldı. Mehrəli bəy yenə də tərəfdarlarının təkidi və köməyi ilə taxt-tacdan ikiəlli yapışıb, onu heç cür əldən vermək istəmirdi. Lakin xan olmaq uğrunda onun son cəhdləri də boşa çıxdı və Mehrəli bəy siyasi səhnədən geri çəkildi. Onun hakimiyyət kürsüsündə qalmasının qarşısı beləcə alındı. İbrahimxəlil xan isə qızğın müzakirələrdə üstünlük qazanaraq dövlət işlərinin rəhbərliyini tamamilə əlinə aldı və bunu o, tam əsasla özünün qələbəsi saydı.

Lakin ürəyində İbrahimxəlil xana qarşı düşmən münasibət və barışmaz hisslər bəsləyən Mehrəli bəy qardaşından əl çəkmək istəmirdi. Və yenə də ona qarşı çıxdı, özü də bu dəfə silahlı yolla. Artıq səbr kasası daşan İbrahimxəlil xan kiçik qardaşını birdəfəlik susdurmaq üçün onun üstünə qoşun çəkdi, silahlı qüvvələrini darmadağın eləyib, pərən-pərən saldı...

Bu məğlubiyyətini İbrahimxəlil xana heç vaxt bağışlamayacağını,  taxt-tac üstündə mübarizəsini sonadək davam etdirəcəyini" aləmə car çəkən Mehrəli bəy qardaşı ilə yeni mübarizə üsulları axtarmağa və gələcək savaşlara hazırlaşmağa başladı. Məqsədinə tezliklə çatmaq üçün Şiraza - Zəndiyyə hökmdarının hüzuruna yollandı. Kərim xan ona qoşun verəcəyinə boyun olsa da, bu, illər uzunu bir vəd olaraq qaldı...

 

(Ardı var)

 

Vasif QULİYEV

525-ci qəzet.- 2022.- 25 oktyabr.- S.12-13.