O, yazmağı yox,
necə yazmamağı öyrədirdi...
Dünyanın düz vaxtları idi.
Lap düz vaxtları...
Onda jurnalistika
hələ indiki kimi çoxprofilli deyildi. Heç bu qədər cılızlaşmamışdı
da.
Onda qəzetlər də az idi, jurnalistlər də. Tanınmış jurnalistlər,
məşhur jurnalistlər
lap az idi.
1981-ci ildən danışıram.
Həmin ilin yayında mən Jurnalistika fakültəsinin birinci kursunu bitirmişdim və ilk dəfə yaradıcılıq praktikasına
getməli idim. Söhbət indiki Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsindən
gedir. Onda gələcək jurnalistlər yalnız burada - universitetdə hazırlanırdı. İndiki
kimi hər yerdə jurnalist kadrları hazırlamaq yox idi!
Onda biz tələbələr praktika
üçün o dövrün
ən populyar qəzeti olan "Azərbaycan gəncləri"
qəzetinə can atırdıq.
Can atırdıq ki, yazı yazaq, dərc olunaq, imzamızı tanıdaq.
Tələbə yoldaşım Mehman Qayıbovla bu redaksiyaya üz tutduq. Bizi qəzetin təbliğat
və təşviqat şöbəsinin müdirinin
yanına apardılar.
İlk baxışda soyuq, qaraqabaq adam təsiri
bağışlayan şöbə
müdiri bizə əyləşməyə yer
göstərmədi. Heç hal-əhval
da tutmadı. Bizə jurnalistikanın həm də məsuliyyət demək olduğundan, fakta - hadisəyə münasibətin fəlsəfəsindən
"mühazirə" də
oxumadı. Bütün
tələbə yoldaşlarımızdan
eşitmişdik ki, başqa redaksiyalarda onlara belə "dərslər" keçilib...
İlk dəfə gördüyümüz
şöbə müdiri
bircə sual verdi:
- Şıx çimərliyindən
reportaj yaza bilərsiniz?
İndi fikirləşmək vaxtı
deyildi. Bir-birimizə baxıb, "bəli"
dedik...
Bir neçə gün sonra respublika mətbuatı üçün,
"Azərbaycan gəncləri"
qəzeti üçün
ilk yazımızı böyük
həvəslə, bir
az da
həyəcanla şöbə
müdirinə təqdim
etdik.
Yenə
də soyuq baxış və bir az da laqeydliklə: "Oldu, oxuyaram, baxaram".
İki gün sonra yenə redaksiyaya gəldik.
Bu dəfə də heç nə olmamış kimi sakitcə dedi: "Sabah qəzetdə oxuyarsınız"...
Birinci kurs tələbəsi üçün bundan böyük mükafat ola bilərdimi?
Sabah qəzet köşklərinin
açılmasını gözləmək
həyəcanı da bir başqa mövzudur.
Köşkdən qəzeti alanda elə bilirdik ki, hamı bizə
baxır. Elə bilirdik hamı
bizi tanıyır.
Onda qəzetin belə şirinliyi var idi.
Onda jurnalistikanın bir başqa dövrü, bizə bu sevinci
yaşadan şöbə
müdirinin adı isə Şakir Yaqubov idi...
O dövrün ən məşhur jurnalistlərindən
biri, "Azərbaycan
gəncləri" qəzetinin
şöbə müdiri
Şakir Yaqubov...
Mənim bu qəzetlə əməkdaşlağım belə
başladı. Öz istədiyim mövzularda
da yazdım, redaksiya tapşırıqlarını
da yerinə yetirdim. Təbii ki, Şakir müəllimin diqqət və qayğısı ilə...
"Gənclər"ə o qədər qaynıyıb-qarışdım
ki, bir gün
belə redaksiyanın
ştatında olmadığım
halda məni hamı bu qəzetin
işçisi hesab elədi. Hətta redaksiya
əməkdaşları on illər sonra öz xatirələrində
məni iş yoldaşları kimi yada saldılar. Yenə də Şakir Yaqubovun sayəsində...
Təvazökarlıqdan uzaq olsa da, deməliyəm:
bu gün jurnalistika sahəsində az-çox nə uğur qazanmışamsa,
bunlarda nəzəri biliklər aldığım
müəllimlərlə yanaşı,
Şakir Yaqubovun xüsusi rolu, əvəzsiz xidməti
var.
Şakir Yaqubov mənə cümlə yazmağı
öyrətməyib.
Şakir
Yaqubov mənə necə yazmamağı öyrədib!
Və təkcə mənə yox...
İndiki yaşlı nəsil jurnalistlərinin çoxu
onu özünə müəllim hesab edir. Çünki
Şakir Yaqubov jurnalistikada tələbkarlıq etalonu
idi.
Şakir Yaqubov mətbuatda təmənnasızlıq simvolu
idi.
Şakir
Yaqubov prinsipial qəzetçi idi!
Şakir Yaqubov həqiqətən mətbuatımızın sonuncu
mogikanlarından idi.
Sonralar yollarımız
ayrıldı. Qayğılar çoxaldı. Müxtəlif mətbuat orqanlarında
işlədik. Görüşlərimizin də sayı azaldı. Amma bu yaxınlara qədər də böyük-kiçik nə
yazdımsa, həmişə
gözümün qabağına
gəldi ki, bu yazını sabah Şakir
Yaqubov oxuyacaq. Hər şey yerindədirmi?
Təəssüf ki, bu gün jurnalistikamızda hər şey yerində deyil! Kim nə istəyir, necə istəyir yazır! Çünki indi Şakir Yaqubov kimi redaktorlar
barmaqla sayılacaq qədər azdır. Çünki indi redaktə işinə az qala hər yerdə barmaqarası baxılır.
Hər kəs özü həm müəllifdir, həm də redaktor.
Hətta
bir az
da irəli gedib cəsarətlə demək istəyirəm: Azərbaycan mətbuatı
ona görə bu günə düşdü ki, Şakir Yaqubov kimi peşəkarlar jurnalistikadan getdilər, yaxud "yola salındılar"!
Şakir Yaqubov jurnalistikadan yeni əsrin əvvəllərində getmişdi. Həm də mətbuatdakı xaosa etiraz olaraq...
Bir müddət
naşirlik fəaliyyətinə
keçdi, çox sayda kitablara redaktorluq etdi. Yenə də
peşəkarlıqla, vicdan
və məsuliyyətlə.
Çünki bu prinsiplər
onun qanındaydı.
Və prinsiplərində güzəştə
getmək söhbəti
yox idi.
On il əvvəl
yenidən mediada imzası görünməyə
başladı və çox az müddətdə
bir kitablıq oxunaqlı publisistika nümunəsi qoydu ortaya. Təxminən 45 illik jurnalistlik təcrübəsində müxtəlif
hadisə və insanlarla bağlı yaddaşında ilişib-qalan
çox məqamları,
həyat həqiqətlərini
elə "Yaddaşımın
küncündən" adlandırdığı
kitabda toplayaraq nəşr etdirdi...
Şakir
Yaqubovun bu kitabı da, digər publisistik kitabları kimi yeni yazmağa başlayan, taleyini jurnalistikaya bağlamaqda qərarlı olan gənclər üçün
əsl müntəxabatdır,
"necə yazmaq"
və "necə yazmamaq" suallarına cavabdır...
Səhhətindəki problemlərə baxmayaraq, onun yazıb-yaratmaq həvəsi ömrünün son günlərinədək sönmədi. Yəqin ki, şəxsi kompüterinin yaddaşında hələ üzə çıxarmadığı yazılar da var...
Uzun müddət əziyyət çəkdiyi xəstəlik səbəbindən Şakir müəllim nəinki ictimai tədbirlərə, heç qohum-dost məclislərinə də gedə bilmirdi. Amma televiziya, internet vasitəsilə günün nəbzini tutur, tanıdığı adamlarla bağlı xəbərə rast gələndə dərhal həmin adama zəng edirdi, rəyini, fikrini çatdırırdı. Etiraf edim ki, iş-gücdən başı açılmayan biz yetirmələri bəzən onun səhhəti ilə maraqlanmağı yaddan çıxarsaq belə, o, hər hansı yaradıcılıq uğurumuzdan xəbər tutar-tutmaz bizi arayıb-axtarardı.
Biz isə ona dəyməyi, baş çəkməyi sabaha saxlıyırdıq; bir gün onu narahat eləməmək üçün, bir başqa gün başqa işimiz çıxdığına görə...
Ömür qısa, dünya etibarsız imiş...
Və dünya həmin etibarsızlığını bir daha sübut etdi: Böyük müəllimimizi, böyük ustadımızı 71 yaşında son mənzilə yola saldıq.
Təzəpir məscidində adına layiq vida mərasimi təşkil edildi. Dostları, həmkarları, yetirmələri söz dedi. Kövrələn də oldu, onun şagirdi olmaqdan qürur duyanlar da!
Və... bu da son!
Ustad Şakir Yaqubov son mənzilə, son ünvana qədəm qoydu.
Xoş xatirələrini onu tanıyanların yaddaşında əbədi
qoyub getməklə...
Müsəllim HƏSƏNOV
525-ci qəzet.- 2022.- 27 oktyabr.- S.16.