İbrahimxəlil xan
Cavanşir
(Əvvəli
ötən sayımızda)
Tədqiqatçı-jurnalist, yazıçı Vasif
Quliyev bu yaxınlarda Qarabağ xanlarının həyatından
bəhs edən trilogiyadan ikinci əsərini - "İbrahimxəlil
xan Cavanşir" adlı sənədli-tarixi romanını
tamamlayıb.
Romandan bir parçanı oxuculara təqdim
edirik.
Tac
İbrahimxəlil xanın başındadır
1763-cü
ilin sonlarında İbrahimxəlil xan ən adlı-sanlı
adamlarının iştirak elədiyi təntənəli
seçki şənliyi - culus günü (Tacqoyma mərasimi)
keçirib, atasının xanlıq tacını
başına qoydu, daş-qaşlı xəncərini və
qılınc kəmərini belinə bağladı, qiymətli
xələtini geyindi, əsl xan əzəməti ilə
yüksək Qarabağ xanlığı taxtına
çıxdı. Adət-ənənəyə
uyğun olaraq əyanların ayaq öpmək mərasimi
keçirildi. Və beləliklə,
İbrahimxəlil xan Cavanşir "mən atamın
torpağını heç kəsə vermərəm!"
prinsipi ilə dövlət məsələlərinin
bütün yükünü öz üzərinə
götürüb, xanlığın sükanı arxasında
əyləşdi.
İbrahimxəlil xan hakimiyyətinin ilk günlərində
özünü bacarıqlı bir siyasətçi kimi
göstərdi. O, taxtda oturandan dərhal sonra xanlığı əmin-amanlıq
içərisində saxlamaq üçün xarici siyasəti
hələlik bir kənara qoyub, daha çox daxili siyasi məsələlərlə,
ilk növbədə, saray işləri ilə, ölkədə
iqtisadiyyatın dirçəldilməsi və müdafiə
xarakterli işlərlə məşğul olmağa
başladı.
Bu işləri görmək üçünsə
xanlığın təzə qanun-qaydalara, yeni idarəetmə
üsullarına və rəhbərlik formasına böyük
ehtiyacı vardı. Ona görə də İbrahimxəlil xan
qoşun sərkərdələrini, tayfa
başçılarını yanına topladı, mütəxəssislərlə
birlikdə xanlığın idarəetmə mexanizmini yenidən
işləyib-hazırladı. Həm
mülki, həm də hərbi sahədə müxtəlif tədbirlər
gördü. Onun inzibatçılıq
bacarığı və sərt tələbkarlığı
nəticəsində sarayda və orduda nizam-intizam
yaradıldı, bir sıra vəzifə dəyişikliyi oldu.
Xanlığın təəssübünü
çəkən vətənpərvər insanları
mükafatlandırdı. Başqalarına
körk olsun deyə, günahı olan əyanları aradan
götürdü, dövlət işlərindən kənarlaşdırdı,
məsul şəxsləri sərtliklə cəzalandırdı.
Sarayda ən mühüm vəzifələrə
özünün yaxın və etibarlı adamlarını
qoydu, qısa müddətdə xanlığın daxilində
əmin-amanlıq, sakitlik yaratdı, daxili sülhə nail
oldu. Müharibələr nəticəsində
ziyan çəkmiş yerlərdə quruculuq işlərinə
başladı, irimiqyaslı tikinti, abadlıq işləri
gördü. Pənahabad qalasının
müdafiə xarakterli istehkam divarlarına, bürclərinə,
gözətçi qüllələrinə yenidən əl gəzdirdi,
qala hasarlarını daha da möhkəmləndirdi.
İbrahimxəlil xan bac-xəracların ödənilməsində
də yeni qanun-qayda yaratdı, vergiləri və onların
toplanmasını nizama saldı. Əhalidən
alınan vergiləri nisbətən azaltdı, vətəndaşlarının
imtiyazlarını artırdı. Vergi məmurlarına
çox ciddi şəkildə göstəriş verdi ki, xalqla sərt davranmasınlar, onları
dövlətdən narazı salmasınlar.
İbrahimxəlil xan sərhəd işlərini də
nizama saldı.
Qarabağ ərazisindən digər xanlıqlara
gəlib-keçən ticarət yollarının təhlükəsizliyini
təmin elədi. Qonşu dövlətlər
arasında gediş-gəliş qapıları
açıldı. Xanlıq bu ölkələrlə
əlaqə saxlamağa, sərbəst ticarət aparmağa
başladı.
İbrahimxəlil xan daxili vəziyyəti möhkəmlətmək,
qəflətən baş verə biləcək hər
hansı bir hadisənin və daim gözlənilən xarici
basqınların qarşısını dərhal almaq
üçün ilk növbədə, nizam-intizamı
pozulmuş orduda ciddi islahatlar aparmağı ön plana çəkdi. Ordu yeni
prinsiplər üzərində qurularaq qısa müddətdə
təkmilləşdirildi, əsgərlərin döyüş
keyfiyyətləri yaxşılaşdırıldı. Qarabağın
döyüşkən tayfaları arasından lazım gələndə
canlarından keçməyə hazır olan igid və vətənpərvər
könüllülər seçilib əsgərliyə
çağırıldı, xüsusi atlı
qoşun dəstələri formalaşdırıldı. Ordu ən yeni silahlarla, xüsusən də,
dövrün birinci dərəcəli silahına çevrilən
müasir və uzaqvuran toplarla təchiz olundu, yüksək səviyyəli
hərbi təlimlər keçirilməyə başladı.
Muzdlu döyüşçülərə
böyük ehtiyac duyulsa da, xəzinə
boşaldığından onları saxlamaq mümkün
deyildi. Ona görə də İbrahimxəlil
xan bu məsələni hələlik arxa plana çəkdi.
Bir sözlə, islahatlar prosesində, ən
azı, ərazi bütövlüyünü qoruya biləcək
yüksək səviyyəli, güclü və qüdrətli
bir ordu yarandı, onun əvvəlki gücü və
döyüş qabiliyyəti bərpa olundu, yenidən
döyüş hazırlığına gətirildi. Zaqafqaziyanın ən güclü ordularından biri
yarandı, ən əsası isə keçmiş Qarabağ
döyüşçülərinin itirdikləri mənəvi
ruh qaytarıldı. İbrahimxəlil xanın yeni daxili
hərbi siyasəti özünün uğurlu bəhrəsini verdi.
Nigah siyasəti
Ölkədə sabitlik yaradıldıqdan və
xanlıq bir qədər gücləndirildikdən sonra
İbrahimxəlil xan xarici siyasi planlarını həyata
keçirməyə və qonşu dövlətlərlə
möhkəm diplomatik əlaqələr qurmağa
başladı.
Mahir siyasətçi bəzi qonşu hakimləri
öz tərəfinə çəkmək üçün
etibarlı müttəfiqlər axtarışına
çıxdı. İlk növbədə,
o, bahalı hədiyyələr, təntənəli
qonaqlıqlar, zəngin ziyafətlər vasitəsilə ələ
almaq üsulundan geniş istifadə elədi. Həmin dövrdə əlaqə yaratmağın
bir yolu da uzaq məqsədlər güdən və uzunmüddətli
hərbi ittifaq yaratmaqdan ötrü ən etibarlı zəmanət
sayılan qohumluq, yaxud nigah siyasəti (Orta əsrlərdə
qonşuluqda yaşayan xalqların siyasi və mədəni
yaxınlaşmasına şərait yaradan ən mühüm
amillərdən biri idi. Nigah ən ali
səviyyədə möhkəm siyasi əlaqə yaratmaq məqsədilə
bağlanırdı. Öz qızını ərə
vermiş nəsil, tayfa, hakim kürəkənə yaxın
qohum kimi baxır, onun ərazisinə hücum etmirdi, əksinə,
lazım gələndə onun köməyinə
çatırdı. Kürəkən də
öz növbəsində, bu hörmətə hörmətlə
cavab verməyə borclu idi. Arvadın qohumları
xüsusi imtiyaz və hüquqlara malik idi. Onlar
ərin qohumlarından daha yaxşı sayılırdılar.)
- diplomatiyası idi. İbrahimxəlil
xan da bir çox başqa hakimlər kimi dövrün çox
geniş yayılmış bu üsulu ilə müttəfiqliyin
əsasını təşkil edən qohumluq münasibətlərinə
arxalanaraq özünə böyük hərbi gücü olan
tərəfdarlar tapdı.
İbrahimxəlil xanın mövqeyini diqqətlə izləyən,
getdikcə artan nüfuzunu və şöhrətini görən
bəzi hakimlər isə öz növbəsində, gələcəkdə
ondan özlərinin mənafeləri naminə istifadə etmək
üçün qiymətli hədiyyələrlə
elçilər göndərir, qızlarını, ya da
bacılarını ona ərə verməklə qohum olur və
bu qohumluğu da özlərinə şərəf
sanırdılar.
Gəlinlə birlikdə onun mühafizə dəstəsi
də həmin ölkəyə həmişəlik
yaşamağa gəlirdi. Bu dəstələr,
adətən, iki yüz əsgər ailəsindən ibarət
olurdu. Onlar yaşamaq üçün xan
sarayının ətrafında, yaxud yaxınlığında
yerləşdirilir və tədricən əhalinin əsas
elementlərinin birinə çevrilirdilər.
Elə burdaca İbrahimxəlil xanın nigah siyasətindən
və ailə üzvlərindən danışmaq məqsədəuyğun
olardı.
Dövrün
başqa hökmdarlarına baxanda onun nə az,
nə çox, cəmi on altı övrəti vardı. Dördü kəbinli, qalanı isə siğə
idi. Cəbrayıllı Xanımnənə Nəbi
ağa qızı, gəncəli Xurşudbanu bəyim II
Şahverdi xan qızı, avar Bikə ağa Məhəmməd
Nutsal xan qızı, xoylu Mahşərəf bəyim Həsən
xan qızı kəbinli arvadları, Tutu bəyim II
Şahverdi xan qızı, Şahnisə xanım Bədir xan
qızı, Tutu bəyim Məhəmmədhüseyn xan
qızı, Xədicə xanım Nəsib sultan qızı,
Mürəssə xanım Gülmalı bəy qızı,
Nisə xanım Mirzə Rəbi qızı, Anaxanım Hacı
Rəhim qızı, Cəvahir (Sofya) xanım Yevgeni
Abaşidze qızı, Hürzad xanım Məlik Şahnəzər
qızı, Xatay xanım Məlik Vaxtanq qızı, Sona
xanım Ərtün bəy qızı, Naxçıvanik kəndindən
olan Ruqam xanım isə siğə arvadları idi. İbrahimxəlil
xanın bu arvadlardan xeyli uşağı vardı:
Oğlanları Cavad ağa, Məhəmmədhəsən
ağa Xanımnənədən, Mehdiqulu ağa Xurşudbanu bəyimdən,
Əbülfət ağa Ruqam xanımdan, Xanlar ağa, Əhməd
ağa Bikə ağadan, Məhəmmədqasım ağa
Allahyar bəy Unqutlunun qızından, Süleyman ağa Sona
xanımdan, Hüseynqulu ağa, Səfiqulu ağa Xatay
xanımdan, Fətəli ağa Anaxanımdan, Şıxəli
ağa Xədicə xanımdan, Abbasqulu ağa Cəvahir
(Sofya) xanımdan doğulmuşdular. Qızları Ağabəyim
ağa Tutu bəyimdən, Tuti bəyim Tutu bəyimdən,
Baxşı bəyim, Kiçik bəyim Şahnisə
xanımdan, Səltənət bəyim Bikə ağadan,
Əzət bəyim Nisə xanımdan, Şahnisə bəyim
Mürəssə xanımdan, Gövhərnisə bəyim Cəvahir
xanımdan idilər.
İbrahimxəlil xanın bu qohumluq siyasəti uzun
müddət davam eləmişdi.
Xanlığın
qızıl dövrü - İbrahimxəlil xan dövrü
Beləliklə, 1763-cü ilin sonlarından Qarabağ
xanlığının keşməkeşli və ciddi dəyişikliklərlə
zəngin qızıl dövrü - İbrahimxəlil xan
dövrü başlandı. Ölkə
özünün ən qüdrətli çağına qədəm
qoydu. Hər yerdə, hər yanda əmin-amanlıq
hökm sürürdü. Artıq öz
dövlətinin hərbi, siyasi, sosial liderinə
çevrilmiş İbrahimxəlil xan qazandığı qələbələri
ilə Pənahəli xanın vəsiyyətlərini yerinə
yetirir, həm atasının, həm də özünün
arzularını gerçəkləşdirirdi.
Şirazdan
oğlunu Qarabağa yola salarkən atasının tez-tez
işlətdiyi "torpaq", "Qala", "Qarabağ
amanatı", "özünü ermənidən qoru",
"onlara qəti inanma", "erməninin
yaxşısı, pisi yoxdur, "erməni elə hər yerdə
ermənidir", "ilanın ağına da lənət,
qarasına da" sözlərini qulaqlarında sırğa eləyərək
onun müdrik və uzaqgörən siyasətini ağılla həyata
keçirməyə başladı.
Bütün bunlara isə ətrafdakı bəzi
xanlıqlar və Xəmsə məlikləri mane olmağa
çalışırdılar. Həmişə əl-ayağına
dolaşan, yolunda qara bir daş olub bitən həmin
düşmənlərini birdəfəlik susdurmaq,
başlarını elə öz yuvalarında əzmək
üçün İbrahimxəlil xan onlarla gələcək
müharibələrə hazırlaşmağa başladı.
Bunun üçünsə güclənmək,
yenə də güclənmək lazım idi. Güclənmək
üçünsə iqtisadi qüdrəti artırmaqla bərabər,
çoxlu dost və müttəfiq də tapmaq lazım idi.
İbrahimxəlil xan Cavanşirin hakimiyyətinin ilk on
ilində Qarabağ xanlığının siyasi nüfuzu
xeyli artdı, ötən illərdə
dağıdılmış iqtisadiyyatı nəzərə
çarpacaq dərəcədə dirçəldi. Ölkəyə
xarici hücumlar da xeyli səngidi. Ümumiyyətlə,
həmin illərdə Qarabağda siyasi hadisələr nisbətən
sakit bir tərzdə baş verirdi...
"İki
qoçun başı bir qazanda qaynamaz"
On səkkizinci yüzilliyin yetmiş-həştadıncı
illərində şimal xanlıqları arasında Qarabağ
və Quba hakimləri ən güclüləri
sayılırdı. İbrahimxəlil xan da, Fətəli xan
da ayrı-ayrılıqda özlərini Cənubi Qafqazın
hegemonu hesab etdiklərindən "iki qoçun da başı
bir qazanda qaynamırdı". Onlar bir-birləri
ilə yola getmir, bir-birləri ilə kin, ədavət
saxlayır, bir-birlərinə düşmənçilik
edirdilər. Digər tərəfdən də
İbrahimxəlil xanla hakimiyyət davası aparan
qardaşı Mehrəli ağaya Fətəli xanın həyan
durması, ona sığınacaq verməsi, üstəlik də,
Qarabağ hakimini devirməkdə ona hərbi kömək etmək
vədi bu düşmənçiliyi daha da dərinləşdirmişdi.
Fətəli xan elə güman edirdi ki, hələ
1767-ci ildən ona qarşı çıxan Şamaxı
hakimləri Məhəmmədsəid xan və Ağası xan
qardaşlarını və onların müttəfiqi, Şəki
hakimi Məhəmmədhüseyn xanı devirdikdən sonra
xanlığının ərazisini genişləndirmək
üçün rahatca Təbrizə doğru hərəkət
edə biləcək. Lakin bu yolda
qarşısında duran ən böyük maneə gündən-günə
güclənən İbrahimxəlil xan idi. Ona görə də ilk növbədə, Qarabağ
xanı ilə haqq-hesabı çürütməliydi. Digər tərəfdən də Fətəli xan
İbrahimxəlil xanla üz-üzə gəlməyə də
hələlik cürət eləmirdi. Amma
bəri başdan Qarabağ xanını dişinə vurmaq,
gücünü yoxlamaq istəyirdi. Hətta bir neçə dəfə
Şuşa qalasına yürüş eləmiş, lakin Aran
Qarabağdan o yana keçə bilməmişdi...
Qarabağ xanlığının şimal sərhədləri
təhlükə altında idi. Fətəli xandan istər-istəməz
ehtiyatlanan İbrahimxəlil xan da daim təhlükəsizlik tədbirləri
görürdü. O, birinci növbədə, uzun
müddət Quba xanı ilə rəqabət aparan
Kartli-Kaxetiya çarı ilə dostluq münasibətləri
yaratmağa çalışırdı. Fətəli
xanın həddən artıq güclənməsinə və
yeni-yeni ərazilər zəbt etməsinə mane olmağa
çalışan II İrakli də öz növbəsində,
İbrahimxəlil xanla ittifaqa girməyə çoxdan
hazır idi. Bir sözlə, həmin illərdə
Qarabağ xanı ilə Kartli-Kaxetiya çarı arasında
yaxşı münasibətlər yaranmışdı. Və bu münasibətlər getdikcə o qədər
yaxşılaşmışdı ki, necə deyərlər,
onlar bir-birlərinə can deyib-can eşidirdilər. Bu isə Qubalı Fətəli xanı bərk təşvişə
salırdı. Yaxşı başa
düşürdü ki, arxasında Rusiya kimi böyük bir
dövlətin durduğu Kartli-Kaxetiya çarlığı
lazım gəldikdə Qarabağ xanına hərbi yardım
göstərsə, o öz məqsədinə çata bilməyəcək.
İbrahimxəlil xanla II İraklinin əlaqələrini
pozmaqdan başqa, çıxış yolu görməyən
Fətəli xan onların dostluğunu zəiflətmək
üçün Rusiya vasitəsilə Kartli-Kaxetiya
çarına təsir göstərmək fikrinə
düşdü və II Yekaterinaya belə bir məktubla
müraciət elədi: "Biz müxtəlif yerlərdən
hərbi qüvvə toplayıb, İbrahimxəlil xana qarşı
göndərdiyimiz vaxt Gürcüstan hakimi II İrakli öz
oğlunu gürcü qoşunu ilə onun köməyinə
göndərib" (Tofiq Mustafazadə. "Qarabağ
xanlığı", Bakı, "Sabah" nəşriyyatı,
2010-cu il, səhifə 128). Lakin Fətəli
xanın rus çariçəsinə
ünvanladığı məktubu II İrakli və
İbrahimxəlil xan heç veclərinə də
almadılar. Acığa düşən
Qarabağ xanı 1773-cü ilin payızında hərbi əməliyyatlara
başladı, II İraklinin oğlunun
başçılığı ilə dörd min nəfərlik
qoşunla Şəki hakimi Məhəmmədhüseyn
xanın qoşunu və Car-Balakən qoşunu ilə birlikdə
Şamaxı şəhərini mühasirəyə aldı.
Həmin vaxt burda özünə mövqe tutan Fətəli
xan basılacağını görüb, geri çəkilməyə
məcbur oldu. Ancaq o, bununla barışa
bilmədi, yeni qüvvə toplayıb, 1774-cü ilin əvvəllərində
əks hücuma keçərək böyük itki
bahasına Şamaxını müttəfiqlərin
qoşunlarından azad elədi. Döyüşlərin
birində İbrahimxəlil xanın qaynatası və əsas
müttəfiqlərindən olan Car-Balakən hakimi Məhəmməd
Nütsal xan Əmmə xan oğlu Fətəli xanın
adamları tərəfindən xaincəsinə
öldürüldü. Qarabağ qoşunları geri qayıtmağa
məcbur oldu...
Qubalı Fətəli xanın belə bir şakəri
vardı.
Düşmənini zəif görəndə onun üzərində
tezliklə qələbə çalmaq
üçün dərhal silaha əl atır, qüvvətli
görəndə isə diplomatik gedişlər edirdi. Elə ona görə də o, qonşu Şəki
xanlığına qarşı hərbi əməliyyata
başlamaq ərəfəsində gündən-günə
güclənən və böyük nüfuz qazanan əsas rəqibi
İbrahimxəlil xanla əvvəlcə diplomatik münasibətlər
yaratmaq, sonra isə tədricən onu öz təsiri altına
salmaq fikrinə düşdü. Bu cür diplomatik manevr
etməklə Fətəli xan iki məqsəd
güdürdü: birincisi, Qarabağ qoşunları
hesabına öz hərbi qüvvəsini artırmaq, ikincisi isə
İbrahimxəlil xanın köməyi sayəsində onun
müttəfiqi II İrakli ilə münasibətlərini
müəyyən qədər yaxşılaşdırmaq idi.
Ona görə də Fətəli xan diplomatik münasibətlər
yaratmaq və ittifaq bağlamaq təklifi ilə 1779-cu ilin əvvəllərində
yeznəsi, Bakı hakimi Mirzə Məlik Məhəmməd
xanı iki nəfərlə Şuşa
qalasına göndərdi. İbrahimxəlil xan
nəinki Quba xanının təklifini qəbul elədi, əksinə,
hətta qəzəbini Fətəli xanın adamlarının
üstünə töküb, onları zindana saldırdı.
Bakılı elçilər iki ilə yaxın
Pənahabad zindanının "sakinləri" oldular.
Həmin
vaxt İbrahimxəlil xanla Şəki hakimi Məhəmmədhüseyn
xan arasında ədavət düşdü və Qarabağ
xanı Şəki xanının oğlu Məhəmmədhəsən
ağanı, həmçinin başqa səbəblərə
görə Qaradağ xanını da həbs eləyib, Şuşa qalasında dustaq saxladı. Ona görə də Fətəli xanla Məhəmmədhüseyn
xan birləşib, İbrahimxəlil xanın üzərinə
yürüşə hazırlaşmağa başladılar.
Lakin elə həmin 1779-cu ildə Məhəmmədhüseyn
xan İbrahimxəlil xanın göstərişi ilə öz
əmisi Hacı Əbdülqədir bəy tərəfindən
qətlə yetirildi və Fətəli xanın planları
baş tutmadı.
Bakı hakimi Mirzə Məlik Məhəmmədin həbs
olunması İbrahimxəlil xanla Fətəli xanın
arasındakı düşmənçiliyi daha da gərginləşdirib,
kuliminasiya nöqtəsinə çatdırdı. Quba xanı
Qarabağ xanına qarşı yürüşə ciddi
hazırlaşmağa başladı. 1780-ci
ildə o, Tarku şamxalı və Şamaxı xanı ilə
birlikdə səkkiz minlik qoşunla Kür çayını
adlayıb, Qarabağ sərhədlərini keçdi. İbrahimxəlil xanın qoşunları geri çəkilməyə
məcbur oldular. Lakin II İraklinin oğlanları
Georginin və Davidin başçılığı ilə İbrahimxəlil
xana köməyə göndərdiyi çoxlu sayda qoşun
qarabağlıları məğlubiyyətdən xilas elədi.
Qubalılar böyük itki verərək geri
oturduldu. Lakin Fətəli xan bəzi kənd
və obaları Quba xanlığının ərazisinə
köçürüb məskunlaşdırdı. O,
ruhdan da düşmədi, özünü cəmləyib, bir il sonra yenidən Qarabağa hücum etməyə
hazırlaşdı. Bundan xəbər tutan
İbrahimxəlil xan havayı yerdən qan tökməmək
üçün Mirzə Məlik Məhəmməd xanı
zindandan azad eləyib, Bakıya yola saldı. Buna baxmayaraq, Fətəli xanla İbrahimxəlil
xanın münasibətləri yenə də normal hala
düşmədi.
... İbrahimxəlil xanla II İraklinin birbaşa Quba
xanlığına qarşı rəsmi ittifaqa girmələri
üçün lazımi şərait yarandı. Bu şəraitin yaranmasına isə Gəncə
xanlığındakı hərc-mərcliklər səbəb
oldu. Gəncə hakimi Şahverdi xan hələ
1747-ci ildə hakimiyyət başına gələndə
gürcü çarları I Teymuraz və II İrakli ona hərbi
kömək göstərmişdilər. Bu köməyə
görə də Gəncə xanı hər il
Kartli-Kaxetiya çarlarına on min tümən məbləğində
xərac verməyi boynuna götürmüşdü. Lakin 1760-cı ildə Şahverdi xanın
ölümündən sonra hakimiyyəti zorla ələ
keçirən Məhəmmədhəsən xan həmin xəracı
verməkdən imtina elədi. Və 1778-ci
ildə o, qardaşı Məhəmməd xan tərəfindən
zəhərlənib öldürüldü. Gəncə xanlığında vəziyyət kəskin
şəkildə pisləşməyə, daha doğrusu,
xanlıq sürətlə zəifləməyə
başladı. Məhəmməd xan da on
min tümən xəracı II İrakliyə verməkdən
boyun qaçırdı. Gürcü
çarı isə bu iri məbləğin əlindən
çıxması ilə heç cür barışa bilmir və
Gəncə xanının düşdüyü bu ağır
vəziyyətdən faydalanmağa
çalışırdı. Həmin
vaxtlar istər İbrahimxəlil xan, istərsə də II
İrakli Qubalı Fətəli xanın Gəncə
xanlığını tutacağından ehtiyat edərək
bir-birləri ilə ümumi dil tapıb, onu qabaqladılar və
1780-cı ildə birlikdə Gəncəyə hücum çəkib,
şəhəri tutdular. Bundan sonra Gəncə
xanı iki ağanın bir nökəri oldu, hər iki hakimin
vassalına çevrildi.
Bu hadisə İbrahimxəlil xanla II İraklini bir-birinə
daha da yaxınlaşdırdı. İbrahimxəlil xan Məhəmməd
xanı və oğlu Ağa bəyi əsir
götürüb, özü ilə Şuşa
qalasına apardı, gözlərinə mil çəkdirib,
zindana atdırdı. Düz beş ildən
sonra, 1785-ci ildə onu öldürtdü. Həmin
vaxtdan Gəncə xanlığına İbrahimxəlil
xanın yaxın adamı Həzrətqulu xan təyin olundu.
Kartli-Kaxetiya çarının adından isə
xanlığın idarə olunmasına Keyxosrov
Andronikaşvili adlı bir nəfər kömək edirdi.
Daha sonralar Hacı xan, Rəhim xan və Cavad xan
sıra ilə Gəncə taxtında oturdular.
Bu hadisə Fətəli xanla İbrahimxəlil xan
arasındakı münasibətləri daha da gərginləşdirdi. İbrahimxəlil
xanın II İrakli ilə ittifaqından çox narazı
qalan Quba xanı da onların münasibətlərini var
gücü ilə pozmağı və bu işin baiskarı
olan Qarabağ xanına sarsıdıcı zərbə
vurmağı qərara aldı. O, hələlik bu hakimlərə
gücü çatmayacağını dərk eləyib, rus
çariçəsi II Yekaterinaya məktub yazaraq II İrakliyə
təsir göstərməyi, "gürcüləri azərbaycanlıların
daxili işlərinə qarışması"ndan çəkindirməyi
xahiş elədi. Fətəli xan ona göndərdiyi məktublarının
birində yazırdı: "İrakli İbrahimxəlil xanla
birləşərək Gəncəni ələ
keçirmişdir və orda hərəsi bir canişinlik
yaradıb, vergilər yığırlar. Onlar
Naxçıvanı, İrəvanı və Car-Balakəni də
ələ keçirmək fikrindədirlər. Bakı
xanını dostluq pərdəsi altında Qarabağa apararaq əsir
etmişlər. Mən son iki ildə dəfələrlə
İrakliyə müraciət edərək onun azad
olunmasını istəmişəm. O isə mənim
xahişimi eşitmək istəmir. Hər
ikisinin niyyəti bütün Azərbaycanı ələ
keçirməkdir" (Tofiq Mustafazadə. "Qarabağ xanlığı", Bakı,
"Sabah" nəşriyyatı, 2010-cu il, səhifə 130).
Fətəli xan II Yekaterinaya yazdığı məktublarda
Cənubi Qafqazda baş verən siyasi hadisələrin əsas
günahkarlarının İbrahimxəlil xan və II
İrakli olduğunu bildirirdi. Yazırdı ki, əgər
gürcü çarı Azərbaycan xanlarının daxili
işlərinə qarışmasa, onda o, Dağıstan hakimlərinin
Gürcüstana yürüşünün
qarşısını ala bilər. Əks
təqdirdə isə Azərbaycan xanlıqlarında sakitlik
olmayacaq, dağıstanlılar Gürcüstan üzərinə
hücumlarını davam etdirəcəklər. Hətta İranla Türkiyə də münaqişəyə
cəlb olunacaq. Bu isə Cənubi Qafqazda çoxlu qan
tökülməsinə səbəb ola
biləcək hadisələrin baş verməsinə şərait
yaradacaq...
Lakin Fətəli xanın II Yekaterinaya yazdığı məktublardan heç bir nəticə hasil olmadı. Və o, məcburiyyət qarşısında qalıb, Qarabağa növbəti yürüş etmək üçün Lənkəran və Şəki xanlıqları, həmçinin bəzi Dağıstan hakimləri ilə ittifaqa girdi. Fətəli xan, hətta vaxtilə Qarabağ xanına bac-xərac verən Təbriz, Xoy, Urmiya xanlarını da öz tərəfinə çəkə bildi. 1782-ci ildən İbrahimxəlil xana vergi verməkdən boyun qaçıran Qaradağ hakimi İsmayıl xan da ona qoşuldu. Ümumiyyətlə, bu xanlıqlar və onların hakimləri yaranmış vəziyyətdən istifadə edərək İbrahimxəlil xanın tabeçiliyindən çıxmaq fikrindəydilər. Urmiya hakimi İmamqulu xan isə Qarabağ xanına, ümumiyyətlə, tabe olmaq istəmirdi.
Fətəli xan 1783-cü ilin əvvəllərində Təbrizə hücum eləyib, şəhəri tutdu. İbrahimxəlil xan da öz növbəsində, Qaradağ hakimi İsmayıl xanın üzərinə hücum eləyib, əvvəlki vəziyyəti bərpa etməyə çalışdı. Lakin Fətəli xanın Qarabağa hücum təhlükəsi onu geri çəkilməyə məcbur elədi. İbrahimxəlil xan müdafiə tədbirləri görməyə başladı. O, qaynı Əmmə xana və Qaraqaytaq usmisi Əmir Həmzə Məhəmməd oğluna məktub yazıb, onları Fətəli xana qarşı yürüşə çağırdı. Əgər Fətəli xan İbrahimxəlil xanın üzərinə hücum eləsəydi, onda Car-Balakən hakimi Əmmə xan və Qaraqaytaq usmisi ona arxadan zərbə vuracaqdılar.
Fətəli xanın qoşunları artıq həmin vaxt Aran Qarabağda Şuşa qalası istiqamətində hücum mövqeyində dayanmışdılar. Canqutay hakimi Əhməd xan, Pavlin hakimi Xasbulat Əlibəyov, Buynaq hakimi Bamat xan, Qaytaq hakiminin qardaşı Ustar xan, lənkəranlı Qara xan, muğanlı Tale Həsən xan, şəkili Hacı Əbdülqədir xan, şamaxılı Məhəmmədsəid xan və Ağası xan qardaşları, Tarku şamxalı Murtuzaəli xan və digər hakimlər də onun yanında idilər. Fətəli xanın öz qoşunlarından əlavə, on üç min nəfərlik muzdlu döyüşçüsü də vardı. İbrahimxəlil xan isə həmişə olduğu kimi bu dəfə də soyuqqanlı halda Qalada oturub, düşməninin yolunu gözləyirdi. Fətəli xan bu qədər qoşunla Qarabağın paytaxtını ala bilməyəcəyini anladığından qarşısına çıxan bütün kəndləri, obaları çapıb-talayaraq qarət elədi, iki mindən çox əsir götürdü, yüz min başa qədər qoyun-quzu, otuz mindən çox iribuynuzlu mal-qara ələ keçirtdi.
(Ardı var)
Vasif QULİYEV
525-ci qəzet.- 2022.- 26 oktyabr.- S.12-13.