Ağrını yazmağın əzabı
Zemfira Məhərrəmlinin
Qarabağ hekayələri barədə düşüncələrim
Tanınmış yazıçı-publisist Zemfira
Məhərrəmlinin Qarabağ
ağrısı, Qarabağ
yanğısı ruhun
ağrısıdır, ruhun
yanğısıdır. Bakıda doğulub
boya-başa çatan
insanın ağrını,
yanğını bu qədər içdən
duyması təkcə
onun sevdiyi Qarabağa zaman-zaman gedib-gəlməsi ilə mümkün deyil. Bu, ayrı bir
sevgidən doğan ağrıdır, yanğıdır,
hissdir, yanaşmadır.
Zemfira xanımın Qarabağla bağlı istər hekayələrində, istərsə
də publisistik yazılarındakı çırpıntı
vətən sevgisindən,
vətən ağrısından
qaynaqlanır. Bu, vətən üçün
döyünən ürəyin
çırpıntısıdır.
Vətənə, torpağa bu qədər sevgi olmasaydı, əsərlər
belə canlı alınmazdı. Bu, o yerlərdə
yaşamış həsrətli
insanın ürək
ağrısı qədər
içdən gələn
hıçqırtıdır. İstər dağların, dərələrin
təsvirində, istər
yurd yerlərindən didərgin düşmüş
insanların həsrətində
bütün bunlar özünü açıq-aydın
göstərir. Dağ adamının
aranda çəkdiklərində
də bu belədi, qoyub gəldikləri dağlara
intizarla boylanan baxışların sükutunda
da.
İnsan demədiklərini sükutunda
deyir, danışır. Sükutu vərəqə,
yazıya köçürmək,
hıçqırtını sözlə ifadə etmək yazardan məharət, istedad tələb edir.
Açıq qalan, görmək istədiklərini görən
gözlərin hər
"fotoşəkli" böyük
bir əsərdir. Hər kirpik
çalındıqca, ömür
yazısı pərdələrə
bölünür.
Zemfira Məhərrəmli
Birinci Qarabağ savaşı illərində
qaynar nöqtələrə
səfərlər etdiyindən
onun müharibə mövzusunda yazıları
o qədər təbiidir
ki, elə bil döyüş bölgəsindəsən. Yaralanmış,
döyüşdən çıxmış
o adam sanki
elə özünsən.
Zemfira xanım
hadisənin, gerçək
halətin ağrılarını
oxucuya aşılaya bilir. Oxucu özünü
hadisənin içində
hiss edir, olanları yaşayır. Bu, müəllifin yaradıcılığının
ən gözəl məziyyətlərindən biridir.
Zemfira xanım
harda olursa-olsun, maqnit kimi özünə
çəkən ağrını
duyur və onu yazıya çevirir. Bu ağrılar
təkcə Qarabağ
ağrısı deyil,
insanın və insanlığın üzüntüsü,
iztirabıdır.
lll
Çar
Nikolayın vaxtında
ermənilərin müsəlmanlara
qarşı törətdiklərindən
başlayaraq, keçən
əsrin 90-cı illərinin
əvvəllərində Qarabağa
yağdırdığı qrad, artilleriya mərmilərindən qarabağlıların didərgin həyatı, itkiləri ilə bərabər, sevdiklərindən də uzaq düşməsinin yaşatdığı ağrıları,
üz-üzə qaldığımız
vəhşilikləri "Sevgimi
neylədin, Daşaltı
dərəsi" hekayəsində
cəmləyən Z.Məhərrəmli
az sözlə böyük bir tarixi, həm də ayrı-ayrı zaman dönəmlərini əks etdirə bilib. Müəllif baş verən
prosesləri, hadisələri
bir sözə, ifadəyə sığdırmaqla
oxucusunun gözünü
yormayaraq onu düşünməyə sövq
edir.
Zemfira xanımın
ustalığı təkcə
hadisəni olduğu kimi oxucuya çatdırmaq
deyil, həm də onu doğuran
səbəbləri izah
etməkdir, yığcam
fikirlə çox şeyləri anlatmaqdır.
Əsərdə təsvirlər o qədər
təbii və yerindədir ki, ora nəyi isə
əlavə etməyi
düşünə bilmirsən. Şeirdə misraya sözü əlavə edə bilməmək kimi.
Son görüş və ayrılıq... Əbədi xatirə.
Hekayənin qəhrəmanları Salehlə
Gülərin sevgisi ötən illərdə Qarabağda yaşanan, yarıda qırılan nakam sevgilərin real bədii təsviri, gerçəkliyin inikasıdır.
Doğma
yurd-yuvasından didərgin
düşənlərin qürbət
ömrü, isti ev-eşiyinə sonuncu kərə kənardan baxış, göz yaddaşının yığa
biləcəyi ağır
yük... Sevgilisini qoyub gəldiyi, nəmli baxışların
uzana biləcəyi qədər uzandığı,
Salehin şəhid olduğu Daşaltı dərəsi...
ayrılmaq nə qədər çətin
sənə doğma
səsdən, sözdən,
üzdən...
ayrılmaq nə qədər çətin
səni axtaracaq baxışlardan, gözdən...
lll
"Qırx qızın
qırx birincisi" hekayəsi dağ adamının aranda yaşamaq əzabından,
çadır həyatından
başlayır. Bu həyatın,
yurd itkisinin ağrıları insanın
üzündə cığır
salan izlərdən oxunur. Heç vaxt yayın qızmarını duymayan,
dağ havasını
udmuş, zümrüd
meşələrdə gəzmiş
uşağın, böyüyün
yayda bir ağac belə bitməyən səhrada yaşaması, çadırı
deşib keçən
günəş şüasının
içi yanmış
insanın kürəyini
yandırması, günahsız
uşaqların çəkdikləri...
sənin də kürəyindən keçib
ürəyini yandırır.
Qırmızıyanaq uşaqlarda zaman ötdükcə qızartıların qaralması,
meydan kimi evdən çıxıb
çadıra sığınması
qaçqın uşağının
yaşadıqlarıdır, çəkdikləridir...
Küçəsi - səhranın çıxış
xətti,
məhləsi - yardım
məntəqəsinin yanı,
evi sonuncu çadır,
yatağı çadırın
küncü -
Qaçqın uşağı.
Çadırda, vaqonda doğulub, vaqonun altından asılan beşikdə böyüyən qaçqın
uşağının dünyanın
bəxtəvər körpələrindən
tam fərqli həyatı
əsərin sətiraltı
ifadələrindən, eyhamlarından
bəlli olur.
Vaqonun altından asılan beşik,
içində körpələr
böyüyür indi...
Zemfira Məhərrəmli
tarixi tarixçilərin
yox, daha çox yazarların, ədəbiyyatçıların yazdığını, eləcə
də ermənilərin
özgəninkini həmişə
özününküləşdirməyə
çalışdıqlarını yaxşı bildiyindən məqam düşdükcə
yaşayış yerlərimizin
adının yaranmasının
izahını verməyə
çalışır. Qırxqız dağı kimi.
Evin istiliyinin
onun rahatlığı
ilə getdiyini azyaşlı uşağın
belə anlayacağı
sadə dildə ifadəsi mənzərəni
göz önündə
aydın şəkildə
canlandırır.
Əsərdə ermənilərin hamilə
Səmanı maşından
sürüyüb məhz
qarnını nişan almasını
oxuyarkən bətndə
ölən körpənin
son çığırtısı qulaqları batırır.
Bu, insanlıqdan çox uzaq olan erməni xislətinin bariz nümunəsidir. Xocalıda
əsir götürülən
ananın döşünü
kəsib südəmər
körpənin ağzına
soxaraq səsini kəsmələri kimi... Bu hekayələr bizim necə bir düşmənlə üz-üzə qaldığımıza
əyani sübutdur.
Əsir düşən qadınların
məşəqqətli həyatı,
qardaşlarının yanına
"girov" damğası
ilə qayıtmaqdan ölümü üstün
tutmaları, yurd itkisi, vətən həsrəti ilə dünyadan köçmə
əzabı heç bir əzabla, iztirabla müqayisə oluna bilməz. Əsirlikdə nə qədər ağır xəstə olsa da, "Birdən mənə erməni qanı köçürərlər" deyib hər vəclə buna mane olaraq şəhidliyi üstün tutması qadınlarımızın qatil
ermənilərə kəskin
etirazı, nifrətidir.
Əsirlikdəki qızının qayıtmasına
qurban deyən atanın cənazə evə gələndə qurbanlığı kəsməsi
qızının meyitinin
belə erməni əsirliyindən alınmasının
rahatlıq səhnəsidir. Nə qədər
ağır olsa da, meyitin əsirlikdən,
ermənidən qurtulma
sevincidir. Sevincə,
bayrama bax, İlahi! Azərbaycan xalqı bu
28-30 ildə nələr
yaşamadı, nələr
görmədi?! Torpağından
pay verdiyi ermənilərin
ucbatından dünyada
heç bir xalqın yaşamadığını
yaşadı.
Qələbə çox şeyləri unutdurur. Amma hər şeyi
yox.
Evinin, yurdunun,
kəndinin, şəhərinin
yerlə-yeksan olduğunu
görəndə, doğulub
boya-başa çatdığın,
yaşadığın yeri,
küçəni, evi
tapa bilməyəndə,
yoxluğa düşəndə
xatirələrin də
onlarla birlikdə itir. Nişanəsi qalmayan xatirələrin.
Özünə gələndə "Nə
yaxşı ki torpaq var" deyirsən. Acı təsəllidir. Amma reallıqdır.
Dağı arana, aranı dağa daşıyan adamın kürəyinə
götürə bilməyəcəyi
xatirə yaddaşının
ağır zaman yükü illərdi yerindən tərpənməyən,
köçkünlərin məskən
saldığı ev sayılan vaqon yükü boydadır. Nə çəkə bilirsən, nə qurtula. Hara getsən,
özünlə daşıyırsan
bütün ölkə
böyü vaqon-vaqon səpələnmiş bu
qatar yükünü.
Zemfira xanım yazı-yazı, vərəq-vərəq bu vaqonları geriyə aparacaq qatar kitablara yığdı. Bu vərəq vaqon ağrıları 30 il ay-ay, il-il darta-darta Qırxqıza, Kirsə boylanaraq o uca, müqəddəs Şuşaya qaldırdı. Və zirvədən ağrı dolu yükləri Xankəndinə - düşmənin üstünə boşaltdı. "Burdan da özünüz daşıyın gedəcəyiniz yerə", - deyərək.
Zemfira xanım qəhrəmanlarının ağrısına Şuşa sevinci qatdı. "Şuşanı aldıq, Şuşa azaddır" hekayəsi ilə. Zəfər Gününün sevinci ilə bu insanların çöhrəsi dəyişdi. Güzgü dağlarda, Cıdır düzündə bu sevinc çox gözəl görünürdü. Gözlər az qalırdı yerindən çıxsın. Bu, yurd, vətən sevgisinin təcəssümü idi. Ağrısı bir olan insanların sevinci də bir olur. Sevincə, gülüşə yadırğamış insanların üzlərindəki parıltı rəssam fırçasının dəqiqliyi ilə vərəqlərə hopdu.
Şuşada bütün müqəddəs yerlərdə olduğu kimi, hamı doğmalaşır. Hətta ilk dəfə gördüyün insanla qucaqlaşmaq istəyirsən. Bu, sevincin səndən asılı olmayan hissidir, əsl coşğudur.
Burda hamı bir olsa da, hər kəs ani də olsa, küncə çəkilib Şuşayla, özüylə danışmağa çalışır. Bəlkə də danışacaqlar, söyləniləcəklər eynidir. Amma hərə özünə bir hücrə qurur, dua edirmiş kimi. Sonra da hərə bir cür içi boyu hayqırmaq istəyir. İnsanların yox, dağın, dərənin, çayın, meşənin eşdəcəyı qədər. Necə ki, Gülər haray çəkirdi: "Sevgimi neylədin, Daşaltı dərəsi?"
Çəkdiyimiz iztirabı, işgəncələri əsərlərində əks etdirən sevimli yazıçımız, müharibə ağrılarını tarixləşdirən, tarixi yaşadan dəyərli Zemfira xanım Məhərrəmliyə yaddaşlara hopan bu əsərlərə görə "Çox sağ olun!" deməklə yanaşı, uğurlar diləmək düşür bizə.
Ağrını yazmağın əzabını
onu yazanlar bilir.
Rəfail
TAĞIZADƏ
525-ci qəzet.- 2022.- 28 oktyabr.- S.13.