"Xəzərin problemləri regional məsələdir"
"BEŞ
ÖLKƏNİN ÇİRKAB SULARININ XƏZƏRƏ
AXIDILMASI DƏNİZİN
BİOMÜXTƏLİFLİYİNƏ DƏ BÖYÜK
TƏSİR GÖSTƏRİB"
2005-ci ildən etibarən Xəzər dənizinin səviyyəsi
enməyə başlayıb. Həmin vaxtdan
etibarən dənizin səviyyəsi müntəzəm
enir. Dənizin səviyyəsi 2005-ci illə
müqayisədə 1,19
metr aşağı düşüb. Yəni ən çox
enmə 30 santimetr olmaqla 2021-ci ildə qeydə alınıb.
Son 5 ildə Xəzər
dənizində suyun aşağı enməsi prosesi daha da
intensivləşib ki,
bu da iqlimdə
baş verən dəyişikliklər, quraqlıqla
əlaqədardır.
Mütəxəssislərin sözlərinə
görə, su çatışmazlığı yaxın 2-3 il
ərzində özünü
daha kəskin büruzə verəcək.
2050-ci ildən sonra Xəzərdə suyun səviyyəsinin artması proqnozlaşdırılır.
Prezident İlham Əliyev də Aşqabadda keçirilmiş Xəzəryanı
Dövlətlərin Dövlət
Başçılarının Zirvə Toplantısında
Xəzər dənizinin
ətraf mühitinin bugünkü vəziyyətinin
və dəniz səviyyəsinin aşağı
düşmə dinamikasının
narahatlıq doğurduğunu,
bu problemlərin həlli ilə əlaqədar əməkdaşlığın
genişləndirilməsində ölkəmizin maraqlı olduğunu vurğulayıb. Dövlət
başçısı Xəzərin
bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi
üzrə komissiya çərçivəsində Xəzəryanı ölkələrin
uğurlu qarşılıqlı
fəaliyyətinin davam
etdiyini, bu ilin sonunda Bakıda
"Xəzər dənizinin
dəniz ətraf mühitinin mühafizəsi
haqqında" Çərçivə
Konvensiyasının tərəflərinin
VI konfransının keçirilməsinin
nəzərdə tutulduğunu
bildirib: "Biz Xəzərdə
suyun azalmasını uzun illər boyu müşahidə edirik və təəssüf ki, dayazlaşma dinamikası narahatlıq doğurur. Buna görə biz fikir mübadiləsi apardıq və yəqin ki, nümayəndə heyətlərimiz
belə ekoloji fəlakətin səbəblərinin
aşkar edilməsi və Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını
almağa yönəlmiş
tədbirlərin müəyyənləşdirilməsi
üçün xüsusi
ekspert qruplarının
yaradılması işini
davam etdirəcəklər".
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyir ki, son 20 ildə Xəzərdə suyun səviyyəsinin düşməsi bizi çox narahat edir. Burada iqlim dəyişmələri
əsas amildir. Ancaq digər amillər da var. Tələbat, əhali artıb: "Bizim məqsədimiz bu istehlakın daha səmərəli, daha ağıllı formada idarə olunmasıdır.
Vətəndaşlar da, istehlakçılar
da suya münasibətdə
məsuliyyətli olmalıdırlar".
Nazirin sözlərinə
əsasən, Azərbaycanda
Xəzər dənizinin
ətraf mühitə
mənfi təsirlərini
minimuma endirmək üçün ardıcıl
tədbirlər görülür. Xəzər
dənizinin Azərbaycan
Respublikasına mənsub
olan bölməsində
ekoloji vəziyyətin
qiymətləndirilməsi məqsədilə
işlər davam etdirilir, dənizin bioloji ehtiyatlarının və hidroloji vəziyyətinin öyrənilməsi
və ətraf mühitə mümkün
neqativ təsirlərin
müəyyənləşdirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
"Əlif Hacıyev"
elmi-tədqiqat gəmisi
ilə mütəmadi
ekspedisiyalar keçirir.
Azərbaycan Ekologiya Standartlarının
Monitorinq Fondunun prezidenti Rauf Sultanov bildirib ki, bu proses
iqlim dəyişikliyi
ilə bağlıdır:
"İqlim dəyişikliyi
təbii prosesdir. 12 ildən bir
belə dəyişikliklər
müşahidə olunur.
Yerin öz oxu ətrafında
fırlanması də
prosesə təsir edir. Xəzər dənizində 50-100 metr çəkilmə qeydə alınır.
Son yüzilliklərdə bu hal dəfələrlə
baş verib. Amma ümumilikdə Xəzərin
problemləri regional bir
məsələdir. Beş ölkənin
çirkab sularının
Xəzərə axıdılması
dənizin biomüxtəlifliyinə
də böyük təsir göstərib.
Bilirsiniz
ki, Xəzərin sərhəd hissələrində
atılan çirkli sular dənizin dibində olan bitki örtüyünü
məhv edir. Bitki örtüyünü məhv
etmək həmin bitkilərlə qidalanan canlıların qidasını
məhv etmək deməkdir. Bu bitkilərlə digər bitki orqanizmləri də qidalanır, onlar isə balıqların yemi sayılır.
Qida zənciri ilə bağlı dənizdə böyük
bir proses baş verir. Yer kürəsində oksigenın
əmələ gəlməsində
su bitkilərin rolu 60 faizdir. Təsəvvür edin ki, əgər quru ərazidə bitkilər məhv edilibsə, bunu insan müəyyən
müddətdən sonra
bərpa etmək imkanına malik olur. Qida zəncirində bu
proseslər bir-birinə
olduqca böyük təsir göstərir.
Həm oksigen təminatı, həm də yem olaraq bitkilərin
məhv olması bioloji resurslara böyük təsir göstərir. Bu gün Volqa çayı hövzəsində
böyük bir ərazinin məişət
tullantıları çaya
axıdılır. Ən böyük
zərbə də Xəzərin şimal ərazisinə dəyir.
Eyni zamanda, Xəzər dənizində neft çıxarılması nəticəsində
dəniz neftlə çirklənir, bu, biomüxtəlifliyə ən
güclü təsir göstərən amillərdən
biridir. SSRİ dövründə Azərbaycanda
Ekologiya Nazirliyi yox idi, o zaman
Xəzərin çirklənməsi
kimsəni maraqlandırmırdı.
Çıxarılan neftin müəyyən
bir hissəsi dənizə axırdı.
Bu, dənizin ekoloji vəziyyətinə
çox pis təsir etdi. İndi də Xəzərin şelf əraziləri var ki, torpaq
bir neçə metrə qədər neft məhsulları ilə zəhərlənib.
Hazırda müasir texnologiyalarla
neft çıxarıldığı
üçün dənizdə
çirklənmənin qarşısı
müəyyən qədər
alınır. İndi Xəzərin
biomüxtəlifliyinin qorunması
istiqamətində müxtəlif
ölkələr, eləcə
də Azərbaycan vəsaitlər sərf edir və balıq
yetişdirmə təsərrüfatları
təşkil olunur.
Milyonlarla balıq hər il
Xəzər dənizinə
buraxılır, amma istər-istəməz dənizin
bioresursları getdikcə
azalır. Başqa dənizlərdən fərqli olaraq Xəzər dənizi unikal bir dənizdir,
şimalı ilə cənub hissəsi bir-birindən fərqlənir.
Xəzər dənizinin duzluluğu
şimal, cənub və orta hissədə
fərqlidir. Bu fərqi qoruyub saxlamaq müəyyən canlıları qorumaq baxımından vacibdir".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Mühafizəsi Xidmətinin rəisi Mehman Axundov deyir ki, Xəzərin səviyyəsinin dəyişməsi fonunda onun canlı aləmi də dəyişikliyə məruz qalır. Belə ki, səviyyənin enməsi balıqların yerlərini itirməsinə, ümumiyyətlə, balıq ehtiyatının azalmasına gətirib çıxarır. Balıqların sayının azalmasının əsas səbəbləri sırasında brokonyerlik və suyun çirkli olması göstərilsə də, son illər çirklənmənin rolu olmadığı deyilir. Qeyd edilir ki, iqlim dəyişmələri ilə əlaqədar dənizdə suyun temperaturunun artması onların populyasiyasına təsir göstərir və onlar digər areallara doğru miqrasiya edirlər. Bunlar isə sırf iqlim faktorlarıdır.
Mehman Axundov qeyd edib ki, Xəzərdəki balıq populyasiyasının azalması birbaşa iqlim dəyişikliyi və temperaturla əlaqədardır. Anomal istilik Xəzər regionunda biomüxtəlifliyin azalmasına səbəb olur: "Bununla əlaqədar olaraq, balıqların təbii çoxalmasına şərait yaratmaq və biomüxtəlifliyə mənfi təzyiqi azaltmaq məqsədilə Xəzər dənizinə axan çaylarda suyun alınmasını optimallaşdırmağa və su-elektrik stansiyaları üçün bəndlərin tikintisini dayandırmağa çağırırıq. Əks halda, Xəzərdə Aral dənizinin yoxa çıxmasına bənzər ssenari baş verə bilər".
Xəzər dənizinin öyrənilməsi istiqamətində müxtəlif ölkələrin alimləri tərəfindən araşdırmalar bu gün də davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Dövlət Neft Şirkəti və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi ilə ildə 4 dəfə Xəzər dənizində şimaldan cənuba doğru monitorinqlər aparılır. Sahil zolağını da əhatə edən monitorinqlər zamanı götürülən su nümunələri üzərində fiziki-kimyəvi, mikrobioloji, toksikoloji təhlillər edilir. Bununla çirklənmə dərəcəsi müəyyən olunur. Monitorinqlər və kompleks tədqiqatlar xüsusən neft-qaz hasilatı ilə məşğul olan yerli və xarici şirkətlərin platformaları arasında - Xəzər dənizinin Azərbaycan sektorunda fəaliyyət göstərən "Bahar", "8 mart", "Ələt-dəniz", "Bulla-dəniz", "Ümid", "Şahdəniz", "Abşeron", "Çıraq", "Mərkəzi Azəri", "Günəşli", "Neft Daşları", "Palçıq pilpiləsi", "Çilov", "Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə", "28 may" NQÇİ, JOCAP yataqlarında keçirilir. Monitorinqlər zamanı müxtəlif koordinatlar üzrə su, qrunt, zooplankton, bentos və hava nümunələri götürülür, dəniz üzərində atmosfer havasının çirklənmə vəziyyəti öyrənilir, hidrometeoroloji ölçmələr, biomüxtəliflik tədqiq edilir. Eləcə də həm şimalda, həm də cənubda Xəzər dənizinin fon müşahidələri aparılır. Neft-qaz hasilatı həyata keçirilməsinə baxmayaraq, son zamanlar müasir texnologiya və avadanlıqlardan istifadə nəticəsində dənizin çirklənmə səviyyəsinin azaldığı deyilir.
Dənizin çirklənmə səviyyəsindən danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov bildirib ki, nazirlik bu sahədə sırf nəzarət funksiyasını həyata keçirir. Məqsəd hansısa sahibkarlıq subyekti, dövlət müəssisəsini müəyyənləşdirib cərimə tətbiq etmək deyil. Onun sözlərinə görə, fəaliyyət nəticəsində ətraf mühitə ziyan vuran sahibkarlar bunun qarşısını almaq üçün müvafiq tədbirlər həyata keçirməli olduqlarını bilməlidirlər. Hər hansı sahibkarlıq subyekti çirkli suyu dənizə axıdırsa, məsuliyyəti özü daşıyır. Obyekt sahibləri təmizləyici qurğu quraşdırmalı və ya bir neçə sahibkar birləşib bu istiqamətdə iş görməlidir.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 27 oktyabr.-
S.11.