I Beynəlxalq "Gəncəli Nizami" Simpoziumu təşkil edilib

 

Oktyabrın 20-21-də Ərzurum Atatürk Universitetinin "Fars dili və Ədəbiyyatı" Bölümünün və Gəncə Dövlət Universitetinin təşkilatçılığı  ilə "Birinci Beynəlxalq Gəncəli Nizami" simpoziumu keçirilib.

Əməkdar elm xadimi, nizamişünas alim, professor Xəlil Yusiflinin əziz xatirəsinə həsr edilən konfransda Türkiyə, Azərbaycan, Kuzey Kıbrıs Türk Cümhuriyyəti, Pakistan, BosniyaHerseqovina, İranHindistandan 40-dan çox alim dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyatından, irsindən, dünya ədəbiyyatına verdiyi töhfələrdən bəhs etmişlər. "Gəncənin hər qarışında Nizami Gəncəvinin izləri var" mövzusunda məruzə edən AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin gənc alimi, filologiya ürə fəlsəfə doktoru Əlimuxtar Muxtarov dahi mütəfəkkir Nizami Gəncəvinin Gəncədə doğulub boya-başa çatdığını əsərlərindən gətirdiyi nümunələrlə izah etməklə yanaşı, bu gün də Gəncədə Nizami Gəncəviyə aid nişanələrin, abidələrin mövcud olduğunu tarixi faktlarla konfrans iştirakçılarının nəzərinə çatdırıb. Alimin Azərbaycanda bu sahə ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən,  Prezident  İlham Əliyevin Nizami Gəncəvi irsinə, dühasına,  dünyada tanıdılmasına və təbliğinə dair imzaladığı sərəncamlardan bəhs edən geniş məruzəsi dinlənilib.

Konfransın rəsmi açılış mərasimində Atatürk Universiteti Fars dili və Ədəbiyyatı Bölümü Başkanı Nimet Yıldırım,  Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş Konsulu Zeki Öztürk, türkiyəli alimlərdən Asuman Gökhan,  Dilavər Düzgün,  Hüseyn Özer və başqaları çıxış edərək dahi Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığının bütün dövrlərdə aktual olduğunu vurğulayıblar.

Sonra görkəmli professor Xəlil Yusiflinin həyatından, fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirilibalimin Nizami Gəncəvi irsi haqqında  məruzəsi AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov tərəfindən konfrans iştirakçılarının diqqətinə çatdırılıb.

Konfransdakı hər bir məruzə beynəlxalq indeksli jurnalda nəşr edilərək müəlliflərə təqdim olunacaq.

 

 

Əlimuxtar MUXTAROV

 AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin Böyük elmi işçisi

 

525-ci qəzet.- 2022.- 25 oktyabr.- S.9.