"Var bir dərdim ki..."  

 

Dünyada nitqin, hər hansı hadisədən bəhs etmənin üç qaydası var. Birincisi, kütlənin dilidir ki, bu rəngarəng təbiəti olan okeana bənzəyir; ünsür müxtəlifliyi olsa da, üslub eynidir, yaxud üslub yoxdur. Kütlənin dili göz ilə gördüklərini, qulağı ilə eşitdiklərini nəql edər. İkincisi, ziyalı alimlərin dilidir ki, onlar daha çox təcrübədə sınadıqlarına, idraka mənəviyyata əsaslanarlar. Üçüncü növ dil nəql edənin gördüyünə, eşitdiyinə istinad etmir, hər bir prosesi immanet qavrayışdan ayırıb minillərlə hadisənin baş vermə səbəbi kimi nəzərə çatdırır. Birinci dilin tərkibi "zəngindir". Bura narkoman, dustaqxana sair bu qəbildən olan jarqon "dillər" daxildir. İkinci dilin strukturuna ixtisas təmayüllü terminləri əlavə edirlər. Üçüncü dil tərkib ya strukturuna görə əvvəlki ünsiyyət formalarından fərqlənir. Bu dilin dərinliyini, yaxud ucalığını adi idrak vasitəsilə ölçmək mümkün deyil, çünki transendentliyin təcəssümüdür. Fərdiliyini dəf etməmiş idrak sonuncunu ancaq təsəvvür formasında, yaxud da immanent qavraya bilər. Üçüncü dil hərflərin, sözlərin, söz birləşmələrinin məna yükünə uyğunlaşdırılması, fərdin idrak sferasının xaricində yerləşdirilməsi baxımından əruz vəzninə bənzəyir. Məsələn, əruzu bilməyən oxucu qəzəli, rübaini heca vəznində yazılmış şeir nümunəsindən ayıra bilməyəcək. Çünki vəzndən, misraların bərabər hissələrinə mütabiq olan səs tezliyindən xəbərsizdir. Bu vəzndə şeir yazan ölkələrin hamısında təhsil görmüş hər kəs terminin adı ilə tanışdır, amma əksəriyyət üçün "İcazə ver mənə, könlüm səninlə həmbahar olsun" misrası ilə "Mənə icazə ver, səninlə həmbahar olsun könlüm" misrasının fərqi yoxdur. Əgər söhbət heca vəznində yazılmış şeirdən gedirsə, fərq olmaya bilər, yox, əgər mövzu əruz vəznidirsə, ikinci misra heç bir təfilə ardıcıllığına uyğun gəlmir. İnsan suyun üzərində qalmağı tədricən öyrəndiyi kimi, əruz vəzninin sirrinə ahəngin xüsusiyyətindən xəbərdar olduqca yiyələnir.

Üçüncü dildən agah olmayanlar xitab, rəsm, heykəltəraşlıq, ədəbiyyat sair mənada əsl əsərlərin mahiyyətini anlaya bilmirlər.

Üçüncü dil mövzusu tərcümə sənətində aktualdır. Məsələn, türkiyəli mütərcim Senail Özkanın tərcüməsilə doğma türk dilində işıq üzü görən Hötenin "Faust" əsəri, fikrimə görə, orijinal versiyasından o qədər fərqlənmir. Çünki hər sətirdə, hər parçada, hər bölümdə müəllifin üçüncü dil vasitəsilə qələmə alınmış yaradıcı qayəsi insan ruhuna türkün şirin ləhcəsində vücudu  titrədəcək qədər sirayət edir. Senail Özkan Hötenin fikirlərinə onun bütün əzəmətini hopdurub. Elə bu xüsusiyyətinə görə əsəri türk dilində danışanlar üçün böyük xəzinə hesab etmək olar.

Mən üçüncü dil deyəndə ədəbi dilin beş funksional - bədii, elmi, publisistik, məişət, rəsmi-işgüzar üslubunu nəzərdə tutmuram. Üçüncü dil birinci üç üslub üçün keçərlidir. Yəni bu dilin köməyilə bədii, elmi əsərlər, publisistik məqalələr yazmaq olar. Lakin bədii, elmi əsərlər, yaxud publisistik məqalələr, əsasən, bu dili bilmədən yazılır. Üslubla üçüncü dilin fərqli olduğunu Kafka Şopenhauerin timsalında belə açıqlayır: "Təkcə üslubunun gözəlliyinə görə Şopenhaueri oxumaq lazımdır". Bu o deməkdir ki, onsuz da üçüncü dildə yazan Şopenhauerin üstəgəl üslubu da gözəldir. Buradan belə nəticəyə gəlmək olar ki, üçüncü dil gözəl üslub terminləri bir-birini tamamlamaya da bilərlər.

Hər bir yazıçı ədəbi dilimizin fonetik, leksik qrammatik normalarına tabe olan üslubda gözəl əsərlər yaza bilər, amma üçüncü dil qaydalara tabe olan üslub demək deyil, bəlkə ən düzgün qaydaların tətbiqi ilə "qayda pozuntusudur".

 

Məhəmməd Füzuli yazır:

 

 

"Var bir dərdim ki, çox dərmandan artıqdır mənə,

Qoy məni dərdimlə, dərman eyləmə, var, ey həkim".

 

S.Özkanın tərcüməsində Faust deyir:

 

"Ben iyileşmek istemem, düşüncemin hakimiyim,

Yoxsa şimdi ben de başkaları gibi alçağın tekiydim".

 

 

Füzulinin dərdi ilə Faustun dərdi, göründüyü kimi, eynidir; onlar eyni dünyanın ortaq sakinləridir və hər kəsə məlumdur ki, mənəvi aləmin, maddicismani dünyanın əzabları arzuedilən deyil. Bu əzablardan qurtulmaq üçün Şopenhauer mümkün qədər arzulardan imtina etməyi məsləhət görürdü. Bəs o hansı dərd, hansı xəstəlikdir ki, insan sağalmaq istəmir? Bu, dünyanın dərk olunmasıdır və dünyaya ağalıq etmək fikrində olan uzun-uzun adam siyahılarından heç birinin düşüncə tərzinə mütabiq deyil. Çünki dünyanın dərki onun özündə deyil, kənarındadır. O kəslər üçün ki, maddi dünyanın hadisələri mühüm əhəmiyyət kəsb edir, onlar Füzulinin, Faustun dərdindən baş aça bilməzlər.

Görünənlər aləminin faniliyi baxımından dünyanın dərk olunması böyük dərddir. O zaman bu qədər böyük dərd niyə dərman olsun ki? Bunun sirri üçüncü dilin mahiyyətindədir. Qələm sahibi insan üçüncü dilin köməyilə nəhayətə varır, dünyanın üstünə qalxır; milyonlarla dünyanın hərəkət çevrəsinə mərkəz olur. 

Yəqin heç kimə sirr deyil ki, həzz almaq üçün biri alkoqollu içki içir, digəri narkotik vasitələrdən istifadə edir, başqası ləzzətli xörəklər, meyvələr yeyir, musiqiyə qulaq asır, intim əlaqəyə üstünlük verirsair. Bu zövqlər hamısı müvəqqətidir, həmişə təkrarına ehtiyac duyulur, amma dünyanın dərk olunma vəcdi zövqlərin ən yüksəyi, alisidir, həm də insanı heç vaxt tərk etmir. 

Bəzi insanlar özləri haqqında yüksək fikrə düşərək Füzuli dərdindən xəbərdar olduqlarını bəyan edirlər, amma bəyan etdiklərini şəxsi nümunələr vasitəsilə təsdiqləyə bilmirlər, ona görə ki, eşitdiklərindən bəhs etməklə yaşadıqlarından söz açmaq bir-birindən əsaslı şəkildə fərqlənir.

Sonda üçüncü dili xaraxterizə etmək üçün belə bir müqayisə aparaq. Bu dilin vasitəsilə ərsəyə gəlmiş bədii əsərləri oxumaq təyyarədə uçmağa bənzəyir; tez-tez dağın, ormanın üstündən keçirmiş kimi səciyyəvi ləngərlər vurursan; axı bu, filosofların dilidir.

 

Göyərçin KƏRİMİ

AYB-nin üzvü, şair, yazıçı-publisist

 

525-ci qəzet.- 2022.- 27 oktyabr.- S.15.