"Emmausda şam yeməyi"  

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Humay İslamovadır. Onunla məşhur rəssam Mikelancelo Merizi Karavacconun "Emmausda şam yeməyi" əsəri haqqında danışmışıq.

Barokko dövrünün böyük sənətçisi Mikelancelo Merizi Karavacco Milanda dünyaya gəlib. Onun doğum tarixi və yaşı haqqında dəqiq məlumat yoxdur. Rəssamın adı belə tam dəqiq deyil. Rəssamın adı yaşadığı qəsəbəsinin adına uyğun olaraq "Karavacco" götürülüb. Karavacco janr olaraq dini rəssamlıq və natürmort janrında işləyib. Onun ən məşhur əsərləri "Emmausda şam yeməyi", "Meduza", "Falçı", "Meyvələrlə oğlan", "Vakx" əsərləridir.

- Humay xanım, söhbətə əsərin hekayəsindən başlayaq.

-  Hadisələr Emmaus adlı kiçik qəsəbədə təsvir olunub. İsa Məsihin çarmıxa çəkilməsindən sonra həvariləri Qüdsdən Emmausa gedirlər. Onlar yolda bir nəfərə rast gəlirlər. Həmin insan İsa peyğəmbərin özü idi. Ancaq heç kim onu tanımır. Sonra həvarilər İsa Məsih Emmausda şam yeməyi üçün əyləşəndə İsa peyğəmbər çörəyi götürür, şükür edir çörəyi bölür, onlara paylayır. Həvarilər onu tanıyır İsa peyğəmbər onların gözü açılan zaman qeybə çəkilir. Əsərdə İsa peyğəmbər həvarilərin obrazı diqqət mərkəzindədir.

- Rəsmin yaranma tarixi bəllidirmi?

- Bəli, Karavacco "Emmausda şam yeməyi" əsərini 1601-ci ildə çəkib. Üslub baxımından dini üslubdur. Texnika olaraq yağlı boyadan istifadə olunub. Ölçüləri 192.6 x141sm-dir. Tuval adlanan materialdan hazırlanıb.

- Əsərin kompozisiyası haqqında deyə bilərsiniz?

- Əsərdə biz İsa peyğəmbəri həvarilərin tanıdıqları an verdikləri reaksiyanı görürük. Rəssam İsanı saqqalsız cavan, həmçinin, qeyri-adi təsvir etmişdi. Rəsmin mərkəzində İsa peyğəmbər təsvir olunub. Rəsmdə solda yaşıl geyimdə olan həvari bütün diqqəti ilə masanın üzərindən baxır. Bu həvarinin hərəkətləri diqqəti çox cəlb edir. Diqqətlə baxdıqda elə bil həvari həm kədərlənib, həm kürsüsünü geri çəkib, diqqətlə baxmaq üçün əyilib. Buna səbəb həvarinin çox təsirlənməsidir. Əsərdə hadisələrin cərəyan etdiyi məkanın sahibi təsvir olunub. Deməli, rəsmi izləyərkən diqqətimiz İsaya tərəf yönəlir. Sağ sol tərəfdə olan həvarilər sanki onu çərçivəyə salıblar. Diqqəti İsa peyğəmbərin üzərinə yönəlməsini təmin edən formada, üçbucaq kompozisiya şəklində hazırlanıb. Rəssam sağdakı həvarinin sanki rəsmdən çıxmış açıq əlini nəzərə çatdırır. İsa peyğəmbərin sağ əli rəsmdən bizə doğru uzanır, sanki bizi qucaqlayır. Rəssam natürmorta da önəm verib. Masanın ön tərəfinə yerləşdirilmiş meyvə səbəti səbətdən daşmış meyvələr təsvir olunub. Həzrəti İsanın sol tərəfindən gələn güclü bir işıq vasitəsilə rəssam özünü məkanın sahibi simasında təsvir edir. Özünü rəsmin sol üst tərəfində fiqur kimi əsərə əlavə edib.

- Əsər hazırda harada saxlanılır?

- "Emmausda şam yeməyi" incisi Milanda "Pinacoteca di Brera" muzeyində saxlanılır.

- Əsərin koloriti haqqında deyə bilərsiniz?

- Rəssam Karavacconun yaradıcılığı olduqca rəngarəngdir. İsti və əlvan rəngli silsilə əsərləri göz oxşayır. Rəssamın "Emmausda şam yeməyi" əsəri bunun bariz nümunəsi sayılır. Deməli, əsərdə rənglərin kəskinliyi heç də gözdən qaçmır. İsa peyğəmbər qırmızı geyimdə, bəyaz şalı ilə rəsmin orta hissəsində əks olunub. Həvarilərdən biri yaşıl köhnə geyimdə təsvir edilib. Ağ rəngli geyim formaları kəskin və sərt şəkildə boyalanıb. Qırmızı və ağ rəngin üstünlük təşkil etməsi diqqəti çox cəlb edir. İsa peyğəmbərin diqqəti cəlb etməsi səbəblərindən biri də geyimin qırmızı rəngdə olmasıdır. Meyvə səbətinin rənginin tündlüyü gözə çarpır. Meyvələrdə isə açıq rənglə tünd rəngin vəhdəti var.

- Sizcə, bu əsər bizə nə deyir?

- Bilirik ki, Karavacco yaradıcılığı realizm üslubundadır. Bu rəsmdə də realizimin kəskinliyinə şahid oluruq. Ümumilikdə isə rəssamın dini əsərləri əsas üstünlük təşkil edir. "Emmausda şam yeməyi" əsərində Barokko dövrünün özünəməxsus xüsusiyyətləri açıq şəkildə görünür. Rəssam əsərdə İsa peyğəmbəri möcüzələr yaradan ruhani şəkildə canlandırıb. İsa Peyğəmbər rəsmdə gündəlik həyat çərçivəsində təsvir olunub. Tabloda hər şey sadə formadadır. Ancaq əsər həm də Həzrəti İsanın adətən kilsədə canlanan dəbdəbəli səhnələrini xatırladır. İsa peyğəmbərin qeybə çəkilməsi anı isə əsərin kulminasiya nöqtəsidir.

 

Aytac SAHƏD

 

525-ci qəzet.- 2022.- 26 oktyabr.- S.16.