Həsrət yolundakı Füzulim
Füzuli
uğrunda gedən döyüşlərdə can qoymuş
şəhidlərin ruhuna
dərin ehtiramla
"Bugün Füzulinin Qoçəhmədli kəndi,
Çimən kəndi,
Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi,
Dədəli kəndi və Füzuli şəhəri
işğaldan azad olunub. Füzuli bizimdir! Qarabağ Azərbaycandır!". Gurultulu alqış sədaları.
Atamla Muğam Mərkəzindəyik. Zalda çox
güman ki uzun zaman görüşməyən
füzulililər cəm
olub. Bu 30 ildə ilk dəfə cəm olub ki,
Füzulinin işğal
gününü deyil,
işğaldan azad olunma tarixini qeyd etsin. Prezidentin bu möhtəşəm xəbəri
çatdırdığı lent yazısının çəkilməsindən
iki il
ötür. Həmin gün Füzulinin taleyində dönüş
nöqtəsi olan
1993-cü il, 23 avqust tarixi silindi və ümidlərlə
dolu yepyeni bir tarix yazıldı:
17 oktyabr. O payız günü televizorun qarşısında bu xəbəri izləyib də ağlayan füzulililərin sayı-hesabı
yox idi. O gün doluxsunub kövrələn füzulililərin
bir qismi indi bu zalda
sevinclə əl çalır.
Həyatımda birinci kərə gördüyüm işə
görə yox, sırf Füzulidən olduğum üçün
bir tədbirə dəvət almışam. Burada əyləşənlərdən
5-6 nəfəri çıxmaqla,
böyük əksəriyyətini
tanımıram, çünki
mən Bakı doğumluyam. Amma atam
çoxusuyla tanışdır,
hətta bəziləriylə
qohumdur, dostdur, məktəb yoldaşıdır.
Professor olduğu üçün
atam dəfələrlə
müxtəlif elmi konfranslarda, möhtərəm
tədbirlərdə iştirak edib. Amma gözümün qırağıyla
baxanda sezirəm ki, burda bir
başqa həyəcanlıdır.
Çünki illər öncə
ayrıldığı Füzuli
mühitinə düşüb.
Hər yerdə rast gəlmədiyi şivə də doğmadır, qəribsədiyi
mahnılar da, danışılan xatirələr
də... Necə deyərlər, burada
o, öz qabındadır.
Azərbaycanın himni səslənir.
Ətrafa göz gəzdirirəm.
Zaldakıların əksəriyyəti atamla eyni duyğu
dalğasındadır. Bəlli ki, onlar bura
yarım qalmış
xatirələrinin pazllarını
toplamağa gəliblər.
Himn bitdikdən sonra Füzuli şairi Seyran Səxavət kürsüdə söz alır. Elə ağzını
açar-açmaz o qədər
koloritli, doğma və içdən danışır ki, bir anlıq zalda olan hər
kəs sovet dövrünün bağlı-bərəkətli,
yaşıllıqlar içində
itib-batmış Füzulisinə
qayıdır. Əvvəlcə bir-bir Füzuli elitasının qaymaqlarını-alimlərini,
həkimlərini, xanəndələrini,
vəzifəlilərini sadalayır,
həm də hər kəsi öz ayamasıyla. Sadalanan yad adların
içində mənə
doğma gələn bircə ulu babam "Zabul Ağabala"nın adıdır. Sonra bir az toylardan söz açır şairin ruhu, bir az
Füzuli yaslarından,
bir az "Füzuli lotuları"ndan.
Hamı da ləzzətlə qulaq kəsilir. Deyəsən, bircə mən söhbətlərə
"fransız"am. Yerdən
kimsə qışqırır:
"Dəlilərimiz qaldı.
Onlardan da danış bir..."
"Ay sağ ol, yaxşı yadıma saldın", - deyir. "Füzuli camaatı
dəlisinə də
sahib çıxırdı. Yadınıza gəlir, toyda
birinci rəqsi dəlimiz edərdi. Ki, nəmərini toplasın.
Bir-bir hamı gətirib pul verərdi və o adam həmin
pulla neçə ay bəy kimi dolanardı...
Bax belə idi füzulililər, dəlisini də dolandıran camaatımız
vardı..."
Sonra 90-larda Füzuli
kəndlərində gedən
ölüm-qalım döyüşlərindən
bəhs edən filmi göstərirlər. Burdan uzaqlaşıb
beynimdəki filmə keçid alıram.
Yol. Upuzun yol. 28 illik
zaman intervalına sığışmış bir
yol. Axırıncı səfər bu
yolu atamın mavi jiqulisində hüznlə qayıtmışdıq.
İndi
o jiquli də tarixə qovuşub, üzümdəki hüzn
də. O yol başqaydı. Rəhmətlik
nənəmgilin raykomun
arxasındakı eviylə,
atamgilin avtovağzala bitişik həyətiylə,
o həyətdə hər
sabah təzə
yumurta verən toyuqlarla, yol boyu gördüyüm üzümlüklərlə, babamın
bərəkətli zoğal,
əncir ağaclarıyla,
nənəmin rəngbərəng
qızılgül topalarıyla,
Qarabulaq meşələriylə
vida yoluydu... O yol məni yay
tətillərimin istirahət
həzzindən, ata-anamı
uşaqlığından, nənə-babamı
ev-eşiyindən, qohum-qonşusundan,
bütün doğmalarından
addımbaaddım uzaqlaşdırırdı.
Qoparıb yad, nabələd, qaranlıq
"qaçqın həyatı"na doğru aparırdı... O yol mənim 28 illik həsrətimin başlanğıcıydı.
Yenə də yol gedirəm. Upuzun yoldur.
Amma bu yol bir
başqa yoldur. Sevinc yoludur. İçinə kədər, qəhər,
nisgil qarışmış
sevinc yolu. Birinci səfərimdir işğaldan
azad olunmuş Füzuliyə. Gözümdə uşaq vaxtı qoyub getdiyim doğma şəhər kadr-kadr açılıb
qaralır. Qarşımdasa bomboz, şumlanmış düzənlik var. Mənim
tanımadığım, bilmədiyim,
ancaq efirdən izlədiyim düzənlik.
"Çatmışıq.
Füzulidir...", -sürücümüz deyir.
"Necə yəni
çatdıq? Bəs
axı bura..." Maşından düşürük. Bomboşdur dörd yanım. Bircə bu boşluğu kiçik bir göl doldurur. "Gölə yaxın
getməyin. Oralar
minalı ola bilər.", - bunu da yanımızdakı
hərbçi deyir.
"Adı varmı bu gölün?", -soruşuram. "Yox. Mən
bilən, su anbarıdır... Heç
bilirsiz, burda necə dəhşətli
döyüşlər gedib...
Qan su yerinə
axıb e bu torpaqlar üçün..."
Gözlərim dolub. Hamıdan uzaqlaşıb gölün kənarındakı adar-madar ağaca yaxınlaşıram. Əyilib dibindən bir xeyli torpaq qazıram. Bu torpağı Füzuli deyə-deyə dünyadan köçmüş doğmalarımın məzarına səpəcəm. Sonra bu boyda düzənlikdə boy atmış yeganə ağaca sarılıram. Ovcumdasa bir ovuc torpaq... İndi Füzuli mənim üçün bu göldən, bu ağacdan, bir də ovcumdakı torpaqdan ibarət. Uşaqlığımın şəhərini ovcuma sığışdırmışam.
Qayıdırıq. "Mən illərdir, Füzulinin azad olunmuş kəndlərindən şəhərə sarı boylananda tamam başqa mənzərə xəyal edirdim axı. Yəni mənim uşaq vaxtı gördüklərim tamamilə slinib, yəni heç bircə dənə də ipucu yoxdur?.." "Maşını saxlayın, zəhmət olmazsa..." "Nəsə olub, Günel xanım?" "Hə, burda bir şey gördüm. Baxmalıyam..." "Ehtiyatlı olun a. Buralar təhlükəlidir." Yol kənarında ot-ələfin içindən mayak kimi boylanan paslı dəmir lövhəyə yaxınlaşıram. Kiril əlifbasıyla yazılmış Füzuli yazısıdır. Uşaqlığımdan qalan yeganə xatirəylə üzbəüz dayanıram. Birdən lövhənin yanından qaçan balaca oğlanla başı bantikli qızı görürəm. "Bacı, ala, lalə dərmişəm sənə..." "Ay Günel, tez gəlin maşına. Bəsdir, gül yığdız. Nənəngil bizi gözləyir..."
Səfər yoldaşlarım məni dövrəyə alır. Nə halda olduğumu hər kəs başa düşüb. Sakitcə şəklimi çəkirlər. Uzun illər öncə itirdiyi sevimli oyuncağını tapmış biri kimi xoşbəxtəm. Amma o oyuncağın artıq gərəksiz olduğunu bildiyim üçün də kədərli... Mənim sonralar da Füzuli ilə yollarım kəsişdi. Dünyanın haralarından xarici qonaqları qarşılaycaq aeroportda da oldum, orda gedən abadlıq işlərini də izlədim. Və bir şeylə barışdım ki, uşaqlığımın Füzulisi ancaq xəyallardadır. Qarşımdakı isə 30 il sonra yenidən doğulan, ilbəil ayaq tutan, yeriyən, dirçələn yepyeni Füzulidir... Doğuluşun mübarək, doğma şəhər!
Tədbir bitdi. Atamla yeraltı keçidə düşürük.
İkimiz də öz
dünyamıza çəkilmişik. Susqunuq.
Bir gənc qarmonda
"Cənnətim Qarabağ"
mahnısını ifa edir.
Atam qəfil geri dönür, onun qutusuna pul qoyub
qayıdır: "Qarabağ"
mahnısını çalır... Eşitdin?"...
Günel
MEHRİ
525-ci qəzet.- 2022.- 25 oktyabr.- S.8.