Nami faciəsi, yaxud qadının qürbətdə ölümü

 

 

Ölkəmizdə daha çox "Azərbaycan əsilli fransız yazıçısı" kimi tanınan Banin mühacirət ədəbiyyatımızın istedadlı nümayəndələrindəndir. Xalq yazıçısı, görkəmli tənqidçi Elçinin  "XX əsr Azərbaycan ədəbiyyatından yazanda Banin faktorundan sərf-nəzər ümumi bədii mənzərənin tamlığına xələl toxundurar" ("Literaturnaya qazeta", 26 iyul 1989)  qənaəti yazıçının irsinin dərindən, hərtərəfli araşdırılmasını və dəyərləndirilməsini aktuallaşdırır. Xalq yazıçısı Anar müsahibələrinin birində (Ramiz Abutalıbovun xatirəsinə. “525-ci qəzet”, 11.01.2022) 1987-ci ildə Bakıda Mirzə Fətəli Axundovun yubileyi ərəfəsində Ramiz Abutalıbovun vasitəsiylə Banini ölkəmizə dəvət etdiyini söyləyir və Baninin ona cavab məktubunu da oxucuların diqqətinə çatdırır: "M.F.Axundovun yubileyində iştirak etməyim barədə təklifiniz məni riqqətləndirdi. Mən onun həm ədəbiyyat, həm fəlsəfə sahəsində böyüklüyünü və xidmətlərini yaxşı bilirəm. O, əsərləri fransız dilinə çevrilmiş ilk Azərbaycan yazıçısıdır və mən fəxr edirəm ki, nə dərəcədəsə onun işini davam etdirirəm". Banin həmin məktubda bəzi səbəblərdən indi təklifi qəbul edə bilməyəcəyini yazır, eyni zamanda, vurğulayır ki, "əgər baharda doğma yerlərə ziyarətim baş tutsaydı, əla olardı". Xalq yazıçısı Anar müsahibəsində daha sonra deyir: "Nə yazıq ki, Ümmülbanu xanımın bir arzusu həyata keçə bilmədi. Bu məktubdan az sonra vəfat etdi. Onu da deyim ki, uzun illər vətənindən uzaq düşsə də, Qarabağ hadisələri başlayanda Banin fransız mətbuatında Azərbaycanın haqq işini müdafiə edən bir neçə məqaləylə çıxış etmişdi". 24 yaşında 1924-cü ildə Vətəni tərk edən Banin Fransa həyat tərzinə, ədəbi-mədəni mühitinə qaynayıb-qarışsa da, qəlbindən və qələmindən bir Azərbaycan ruhu da boylanır...

Baninin 11 kitabından hələlik üçü  "Qafqaz günləri", "Paris günləri" və "Nami" adlı əsərləri dilimizə tərcümə edilmiş və nəşr olunmuşdur. İlk iki əsəri Hamlet Qocayev tərcümə etmiş və 2007-ci ildə "Xan", 2019-cu ildə "Qanun" nəşriyyatı tərəfindən buraxılmışdır. Yazıçının "Banine Thillet" (Thillet Baninin ikinci ərinin soyadıdır (T.A) imzası ilə nəşr olunmuş "Nami"ni (Bakı,"Qanun" nəşriyyatı, 2022, 176 səh.) dilimizə Çimnaz Vəliyeva tərcümə etmiş, Azər romana "Ön söz" yazmışdır. 1942-ci ildə nəşr olunan "Nami" Baninin böyük yaradıcılıq yoluna qədəm qoyduğunu müjdələyən ilk kitabıdır.

Əsərin janr etibarı ilə roman, yaxud memuar olduğu mübahisə predmeti deyil. Doğrudur, burada Baninin həyat yolunu xatırladan bəzi məqamlar neft sahibkarının qızı olması, bütün uşaqlığının fransız dayəsinin himayəsi altında keçməsi, Bakıda ermənilərin törətdiyi vəhşilikləri gözləri ilə görməsi,  bolşeviklərin təqibindən ailəsi ilə birlikdə İrana qaçması, Paris həyatı ilə yaxından tanışlığı, sevgi macəraları kimi faktlar var, amma bütün bunlar əsərin avtobioqrafik səciyyəli olduğunu deməyə əsas vermir. Eyni zamanda qeyd edilməlidir ki, əsərdə cərəyan edən bir sıra hadisələrə, qeyd olunan faktlara müəllifin bundan 4 il sonra 1946-cı ildə qələmə aldığı avtobi-oqrafik romanı "Qafqaz günləri"ndə də rast gəlinir. Azərbaycan, rus və Qərb ədəbiyyatını dərindən mənimsəyən, dövrün ədəbi prosesini izləyən, fransız və mühacir rus yazıçıları ilə sıx  ünsiyyət saxlayan, klassik və çağdaş ədəbi cərəyanlara bələd olan Baninin bu əsəri duyğusal, dramatik və romantik hisslərlə yoğrulmuş realist nəsr nümunəsidir.

İki hissədən ibarət  "Nami" maraqlı süjet xəttinə və sadə kompozisiyaya malikdir. Birinci hissə əsərin qəhrəmanının  Sorbonna Universitetinin məzunu Naminin 1916-cı ilin yanvarından 1919-cu ilin martınadək olan dövrdə qələmə aldığı gündəliyin, ikinci hissə müəllifin təhkiyəsi əsasında yazılmışdır. Əsərin məzmunu Naminin həyat hekayəsi üzərində qurulmuşdur. Romanın birinci hissəsində Nami gündəliyində yazır ki, qumarda uduzub borca düşən atası onu borclarını ödətmək məqsədi ilə "nadir müsəlmanlardan", "rəftarca, görünüşcə mədəni", "güclü qumarbaz", "nəzakətli, eyni zamanda, dərkolunmaz", "ehtiraslı", "dövlətli", bütün bunlara rəğmən "zəhləm getdiyi", "ikrahla yanaşdığım" "güclü qumarbaz" Murada ərə vermək, "satmaq istəyir". Muradın birinci arvadından fransız, alman mürəbiyyələrindən tərbiyə alan, xidmətçilərinin gecə-gündüz qulluqlarında durduğu iki qızı və bir oğlu var. Amma Namini narahat edən nə Muradın yaşlı, nə əvvəllər evli, nə də üç övladının olmasıdır. Muradın ailəsinin həyat və təfəkkür tərzi Namidə ikrah hissi oyadır: bu ailə həyatda yalnız iki məqsəd pul qazanmaq və hər cür mədəniliyə bədxahcasına qarşı çıxmaq üçün çalışır. Muradın mülkü, pulu-parası Namini qətiyyən maraqlandırmır, əksinə onun "ürəyini bulandırır". Lakin Naminin başqa çıxış yolu da yoxdur, o Murada ərə getməlidir. Nami nəql edir: "Yoxsa, atam həyatımı cəhənnəmə döndərər. Onu xilas etmədiyimə görə, acığı tutmaq nədir, mənə nifrət edər. Desəm ki, gəl, həyat tərzimizi dəyişib xərclərimizi azaldaq, sən də qumarı tərgidib bir işin qulpundan yapış, şəstinə dəyəcək".

Romanın ikinci hissəsində müəllif təhkiyəsi oxucunu ovsunlayır, həyəcanlandırır, düşündürür, intizarda saxlayır: Bolşeviklər Xalq Cümhuriyyətini devirmiş, təqiblər, həbslər başlamışdı. "... indi hər şeyin -respublikanın, mal-mülkümüzün, lap bəlkə özümüzün də əcəli çatıb. Heç başa düşmürəm, nə əcəb bolşeviklər hələ də məni tutmayıblar?" - deyə müstəqil respublikanın sabiq nazirlərindən biri Murad təlaş içərisində vurnuxur, ölkəni bir addım tez tərk etmək haqqında düşünür. Nami də kədərli, qayğılıdır. Amma o, cəmiyyətdə cərəyan edən hadisələr haqqında yox, daha çox şəxsi taleyi, daşa dəymiş arzuları barədə düşünür, gileylənir, kədərlənir və "yanıqlı-yanıqlı fikirləşir". Bolşeviklərin qonşudakı evə basqın etdiklərini biləndə Murad vaxt itirmir "əclaflar məni də öldürəcəklər, qaçıb getmək lazımdır" - deyə mücrüdəki qızılları Namidən istəyir. Açar tapılmır, mücrü açılmır, Nami həyəcanlanır, axı atasına, Murada nifrət etdiyi, hətta ona ölüm arzuladığı, X. adlı ingilisə dəlicəsinə vurulduğu, onunla sevişdiyi barədə qeydləri xatirə dəftəri də mücrüdədir. Səbri tükənən Murad mücrünü alıb gözdən itir. Az sonra komissarlar mənzilə daxil olur, sorğu-sual başlayır, Muradı soruşurlar. Gecəboyu mənzildə axtarış aparır, evin altını üstünə çevirir, tüfənglərin lüləsi ilə bütün əşyaları dəlik-deşik edirlər. Namininin cazibədar əndamına toxunan kimi ehtirası coşan "başçı"da qadına sahiblənmək arzusu baş qaldırsa da, ona etiraz edən Namini təpikləyir, zinət əşyalarını cibinə doluşdurur...

İki gündən sonra bağbanları Firdovsi Namiyə xəbər verir ki, Muradın İrana keçmək məsələsi həll olunub, amma o yola düşməzdən əvvəl səni görmək istəyir. Nami ilə Muradın görüşü romanın gərgin səhnələrindəndir və hər iki xarakterin cizgilərinin büsbütün üzə çıxmasına, müəllif qayəsinin açıq-aşkar çatdırılmasına xidmət edir. Naminin gündəliyini oxuyan Murad əvvəlki deyildi, gözləri, dodaqları, üzünün ifadəsi dəyişmişdi, hətta "burnu da əvvəlki deyildi". Banin yazır: "Bu qəzəb dəhşətli və gözlənilməz şəkildə püskürdü. Murad ürkə-ürkə qarşısına keçən Naminin üzünə tüpürüb: "Murdar fahişə, rəzil qadın, qəhbə..." deyib guruldadı. Sözlər zəhərli damcılar kimi Muradın ağzından çıxıb Naminin üzünə çırpılır, ürəyini bulandırırdı. Ölüm deyildi ki,... Deyərdin atanın borclarına görə mənə ərə gəlmisən də. ..Sənin bu murdar utancaqlığın, murdar mədəniyyətin, sənin mənə od vuran bütün çirkin keyfiyyətlərin mənə baha başa oturdu. Özünü "centlmen" adlandıran, əslində əclafın dal ayağı olan atanın borclarını demirəm hələ". Naminin və atasının ünvanına Muradın söyüş və təhqirlərlə dolu monoloqu qurtarmaq bilmirdi. Nəhayət, Murad uşaqları götürüb İrana, oradan da Parisə gedəcəyini dedi və sonda Naminin başına bir təpik vurdu, məsləhət verməyi də unutmadı: "Qəhbəliyə başlamısansa, bu işin başını buraxma, özünə mənim kimi sarsaq kişilər taparsan.... Bəlkə yadından çıxıb, mənə ölüm arzulamışdın (Naminin gündəliyinə işarə vurur T.A.), mən də sənə eynisini arzulayıram".

Nami Muradla bu əzablı görüşdən bir müddət özünə gəlmədi, xəstələnəndi, yatağa düsdü. Ayağa durar-durmaz yenə əvvəlki arzusu baş qaldırdı: "Onun bütün arzuları Qərbə səmt alırdı, bu arzular onu adını da, özünü də sevdiyi ölkələrə aparır, amma hərlənib-dolanıb Yer kürəsinin eyni nöqtəsində Parisdə dayanırdı". Nami əvvəl Moskvaya, sonra Sank-Peterburqa, oradan Finlandiyaya, daha sonra Parisə getmək qərarına gəlir. Pulsuz-parasız, biletsiz Moskvaya getmək üçün yola çıxan Nami təsadüfən Muradın izi ilə onların mənzilini yoxlamağa gələn "başçı" ilə rastlaşır. Onun köməyi ilə qatara minən Nami artıq başçıya müqavimət göstərmir, könülsüz də olsa, onun bütün istəklərini yerinə yetirir, içir, əylənir, eyni yatağa girirlər. Namini bu əzablara dözməyə məhkum edən, onun əl-ayağını bağlayan aclıq, pulsuzluq idi: "...yumruqlar, təpiklər, rüsvayçı cinsi əlaqələr sayəsində Nami hər gün qarnı tox gəzirdi". Çox çətinliklə Nami "onu Moskvaya aparan körpü" hesab etdiyi "başçı"nın nəzarətindən yayınaraq Sank-Peterburqa getmək niyyəti ilə mənzildən qaçır. Qatara bilet ala bimir, birtəhər lokomotivə qalxır, güc-bəla, taqətsiz halda özünü maşinistin kabinəsinə salır. Maşinistin "kömür tozunun içində diz çöküb yalvaran zavallı qızcığaza" yazığı gəlir və onu özü ilə Sankt-Peterburqa götürür...

Sankt-Peterburqa böyük ümidlərlə gələn Nami burada da məyus olur: köhnə tanışlarından heç kimi tapmır. Ac-susuz qalan qadın yenə küçə həyatına başlayır: "Aclıq təzə "peşəsindən" də əzablı, hətta ondan da çətin idi". Naminin Sankt-Peterburqa gəldiyi vaxtdan bir aydan da çox keçməsinə baxmayaraq, hələ Finlandiyaya getmək üçün bilet almağa pul toplaya bilməmişdi... O, növbəti dəfə "bədənini satmaq" məqsədi ilə küçəyə çıxanda bir fransızla tanış olur. Naminin fransız dilini mükəmməl bilməsi, Parisdə təhsil aması, kövrəkliyi, məlahətli səsi, mədəniyyəti, indi də Parisə getmək üçün bilet almaq məqsədi ilə pozğun yola qədəm qoyması fransızı dərindən təsirləndirir, o, Namiyə lazım olduğundan da artıq pul verir və qeyri-ixtiyari dillənir: "Aman Allahım, necə də xoşbəxtəm!"

Nami qatarla Sankt-Peterburqdan Finlandiya sərhədindəki bir qəsəbəyə çatır. Qalan yolu piyada getmək, sərhədi keçmək lazımdır. Başının ağrısına, hərarətinin getdikcə şiddətlənməsinə rəğmən "Daha yıxılmaq olmaz"- deyə fikirləşən Nami  soyuğa, yağan qara fikir vermədən yorğun, taqətsiz halda bir müddət qar lopaları ilə örtülmüş küknar meşəsi ilə irəlilədi. Amma bu uzun çəkmir. Naminin vücudu söykəndiyi ağacın "gövdəsi ilə müticəsinə sürüşərək qarın üstünə düşdü". Roman bu cümlə ilə bitir: "Çiyninin üstünə yekə qar lopası düşdü. Amma Nami artıq qımıldanmırdı".

Nami maraqlı olduğu qədər də mürəkkəb xarakterli obrazdır. Onu sevmədiyi adama ərə verən, əslində "satan" atasına etiraz etməyi bacarmadığı halda, yaşadığı mühitə, ənənəvi yaşayış və əxlaq qaydalarına, köhnə fikirli insanlara qarşı sanki üsyan edir, cəmiyyətdən uzaqlaşmaq, Parisə getmək naminə hər şeyindən keçməyə hazırdır, bədənini satmaqdan, ölməkdən belə çəkinmir. Naminin düşüncə və həyat tərzi müəllif qayəsinin, əsərin ideyasının dolğun, aydın çatdırılmasına xidmət edir: İnsan azad yaşamalıdır, sərbəstliyə sərhəd qoyulmamalıdır. Milli-mənəvi dəyərlər, adət-ənənələr, hətta din, dil sevgi və məhəbbətə buxov olmamalıdır.

Əsər boyu Baninin Namiyə məhəbbəti, Parisə məftunluğu və parislilərə vurğunluğu sezilir. O, qələminin bütün gücü ilə çalışır ki, Namini neftxudalarla kasıbların bir yerdə yaşadığı, cah-cəlallı saraylarla yastı daxmaların yan-yana olduğu və "sərt islam qaydaları"nın hökm sürdüyü Bakıdan çıxarsın, Parisə aparsın. Müəllifin məhəbbətlə işlədiyi obrazlardan biri Mari Deşam parisli xanımdır. O, Muradın qızlarının mürəbiyyəsidir, qəlbən bağlandığı ailənin bir üzvü kimi onların sevincinə şərik olur, kədərinə ortaq olur. Güclü yumor hissi olan Mari Deşam qayğıkeş, sədaqətli, səxavətlidir. Mari Deşam "mənəvi tənhalığın əzabını çəkən" Nami ilə rəfiqəlik edir. Naminin bədənini satmaq üçün Sankt-Pererbuqda, küçədə rastlaşdığı gənc fransız epizodik obraz olsa da, Baninin təsviri ilə oxucuda unudulmaz təəssürat yaradır. Gənc fransız uzaq səfərə hazırlaşan çarəsiz Namiyə əl uzatdığı üçün özünü xoşbəxt sayır.

Romanı həm də, "ziddiyyətli obrazlar qalereyası" adlandırmaq olar. Naminin atası "istəyirəm qızım kölə yox, azad düşüncəli, sərbəst qız olsun" -desə, qızının təhsilinə qayğı göstərsə, yaxşı geyinib keçinməsini istəsə də, onu zorla, pul naminə istəmədiyi adama ərə verir. Murad övladlarına qayğı göstərir, xanımına isə xəyanət edir, gününü qumarda keçirir. Muradın "rus dilini ala-babat bilən" bacıları siqaret çəkir, çığır-bağır salır, "üçü də zəhər tuluğu və qurdludur". Lakin Naminin ən ağır vaxtlarında, xəstə ikən ona yardım edən, qayğı göstərən də Muradın Sürəyya adlı bacısı olur. Muradın qardaşı Qoçu Əsəd pul müqabilində "işi-gücü neft milyonçularını gah müdafiə etmək, gah da onları öldürməkdən" ibarət olan qoçulardan biridir. Qoçu Əsəd qızlarının təhsilinə, tərbiyəsinə ciddi diqqət yetirir. Onlar pianoda klassik musiqini ifa edirlər. Muradın qaynatası neftxuda Ağa Tağı "o qədər simicdir ki, yumurtadan yun qırxır", "çəkmələrinə köhnəlib dağılana qədər yamaq vurdurub geyir". Ağa Tağı Bakıda ən böyük neft mədənlərinə sahib olsa da, yeganə oğlunu İsveçrəyə müalicəyə göndərmir və oğlu vərəmdən vəfat edir. Obrazları daha çox mənfi cəhətləri ilə yadda qalır. Bununla belə o, Moskva və Peterburqda oxuyan tələbələrə təqaüd göndərir.

Romanda Bakıda erməni vəhşiliyindən bəhs edən dramatik səhnələr dövrün gerçək mənzərəsinə işıq salır. Nami gündəliyində yazır ki, ermənilərin məqsədi hərc-mərclikdən istifadə edib ancaq tatarları qırıb-çapmaqdır. Güllə səslərinin eşidildiyini, işıqların kəsildiyini, telefonların işləmədiyini, get-gedə nigarançılığın artdığını, şəhərin səksəkə içində olduğunu qeyd edən Nami gündəliyinə bunları da əlavə edir: "Silahlı dəstələr ermənilərmi, yoxsa bolşeviklər, hələ dəqiq bilinmirdi, bəlkə də, elə hər ikisi istənilən vaxt evə soxula bilərdilər".

Nami parispərəstdir, amma hərdən onda az da olsa, Vətənə bağlılıq hissləri özünü göstərir. Bolşevik təqibindən İrana qaçıb Rəştdə sığındıqları evin bağını görəndə "bu yerlər çox uzaqlarda qalmış bağ-bağatımızı xatırladır"-deyə xiffət çəkir. "Qərib ölkədə gün-güzəran sürməyə tabı qalmadığını"- dilə gətirən Nami "xəta-balalı İrandan qurtulmaq, Bakıya qayıtmaq, əvvəlki həyatına qovuşmaq arzusu ilə yaşayır. Türklərin "əziz, doğma" Bakının erməni-bolşevik quldurlarından təmizləməsi xəbərini eşidəndə isə sevincini gizlətmir: "Deməli, qayıda bilərik". Xatirə dəftərində Bakının intizarını çox çəkdiklərini yazan Nami geri dönərkən yeni təhlükə ilə üzləsəcəyindən şəhərə daxil olmağa icazə verilməyəcəyindən qorxub "ya Bakıya qayıdıb sevinəcəkdik, ya da mühacirətin dəhşətinə qatılacaqdıq" - deyə kədərlə düşünür. Bakının türk komandanından şəhərə girişə icazə xəbərini isə Nami "bizi baş gicəlləndirici səadətin zirvəsinə tulladı" kimi dəyərləndirir. Naminin gündəliyindən: "Qafqaz iğtişaş içində çalxalanan Rusiyadan tamamilə ayrılıb öz müstəqil dövlətlərini qurdu. İndi biz paytaxtı Bakı olan Azərbaycan Respublikasının vətəndaşlarıyıq". Deyilənlər Naminin soyundan, kökündən ayrılmadığnı, Paris eşqi ilə nəfəs alsa da, Vətən sevgisinin də ona yad olmadığını təsdiqləyir. Fikrimizcə, Baninin digər əsərlərinin tərcüməsi, irsinin daha ətraflı tədqiqi ədəbiyyatşünaslığımızın qarşısında duran aktual məsələlərdədir.

 

19.10.2020.

 

Abid TAHİRLİ

 

525-ci qəzet.- 2022.- 27 oktyabr.- S.14;15.