Qədrini bilmədiyimiz sevinc
hissi
Sevinc, xoşbəxtlik... Nə gözəl
səslənir, qulağa
necə də xoş gəlir. Həyatımızın hər anında
axtardığımız, yaşamaq
istədiyimiz, bəlkə
də əslində yaşayıb ancaq hiss etmədiyimiz bəzi anlar, bəzi duyğular. Əvvəlcə insana elə
gəlir ki, sevinc çox qəribə, qəliz duyğudur. Ancaq dərindən düşünəndə
anlamaq olar ki, sevinc qəribə
və ya qəliz deyil, sadəcə insanlar onu qəlizləşdirir.
O hər bir fərd üçün fərqli amal, fərqli düşüncə,
fərqli istək olsa da, əmələ
gətirdiyi hiss hər
kəsdə eyni olur. Odur ki, məncə,
sevinci, xoşbəxtliyi
çox axtarmaq lazım deyil. O hər zaman bizimlədir, sadəcə
biz onu görməkdə
çətinlik çəkirik.
Məsələn, bir neçə
müddət əvvəl
keçirdiyimiz pandemiya
dönəmi buna sadə bir misal
ola bilər.
Durmadan artan, neçə-neçə
canı aparan xəstəlik dönəmində,
o çətin mübarizədə
çoxumuz sağlamlığımızın
ən böyük sevinc, ən böyük xoşbəxtlik
olduğunu anladıq.
Bir-birimizə ünvanlaya biləcəyimiz
ən xoş arzu, ən xoş
dilək oldu "sağlam həyat" kəlməsi. O dönəmdə
hər kəs özünün, yaxınlarının
sağlam olmağını
ən böyük sevinc hesab etsə
də, hər şey qaydasına düşdükdən sonra
insan oğlu yenə bu ərmağanı
unudur, bundan daha böyük xoşbəxtlik axtarışına
çıxır. Xoşbəxtlik, sevinc əslində kiçik parçalardan ibarət pazldır.
O parçaları düzgün
görüb, seçib,
yerləşdirməyi bacarmaq
lazımdır və bunu doğru şəkildə edə bilməyin özü belə xoşbəxtlikdir.
Ailəmiz, yaxınlarımız, hər səhər işıqlı, günəşli sabaha göz açmağımız, hər gün həvəslə, bəzən də həvəssiz getdiyimiz işimiz, dərsimiz, davam edən həyatımız, yeriyə, gəzə, gülə, danışa bilməmiz... Məgər bunlar böyük sevinc deyilmi? Nəyə görə var olduğumuz şeylərin dəyərini itirdikdən sonra anlayır və öz zamanında bunları görə, dərk edə bilmirik? Bunlar və daha neçə-neçə görə bilmədiyimiz sadə şeylər, anlar, insanlardır xoşbəxtlik. Ancaq özümüzə qarşı təvazökar olsaq, bunlar bəzilərimiz üçün sevinc deyil, adi, gündəlik yaşam, həyat tərzidir. Halbuki bu həyatı özü üçün xoşbəxtlik hesab edən milyonlarla insan mövcuddur. Sağlamlığını itirmiş, həyatın bir çox zərbələrini, damğalarını yemiş, itkilər vermiş insanlar işıqlı həyatımıza öz həyatlarının qaranlıq, kədərli, tükürpədici pəncərəsindən baxır və bizim həyat pazlımıza, onun bütün hissəciklərinə qibtə edir. Bir günlük o kədər dolu anları, dəqiqələri, saatları bəzən illəri yaşamağın nə demək olduğunu düşünmüsünüzmü? Düzdür, əgər kədərin nə olduğunu anlamasaq, sevincin də nə olduğunu dərk edib onun dəyərini anlaya bilmərik. Bu iki sözün bir arada işlənmə səbəbi də, məncə, məhz bundan ibarətdir: Əgər həyatımız yalnız sevincdən, bütün istəklərimizin həyata keçməsindən və tamamilə xoşbəxtliklərdən ibarət olsa, biz yaşadığımız həyatın dəyərini heç vaxt anlaya bilməz və belə yaşamdan özümüzdən asılı olmayaraq sıxılardıq. Kədər sevincin müəllimidir. Kədəri yaşamayan sevinci dərk etməz. Sadəcə hər şeyin öz zamanı var.
Sevinci nədə gördüyünüzə
bağlı olaraq məqsədlərinizə,
arzularınıza doğru daima
çalışmaq, savaşmaq, bəzən
ağrımaq, bəzən sarsılmaq, bəzən yaxılmaq,
bir sözlə, bəzən kədəri
dadmaq lazım gəlir. Və bəzən
xoşbəxtliyə daha rahat
çatmağımız üçün
həyat bizi "yayda
dartılan ox" kimi
ən arxaya "dartır". Bu "dartılma, gərilmə" anı nə
qədər çətin, uzun olsa xoşbəxtliyə çatmaq
və həyatın tam mahiyyətinə varmaq bir o
qədər rahat olar.
O gərilməni, acını yaşadığı zaman insan
çatdığı məqamın dəyərini anlar. Ona görə hələ də bir
çox malik
olduqlarımızın, yaşadığımız
anların, ətrafımızdakı insanların, ünumiyyətlə
bu füsunkar həyatın
əslində kiçik sevinclərdən
ibarət bütöv bir
pazl olduğunu dərk
edək və onları itirmədən qədrini bilək.
Röya
ƏLİYEVA
Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademiyasının I kurs
tələbəsi, Beynəlxalq müsabiqələr
laureatı
525-ci qəzet.- 2022.- 25 oktyabr.- S.11.