Florensiya şəhəri və Mediçi
sülaləsi
(Əvvəli
ötən çərşənbə sayımızda)
Florensiya
şəhəri
İtaliyanın gözəl şəhərlərindən
biri olan Florensiyanın mənşəyi geri, Etrusklar
dövrünə gedib çıxır. Bu vaxt
Etruriyanın mühüm şəhəri olan Fiosole vadiyə
ağalıq edən təpənin üstündə
tikilmişdi. Onun sakinlərindən bir
qrupu təpədən aşağıda olan Arno
çayının sahilindəki kəndə
düşmüş, onu əlverişli mövqeyi olan bir
şəhərə çevirmişdi. Bu
mövqe ancaq düşmənlərin və müdaxiləçilərin
istənilən vaxt asan qurbanına çevrilə bilərdi.
Əhəmiyyətli bir fakt da ondan ibarət idi
ki, romalıların özləri burada
çadırlarını qurmuş və Florensiya adlanan
koloniyalarını yaratmışdılar, bunun da mənası
"çiçəklənməyə layiq olan" demək
idi.
Bizim eranın I əsrindən həmin Roman munitsipaliteti
özünü sonralar Toskana şəhərləri
arasında görkəmli bir yer tutan kimi möhkəmləndirməyi
bacarmışdı. Orta əsrlərin qarışıq
dövrlərində özünü qoruyub saxlamaqla,
Fransanın Karolinq imperiyaları dövrü ərzində
yavaş-yavaş diriltmiş və həm də mədəni
cəhətdən yarımadanın mühüm mərkəzlərindən
birinə çevrilmişdi.
Florensiya XV əsrdən etibarən getdikcə artıq
muxtariyyət qazanmışdı, 1115-ci ildə isə ruhanilərə
və regionun əsasını qoyanlara qarşı
vuruşlarının sonunda praktiki olaraq Florensiya Kommunası
yaranmışdı. On il sonra isə yeni dövlət rəqib
Fiesoleni öz tabeliyinə saldı. Tezliklə
şəhərin ərazisi yeni divarlarla əhatə olundu,
ancaq bu malikanələrin sahibləri ilə korporasiyada təşkil
olunmuş zəhmətkeş sinifləri arasında ilk ziddiyyətlər
meydana gəldi.
Ziddiyyət
iki fraksiya formasını aldı: Quelflər və Gibellinlər
meydana gəldi. Birincilər papanın,
axırıncılar isə Müqəddəs Roma
imperiyası imperatorunun tərəfdarları idi. Buna baxmayaraq, Florensiya Quelflərin
üstünlüyünə malik idi. XIII əsrin
sonundan isə Quelflər özlərini iki fraksiyaya - Ağlara
və Qaralara böldülər. Qara partiya
pontifikin (papanın) dəstəyi ilə 1303-cü ildə
Ağ partiyanı sürgünə göndərdi və
onların arasında "sərgərdan Gibellin" kimi
tanınan Dante Aligyeri də vardı.
Bu vaxt Florensiya öz rəqibləri ilə vuruşaraq
hakimiyyətini xeyli möhkəmləndirdi. Bu rəqiblər
Pistiya, Arettso, Volterra və Siena idi. XIII əsrin
və XIV əsrin sonları arasında Florensiya həmçinin
mədəniyyət və iqtisadiyyat cəhətdən
İtaliyanın ən mühüm mərkəzlərindən
birinə çevrildi. Bu, Dantenin və
Cottonun, bankirlərin və tacirlərin, iri şirkətlərin
- böyük yun və ipək sənayelərinin erası idi.
XIV əsrin birinci yarımilliyində Florensiya
bir sıra siyasi və ictimai təcrübələrdən
keçməli oldu, onlardan birinin sonunda Gibellinlərə
qarşı mübarizə getdi. Sonra isə
Sinyoriya ərzində Afina hersoquna qarşı mübarizə
baş vermişdi.
1348-ci il məhvedici taun xəstəliyi dövrü
idi, onu Bokkaçço çox ifadəli qaydada təsvir
edir. XIV əsrin ikinci yarısında "kök adamlar"
arasında ziddiyyətlər böyüdü, varlı
burjuaziyaya aid olan bu adamların dövləti zəruri qaydada
"Böyük incəsənətdən" və
"kiçik adamlardan" keçirdi.
İki sinif arasındakı vuruş özünün ən
yüksək nöqtəsinə çatanda, itaətdə
olan zəhmət adamları, əhalinin aşağı təbəqəsi
olmaqla hökumətdə təmsilçilik əldə etdilər. Oliqarxlar
yaxşı şəraitə malik oldular. Bu
vaxt xalqa arxalanan Mediçi ailəsi başqalarından daha
çox siyasi təsirə yiyələndi.
Qısa müddət Sinyoriya onun respublika kimi
görünüşünü saxlamaqla, hakimiyyətə yiyələndi. Mediçi ailəsinin
əsasını qoyan Böyük Kozimonun varisi sonralar
Möhtəşəm adlanan Lorentso oldu. O, olduqca hiyləgər
siyasətçi və böyük insan idi. Möhtəşəm
Lorentsonun Sinyoriyası illəri Florensiya tarixinin ən
işıqlanmış, maariflənmiş dövrü oldu.
Bu, xüsusən mədəniyyət və incəsənət
sahələrində hiss olunurdu. Bu həm
də Florensiyanın özünün mərkəz olduğu
humanizm erası idi. Xoşbəxtlikdən, bir neçə
il ərzində şəhər azad
respublika olaraq qaldı, həmin dövr XV əsrin sonu ilə
XVI əsrin başlanğıcı illərini əhatə
edirdi. Bu nəcib dövrdə Cirolamo
Savonarolanın şəxsiyyəti aparıcı rol
oynayırdı.
Mediçi
yenidən hakimiyyətə qayıtdıqda Florensiya öz
Sinyoriyasının başçılığı altında
1527-ci ilə qədər yeni üsyanla üzləşdi və
bu üsyan şəhərə yenidən çox arzu edilən
respublika quruluşunu verdi.
Mediçiləri
Müqəddəs Roma imperiyasının imperatoru dəstəkləyirdi
və papa şəhərin uzun müddət mühasirəsindən
sonra (1530-cu il) geri çəkilməli
oldu. Hətta narahat siyasi həyatın
mövcudluğu vaxtı ərzində, XI əsrin sonu ilə
XVI əsrin birinci yarısı arasındakı dövrdə
şəhər rəssamlıq və ədəbiyyat sahələrində
ən böyük nailiyyətlərlə zəngin idi. Məhz bu dövrdə yaşamış Mikelancelo,
Makiavelliı öz əsrlərinin, hətta məxsus
olduqları minilliyin sərhədlərini keçməyə
müvəffəq olmuşdular.
1569-cu ildə
Kozimo de Mediçi şəhərin başçısı
olmaqla, Böyük Hersoq tituluna yiyələndi və bu titul
Cian Qaston sülaləsi ölənə qədər (1737-ci il) öz varislərinə də verildi.
Axırıncı
varislər lotaringiyalılar idi, onlar Napoleonun
ağalığı dövrü istisna olmaqla, (1799-1814-cü
illər) Florensiya və Toskananın İtaliya ilə birləşməsinə
(1859-cu il) qədər mövcud olan
Böyük Hersoqluğu qoruyub saxlamışdılar.
Nəticədə, Florensiya 1865-ci ilə kimi birləşmiş
İtaliyanın paytaxtı oldu.
Florensiya dünyanın tarixi abidələrlə və
arxitektura incələri ilə zəngin olan ən gözəl
şəhərlərindən biridir, İtaliyada isə Romadan
və Venetsiyadan sonra üçüncü yeri tuta bilər.
Florensiyanın arxitektura abidələrinin
sayı-hesabı yoxdur, onlara heyran olmadan tamaşa etmək
mümkün deyildir. Şəhərin ürəyi olan köhnə
mərkəz Palazzio Vecchio-dur (Vekkio sarayıdır). Bu gözəl bina döyüşü
müşahidə etmək üçün olan uca qüllədir,
XII əsrdə tikilmişdir. Qüllənin
üzərində Florensiyanın ilk ictimai saatı
qurulmuşdur, buradan keçən yol "Saat küçəsi"
adlanır. Sol tərəfdə Badia kilsəsinin
zəng qülləsi ucalır, bu zəng orta əsr şəhərinin
günün müəyyən vaxtlarında
çalırdı. Yaxında baş polis
qərargahı olan Barcello yerləşir, sonralar o, Toskanada
lotaringiyalı I Leopoldun müdrik qanunları əsasında
ölüm cəzasının ləğv olunmasına qədər
dustaqxana kimi istifadə olunmuşdu. Badia
kilsəsinin qabaq tərəfində olan bu yerdə məhkum
olunmuş məhbuslar özləri barədə olan
hökmü dinləməli idilər. Vekkio
sarayı həm də Sinyoriya sarayı (Palazzo delle Signoria)
adlanırdı, onun qarşısında müqayisəyə gəlməyən
gözəl Sinyoriya meydanı yerləşir. Burada böyük fəvvarə və çox sayda
abidələr vardır. Bu bütöv
qrup yüksəkliyin və qüdrətin yaddan
çıxmayan mənzərəsini yaradır. Burada faktiki olaraq əsrlər boyu şəhərin
böyük siyasi və tarixi hadisələri yer almış,
Florensiyanın bütün həyatı boyu daxili
döyüşlər getmiş, buradan dünya
sivilizasiyasına öz qüdrətinin ziddiyyətləri barədəki
mesajları yayılmışdır.
Sinyoriya meydanındakı fəvvarə XVI əsrdə
tikilmişdir.
Fəvvarə kompleksində Neptunun (yunan
mifologiyasındakı dəniz allahı Poseydon) qorxulu nəhəng
heykəli ucalır. Heykəldə
florensiyalıların belə gözəl şəhəri
dağıdanlar barədə lənət dolu sözləri həkk
olunmuşdur. Fəvvarənin gölməçəsini
bəzək kimi satirlər və nayadlar təmsil etməklə,
yenidən vətəndaşları həmin vandallardan
qorxudurdu.
Sinyoriya Locciası isə erkən Renessansın xəbərdar
etdiyi sonrakı Qotik işinin nadir nümunəsi idi. Bina
monastır başçılarının seçilməsi,
elan edilməsi və digər mərasimlər
üçün tikilmişdi. Loccianın
aşağı tərəfində olan heykəl inciləri
müxtəlif dövrlərə məxsus olmaqla,
açıq havadakı qəribə muzey təsiri
bağışlayırdı.
Della Sinyoriya Locciasının heykəlləri arasında
XVIII əsrin sonunda yaradılmış və girişdə
olan antik qadın heykəlləri, həmçinin, iki şir
heykəli Romadakı Villa Mediçidən
götürülüb, burada yerləşdirilmişdi. Sol tərəfdə
birinci tağın arxasında Benvenito Sallinin "Persey"
bürünc incisi nəzərə çarpır. Onu heykəltəraş bu yer üçün XVI əsrdə
9 ilə yaratmışdı. Bu qrupun
arxasında isə "Poliksenin zorlanması" adlı XIX əsr
heykəli yerləşir. Bizim eradan əvvəl IV əsrə
aid olan qədim yunan orijinalından
götürülmüş "Patroklun bədənini tutub
saxlayan Menelay" heykəli papa V Piy tərəfindən
Böyük Hersoq I Kozimoya bağışlanmışdı və
XVI əsrdə Florensiyaya gətirilmişdi.
Aşağıdakı sağ tərəfdə Belçika
heykəltəraşının yaratdığı,
"Sabinli qadınların qaçırılması" heykəl
qrupu, onun arxasında isə "Kentavr Nessi döyən
Herkules" heykəl qrupu yerləşir. Bu heykəllər
qədim Roma tarixində və yunan mifologiyasında təsvir
edilən hadisələrə həsr olunmuşdur. Bu əsərlərin həsr edildiyi mövzuları
nəzərdən keçirmək, bəlkə də,
oxucuların da yaddaşını təzələyə bilər.
Romul
Romanın əsasını qoyduqdan sonra şəhərin az sayda əhalisi ancaq onu tikən və orada
yaşayan kişi cinsindən olanlardan ibarət idi. Bu Romulu çox düşündürürdü,
axı şəhər inkişaf etməli, onda yeni nəsillər
əmələ gəlməli idi. Nəhayət,
çıxış yolunu tapdı. O, şəhərdə
təşkil etdiyi bayrama qonşuluqda yaşayan sabinliləri
arvadları və qızları ilə birlikdə dəvət
etdi. Şənliyin qızğın yerində
onun işarəsi ilə romalılar sabinli qızları
qaçırmağa başladılar və bu, iki tayfa
arasında düşmənçiliyin yaranmasına səbəb
oldu. Bir neçə ildən sonra sabinlilər
qisas almaq üçün romalılara hücum etdilər.
Vuruşda çox qurbanlar ola bilərdi. Bu anda vaxtilə qaçılırmış sabinli
qadınlar vuruşanların arasında irəli
çıxıb, onları sülhə dəvət etdilər.
Onlar hər iki tərəfə müraciət
edib, dedilər ki, əgər sabinlilər qalib gəlsə,
biz ərlərimizi itirəcəyik, romalılar qalib gəlsə
isə atalarımız və qardaşlarımız
qırılacaqdır. Hər iki nəticəyə
görə biz qadınlar bədbəxt olacağıq.
Romalı əri olan sabinli qadınların həyəcanlı
və olduqca müdrik çağırışı,
yalvarışları öz valideynlərinə və ərlərinə
təsir göstərdiyindən vuruş dayandırıldı
və iki tayfa birlikdə mehriban qonşuluqda yaşamağa
başladı.
Romanın ilk çarı Romul öləndən sonra şəhərlilərin təkidli xahişi ilə sabinli Numa Pompili ikinci çar oldu və respublika quruluşu yaranana qədərki iki əsr yarıma yaxın olan müddətdə taxt-tacda cəmi yeddi nəfər adam oldu. Numa Pompilı Romuldan fərqli olaraq müharibə etməyi sevmirdi və onun hakimiyyəti ərzində Roma heç vaxt müharibə etmədi və ya bunun göstəricisi kimi Yanus məbədinin qapıları bir dəfə də olsun açılmadı. Numa Pompili müdrik adam idi, öləndə demişdi ki, onu öz yazdığı kitablarla birlikdə dəfn etsinlər. Əfsanəvi çar kimi öz əməlləri ilə cazibədar bir şəxsiyyətə çevrilmişdi. Ondan Vesta odunu bakirə qızların qoruyub saxlaması ənənəsi də qalmışdı.
Sabinli qadınların romalılar tərəfindən qaçırılması sonralar rəsm əsərlərində geniş təsvirini tapmışdı.
Digər bir mövzuya gəldikdə, qədim yunan mifologiyasına görə kentavr Ness Heraklın (romalılar onu Herkules adlandırmışdılar) arvadı Deyaniranı çaydan keçirərkən zorlamağa cəhd etdiyinə görə Herakl bunu sahildən görmüşdü və qisas naminə Nessi öldürmüşdü.
Ness Deyaniraya məsləhət görmüşdü ki, onun qanını yığıb saxlasın, bu, Heraklın onu sədaqətlə sevməsinə kömək edəcəkdir. Nessin qanı bulaşmış yun sapdan arvadı Herakla xiton toxuyub göndərmişdi, qanda isə Heraklın bundan əvvəl Lerney Hidrasını öldürdüyü nizədə onun ödü qalmışdı. Bu zəhər xitona keçmiş, Herakl onu geyinəndə dəhşətli ağrıya dözə bilməyib, özünü yanan tonqala atıb öldürmüşdü. Əslində, zəhər Nessə məxsus deyildi, Hidranın qanından qılınc üzərində qalmışdı. Mifologiyadakı Herkulesin qisas alma səhnəsi rəngkarlıq əsərlərində də öz ifadəsini tapmışdı.
Köhnə zamanlarda natiqlərin xalqa müraciət etdiyi sarayın qarşısında mühüm heykəllər qoyulmuşdu. Donatellonun yaratdığı "Yudif və Olofern" heykəli (1460-cı il) azadlığın simvolu kimi nəzərdə tutulmaqla, Afina hersoqunun Florensiyadan qovulmasının xatirəsi kimi burada yerləşdirilmişdi.
Yudifin işğalçı Assuriya zabitini öldürməsi, yəhudi xalqının yadelli düşmənə qarşı mübarizəsinin bir faktı kimi apokrif Bibliyasında öz əksini tapmışdır. Assuriya ordusunun zabiti Olofern yəhudi qızı Yudifin gözəlliyinə vurulmuş və onunla görüşmək istəmişdi. İntiqam hissi ilə coşan Yudif mühasirədə olan doğma şəhərindən çıxıb, assuriyalıların düşərgəsinə, Olofernin yanına gəlmişdi. Qız düşmən zabitinin başını onun qılıncı ilə kəsməklə öldürmüş, qismən də olsa, xalqının qisasını almışdı.
Bu səhnə çox sayda tablolarda və heykəllərdə bədii əksini tapmışdır. Ən təsirli əsər isə Corconenin əlində qılınc olan yarımçılpaq bədənli qız və onun ayaqlarının altında Olofernin başı olan səhnənin çox ustalıqla kanvasa köçürülmüş təsviridir.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2022.- 26 oktyabr.- S.14.