Ziya - həm də işıq deməkdir
Fəxrəddin
Ziyanın işıqlı şeirləri barədə
eksklüziv mülahizələr
Şeirləri,
lirik dünyası ilə müasir poetik məkanda seçilən,
öz səsi, öz nəfəsi, həyat hadisələrinə
orijinal yanaşma tərzi olan Fəxrəddin Ziya maraqlı və
rəngarəng əsərləri, bədii-poetik nümunələri
ilə uca məqama haqq etmiş insanlardandır. Onun sənət
palitrası çox rəngarəng, fəza genişliyi qədər
tutumlu mövzulardan ibarətdir. Dəyişən duyğular,
intellektual çalarlar, mənəvi norma və
formalar gerçək poetik çələng kimi oxucu qəlbini
bürüyür. Və oxucu-sənətkar
doğmalığı bu auranın qovuşuğundan
yaranır.
Fəxrəddin
Ziyanın ictimai motivli, cəmiyyətə
ünvanlanmış, naqislikləri ürək
yanğısı ilə dilə gətirən şeirləri
də, məhz, ali insani məqsədə
xidmət edir. Haqsızlıq, ədalətsizlik,
həqiqətin təhrifi, insan haqları və
azadlıqlarına qarşı hər bir adi cəhd də, Fəxrəddin
Ziyanı incidir, onun qəlbini təlatümə gətirir, qələmində
poetik haraya çevrilir. Buna görə də,
o, bütün sosial çaşmalara və yolazmalara etiraz
edir, yer üzündə mənəvi azadlığın və
ədalətin qələbəsi uğrunda poetik mübarizə
aparır. O, yaxşı bilir ki, bütün dəyərləri
eyni məxrəcə gətirmək, bütün ziddiyyətləri
aradan qaldırmaq, humanist düşüncənin təntənəsinə
nail olmaq heç də asan deyil. Amma
bütün bununla birgə, cəmiyyətin xəstə
anatomiyasına yaxşı bələd olan şair, onu əlahəzrət
sözün işığında mühakiməyə çəkir.
Söz cərrahı kimi onun yaralarını təşrih
etməyə çalışır. Məsələn:
Nə
vaxtdır ürəyimdə ağır bir kədər,
Yas
saxlayıram,
Qolunda
böyük təpər,
Ürəyində
bir ömürlük səbr,
Qəlbində
köləlik ruhu
Və bir
qarın çörək qazanmaq ümidi,
Boynubükük
durnalar üçün
Yas
saxlayıram,
Gündə
azı bir yol,
Bu cür
acı taleləri görüb
Halını
pozmayan,
Xalqın
qanını zəli kimi
Soranlar üçün.
("Yas
saxlayıram")
Başqa bir şeirində bu ictimai yanğı
açıq qəzəbə çevrilir, poetik ittiham
çılpaq şüar kimi səslənir.
Gündə
bir don alır, bir kostyum geyir,
Bu boz sifətlilər, yekə qarınlar.
Qaçqının,
şikəstin payını yeyir
Bu nazir quldurlar, başçı harınlar.
("Biz
hara gedirik")
"Mən
saray şairi ola bilmirəm", "Bir az da döz ürəyim",
"Yaman yerdə gecələdik", "Gedirəm
ölümə doğru", "Biz hara gedirik",
"Qumru", "Xətai işığında",
"Bilmərik", "Bu millətin dərdi nə
çox", "Nakəslərdən həzər",
"Məmməd Araz karandaşı" və başqa
şeirləri belə ictimai yanğı ilə dolu, sosial
problemləri çözələyən poetik nümunələrdir.
Qeyd etdik ki, Fəxrəddin Ziyanın mövzu arealı
geniş, rəngarəng və çeşidlidir. Vətəndən,
anadan, məhəbbət yanğısından Çanaqqalayadək
uzanan bu mövzuların hər birində şairin səmimi,
mübhəm duyğuları boy göstərir. Hər mövzu öz biçimində öz əhvalında,
poetik obrazında üzə çıxır. İctimai motivli nümunələr, şəxsi
duyğular, məhəbbət, ana yanğısı, ata
sevgisi, təbiət barədə düşüncələr
onun poetik obrazlarının əsasını təşkil
edir. Bu mövzular poetik əlahiddəlikdə
ehtiras və xəyalları birləşdirir, şairin məhrəm
duyğularının qol-qanad açmasına rəvac verir, kədərli
misralar nikbinlik yaradan ovqatla qovuşur, bir sözlə, şair
nəfəsi bədii bəşərilik kəsb edir.
Ana haqqındakı bütün şeirlərdə bir təəssüf,
bir günah hissi və onun etirafı var. Anaya xidmətin
yarımçıqlığı, özünəqapanma, təəssüf
və buna bənzər hisslər ana qarşısında
övlad borcunun sonadək ödənilə bilməməsinin
etirafıdır. Bu hisslər və duyğular Fəxrəddin
Ziyanın poetik məqamı üçün də məhrəm
bədii çevrədədir. "Bağışla,
can ana" şeiri belə poetik yüklü, bədii
qatlı şeirlərdəndir. Şeir, həm
də, orijinal struktura malikdir. Ənənəvi on ikilikdə
yazılmış şeir bayatı ilə başlayır:
Köçüb,
bir dünyam, yoxdur,
Gölüm var, sonam yoxdur.
Virandır
atam evi,
İçində anam yoxdur.
Ana yoxluğu şeirdə uşaq səmimiyyəti və
yanğısıyla qələmə alınıb. Anaya doğru can atan bu
israrlı və qətiyyətli poetik iradə yaşamaq nə
qədər şirin olsa da, anaya qovuşmaq üçün
şairi ölmək arzusuna qədər çəkib
aparır. Bu, poetik etirafın ən yüksək
həddidir.
Doğrudan da, Fəxrəddin Ziyanın əsərlərində
etiraf motivi çox öndədir və güclü poetik
struktur kimi özünü göstərir. "Bağışla",
"Keç günahımdan", "Qayıt" və
başqa bu tipli poetik nümunələrdə etiraf
peşmançılıq həddinə çatır.
Peşmançılıq insanın mənəvi katarsizminin əni
ali nöqtələrindən biridir. Peşmançılıq insanın daxili təmizlənmə
anıdır, həm iradə, həm ruh, həm ürək, həm
istək momentində özünütanıma prosesidir. Peşmançılıq insan qəlbində və
ruhunda yaşanan zülməti, narahat qaranlığı
özünüdərkə çevirən stixial bir andır.
Fəxrəddin Ziya bu anı mükəmməl
yaşayır və onu poetik obrazlarla universal şəkildə
əyaniləşdirir.
Şairin yaradıcılığında sevgi şeirləri
bir silsilə təşkil edir və onun poetik ruhunun tərcümanı
kimi maraq doğurur. Bəzən sızıltılı
duyğular, olub-keçənlər üçün şair həsrəti,
dünyanın, varlığın, insan ömrünün, həyatın
mənası, zamanın gərdişi məhəbbət motivləri
ilə qoşalaşır və ritmik mənzərə
yaradır, insanın insana olan dərkini, hisslərinin fəlsəfəsini,
estetikasını ortaya qoyur. "Neyləyim", "Qoşa
gəzək dünyanı", "Xatirə", "Sənin
gözlərin", "Bu qədər öyrətmə
özünə məni" (Ustad Musa Yaquba məhəbbətlə),
"Gülüm hey", "Sarı gəlin",
"Gözlərin" məhəbbətin fəlsəfəsini
açan, insanın sevgidə özünü tapması, iki
canda bir tam kimi hiss etməsi barədə poetik hekayətlərdir.
Nə tez
soldu bu gül-çiçək,
Olan oldu, keçən keçdi?
Yarı xəyal,
yarı gerçək,
Olan oldu, keçən keçdi.
("Olan
oldu")
Çox səmimi misralardır. İnsan xəyalını
uçuran, keçmişlə bu günü, xəyalla
gerçəkliyi qovuşduran bu misralarda insan kədəri ilə
sabaha ümid çulğalaşır, baş-başa gələn
hisslər insan talelərinin harmoniyası kimi poetik ovqata
çevrilir.
Başqa
bir nümunə:
Ömür
keçir, ay dəyişkən il qısa,
Nə
gözəldir, göz danışa, dil şuşa.
Əgər
sənin ürəyində varamsa,
Köynəyinin titrəməsi bəsimdir.
("Bəsimdir")
Fəxrəddin Ziyanın şeirləri metaforalar,
peyzajlar, bənzətmələr, poetik işarələr və
işarətlərlə zəngindir. Bəzən onun əsərləri
kamil bir rəssamın tablosunu xatırladır. Bu tabloda təbiət nəfəs alır,
gül-çiçək adamın üzünə
gülür, şəlalə "özünü qayadan
atır", meşələr əbədi əzəmətilə
xışıldayır, küləklər müxtəlif
notlarda nəğmələrini oxuyur. Bir
sözlə, Fəxrəddin Ziyanın şeirləri əsl rəsm
nümunələridir, təbiəti vəşf edən
tablolardır. Bədii-poetik peyzaj təsiri bağışlayan
aşağıdakı misralara nəzər yetirək:
Yenə
gül qoxuyur çölün nəfəsi,
Ləçəyin
şəbnəmi, bülbülün səsi,
Qoy
öpsün üzündən düzün laləsi,
Əyilib ahəstə, üz, gözəlliyi.
("Gözəllik")
Şairin
əsərləri ilə tanış
olduqca onun şeirin müxtəlif forma və şəkillərindən
bacarıqla istifadə etdiyinin şahidi oluruq. O, hər bir
formaya, janra üsulluca yanaşır, şeirin müxtəlif
şəkillərində öz fikir və düşüncələrini
aydın, yaradıcı ustalıqlarla ifadə edə bilir. O,
qoşma, gəraylı, qəzəl janrında olduğu kimi
bayatılar, dördlüklər, səkkizliklərdə də
yaradıcı potensialını ustalıqla reallaşdıra
bilir, hər bir janrın ruhuna, ritminə uyğun bədii
peyzajlar yaradır, oxucuya məhrəm poetik ovqat
aşılayır. Xüsusən, qəzəl
yaradıcılığı maraq doğurur. Onun qəzəlləri bir silsilə təşkil
edir. Kamil şeir nümunələri olan
bu qəzəllərdə şairin mənəvi
dünyası boy göstərir, azad, humanist, insanlığa
çağırışları eşidilir, insanın daxili
dünyası, pak, təmiz duyğularının tərənnümü
öz əksini tapır.
Qəzəllərdə qəliz ərəb-fars tərkibli
ibarələrdən daha çox müasir, populyar, işlək
ifadələrdən istifadə edilir. Əruzun daha
çevik, oynaq, müasir insanın ruhuna yaxın bəhrələrindən
bəhrələnilir. Bu da qəzələ
müasir ruh və nəfəs verir. Bu,
şairin, çox güman ki, içdən gələn
instinktiv seçimidir. Zamanın diktəsilə
təbii yeniləşmə qəzəl janrında da
özünü göstərir. Bu məqamda
Fəxrəddin Ziya qəzəlləri ustad Əliağa Vahid
qəzəl dünyası ilə ekvivalentləşir. Fəxrəddin
müəllim oxucu yaddaşında Vahidin davamçısı
kimi qalır!
Görmədim
vəslin bir yol ki,
ta biləm
vüsal nədir,
Ver-ver
zülmünü dəmadəm,
zülmkarım sənmisən!
("Sənmisən")
Yaxud:
Dünya,
göz açandan mənə,
ey can, qəhər
oldu,
Ömrüm bir ömür olmadı,
ağır səfər oldu.
("Dünya, göz açandan")
Göründüyü kimi, hiss və duyğular aydın ifadə və ibarələrlə, səlis, anlaşıqlı bir dillə çatdırılır, qəzəlin ruhunda müasir şeirimizin ritmi və melodiyası qorunub saxlanılır. Pak mənəvi iradə poetik vüsətin bədii çalarlarında şairin mənəvi dünyası kimi təcəlla edir. Qəzəllərdə ayrılıq, həsrət, hicran, sevən qəlbin ahəngdar döyüntüləri ilə yanaşı, bir mistik ovqat da izlənməkdədir. Allaha, yaradıcı qüvvəyə metafizik münasibət, sətiraltı mətndə ilahi qüvvənin ecazkar gücünə inam mətnin məntiqində dayanan poetik ovqatdır. Belə hiss və duyğular müəllifin səmimi münasibəti kimi bütün qəzəllərin mətnində bu və ya başqa yöndən qorunub saxlanılır.
Fəxrəddin Ziyanın şeirlərinin mayasında qəm də, kədər də, ayrılıq həsrəti, niskil də poetik ovqat kimi boy göstərir. Amma bütün bu duyğularla yanaşı qəmə, kədərə bir nikbinlik, ümid, sabaha inam hissləri də dominantlıq edir. Bu da onun şeirlərinə işıqlı bir ovqat bəxş edir. Fəxrəddin Ziyanın şeirləri sanki gün işığında yazılıb, bu poetik nümunələr, elə bil gün işığında yuyunb gəlib, odur ki, nikbin, işıqlı, aydın, duru əhval-ruhiyyə yaradır. Və bu işıqlı düşüncə tərzi hər cür geriliyə, yalancı ənənəçiliyə qarşı döyüşkən, yüksək, azad, humanist duyğular uğrunda mübarizə aparan istedadlı bir şairin yaradıcılıq yolunu aydınlaşdırır, onun gələcək uğurlarına işıq tutur.
Loğman
RƏŞİDZADƏ
yazıçı-publisist
525-ci qəzet.- 2022.- 28 oktyabr.- S.15.